Böyük romanların hamıya deməyə sözü var.
Klassik düstura görə bir əsərin çox adam tərəfindən sevilməsi onun zəifliyinə dəlalət eləmədiyi kimi, az oxucusu olması da onun şedevr olmasını təsdiq etmir. Böyük romanlar çox adamın oxuduğu və hər kəsin ordan bir şeylər tapdığı romanlardır. Sufilər Quranın müxtəlif oxunuşları haqqında danışırlar. Birinci oxunuş avamlar üçündür, digər oxunuşlar isə bəsirət gözü açılmış, sözün arxasında gizlənən gizli mənanı çözə bilən müdriklərin imtiyazıdır.
“Mobi Dik; Bəyaz balina” romanı 10 yaşlı uşağa nələrsə çatdırır. Romanla eyni adda uşaq jurnalının olması da təsadüfi sayılmamalıdır.
Roman Mobi Dik adlı balinanı öldürmək macərasıdır. Özü də bir zaman balina ovlayan Herman Melvill gəmiləri batıran bir balina haqqında roman yazmaq istəyini yazıçı dostu Nathaniel Hauzorna bildirdikdə dostu bu romanı sadəcə bir macəra kimi yazmamasını, onu dərin simvollarla zənginləşdirməsini məsləhət görmüşdü. Dostunun məsləhətinə qulaq verən Melvil bir neçə qatlı roman yazaraq dostunun məsləhətini ən yüksək şəkildə yerinə yetirdi. İndinin özündə də bu simvollar şərh edilir, əlbəttə ki, birmənalı cavab ortaya çıxmır.
Roman “Mənə İsmayıl deyin”cümləsi ilə başlayır. Bəli, bu bizə tanış olan İsmayıl peyğəmbərdir. Atası İbrahim peyğəmbər onu Ərəbistan səhralarında tərk edib getmişdi. Romanın son cümləsi “Geri qayıdıb itirdiyi uşaqları axtararkən başqa bir yetim tapmışdı”. Bu da, İsmayılın o atalı yetim taleyinə işarədir.
İsmayılın dilindən danışılan romanın əsas qəhrəmanı isə kapitan Ahabdır. Ahad arvadının fitnəsinə uyub Tanrını tərk edib bütlərə ibadət edən qədim yəhudi kralıdır. Mobi Diklə mübarizədə ayağını itirən Ahab nəyin bahasına olursa olsun balinadan intiqam almaq atəşi ilə yanıb-qovrulur, güzəran üçün balina ovuna çıxan “Pequod” gəmisini əsas hədəfindən sapdıraraq çılğınlaşmış ehtiraslarının arxasınca gəmini üzdürür.
Tarixdən də məlum olduğu kimi İsrail kralı Ahab Finikiya kraliçası İzabella ilə evləndikdən sonra Allaha şərik qoşaraq bütpərəstliyi yaymağa başlayır və ona qarşı çıxan İlyas peyğəmbəri öldürür. Yazıçı bu adın Ahaba anasının savadsızlığı ucbatından təsadüf nəticəsində verildiyini desə də roman təsadüfün zərurətə çevirir, qədim inanclarla düşünsək adın özü də bir taledir. Ahabı müəllif dəfələrlə dinsiz adlandırır.
Lakin Melvillin ustalığı təkcə qədim əfsanəni diriltməyində deyil, çünki Ahabı yalnız dinsiz kimi təsəvvür etmək məhdudluq olardı. Bəzi araşdırmaçılar Ahabı Melvilldən bir əsr sonra ortaya çıxan diktatorların ümumiləşmiş obrazları sayırlar. Öz ehtirasları naminə dünyanı cəhənnəmə çevirən, ölüm düşərgələrində insanları onlardan da qabaq bəşəriyyətin humanist ideallarını yandıran diktatorlar Ahaba çox bənzəyirlər. Ahabın balina ilə müharibədə faciəvi ölümü də diktatorların aqibətini anlamaq baxımından bizə faydalıdır.
Melvillin “Katib Bartlbi” povestini ispan dilinə tərcümə edən Borxes kitaba yazdığı ön sözdə Melvilli Kafkanın müjdəçisi sayırdı. Franz Kafka da əslində “Qəsr”, “Məhkəmə” romanları ilə bəşəriyyəti, vətəni Avstriyanı, hətta öz ailəsini təhdid edən totalitar sistemləri peyğəmbəranə şəkildə öncədən görmüşdü. Bu mənada Borxesin fikrini Ahabın diktatorluğu konteksində də dəyərləndirmək mümkündür.
Ahab ayağını itirdikdən sonra ağır psixoloji travmalar yaşayır, hətta onu yatağa bağlayırlar. Lakin Ahab öz sözləri ilə desək dəliliyini gizlətdikdən sonra onu azad edirlər. Şüurlu şəkildə latent formaya çevrilmiş bu dəlilik sahildən min kilometrlərlə uzaqda, açıq dənizdə özünü biruzə verir. Ağıldan məhrum olan balinanın təqib edilərək öldürülməsi kimi çılğın bir ideya özünə matroslar arasında tərəfdarlar tapır. Zira tərəfdar tapa bilməyən diktatorları dəli adlandırmaq cəmiyyətin ənənəvi tendensiyasıdır, bu gün dəlixanalarda onlarla Hitler müalicə alır, xaotik durumlarda isə bu adamlar dəlixanadan Reysxaqa qədər gedib çıxa bilirlər. Gəminin soyuqqanlı ikinci kapitanı Starbaks (məşhur kofe brendinin adı da bu romandan götürülüb) Ahabın dəliliyinə etiraz etsə də azlıqda qalır, o da gəminin digər ekipaj üzvləri kimi həlak olur. Bu konteksdə II Dünya Müharibəsi başlayan kimi intihar edən yazıçı Stefan Sveyk ilə müharibəmnin sonunda intihar edən Hitleri xatırlamaq təbiidir.
Ahab üçün dünyadakı bitin pisliklərin mənbəyi Mibi Dik, başqa cür desək bəyaz balinadır. Diktatorlar hər zaman düşmənə ehtiyac duyublar, bu barədə olan tarixi faktları kənara qoyub Orvellin “1984” romanının nifrət kompaniyalarını xatırlatmaq kifayətdir.
Bəyaz balinanın nəyi simvolizə etdiyi də elmi ədəbiyyatda kifayət qədər mübahisələndirilmişdir. Mobi Diki təbiətin vəhşi güclərinin ümumiləşmiş obrazı sayan da var, taleyə oxşadan da, Tanrı hesab edən də, kapitalizmin simvolu kimi baxan da var. Hətta XX əsrin ingilis yazıçısı Devid Herbert Laurens Mobi Diki “ağ irqin psixoloji naxımından itirdiyi cinsi gücün simvolu” sayırdı.
Mobi Diki freydist istiqamət üzrə də təhlil edənlər olub. Onların bir hissəsi bəyaz balinanı insanın şüuraltınının ifadəsi sayır, digər hissəsi isə nifrətə layiq ata hakimiyyətinin və təzyiqinin (Kafkanın atama məktubunu bir link verək) bədii obrazı kimi nəzərdən keçirir. Doğrusu, bu polemikalara dalmaq nə qədər həvəsli bir iş olsa belə bir o qədər də tavtologiyaya və falsifikasiyaya yuvarlanmaq potensialını da öz içərisində daşıyır, çünki romanda Mobi Dik şüursuz bir varlıq kimi nəzərdən keçirilir, bu mənada ona bu qədər dərin məzmun yükləyərək ideoloji fikirlərin xammalına çevirmək bizə çox şey verməyəcəyi aydındır.
Umberto Eko “Gülün adı” romanı haqda yazırdı ki, yazıçının əsəri şərh etmək imkanı ancaq onun adını qoyanda mümkündür, lakin elə həmin məqalədə yazıçıların bəzən əsərlərinin adları ilə oxucuları yanıltdığını deyirlər. Eko məşhur iki romandan misal çəkir. Bu romanlardan biri qəhrəmanı Rastinyak olsa da Balzakın “Qorio ata” adlandırdığı romandır, digəri isə “Üç muşketyor” romanıdır ki, həmin romanın əsas personajı dördüncü muşketyor olan Dartanyandır. Bu mənada Melvillin oxucuya oyun qurduğunu da anlamaq mümkündür, çünki romanın əsas qəhrəmanının Ahab olduğu bir növ aksioma kimi qəbul edilir.
Mobi Dik romanı geniş və fərqli yozumlara imkan verən roman olduğuna görə onu öz ideyası istiqamətində bəzən daban-dabana zidd şərhləri də görmək mümkündür. Misal üçün Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Beynəlxalq Bilgi Proqramlarının nəşri olan “Amerika ədəbiyyatı tarixi”ndə Mobi Dik romanının amerikan ideallarının gerçəkləşdirilməsi ideyasına xidmət etdiyi deyilir. Müəlliflərin fikrinə görə balina arxasınca Sakit okeana gedən dənizçilər əslində Amerikanın dünyaya açılmaq taleyinin və missiyası ilə bağlantılıdır, bu mənada balina gəmilərinin limanı olan Havay adalarının sonradan ABŞ-ın nəzarətinə keçməsini də xarakterik sayırlar. Müxtəlif millətlərin nümayəndələrindən təşkil edən “Pequod” gəmisi də sən demə Amerikançılığın bəşəri mahiyyətini əks etdirirmiş. “Bəşəriyyətin təbiət qarşısında tənhalığını göstərdiyi üçün baroz şəkildə amerikalı olduğunu” yazan kitab bu yerdə müəllif Amerika demokratiyasının böyük tərənnümçüsü Aleksis de Tokvildən sitat da gətirərək öz fikrini möhkəmləndirməyə çalışır. Çox güman ki, İranlılar da Ahab adının yəhudi mənşəli olduğuna fikir verməyib bəyaz balinanın Amerikanın özü olduğunu düşünürlər.
Romana, bəyaz balinaya, kapitan Ahaba verilən şərhlərin çoxluğu əslində romanın başlıca uğurudur, bu yerdə Ekonun “Heç bir şey yazıçını romanına verilən çoxsaylı şərhlər qədər sevindirə bilməz” fikrini bölüşməkdə fayda var.
Mobi Dik romanı yazıçının sağlığında çap edilsə də tezliklə unuduldu, hətta ensiklopediyalarda Melvillin adı adi bir dənizçi səyahətləri yazıçısı kimi keçirdi. Tənhalıqda ölən yazıçının ən fundamental romanı ölümündən xeyli sonra məşhurlaşdı, indi də dünya ədəbiyyatının ən parlaq romanlarından biri kimi qalmaqdadır.
Mobi Diklə bağlı bəzi iradları da burda xatırlatmaqda fayda var. Sözü gedən roman “Səfillər”dən (1862) 11 il qabaq çap edilsə də Səfillərin mükəmmə\l süjet xətti ilə qətiyyən müqayisə edilə bilməz. Ümumilikdə, XIX əsr romanlarına xas olan möhkəm struktura, xətti əlaqəyə malik deyil. Misal üçün ikinci kapitan Starbaksla kapitan Ahab arasında konflikt ancaq sözdə qalır, halbuki biz klassik əsərlərdə bu cür konfliktlərin bədii həllini görürük. Melvill romanın ekspozisiya hissəsində verdiyi məlumatlarla Starbaks və Ahab bu konfliktə doğru hazırlasa da sonda sanki bu konflikti unudur. Romanın ilk səhifələrində qarşımıza çıxan orijinal bir tip olan hindi Quequeqın da sonluğu çox səthi şəkildə işlənmişdir.
Melvill yalnız balina ovu sahəsindəki təcrübəsinə arxalanmamış, çoxlu elmi ədəbiyyat oxuyaraq bu ədəbiyyatlarla çoxlu fəsillər yazaraq onu romana əlavə etmişdir. Bu mənada romanı həm də balina haqqında elmi traktat da adlandırırlar. Roman qeyd etdiyimiz kimi müxtəlif tarixi adlar vasitəsi ilə müqəddəs mətnlərin bir növ yenidən yazılmasıdır. Bu mənada “Mobi Dik” müasir roman nəzəriyyəsi baxımından aktuallığını saxlayır.
Bir neçə il qabaq, bu sətirlərin müəllifi Milli Kitab Mükafatında ekspert olarkən Amerika Birləşmiş Ştatlarının Azərbaycan səfirliyinin “Amerika ədəbiyyatından ən yaxşı tərcümə” nominasiyası üzrə Kamran Nəzirliyinin tərcümə etdiyi Mobi Dikə səs verdiyini və bu tərcümənin qalib olduğunu xatırladaraq Amerika ideallarını parlaq şəkildə təcəssüm etdirən bu romanın Azərbaycan dilində də çap edildiyini oxuculara xəbər verir.