Ona qədər sayaram, on birdə unudarsan...

Ona qədər sayaram, on birdə unudarsan...
25 iyun 2013
# 10:29

Kulis.Az şair Mətləb Ağanın yeni şeirlərini təqdim edir.

***

Yazın sonuncu günü

yağdı səhərə kimi...

kənddəki evimizdən

sizin şəhərə kimi...

sən də onda oturub

pəncərədən baxırdın...

elə hey ağlayırdın,

gəlib-gedən baxırdı...

bilmirdin, ağıllısan,

dəlisən, ağlayırsan;

bir ucdan yağış yağır,

elə sən ağlayırsan...

imkan olsa, yağışdan

tutub göyə çıxardın...

itirdiyin Mətləbi

tapıb yiyə çıxardın...

...sonra kimi görərsən,

deyərsən soruşmamış;

"o yağış varıydı ha,

mən idim həmin yağış... "

***

Küçədə bir payız var,

ilin-günün bu vaxtı...

bu payız olmasaydı

guya nə olacaqdı?!..

bir payız yarpağında

özümə bir də baxdım...

hardadı indi Mətləb?

görmədim və darıxdım...

ürəyimdə heç nə yox,

olanlar olub keçib...

doğrular olub keçib,

yalanlar olub keçib...

səni də düşünmərəm,

nə olsa, barışaram...

harda rastıma çıxsan,

payızı soruşaram...

***

Getmisən, sağ-salamat,

başqa nə bacarırsan?!..

mən səninçün ölərdim,

kiminçün qocalırsan?!..

səndən bir istəyim yox,

bir məktub yaz, bacarsan...

şəklimi bir saatlıq

divardan as, bacarsan...

başını qat həyatla,

uşaq, iş-filan, yəni...

səninçün ən doğrusu;

ən böyük yalan, yəni...

***

Gecə ötüb yarıdan,

ulduzlar da soluxub...

küçədən keçən adam

deyəsən azca qorxub...

...dörd divardı, bir də mən,

bir mənəm, bir dörd divar...

sənin min sualına

mənim bir cavabım var...

...dönsən, adam deyilsən,

ömrün uzunu bir də...

görmək istəmir qapım

sənin üzünü bir də...

...yalana bax, demişdin

qəbirdə unudarsan;

ona qədər sayaram,

on birdə unudarsan...

# 2575 dəfə oxunub

Oxşar xəbərlər

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

14:57 28 oktyabr 2025
Azər Turan:  "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

Azər Turan: "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

16:30 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər