Məscidin həyətində naməlum əsgər heykəli

Məscidin həyətində naməlum əsgər heykəli
24 yanvar 2013
# 08:00

...Əsəbindən rəngi boğulub qaralmış Cümə məscidi də bəxtindən küsmüş qocalar kimi sükuta qərq olmuşdu.

Bu məscidin həyəti iri bir meydança idi, burada Böyük Vətən müharibəsində həlak olmuş naməlum əsgərin heykəlini qoymuşdular. Heykəl rayonun o vaxtkı rəhbəri Niyazi Nəcəfovun vaxtında qoyulmuşdu. Biz uşaqları hər il may ayının 9-da yığıb bura gətirirdilər, naməlum əsgərin heykəlini ziyarət etməklə qələbə gününü qeyd edirdik. Bizim boynumuza ilk dəfə qırmızı pioner qalstukunu da bu meydançada bağlayıblar. İbtidai sinif müəllimimiz Qasım müəllim pioner andını bizə o qədər şövqlə əzbərlətdirmişdi ki, sevincdən uçmağa qanadımız yox idi. O anı səbirsizliklə gözləyirdik, sanki pionerə keçməklə uşaqlıqla vidalaşır, daha böyümüş sayılırdıq, məktəbdə təkəbbürlü gəzib dolanırdıq. Anam hər gün o qırmızı qalstuku ütüləyib stulun başından asırdı.

Sonralar bu meydança baxımsız qaldı, daş pilətələr arasından otlar çıxıb sürətlə hər tərəfi bürüdü. Məscidin arxası xuliqan uşaqların sığınacaq yerinə çevrildi. Yuxarıda yazdığım kimi, tərbiyəli pioner olan mən də hərdən məscidin arxasına yığılan uşaqlara qoşulurdum.

Qasım müəllim haqqında sonralar bir yazı da yazdım. “Sirli ada”nın işıqlı möcüzəsi”.

...yaddaşımın aynasından əynində məktəbli forması, əlində çanta, məktəbə gedə bilmədiyi üçün doluxsunub dodaqları büzülmüş halda evin ortasında çar-naçar dayanmış bir oğlan uşağı boylanır. Çöldə selləmə yağış yağdığı üçün o uşağı evdəkilər məktəbə buraxmaq istəmirdilər. Gecədən bəri ara vermədən yağan yağış küçələrdə keçilməsi mümkün olmayan iri gölməçələr yaratmış, gediş-gəlişi xeyli çətinləşdirmişdi.

Hər gün gedib-gəldiyi məktəb, onun binası sirli-sehrli adaya dönüb sonsuz cazibə ilə işıq saçır, ağlamaq istəyən uşağı ovutmaqdan ötrü öz qoynuna səsləyirdi. O uşaq mən idim, sirli-sehrli ada kəndimizin ikimərtəbəli məktəb binası idi. Həmin məktəbin balaca bir sinif otağı vardı ki, hələ heyrət yaşını yaşayan biz uşaqlardan ötrü yer üzündə bu otaqdan özgə, ayrı heç bir şey yox idi. Və qəribədir ki, o yağışlı gündə çılğıncasına, dəli bir istəklə dərsə can atan, qəhərdən içini çəkə-çəkə “mən dərsə gedəcəyəm!” deyən balaca uşağın nəzərində həmin o “sirli ada”- məktəb binası işığı göz qamaşdıran bu kiçik sinif otağından ibarət idi. Ata nəvazişiylə dolu, duyğulu, yumşaq, isti bir səs “sirli ada”nın möcüzəsi kimi dəniz üstdən körpü sallayıb mənə “gəl, gəl!” deyirdi.

Həmin yağışlı gündə mən inadımdan dönməyib o “sirli ada”ya qovuşdum.

206 saylı məktəbin giriş qapısından hər gün bir müəllim keçir. Yenə də heyrət yaşını yaşayan uşaqlar bu geniş dünyanı onun səsinin işığında görürlər. O uşaqlara elə gəlir ki, yer üzündə həmin balaca sinif otağından özgə, ayrı heç bir şey yoxdur.

Qasım müəllim o yazıya görə çox sevinmişdi. Məni öz sinfinə dəvət elədi, uşaqlara fəxrlə “baxın, mənim şagirdim olub, indi haqqımda gözəl bir yazı yazıb!” dedi. Bu sinif otağının tanış, doğma havası məni həyəcanlandırdı, dəfələrlə rənglənən döşəmə, divarlar o tanış qoxunu silib apara bilməmişdi.

Məktəbin həyəti yatmış xatirələri oyatdı; hansı şagirdləsə sözümüz çəp gələndə idman zalının arxasına çəkilirdik və üst-başımız pis kökə düşüncəyə qədər boğuşurduq, bəzən döyürdüm, bəzən döyülürdüm, kənardan baxanlardan da bizə təpik atanlar olurdu. Evə gələndə anam məni danlayırdı ki, bu nə üst-başdır, sənin paltarlarını yumaqdan daha cana doymuşam, nə qədər dava-dalaş olar, siz dərs oxumağa gedirsiniz, yoxsa bir-birinizlə boğuşmağa?

Bir dəfə məni möhkəm döymüşdülər, ağız-burnum qanamış, əynimdəki məktəbli forması yaman kökə düşmüşdü. Qasım müəllim uşaqları yığıb ciddi tapşırıq verdi: “Bundan sonra kimin həddi varsa, ona bir çırtma vursun! İkinci dəfə təkrar eləməyəcəm, sözümü sırğa edib qulağınızdan asın!”

Bu xəbərdarlıqdan sonra nəinki sinifdə, məktəbin özündə mənə əl qaldıran olmadı. Əlaçı olduğum üçün Qasım müəllim məni mümkün qədər avara uşaqların təsirindən qoruyurdu. Məktəbin həyətindəki tualetin arxasında həmişə siqaretçəkənlər dəstəsi olurdu, onlar yuxarı siniflərin uşaqlarıydı, bacardıqca onlardan uzaq qaçırdım. Onlarsız da məktəb həyatının dadı-duzu olmurdu, onlar öz şuluq əməlləriylə məktəb həyatına maraq qatırdılar.

Sonralar aradan uzun illər keçsə də onların bu əməlləri gülüşlə xatırlanır. “Yadındadır, filan müəllimənin çantasına ölü siçan atmışdıq?”, “Dərs jurnalına özbaşına qiymət yazmağımız yadına düşür?” və sair. Hələ dərsdən qaçmalar... Fizikanı, kimyanı heç xoşlamırdım və bu dərslər çox vaxt dərslərin axırına düşdüyü üçün qaçırdım. Xatırlayıram, kimya dərsində arxa cərgədə oturub həmişə şeir yazırdım. Kimyadan bizə Zümrüd müəllimə dərs deyirdi, o da elə bilirdi ki, dərsi yazıram. Həmişə danışa-danışa sinifdə gəzirdi, hər dəfə mənə yaxınlaşanda əlimlə dəftərin üstünü örtürdüm ki, nə yazdığımı görməsin.

Mən siqaret çəkməyə on dörd yaşımdan başladım. Atamın siqaretlərindən gizlincə oğurlayıb tualetdə çəkirdim. Bir-iki dəfə anam şübhələnmişdi, amma boynuma almamışdım. O vaxt “Kosmos” siqareti vardı, bir-iki dəfə mağazadan alıb uşaqlarla kənd klubunda kino göstəriləndə çəkmişdik. Sonra həmin siqaret qutusunu ancaq özümün bildiyim bir yerdə- hansısa daş oyuğunda- gizlədirdim. Bu zərərli vərdişi bir də 33 yaşımda tərgitdim. Amma üç ildən sonra yenə “köhnə dostum”la barışdım.

Yaxın günlərin birində Qasım müəllimin ziyarətinə yollandım. Haqqımda dərc olunmuş xüsusi buraxılışı da özümlə götürmüşdüm. Artıq qocaldığı hiss olunurdu, buraxılışı öpüb gözünün üstünə qoydu, “bunu çərçivəyə salacağam” dedi. Bir xeyli söhbətləşdik, bir az diqqətsizlikdən gileyləndi. Qocaman müəllim şəkər xəstəliyindən əziyyət çəkirdi, sol ayağının baş barmağını kəsmişdilər. Xəstə olmağına baxmayaraq yenə də işdən qalmırdı. Dedi ki, evdə otursam, məhv olaram, məni o məktəb saxlayır.

Ömrünün 60 ildən çoxunu məktəbə həsr etmiş müəllimi get-gələ salmışdılar. Umacağı nəydi ki... Xəstəliyinə görə maddi yardım. Vəssalam. Onu da ondan əsirgəyirdilər. Aldığı təqaüdün məbləğini yazmağa adam xəcalət çəkir. Ürəyim sızladı. Ona təsəlli verdim, dedim ki, qəzetdə bu barədə bir yazı hazırlayaram. Amma yazmadım. Elə bu gün yazaram, sabah yazaram, deyə-deyə yazı qaldı. Bir dəfə zəng də vurmuşdu. İndi günahımı gec də olsa, yumaq istədim.

Təsəvvür edin, Qasım müəllim mənim atama da dərs deyib, vaxtilə dərs dediyi adamların indi nəvə-nəticələrinə dərs keçir. Bu adam canlı tarixdir.

Qasım müəllim mənim uşaqlıq illərimin işıqlı adasıdır. O ada həmişə məni özünə doğru çəkir...

Doğurdan da fərəhli illər idi; azad, qayğısız, xoşbəxt, ürəyimiz sonsuz arzularla dolu...

1985-ci ilin 9 mayında məscidin meydançasında misli görünməmiş bir təntənə hökm sürürdü. Faşizm üzərində qələbənin 40 illiyi ölkə miqyasında xüsusi bir təmtəraqla, əlahiddə bir ovqatla keçirilirdi. Sübhün gözü açılandan meydançada səsgücləndiricilər quraşdırılmışdı, müharibə illərinin mahnıları, hərbi marşlar səsləndirilirdi. O vaxt hələ canı sulu olan müharibə veteranlarının gözləri yaşarırdı, sinələri qabarırdı. Yəqin ki, müharibənin odu-alovu yenidən gözləri önündə canlanırdı.

Müştəba dayım həmin gün orden-medallarını taxıb bayram tədbirinə yollanırdı. O, müharibənin sonuncu gününədək döyüşmüş, sağ-salamat vətənə, evinə-eşiyinə qayıtmışdı.

Bayram tədbirinə rayon partiya komitəsindən, Veteranlar Şurasından nümayəndələr gəlirdi. “Kommunizmin xoşbəxt gələcəyinə” olan sarsılmaz inam üzərində qurulan köpüklü çıxışlar baş alıb gedirdi. Sonra qəsəbənin bir-iki dılğır şairi qələbə gününə həsr etdikləri şeirlərini oxuyurdular və hamı dağılışırdı. Səsgücləndiricilər isə elə hey bir ucdan ətrafa əsgər mahnıları püskürdürdülər... Beləcə, “böyük xalqlar ölkəsində yaşayırdıq azad, xürrəm”.

O naməlum əsgərin heykəli məsciddə təmir gedərkən zədələndi, çıxarıb kənara atdılar, daşyonan maşın divarları qaşıyarkən üstünü qar basmış adamlar kimi toza bürünüb qaldı. Bir neçə ildən sonra heykəli təmizləyib kənd klubunun həyətində qoydular. Həmin o kənd klubunu vaxtilə Hacı İsgəndər tikdirmişdi, sonralar onu gedər-gəlməzə yolladılar və onu gedər-gəlməzə göndərənlərdən biri olmuş Ruhulla Axundovun adını bu kənd klubuna verdilər. Tarixin ironiyasına bax!..

# 2581 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #