16-cı vaqon-HEKAYƏ

16-cı vaqon-HEKAYƏ
15 avqust 2014
# 14:31

16-cı vaqon - Hekayə

Çoxluğa oxşamır. Bir xəfiyyə ola, onu güdə, elə biləcək ki, laldı. Görkəmi cəlbedici, xəstəliyi yox, nakam məhəbbətə tuş gəlməyib. Görmüşük, belə adam sevər, sevilər, yatar, atar, tutar, mesaj yazar, mesaj oxuyar, məhəllələrdə boynunu burar, səhərəcən pəncərədən boylanar... Uzatmayaq, sevgi şeirlərindəki sözlərin heç biri onun boyuna biçilməyib.

Kabuletidə yaşayır. Gürcüstanın ərazisidi. Qara dənizin 70 metrliyində iki otaqlı kərpic evləri var. Atasından xəbəri olmayanlar kateqoriyasına aiddi. Dünyaya necə gəldiyini anasından cəmi bir dəfə soruşub. “O əyyaşla harda yatdığımı unutmuşam” cavabı ilə kifayətlənməli olub. Anası Tbilisi Moskva qatarında bələdçi işləyib. İndi şikəstdi.

Hadisə belə olub: Qatar stansiyada saxlayıb. Cazibədar Tamara dəmir yolunun kənarındakı meşədə Sergeyin atası ilə sevişir. Cəmi 10 dəqiqə vaxtları var. Sevgidə saat anlamı ola bilər, intimdə isə saat anlamı yoxdu. Meşədi, beyin ayıqdı. Belədə sona çatdırmaq çətindi. Çətin deyəndə ki, vaxt tələb edir. Üç saniyəlik həzzin, oğurluq həzzin bəlası ömürlük arabada yaşamaq olur. Qatar fit verir, həzz isə hələ 5 dəqiqədən sonra fit çalmağa başlayacaq. Kişi tam xoşbəxtdi, qadın yarımçıq. Qaçır. Yubkasının düyməsini bağlaya-bağlaya qaçır. Qatar tərpənib. Kişi uzandığı yerdəcə qalıb. Qatar daha da sürətlənir. Bələdçi çatır. Bir ayağı pilləkəndədi. Yubkasını düymələyə bilmədiyindən əynindən düşür. Sağ əli havadadı, sol əli tutacaqda. Yubkanın düyməsi sol tərəfdədi. Sağ əlini ora çatdıra bilmir. Sol əlini buraxıb, sağ əlini paralel tutacağa keçirmək istəyəndə yıxılır. Çınqıllıqla diyirlənə-diyirlənə yolun kənarındakı şam ağaclarından birinə çırpılır. Bu dəhşətli mənzərəni Sergeyin atası uzaqdan görür. Qaçır. Yox. Sevgilisinin yanına yox. Geriyə. İtməyə. Yoxa çıxmağa.

Özü itir, nişanəsi qalır. Sevgilisi şikəst olsa da, dünyaya uşaq gətirə bilir.

Qonşuda dul qadın yaşayır. 25 ildir ki, bir qarın çörək üçün arvada qulluq edir. Adı Tamaradı. Hərdən arvadın oğlu ona pul da verir.

Qəhrəmanımızın anasının da adı Tamaradı. Çaşmasınlar deyə, Sergey anasının dayəsinə Tamar deyir. Tamar hekayəmizdə əsas rola sahib deyil. Ona görə də haqqında heç nə yazmıram.

Sergeyin atası rus olub. “Heç olmasa milliyətini de” sualı anasının “Sergey adı göydən düşməyib” cavabı ilə o səviyyədə miskin duruma düşüb ki, küncə çəkilib yoxa çıxıb. Daha ardını soruşmaqda Sergeyə heç bir dəstək verə bilməyib. Sual boynubükük olur, onun yeri güncdü.

Sergeyin daha bilmək istədiyi həqiqət yoxdu. Anasını və özünü dolandırmağa gücü çatır. Kabuletidə turistlərə “Tir” maşını ilə xidmət göstərir. Dondurma aparatı da varıdı. 5-10 lari də ordan qazanır. Hər axşam 8-də dondurma qutusu “Tir”in içinə qoyulur, maşının qapısı bağlanır və Sergey üzməyə gedir.

Adamsız çimərlikdə üzməyi xoşlayır. Bir aya yaxındır Batumidə özünə əla yer seçib. Məşhur “Yaşıl bağ”ın sonunda, dəmir yolunun qayalara dirənən hissəsində heç kim olmur. Uzaqdı və çimmək üçün əlverişli deyil. Qayalıqda cəmi bir ağac var. Üzür, dincələndə həmin ağacın kölgəsinə sığınır.

Sergeyin xoşladığı üzmək üsulu arxası üstədi. Uzanır suya və azı iki saat o vəziyyətdə qalır. Sanki bu dünyadan yoxa çıxır.

Həmin vəziyyətdədi. Qoluna nəsə toxunur. Üzü üstə çevrilir. Adamdı. Eyniylə Sergey kimi uzanıb. Ordan uzaqlaşmaq istəyir. Suyun altına girib 5-6 metrdən sonra üzə çıxır. Görür ki, dalğa kişini qayalıqlara doğru aparır. Qışqırmaq istəyir. İstəyinə çatır. Qışqırır. Səsi özünə qayıdanda, kişi qayalıqlara çırpılır. Onu dəhşət bürüyür. Qayalıqlara çırpılan naməlum kişi tərpənmir. Cəld ona doğru üzür. Qolundan tutub sahilə çıxarır. Sürüyə-sürüyə ağacın altına gətirir. Kişinin alnından qan axır. Onu silkələyir, sinəsindən basıb qarnına dolan suyu çölə çıxarır. Bir-iki yüngül sillə vurur. Budur, o, tərpənir. Ayılır. Anındaca belini dikəldib, gözlərini Sergeyin gözlərinə zilləyərək qışqırır – “Qatil”.

55-60 yaşlarında kişi onun çılpaq çiyinlərindən yapışıb. Deyir:

- Məni sən öldürmək istəmisən... sən... demişdim axı...demişdim... borcumu qaytaracaqdım. Uduzmuşdum, qaçmamışdım ki... gizlənmirdim ki... İndi görərsən, hamınzı polisə verəcəm... Mən neyləmişəm?.. Ha... ha...ha... qumar oynamışam. Əcəb eləmişəm. Cinayət ki, eləməmişəm... Amma siz, qatilsiz... Qatilsizzz....

Segey onu sakitləşdirməyə çalışır:

- Əmi, siz nə danışırsız?.. Ölmüşdüz, mən sizi diriltdim...

Naməlum kişi onun sözünü kəsir:

- Poxunu ye, əclaf...killer...

Sergey onu sakitləşdirməyi bacarmır. Naməlum kişi tutuquşu kimi, təkrar edir:

- Tutduracam...

Sergey ani olaraq onu burda qoyub getməyi düşünür. Ayağa durur. Qayanın dibindən paltarlarını götürmək istəyəndə, əyilmiş pozada naməlum kişinin səsini eşidir:

- Hə... qaçırsan... Məni burda lütətcəbala atıb, qaçırsan. Bilirəm, gedib dostlarını çağıracaqsan... Bilirəm, onlar yaxınlıqdadı... Gəlib məni öldürəcəklər... Hamınızın anasını ağladacam... Qəhbə uşağı. Hə... sənin anan da qəhbədi... Sən qəhbədən doğulmu...

“...san” kişinin ağzında qalır. Sergey geri qayıdıb ona iki yumruq vurur – sağ, sol. Kişi yıxılır. Başı əvvəl qayaya, sonra yerdəki daşlara dəyir.

Vəssalam. Bu da son. Öldü. Adam bir dəfə ölər və dirilməz. Bəxtəvərin bəxtinə bax, ölüb, dirilib, sonra yenə ölüb.

Məndən olsa, hekayəni burda saxlayaram. Sergey qatildi. Bundan xəbərim var. Cinayəti bilib gizlətmək özü də həmin cinayətə şərik olmaqdı. Əlbəttə olmuş hadisədi. Ötən il yay məzuniyyətimi Batumidə keçirmişəm. Hadisə baş verən yerdə çimmişəm.

Günorta idi. “Yaşıl bağ”ı gəzdim. Sonuna çatanda Günəş üstümə şığıdı. Tanıyanlar bilir, Günəşə qarşı allergiyam var. Şəhərin ortasında üzümdə dəsmal gəzirəm. Bağın ayağına çatıb, kölgəli yer axtarmağa başladım. Dəmir yolunun ortası ilə az getdim, dərə-təpə düz getdim... Yox, dərəsiz, təpəsiz düz gedib ölüm hadisəsi baş verən ağacın yanına çıxıdm. Çimdim. Qayıtmaq istəyirdim ki, təpədən səs eşitdim:

- Oğlum, sən hardan gəlmisən?

Başımı qaldırıb baxdım. Əlil arabasında 55-60 yaşlarında bir kişi. Əliylə yanına çağırdı. Qalxdım. Görüşdüm...

Nə danışıram e... Sergey kişini vurub öldürüb, mən öz kefimdən yazıram... Cinayəti bilib gizlətmək şübhəsini haramdan çıxartdım. Polis oxuyub, şöbəyə çağırsa, deyəcəm təxəyyülümün məhsuludu. Gərək onda Patrik Züskindi güllələyərdilər.

Sergey naməlum kişini özü də bilmədən öldürdü. Nə qədər silkələdisə də xeyri olmadı. Ölüb. Ağlına gələn ilk ideya – təzədən dənizə atsın. Qara dəniz, qara işlərin ört-basdır edilməsi üçündü. Meyiti sürüyüb, suya saldı. Təxminən 150 metr üzdürdü. Başından itələyib, özü sahilə doğru qayıtdı. Paltarlarını götürüb, ordan uzaqlaşdı.

Sergey həmin gün evə getmədi. “Tir” maşınının içində yatdı. Səhəri nahardan sonra Tamarı yanına çağırıb, anasını bərk-bərk tapşırdı. Ona 1000 lari də pul verdi. Anasına da Moskvaya gedəcəyini dedi.

Ana çoxdan quruyub. Qurumuş ağac görümüsüz? Qol-budağını kəsirsən yenidən pöhrələyir. Sergeyin anasının kəsilməyə yeri də yoxdu – qollar işləmir, ayaqlar tərpənmir. Eləcə oğlunun alnından öpür.

Moskva. Cibində 2-3 gün yaşamağa pulu var. Hələ üstəlik vağzalda tanışı da olmalıdı. O, 8-də oxuyanda siniflərinə Qabil adında oğlan gəlmişdi. Azərbaycanlı idi. Qardabanidən. Ailəlikcə Tbilisiyə köçmüşdülər. Məktəbi qurtaran kimi, Moskvaya getdi. Üstündən 5 il keçib. Gürcüstana cəmi bir dəfə qayıdıb. Sergeylə görüşməyə vaxt da tapıb. Deyib ki, Moskvada vağzalda araba işlədir. Sergey onu tapmaqda çətinlik çəkmədi. Qabili kimdən soruşsan tanıyır. Ünsiyətcildi. Moskvada kirayədə yaşayır. Sergeyi evinə apardı. Arxayın etdi ki, ona iş də tapacaq. “Bir arabam var, araba nədi, maşındı... verəcəm sənə sürərsən. Evin kirayə pulunun yarısını verərəsən. Daha heç nə istəmirəm”- Qabil belə deyib, Sergeyi evdə qoyaraq, vağzala qayıtdı.

Həmin günün səhərindən Sergey də oldu Qabil. Vağzalda elektron araba ilə yük daşımağa başladı. İki aydır ki, işləyir. Yaşayışından narazı deyil. Havalar da soyuyub. Çimərlik arzusu paltosunu geyinib, qış yuxusuna gedib. Öldürdüyü naməlum kişi yadından çıxmır...

Bir dəqiqə, niyə yaşatdığı yox, öldürdüyü? Axı Sergey əvvəl onu ölümdən qurtarıb. Sonra... Sonra özü-özünü öldürüb. Donquldanmağı ilə... Vəkillik edirəm, eləmi? Neyləyim, bir cavan oğlana qatil damğası vurulub. Vurmuşam? Razılaşmıram. Müasir oxucu yaşamaqdan yox, ölümdən oxumağı sevir. Uşaq paltarlarının reklamı “Anası uşağını öldürdü” xəbərini tıklayanda nümayiş olunur. Belədi. Birinci ölüm gəlir, sonra olum. Razılaşdıq, sizin üçün yazıram.

“Bəlkə bir-birimizlə yazı ilə danışaq”- Qabil axşam “duraka” oynayanda Sergeyə dedi bu sözləri. Narazılığını bildirdi, iki aydan çoxdu Moskvadadı Sergey üst-üstə 3 saat danışmayıb. Sergeyin cavabı: “Tuzdu... Bəs bunu nəylə kəsəcəksən? Hə, danışdım”. Gülürlər.

Vağzalı da gülüş səsləri başına götürüb. Qabil lətifə danışır, meyxana deyir, mahnı oxuyur, arabaçı yoldaşları şaqqanaq çəkib gülürlər. Təkcə Sergey orda deyil. Sergey adətinə uyğun olaraq Tbilisidən gələn qatarın vaqonlarının pəncərələrinə baxır. Hər gün təkrar elədiyi hərəkətdi. Əvvəldən axıra qədər hamısına baxır. 16-cı vaqonun 3-cü pəncərəsinə çatanda gözləri həkimin göstərdiyi rəqəmə baxırmış kimi zillənir. Vaqonun pəncərəsindən iki cüt qız baxışı asılıb. Sergey o baxışlardan anasını görür, öldürdüyü naməlum kişini görür, qayalığa çırpılan dalğaları görür, “Tir” maşınını görür, dondurma qutusunu görür. Qeyri-ixtiyari vaqona girir. Xanımın kupesinə daxil olur. Xanım onun gəlişindən təlaşa düşüb, çantasını əlindən salır. Sergey çantanı və oturacaqdakı zənbillərdən bir neçəsini anındaca götürür. Qıza heç nə demədən vaqondan düşür. Əlindəkiləri arabaya qoyub, qızdakı iki zənbili də onun əlindən alır. Arabasına oturub taksi dayanacağına doğru sürür. Çatır, zənbilləri düşürüb, taksinin saxlanc yerinə yığır. Bu an qız ona yaxınlaşıb, soruşur:

- Məni tanıyırsiz?

- Xeyir – Sergey cavab verir.

- Bəs onda...

- Bilmirəm

- Siz gürcüsüz? Ləhcəniz...

- Bəli.

- Çox sağ olun.

Qız minnətdarlıq edəndən sonra arxa qapısı açılan taksiyə minmək istəyir. Sergey ani olaraq onun qolundan yapışır:

- Məəə ni də ööö zü nüzlə aa parın – dili topuq çalır. Qız qabaq qapını açır. Yol boyu hər üçü susub. Sürücü vizit kartı qızdan alıb, ünvana sürür. Çatırlar. Sergey çantaları düşürüb, 5 mərtəbəli binanın liftinin qarşısına yığır. Blokdan çıxır və arxadan qızın səsini eşidir:

- Siz hər gün vağzalda olursuz?

- Bəli - Sergey bu “bəli”ni vağzala çatanda deyir. Öz-özünə deyir.

İki gün narkozdan ayılan adamlar kimi gəzir. Qabil də fəqrqindədi. Dostunu qızla taksiyə oturanda görüb. Daha bir gün keçir. Heç vaxt siqaret çəkməyən Sergey dodağında siqaret skamyada oturub. Başı aşağıdı. Qaldıranda görür ki, həmin qız düz qarşısında dayanıb. Ayağa durur. Salamlaşırlar. Vağzaldan bir yerdə çıxırlar.

Sergey yenidən doğulub. Anasını da unudub, öldürdüyü kişini də. Evə gecə yarısı gəlir. Dil boğaza qoymur. Elə hey danışır. Qabil dostunun bu halına sevinir.

Yuliya Sergeyi sevir. O qədər sevir, kim olduğunu, hardan, niyə gəldiyini soruşmur. Sergey də onun kimi.

İstəyirsiz yazım, necə görüşürlər, görüşəndə neynirlər?.. Düşünürəm ki, artıqdı. Boş yerə söz xərcləmək, vaxt almaq etik deyil. Hamının bildiyini təkrarlamaq adamı boşboğaz imicinə düçar edər.

Onlar bir-birinə oxşayır. Artıq ay yarımdı bir yerdədirlər, heç vaxt sözləri çəp gəlməyib. Bax, Sergey o kişini diriltmişdi ha, Allah sevinib, Yuliyanı göydən yerə hədiyyə endirib. Kişini öldürəndə, görünür belə faciəvi hadisə baş verəcəyini Allah da bilmirmiş. Gecikib. Yuliyanı geri qaytarmaq mümkün olmayıb. Allahı tanıyırsız. Geri qaytarmaq yalnız onun öldürməyi ilə başa gəlir. Razı olarsız, Allah o cür gözəl, yaxşı qızı öldürsün? Razı olarsızsa, problem deyil. Allah yazıçının öz əlindədi. İstəmirsiz. Sevindim. Elə oxucu seçməmişəm ki, qəddar olsun.

Evlənmək qərarına gəlirlər. Toy kiçik kafelərin birində baş tutacaq. Mərasimdə oğlanın araba dostları, qızın qonşuları iştirak edəcək. Bəs valideynlər? Hər ikisi düzünü danışır. Oğlanın valideynlərindən xəbərimiz var. Qızın anası onu bu dünyaya gətirib, həmin an da özü o biri dünyaya gedib. Atası isə qətlə yetirilib. Sergey “necə”, “niyə” sualını vermir. Sevgilisinin alnından öpüb, soruşur:

- Sənin atan da mən olum, anan da. Olar?

Yuliyanın əvəzinə onun dolmuş gözləri razılıq verir – bir neçə damlası biləyindən yapışan Sergeyin qoluna düşməklə.

Toyun bitməsini səbirsizliklə gözləyirlər. Toya qədər kübar münasibətdə olublar. Toyu geniş təsvir etmək, də yersizdi. Kiçik kafe, 15 nəfər adam, başda bəylə-gəlin. Skripka həzin mahnılar ifa edir. Yeyirlər, içirlər. Oynamırlar.

Yuliyagildə qalacaqlar. Bir otaqlı evdə. Maşından düşürlər. Sergey Yuliyanı qucağında 4-cü mərtəbəyə qaldırır. Açar artıq ondadı. Çətinliklə qapını açır. İçəri girir. Həyat yoldaşını çarpayıya qoyur. Alnından öpüb, mətbəxə getmək istəyir. Başını sağa döndərəndə, gözü divardakı şəklə sataşır. Dəhşət.

İlk yalanını danışmalı olur. Yuliyaya deyir ki, həyat yoldaşı ilə ilk gecəsini çarpayıda yox, divanda yaşayacağını arzulayırmış. Yataq otağına girə bilmir. Yuliyanın “onda gəl məni qucağında apar” deməsini də eşitmir. Sanki eşitmir. Qız bundan incimir. Özü gəlib divana uzanır. Başını divar tərəfə qısılan Sergeyin sinəsinə qoyur.

Bu yerdə hekayənin işıqlarını söndürək, səsini tam azaldaq. Və gedək yatmağa.

Səhərdi. Hekayəmiz işıqlanır, səsi artırılır. Sergey əvvəlki oğlana çevrilib. Susur. Bir fincan kofe içib, evdən çıxır. Axşamlar da ümumi cavabları ilə gününü yola verir. Yuliya onun xətrinə dəyəcək hərəkət eləmir. Beləcə 20 gün keçir. Bu günlər ərzində yataq otağına girdiyi olmur. İşdən gəlir, çörəyini yeyib divana uzanır. Yuliya onun qucağında pişiyə dönür.

“Mən anamı görməyə gedirəm” – Sergeyin işə gedərkən qapıda dediyi sözlərdi. Həyat yoldaşının cavabı ərinin üzündən öpmək olur.

Ana daha arabada deyil. Onu çarpayıdan qaldırmağa həkim qadağa qoyub. İflic. Tamar həkimin yazdığı kağızı Sergeyə verir. Oxuyur: “Ömrünə az qalıb”.

Anası onu görüb, gülümsünür. Danışa bilmir, damarları dəmir yoluna oxşayan əlləri ilə oğlunun başını sığallayır. 4 gün eyni saatda, eyni hərəkəti təkrar edir. Sonuncu gün qatar qəzaya düşür. Hər gün getdiyi yolda qarşısına keçilməz dağ çıxır. Qatar ona dəyib param-parça olur.

Sergey anasını dəfn edən gün geri qayıtmağı planlaşdırır. Tamara 500 lari verib, sağollaşır. Əvvəl düşünür ki, ora – hadisəni törətdiyi qayalığa getsin. Sonra qorxur. Tbilisiyə, ordan da qatarla Moskvaya gəlir.

Yuliyaya işləməyə icazə verir. O şəhər poliklinikalarının birində sanitardır. Günləri monoton keçir. Evlənəndən ikicə dəfə gəzməyə çıxıblar. Yuliyanın bətnindəki körpə 7 aylıqdı. Qız, ya oğlan olduğunu bilmək istəmirlər. Qabil dostuna bir neçə dəfə körpə paltarları alıb. Məsləhət verməyi də unutmayıb:

- Sizdə bilmirəm necədi, bizdə hamilə xanım kimə çox baxırsa, uşaq ona oxşayır.

Sergey bunu Yuliyaya deyib. Həmin gündən yataq otağında divara asılan kişi şəkli yoxa çıxıb. Yuliya uşağının babasına oxşamasını istəmir. Həm də Qabil xaraktercə, yoxsa görünüşcə oxşayır məsələsini dəqiq söyləməyib. Ana uşağının əsas da xaraktercə babasına oxşayacağından qorxur. Kim istəyər övladı qumarbaz olsun.

Həmin gündən ər-arvad yataq otağında gecələməyə başlayırlar. Yuliya özündə-sözündə deyil, ərindən bu qayıdışın sirrini öyrənməyi düşünmür də.

Hamiləliyi ağır keçir. Bir neçə dəfə ürəyi gedib, həkimlər qanında virus aşkarlayıblar. Müalicə alır. Dərmanlar bahadı. Bəzən hamısına pul çatdıra bilmirlər. Sancılar vaxtından qabaq başlayır. Hələ dölün ana bətninə düşməyindən 8 ay keçməyib. Yuliya xəstəxanaya yerləşdirilir.

Günortadı. Sergey arabasında oturub, qatar gözləyir. Telefonuna naməlum nömrədən zəng gəlir. Xəbər alır. Qabili tapıb, arabanı ona tapşırır. Tələsik üz tutur xəstəxanaya. Həkimi tapır. Qızı olduğunu bilir. Sevinir. Xanım həkimin əlindən öpmək istəyir. Həkim əlini dala çəkir. Sergey onun gözlərindən oxuyur: “Qızınız şikəst doğulub”.

Sergeyin bağırtısı qulaqlarımdan çəkilməyib. Çalışacam sizə də eşitdirim. Spartak. Hə, özüdü. Spartak onu öldürmək əmri verən qladiatora sonuncu zərbəsini vuranda necə bağırırdı? Eynən həmin bağırtı.

Yuliya ərinin səsini eşidib, ağlayır. Bədbəxtliyə düçar olduğunu ona da deyiblər. Sergeyin bağırtısı kəsilmir. O, qaçır. Qucaqlarında körpə olan tibb bacılarının tez-tez girib-çıxdığı otağa doğru cumur. Yeni doğulan uşaqları orda şüşənin altında saxlayırlar. Kənar şəxslərin girməsi qadağandı. Sergeyin qarşısını kəsə bilmirlər, heç qarşısına çıxmırlar da. O, kənar şəxs deyil. O, atadı. Atasız ata. Atasız ananın əri. Onun haqqı var. O, otağa girməlidi ki, haqqına çatsın. İlahi ədaləti pozmaq mümkün deyil.

Otağın qapısı taybatay açılır. Sergey bağıraraq soruşur:

- Hansıdıııııı?...

Aralarında ən bəstəboy tibb bacısı qeyri-ixtiyari olaraq Sergeyin qızı yatan şüşə qabı göstərir. Qab pəncərənin yanındadı. Həkimlər uşağa günəş şüasının düşməsini məsləhət görüblər. Sergey qapağı qaldırır. Körpə beli üstə uzanıb. Kino lenti: bir kadrında Sergey arxası üstə qayalıqda üzür, bir kadrında naməlum kişi arxası üstə dalğaların qoynuna girib, bir kadrda Sergey naməlum kişini yumruqlayır... Yerdə qalan bütün kadrlarda dalğalar şahə qalxıb. Şahə qalxmış dalğalar Sergeyin üstünə hücum çəkir. O, bağıra-bağıra geriyə doğru üzməyə başlayır. Qolarını arxaya ata-ata dalğalardan qaçmağa çalışır Və...

Yerdən qurulan pəncərə şüşəsinə zərblə dəyib, 7-ci mərtəbədən arxası üstə yerə yıxılır. Diaqnoz: onurğa sütunu sınıb.

Batumi. Yaşıl bağın qurtaracağından keçən dəmir yolunun dirəndiyi qayalıqlar. Həmin çimərlik. Dalğa yoxdu, ləpələrdən səs çıxmır. Təpədəki əlil arabasında 55-60 yaşlarında kişi oturub. Arabanı 16-18 yaşlarında qız tutub.

İkinci ildi yay tətilini Batumidə keçirirəm. Həmin yerdəyəm.

# 2331 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
#
#
# # #