Qapı açıq idimi, yoxsa mən onu “tık-tık” döyəndən sonramı açıldı və ya bu qapı deyiləni mənmi açmışdım? Bax, bunu fəhm etmək, anşırmaq mənim üçün zülmə çevrilir və mənim bu dilemmanı, bu adi görünən sualı çözməkdə nə qədər aciz olduğumu anlamağım da boynumda üstəlik bir yükə dönüşür. Qapı dünyaların sərhədidir. Qapı – için və dışın hüdududur. Qapı maddi ilə mənəvinin qovşağında yolayrıcı kimi bir zaddır. Qapı – ruh, can, bədən üçbucağında tərəfin birindən digərinə keçidi təmin edəndir. Ev yiyəsi istəsə qapısını sevdiklərinin üzünə açar, istəsə bağlayar. Bu onun müstəsna, təbii haqqıdır və öz qapısını açıqmı, örtülümü saxlamaq öz işidir. Qapının içi, iç tərəfi daxilə gedən yolun başlanğıcıdır. Düzünə qalsa, istənilən qapı – istər sözün müstəqim, istər də məcazi mənasında olsun – bir yolun əvvəlidir və bu yolun harada sonlanacağını yol bilər, yolçu bilər və bir də istinad etdiyi qapı.
Bəlkə içəridən qapı yiyəsi özü açmışdı, ya kimsə marağını saxlaya bilməyib eşikdən, bayırdan açmışdı? Bir onu bilirəm ki, mən bu qapının önünə varanda qapı aralı idi və mən gözümün ucuyla içəri boylandım. İçərinin alatoranlığında daha bir işiqlı qapının mövcudluğunu görüncə çaşmadım və bir könlün iç-içə qırx qapısından keçməli olduğumu, qırx otaqlı bir sirli dünyaya düşdüyümü anlamağa və bunu anladıqca qəlbimin sirri anlaşılmaz, dərkolunmaz bir enerjiylə dolduğuna əmin oldum. Və bu anlaşılmazlıqdan, bu dərkolunmazlıqdan tanımadığım bir yola çıxmağın çətinliyini də bilməmiş deyiləm.
Qapı var idimi, yox idimi? Bəlkə mən elə yoxluğu, irreallığı, boşluğu, düşdüyüm kosmik çəkisizliyi qapı bilib döymək istəmişdim? Yox, qapı var idi, sizi inandırım ki, var idi. Nədən ki, mən o qapıdan məni vuran havanı almışdım, o qapıdan gələn könül çırpıntılarını, o qapıdan süzülən sükutun qışqırtılarını eşidirdim. Əlhavasına mən o qapıya doğru yürüdüyümü və bu istəyimi yenə bilmədiyimi dərk edirdim. Və mən ağlımın ucundan belə keçirmədən o qapıdan yeni bir dünyaya – Hədiyyə xanımın poeziya dünyasına keçməyə və o dünyanın havasını almağa çalışırdım. Şeirin havası saf olduğundan bu hava hər adama düşməyə bilər ha?
Hədiyyə Şəfaqətin açdığı bir qapı var. Hamının keçə biləcəyi bir qapı olmağa layiq bir qapımı deyim buna, ya başqa bir müqayisə aparım? Yox, bunu kəsdirə bilmədim.
Və bir də onda özümə gəldim ki, ana Azərbaycana söykək doğma Qarayazımdan Hədiyyə xanımın könül dünyasından qopan poetik aləmin qapısının dəstəyindən yapışıb onu açmağa çalışıram.
Bu qədər giriş gəzişməsindən sonra bir onu deyim ki, mənim Hədiyyə xanımla heç bir şəxsi tanışlığım yoxdur. Sadəcə Feysbuk sosial şəbəkəsində dost olduğumuzu bilirəm, paylaşdığı bir-iki şeiri “layk” eləmişəm, onunla nə mesajlaşmaq, nə də bir-birimizə “əl sallamaq” imkanımız olub. Bizim ümumi tanışlığımız bundan ibarət olmalıdır. Vəssəlam-şüttəmam. Mən onun haqqında internetdən və ya müasir ədəbi prosesi bilənlərdən nələrsə öyrənə bilərdim. Amma buna ehtiyac varmı? Qısa kəsim: mən onun 2017-ci ildə nəşr olunmuş “Qapı” kitabını bir udum dağ havası tək sinəmə çəkdikdən sonra, bu kitab barədə nəsə yazmağı özümə borc bildim və bunu yaxın bir nəfərə də söylədim, o da Hədiyyənin gözəl şairə olduğunu vurğuladı və mən fikrimi qətiləşdirərək könlümün diqtəsilə, könlümün sifarişiylə bunları yazmağa başladım.
Qapı zamansızlığa açılır və ya zamanın sərhədlərini sındırmaq üçün açılır. Zamanın bitdiyi yerdə vaxtı necə ölçəcəyik? Hədiyyənin şeirlərində hər şey zamandan kənarda baş verir, dağıdılmış zaman çərçivəsindən kənarda baş verənlər dərk edilmir, sadəcə fəhm olunur, zamanın bitdiyi, yəni zamansızlığın başladığı məqamda belə bir poetik biçimdə görünür:
Güzgülərdən
Dünyanın ən aldadılmış adamları kimi baxırıq
özümüzə
Mən və mən...
Və dünən, bu gün, sabah adlanan zaman anlayışı əriyib öz yerini zamansızlığa buraxır. Bu zamansızlıq içərisində öz rəsmi ilə üz-üzə qalan adam özünü az qala dünyanın, daha doğrusu dünyasızlığın, məkansızlığın xoşbəxti hesab etməyə bilərmi? Səssiz rəqslərin hansı notlara kökləndiyini, gözləri gülən güzgüləri, ayrılıqlardan sonra başlayan həyatı görmək üçün Hədiyyənin açdığı qapı(lar)dan keçməli, boşluğun dolanbaclarında dolaşmalı olursan.
Qarşımıza yeni bir qapı çıxır:
Dua edirəm,
Dua edirəm ki, Tanrı qapıları bağlamasın...
Yaxşı deyək ki, Tanrı dualarımızı eşitdi və qapıları açıq saxladı. Deyək ki, dualarımız müstəcab oldu və biz açıq qapıdan, yəni başqa bir şeirdən güzgüylə danışıb özünə təskinlik verən qadını gördük:
Sevgi bu – söylədi qadın güzgüyə,
Nəvaziş gözləyən ağrılarını ovutdu…
Bəs, sonra? Biz soyuqluğunu, dönüklüyünü belə sevgi adlandırdığı kişidən heç nə ummadan öz-özünə təskinlik verən bu qadının göz yaşlarını silə bilməyəcək qədər aciz deyilikmi? Və əslində bu göz yaşları heç silinmək üçün axmırmış, kirpiklərdə öz-özünə qurumaq üçünmüş. Bax, bu, Hədiyyənin interpretasiyasında gerçək bir sevgidir və könlünü azacıq, lap elə bir damcı sevgi yanğısı qarsalamış hər kəs üçün – kişi və qadın fərq etməz – bu yozum heyrətamiz görünür.
Bətni müqəddəs məbədə çevrilən, digər bir poetik parçada:
Sən ey doğma adam,
Sən ey yad adam,
Ev adam, çöl adam
Uçurum adam –
Səni sevirəm…
kimi adi sözləri qeyri-adiliyə çevirən qadını tanımaq xoşbəxtliyini yaşayırıq. Bu qadın qadınların ən gözəlidir. Nədən ki, içdiyi şərabın ilk qədəhindəncə sevdiyi kişini ağlada bilir. Gözəl təqdimat deyilmi? Bu qadın üçün “bir köynək qoxusudur sevgi”.
Demişdim axı, bu adamın şeirlərində məkansızlıq, zamansızlıq var, onu da üstünə əlavə edim ki, bu poeziyada adamlar doğulmur, heç ölmürlər də. Hədiyyə bir şeirində “Zaman artıq gərək deyil…” söyləməklə çoxmu ifrata varır? Təbiətin öləriliyi yoxluğa qovuşub ölümsüzlük qazanır. Sən də “heç kimin doğulmayıb, heç kimin ölmədiyi olmayan şəhərdəyəm” deməklə məkansızlıq qazanmaq istəyərdin yəqin ki? Yəqin ki, heç nəyin kölgəsi olmayan, hər şeyin, hətta insan məninin də əriyib yoxa çıxdığı, çəkisizliyə, ölümsüzlüyə qovuşma səadətini yaşamağa dəyər və bu fürsəti əldən vermək yaşamın anlamını itirməklə eyniləşər və ömür əbədi lənətə məhkum olar (Əslində mən yazdığım cümlələrdə işlənən ifadələrin çoxunu dırnaqda verməməyimin plagiat olduğunu da bilməmiş deyiləm və onun müəllifinin Hədiyyə Şəfaqət olduğunu vurğulamadan keçməyi özümə yaraşdırmıram).
…Bilmək istəyirsənmi Tanrı soruşulmamış suallara niyə cavab vermir? Tanrı nə düşünür, nə vaxtdan düşünür və nə vaxtacan düşünəcək? Tanrı da dilemma qarşısında qalıb: yaratmaq istədiyimi yaradımmı, yaratmayımmı?..
Sən iç-içə qapıları açırsan və sən hər qapının arxasında fərqli obrazlarla qarşılaşırsan və bu da onlardan biri…
…Zırramanın biri sənin yalvarışlarına baxıb siqaretinin kötüyünü, sönməmiş kibritini, biz tərəflərin deyimi ilə söyləsək, cinriyi çıxmış, susuzluqdan onsuz da yanan çölə rəhm edəcəkmi? Heç adamın inanmağı gəlmir. Nədən ki, bu yolçuların arasında elə könülsüzləri ola bilər ki, öz cılız eqolarını rahatlatmaq üçün dünyanı yandırıb miskin bədənlərini qızdırmaqdan belə çəkinməzlər. Amma Hədiyyənin şair məni bir budağa qıymayacaq qədər kövrəkdir. Görün o, könlünün yarısını necə çağrır və mən burada “Əsgər deyilsən” şeirini bütövlükdə verməkdən özümü saxlaya bilmirəm:
...Mənə
Həyatı sevən halınla gəl,
Gəl mənə çiçəkləri kökündən qopara
bilməyəcəyin halınla,
Qarışqaları tapdalaya bilməyəcəyin,
Yağışdan qaçmaq istəməyəcəyin
Ocaq yandırmaq gərəkdirsə belə
Budaqları qıra bilməyəcəyin halınla...
Əllərini mən isidərəm nəfəsimlə...
...Sən əsgər deyilsən,
Kişisən –
İlk gülləni günahsız adamlardan
əvvəl özünə vur...
Amma Hədiyyə xanımın şair məni öz qurduğu, söz-söz toxuduğu yalanlara inanmaya bilərmi? Söz demiş, onun şeirlərində əriş-arğac misalı bir-birinə keçib naxışlı ilmələr yaradan hər sözün neçə qatı varmış, söz neçə mənada boy verə bilərmiş?!.
...Hədiyyə xanım eksperimentlər aparmayacaq qədər səmimidir. Nədən ki, onun şeirləri həyata yüz tərəfdən, min tərəfdən ayna tutmaqla görünməyənləri əks etdirmək bacarığına sahibdir. Bu poeziyada adam həyatı, əslində isə özünü çiliklənmiş güzgüdə görür və bu görüntünün onu hürkütməyəcəyinə heç kim zəmanət verə bilməz...
Sən qapıları açırsan və hər açılan qapıdan gözündən gülən güzgülərə əksi düşməyən adamların baxdığını fəhm edirsən, susqun divarlarla, sükut lövbərindən asılmış qayıqlarla üzləşirsən, yoxluqlara qovuşursan və sonuncu qapını açıb sonuncu otağa daxil olduğunu güman etdiyin anda qarşında yeni bir qapının görünməsindən yaranan ifadə olunmayacaq çaşqınlıq içində başlanğıcamı qayıtdığını, sonamı çatdığını anşıra bilmirsən və sən Hədiyyə Şəfaqət poeziyasının zamansızlığına, məkansızlığına-laməkanlığına şahidlik etmək kimi bir missiyanın daşıyıcısı olmaq fürsətini əldən vermirsən.
...Mən sizə sonu başlanğıca çevirən uzun bir hekayətin cüzi epizodlarını, ötəri cizgilərini göstərə bildim və bu yolda hər şeyi görmək üçün Hədiyyə Şəfaqətin açdığı poetik qapıdan keçmək gərəkdir. Onun poeziyasını hərə bir cür “oxuya” bilər, hərə onu bir cür alqılayar, bir cür qavrayar və buradan hərə öz istəyini, öz payını, öz nəsibini götürə bilər. Bu poeziyada kimi tənhalığını, kimi gücsüzlüyünü, kimi sevgisini və ya sevgisizliyini, kimi də lazımsızlığını-gərəksizliyini fərq etmək iqtidarındadır...
Afiq MUXTAROĞLU
Gürcüstan, Qarayazı