Varisin yeni romanından parça - EKSKLÜZİV

Varisin yeni romanından parça - EKSKLÜZİV
20 dekabr 2013
# 14:17

Dekabrın 28-də Əli və Nino kitab mağazaları şəbəkəsinin təşkilatçılığı ilə Park Bulvar alış-verış mərkəzində Varisin sayca 8-ci olan “Son məktub romanının imza günü keçiriləcək. Kulis az portalı ilk olaraq yeni romandan parçanı oxucularının ixtiyarına verir.

SON MƏKTUB

Məni günahlarıma bağışlama, Tanrım...

Günahlarımı mənə bağışla!

Həmişə özümü uçuşu təxirə salınan təyyarənin pilotu kimi hiss etmişəm.

Bu gözlənti bir anlıq, bir müddətlik olur. Ünvana, məqsədə çatmaq sevinci təxirə salınma vaxtı qurtarıncaya qədər yubansa da, içində bir əminlik olur ki, bu üzücü müddət tezliklə bitəcək... Və sən mavi səmalara - öz xoşbəxtliyinə qovuşacaqsan...

Amma indi uçuşu ləğv edilən təyyarənin pilotu kimiyəm...

53 gün qalmış...

Yenə də sübh azanının səsinə oyanmışam. Bu səs o qədər möcüzəli, sirli-sehrlidir ki, səni səndən alıb müqəddəsliklərlə dolu bir aləmə aparır, səni Tanrıya yaxınlaşdırır...

Mən bura keçmişimlə bağlı nə varsa onlardan qaçmaq üçün gəldim. İnsanlarla, əşyalarla, məkanlarla, xatirələrlə hər təmas mənə o öldürücü dərəcədə acılar çəkdirən həyatı bir daha, bir daha yaşadırdı...

Biri var ağrı səninlə olsun, biri də var səndən aralıda...

Mən bura o vaxt gəldim ki, orada mənimçün artıq hər şey bitmişdi.

Orada səbirsizcəsinə ağrı-acının, ayrılıq əzabının keçib getməsini arzulayır, çətinliklərlə əlbəyaxa olur, cəngə çıxırdım.

Amma burada ilk öncə gözləməyi öyrənmişəm. Ağrı gəldimi, onu kəsməyə cəhd göstərməkdənsə, keçib gedəcəyini gözləməkdəyəm.

Düzdür, özüm də bilmədən hərdən bu gün dünənimi axtarıram. Yandırıcı qızmar günəş, vəhşi küləklər, navalçanı döyən selləmə yağış mənə oranı xatırladır...

Amma xatirələri qundağında boğmağa çalışıram.

İstanbul!.. Hər küçəsi, dalanı ilə, hər tikilisi, daşı ilə ulu tarixin izlərini qoruyub saxlayan, bir vaxtlar xəyallarımın şəhəri, indisə mənə sığınacaq vermiş doğma bir ocaq...

İstanbul!.. Mənim xilaskarım...

***

İşıqlaşır. Növbəti bir səhər açılır ömrümə. Səkkiz ilə yaxındır ki, bu mənzildə sübh azanının səsinə oyanmaqdayam. Səkkiz ilə yaxındır ki, səhərim bu ilahi səsin əks-sədasına bürünərək axşama doğru yürüyür...

Burada heç bir əzizim, yaxınım olmadan ömür sürməkdəyəm. Gündüz işə gedir - Harun bəyin geyim fabrikində modelyerlik edir, axşamsa kirayədə qaldığım Ayişə ablanın mənzilinə dönürəm. Onun bişirdiyi ləzzətli təamlardan dadıb ya gecə yarıyadək televizor qarşısında əyləşir, ya mütaliə ilə, ya musiqi dinləməklə başımı qatır, ya da onun 19 yaşlı qızı Özləmlə söhbətləşir, dərdləşirəm.

İndin güclü olmalıdır ki, səni keçmişindən qopara bilsin. Amma nə qədər çalışsam da, mənim indim hərdən təpərdən düşür, zəifdən də zəif olur.

Bu günün acı reallığından qurtulmaq üçün gah baş götürüb keçmişə - xatirələrə gedirsən, gah gələcəyə - xəyallara qaçırsan. Bu da bir təsəllidir. Özünü aldatmaq!

Keçmişinin xarabalıqlarını kürüyüb yerində yeni saray ucaltmaq hara, keçmiş sarayın yerindəki xarabalıqda yaşamaq hara!..

Hər kəs həyatın nəhəngliyində, günlərin çeşid müxtəlifliyində azır. Bəziləri özünü dost əhatəsində tapa bilir, bəziləri sevgidə.

Mənsə özümü tənhalıqda tapmışam!..

***

Gənc ikən arzularımızın rəsmini çəkirik. Yaşa dolanda isə itkilərimizin...

İtki rəsmlərini çəkib yığdıqca çiyinlərimdə dağ olmasa da, böyük bir təpə yaratmışam. Xatirə adlı fırçam həmişə özümlədir. Bir insan üçün, xüsusən də qadın üçün bu boyda yükü əyilmədən daşımaq çox çətindir.

Amma mən daşımaqdayam.

Damcılar olmasa dəniz, ağaclar olmasa meşə necə ola bilər axı?! Hər bir tam onu əmələ gətirən hissələrdən ibarətdir.

İnsan da, hər şeydən öncə, öz sevinci, kədəri, düşüncəsi, fikirləri, hissləri, duyğuları ilə insandır. İnsan - öz sevgisi ilə insandır.

Haçansa mən də sevmişəm. İlk dəfə. Və həm də son dəfə.

Dünyanın ən sıldırım yoxuşu və ən dərin, ən dibsiz enişi sevgiyə məxsusdur. Onun sal qayalarından üzüaşağı yuvarlandınmı, heç bir qüvvə səni saxlaya bilməyəcək. Əziləcəksən, parça-parça olacaqsan...

Uğursuz sevgilərin kiçikləri yarğanlar, böyükləri isə uçurumlar yaradır son nəticədə...

Mən də bir uçuruma yuvarlanmışam. Düz on səkkiz il öncə.

O dibsizlikdən, nəhayətsizlikdən qopmaq üçün bütün bu illərdə hey əl-qol atmış, dırnaqlarımla taleyimi cırmaqlaya-cırmaqlaya qurtulmaq istəmişəm...

Demirəm ki, yaşlı adamların heç arzusu olmaz. Yaşadığım otuz səkkiz ilin bu son dönəmlərində də içimdə çox arzular cücərib. Ancaq onlar içimdə işıq tapa bilməyib, zülmətdə kor kimi son ünvana yetişmədən bugünün daş reallığına çırpılıb.

Həyatla sülh bağlayanlar xoşbəxt olur, müharibə edənlər bədbəxt...

Məni bura gətirən də elə sülh bağlamaq istəyim olub.

Böyük, xoşbəxtlik gətirəcək sevinclərdən məhrum ikən indi kiçik, qüssə dağıdacaq sevinclər axtarmaqdayam...

50 gün qalmış...

Bu isti yay günündə şəhərin üstünə qatı duman kimi çökən rütubət nəfəsalmanı çətinləşdirsə belə, yenə də təkliyimin ürək sirdaşı, həyanı olan Bosfor sahilindəyəm.

Nədənsə bu səhər ürəyimin qırışdığını hiss etmişəm. Üzdəki qırışlar qocalıq əlamətidirsə, ürəkdəki qırışlar da ağrı-acı əlamətidir.

Mavi sular yenə də həmdəmimdir. Bilmirəm, bir saatdımı, iki saatdımı ki buradayam. Saat məni maraqlandırmır. Heç bir vaxt, zaman məsafəsi sevimlimlə görüşümü məhdudlaşdıra bilməz.

Boğaz üstündə uçan qağayıları yemləməyi çox sevirəm. Aldığım simiti dörd bölüb suya atıram, onlar da acgözlüklə ruzularına cumur. Yeyə bilməyənlər yeyə bilənlərə qibtəylə baxır.

Sonra sahil boyu irəliləyirəm. Yeni dəmlənmiş türk qəhvəsinin ətri qovurulmuş fıstıq qoxusuna qarışır. Ardınca balıq izqarasının və vanilli biskvitin ətri dolur burnuma.

Küçələrin tıxaclarını siqnal səsləri hürkütməkdədir. Burada yaxın məsafələrə taksiylə gedilməz, taksiçi ziyana düşər. Odur ki, payi-piyada yoluma davam edirəm.

İndi də şam ağaclarının ətrini uduram.

Nə gözəl. Yedikcə doymadığım qovrulmuş şabalıd satılır. Cavan oğlana pul uzadıram. Şüşə yeşikdən mənə bir bükmə qovrulmuş şabalıd verir. Əllərim yana-yana qabığını qoparıb şabalıdı ağzıma qoyuram, indi də dodağım yanır.

Oy, portağal şirəsi... İstanbulda ən çox sevdiyim şeylərdən biri də küçələr boyu elə yerindəcə çəkilib satılan nar və portağal şirələridir.

Düzdür, narı daha çox sevirəm. Ancaq indi hələ mövsümü deyil.

Bığıburma kişi mənə iri stəkanla portağal şirəsi çəkib verir. Deyirəm, nə əcəb aşağıda çəkib içinə su qatmırsınız? Müştəri onsuz da görməyəcək.

Kişi başını bulayaraq söyləyir ki, müştəri görməyəcək, düzdür, amma Allah ki görəcək...

Bir az da alış-veriş etməkçün "Miqros"a girirəm. Bu tip iri alış-veriş mərkəzlərinin qapılarını bəyənmirəm. Çünki giriş üçün ayrı, çıxış üçün ayrı qapı qoyurlar. Fikirli olanda çox vaxt çıxış qapısından girmək, giriş qapısından çıxmaq istəmişəm. Hətta bəzən iri şüşə qapılara çırpıldığım da olub.

İçərini yandırılan üzərliklərin qoxusu bürüyüb. Hər yerdə ağ gözlü göy gözmuncuqları satılır. Türklər çox inanclıdırlar, gözdəymədən qorxurlar.

Bu mağazada bir az sevinc, bir az gülüş, bir az ümid də satsaydılar, neçəyə olsaydı belə təəssüflənmədən alardım...

Sonra buradan çıxır, beş addım aralıdakı əczaçıdan Ayişə ablaya adını yazıb verdiyi ürək dər­manı alıram.

Qarşımı falçı kəsir. Gərək ki, rumıniyalıdır, qaraçıdır. Falıma baxmaq istəyir. Ondan qaçıram. Falçılara əsla inanmıram. Çox pul verən zənginlərə xoşbəxtlik vəd edirlər həmişə. Qəpik-quruş uzadan kasıblara isə uğursuzluq, faciə xəbəri çatdırırlar...

Küçə boyu dönər, lahmacun, pide satanların sıraları uzanır. Yasəmən və nərgiz ətirli limanın bu hissəsindən qızardılmış ətlə xəmir iyinə qarışmış körfəz qoxusu gəlir...

İndi də simit alıb xırda-xırda bölərək göyərçinləri yemləyirəm. Çölgöyərçinlərini çox sevirəm. Adamdan qorxub-çəkinməzlər. Əlindəncə yem yeyərlər...

Zənbilim mənə ağırlıq eləsə belə, piyada gəzintimə davam edirəm. Bəzən insan axınının içinə düşüb danışıq, gülüş və addım səslərinin müşayiətilə beləcə irəliləməyi çox xoşlayıram. Hara getdiyini bilmədən, niyə getdiyinin fərqinə varmadan axına düşüb hey gedirsən...

***

Bura gəldiyim gün ilk qazancım 2 saat olmuşdu. Belə ki, saatın əqrəblərini Bakı vaxtından - 17.30-dan 15.30-a - İstanbul vaxtına çəkmişdim. Ancaq bundan da böyük qazancım rahat nəfəs ala bilmək imkanım idi. Orada həyatımın son dönəmindəki sıxıntılar artıq məni tərk etmişdi, bütün dərdləri, iztirabı orada qoyub gəldiyimə əminliyim vardı.

Dərhal şəhərin ən qədim və ən tanınmış guşəsinə - Sultanahmet meydanına gəlmiş, Sultanahmet camesinə və Ayasofya məbədinə baş çəkmişdim. Tanrıma dualar etmiş, heç olmasa bundan sonrakı həyatımın sakitlik və rahatlıqda keçməsini diləmişdim. Və elə şəhərin həmin hissəsində yaşamaq üçün münasib qiymətə ev axtararkən gündəlik tələbat malları satan şişman kişi söyləmişdi:

- Qızım, sən Ayişə ablanı gör, onun kirayənişini yenicə çıxmışdır, otağı boşdur.

Tez də telefonunu açıb Ayişə abla dediyi qadına zəng edərək muştuluqlamış, mağazaya çağırmışdı...

Az keçmiş üzündə gülümsər ifadə olan mehriban bir qadın, yanında da on-on bir yaşlı qız uşağı içəri girmişdilər. Şişman kişiyə bol-bol minnətdarlığını bildirən Ayişə abla heç bir qiymət söhbəti eləmədən: "Nə durmusan, haydı, gedək", - söyləmiş, çamadanımı da götürərək qabağa düşmüşdü. Dərhal qaynayıb-qarışmışdım onlara.

O gündən Ayişə ablaya da, qızı - gözəlim Özləmə də içimdə sevgi yaranmışdı.

Ayişə ablanın həyat yoldaşı hərbçi imiş, mənim onlara gəlişimdən düz 7 il öncə Şırnak bölgəsindəki Kato dağında atışmada? PKK terrorçuları tərəfindən öldürülmüşdü. Neçə-neçə türk ailəsinə bədbəxtlik gətirən? PKK-çılar bu ailəni də başsız qoymuşdular. İlıq aprel günüymüş. Ayişə abla balaca Özləmi çimizdirib qucağına alaraq yenicə otağa giribmiş ki, TRT-nin xəbərlərində qanlı olay barədə qulağı məlumat almış, həyəcan içində ekrana diqqət kəsiləndə ölənlərin arasında həyat yoldaşının da olması xəbərini eşitmişdi.

Ayişə abla ürək xəstəliyi tapmış, hər gecə sevimli Ramazanı üçün göz yaşı tökərək 4 yaşlı qızını təkbaşına böyütmüşdü: əri üçün kəsilən təqaüdlə, bir də üçgözlü mənzillərinin otaqlarından birini kirayə verməklə. Və o gündən heç vaxt TRT kanalına baxmazdı.

Bu illərdə ablam gah mənimlə yoldaş olub, ən gizlin sirlərini belə bölüşüb, gah da aramızda elə də böyük yaş fərqi olmamasına rəğmən bir ana kimi qayğımı çəkib, qulluğumda durub. Öncə "qızım" deyə müraciət etdiyim balaca Özləm isə böyüyüb ən yaxın rəfiqəmə, "tay-tuşuma" çevrilib...

Mənzillərinin iki otağı küçəyə, biri dar həyətə baxır. Həyətə baxan otaq Özləmlə ablamın yataq otağıdır. Küçəyə baxan iri mərkəzi otaq qonaq otağıdır. Küçəyə baxan nisbətən kiçik otaqda isə mən yaşayıram.

Elə ilk gündən onların əvvəlki kirayənişinlərindən fərqlənərək "kirayənişin" olmaq istəmədim, ürəyimə yatan bu insanlarla birailəli kimi oldum. Kirayə haqqından başqa aylıq ərzaq xərcini də onlarla yarıbayarı çəkdim, əlavə qazan asmadan, süfrə açmadan...

...Yalnız bir yerdə yaşadığımız bir həftənin tamamında Ayişə ablanın hər dəqiqə gözlədiyim "Kimsən, nəçisən, niyə vətəni atıb bura gəlmisən" sualına cavab verəsi oldum:

- Bəziləri min günah törədib bir savabla günahlarını yumaq istəyənlərdir. Mən isə bir günah törədib min savabla belə onu yuya bilməyəcəyim qorxusuyla yaşayanlardanam.

Doğrudan da, mən kim idim? Bir sevgi acısı çəkən, həyatın ən rəzil üzü olan yetimliklə, ehtiyacla qarşılaşan, "məqsəd vasitələri doğruldar" deyibən arzulara qovuşmaq yolunda irəli atılıb büdrəyən, həyatın sınaqlarına tab gətirə bilməyib ləkələnən, çökən, çöküb də güc toplayaraq yenidən dirçələn, məqsədinə çatan biriydim. Amma məqsədə çatanda həyatının o büdrədiyi, ləkəli hissəsinə görə sonsuz peşmançılıq keçirən, özündən iyrənən və "sən demə, məqsəd heç də vasitələri doğrultmurmuş" qənaətinə gələrək qazandığı hər şeydən imtina edən, başını götürüb qaçan biriydim həm də...

Başıma gələnləri xırdalıqlarına kimi açıb danışmağı lüzumsuz saydım, Ayişə ablanın dərinliklərə varmaq cəhdi əbəs qaldı.

İstanbula dərhal öyrəşə bilmədim. Bu gözəllər gözəli şəhəri dərhal sevə bilmədim. Mən gələndə payız idi. Aramsız yağışlar yağır, içimdəki həsrət və qubarı daha da artırır, qüssəni dözülməz həddə çatdırırdı.

Mən daim özümdə ölmüş xəyalpərvər uşağa, qızğın yeniyetməyə və sadəlövh gəncə yas tuturdum. Saatlarca televizorun qarşısında oturub adyala bürünmüş dizlərimi qucaqlayardım, gözlərim ekranda, fikrimsə uzaqlarda olardı.

Arada durub çay dəmləyib içməklə, qonaq otağındakı rəfdəki kitab və jurnalları vərəqləməklə bu yeknəsəqlikdən qopmağa cəhd edirdimsə də, istədiyim alınmırdı...

İş axtarışları cəhdlərim nəticə vermədikcə lap üzülürdüm. Özümlə gətirdiyim pul qurtarmaq üzrə idi.

Vətəndə harada olduğumdan bixəbər anamla, bacı-qardaşımla, yaxınlarımla yanaşı, "Albatros" adlı babat qazanc gətirən modalar evimi də qoyub gəlmişdim. Amma bu imtiyaza çirkablara batıb nail olduğumçün oranın bir qara qəpiyində belə gözüm yox idi.

Qənaətim beləydi ki, tezliklə münasib iş tapmasaydım, hətta əl açıb küçələrdə dilənəcəkdim, ancaq yenə də "Albatros"un işlərini tapşırdığım iş icraçım Nərgiz xanıma zəng vurub pul istəməyəcəkdim...

Harun bəy çox sağ olsun. İlk gedişimdəcə məni gülər üzlə qarşıladı, moda dünyası barədə sorğu-sual elədi, "klassik türk milli geyimləri ilə modern Avropa dəbini uyğunlaşdırmaq konsepsiyamı" bəyənib "Elə sabahkı gündən işə çıxa bilərsən" söylədi.

Yenidən sevimli peşəmə qayıdışım məni azacıq yüngülləşdirdi, başımın üstündəki qara buludları qismən qovdu. İstanbulda Ayişə ablayla, Özləmlə yanaşı iş yoldaşlarımın qismində digər doğmalarım da peyda oldular.

Bir gün Ayişə abla yenidən inadkarlıq göstərib məndən söz almağa çalışdı, "Gözündəki hədsiz kədəri görürəm, dərd çəkdiyini duyuram, mənimlə bölüş, yüngülləşərsən", - söylədi.

Dedim, nahaq belə düşünürsünüz. Yığdığım yük mənə elə pərçimlənib ki, bundan sonra yüngülləşə biləcəyim mümkünsüzdür.

Kitab yazanda yazarlar əvvəldən başlayıb tədricən sona doğru gedirlər. Ümumiyyətlə, hər şey əvvəldən sona doğru yürüyür. Amma əfsus ki, mən öz kitabımı son səhifədən yazmağa başladım. Əvvəli və ortanı boş qoyub ötürərək...

# 3768 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #