Kulis.az şair Xəqani Qayıblının “Vaqif Səmədoğlu-Ucalıqlar şairi” məqaləsini təqdim edir.
Müəllifdən: Bu məqalə Estoniya Yazıçılar Birliyinin aylıq orqanı və Estoniyanın ən nüfuzlu dərgisi olan “Akademiya”nın 2008-ci il iyun nömrəsi üçün yazılıb. Məqalə ilə birlikdə Vaqif Səmədoğlunun silsilə şeirlərini eston dilinə çevirib çap etdirmişdim. Məqaləni öz dilimizə çevirib sizlərə təqdim etməklə gözəl şairimizi bir daha təbrik edirəm!
VAQİF SƏMƏDOĞLU – UCALIQLAR ŞAİRİ
Əziz “Akademiya” dərgisinin oxucuları, Vaqif Səmədoğlu 1939-cu ildə iyunun 5-də Bakıda, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ailəsində anadan olub. Təhsilini musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında alıb. Gözəl fortepiano çalır. Azərbaycanda cazı təbliğ edənlərin başında gəlir. Azərbaycan xalq şairi, millət vəkilidir...
***
Ola bilsin, şeirləri ilk dəfə eston dilində çap olunan bir şair haqqında qısa bilgi vermək anlamında bu sözlərlə də kifayətlənmək olardı. Amma Vaqif Səmədoğlunun həyatı və yaradıcılığı o qədər müəmmalı, o qədər rəngarəngdir ki...
***
Vaqif Səmədoğlu mənim mənsub olduğum ədəbi nəsil üçün, 80-ci illərin sonlarında ədəbiyyata gələn gənclər üçün sanki bir mif idi. Adı vardı, şeirləri vardı, amma özü yoxdu – qulaqdan-qulağa, ağızdan-ağıza bayatı kimi, mif kimi, yozumu çətin bir yuxu kimi, yaxud da ən yaxşı halda, kölgə kimi gəzirdi. Şeirləri ya onun-bunun dilində, ya da cib dəftərçələrində dolaşırdı. Çünki 1968-ci ildə əl içi boyda “Yoldan teleqram” adlı kiçicik ilk kitabı da özü kimi sirli-sehrli idi – haqqında danışırdılar, amma gördüm deyən yox idi.
Atasının böyük nüfuz sahibi olmasına baxmayaraq, şeirləri və pyesləri senzuradan, qlavlit deyilən süzgəcdən keçə bilmirdi. Bu haqda sonralar şairin özü bir müsahibəsində belə deyirdi: “Mənim “Bəxt üzüyü” pyesimi, açıq deyirəm, heç bir qlavlit, heç bir yerdə, lap elə Tallinin özündə də buraxmazdı.”
***
Vaqif Səmədoğlunun şeirləri qəribə və əsrarəngiz bir tale yaşayıb. Çox sonralar məlum oldu ki, o, şeirlərini sahmanlı şəkildə yazıb ifçinləmirmiş. Harda gəldi kiçik kağız parçasına, siqaret qutusuna yazırmış. Beləcə, rastgələ kağız parçalarında həyatın və dostların umuduna buraxılmış şeirləri də özü kimi daimi ünvanı olmayan bir şair ömrü yaşayıb. İlk kitabından otuz bir il sonra işıq üzü görən “Uzaq yaşıl ada” adlı kitabında Vaqif Səmədoğlu “sərgərdan” şeirləri haqqında belə yazır: “Əziz oxucu! Bu kitabın içindəki şeirlərin, poemaların əksəriyyətini mən itmiş, ölmüş hesab edirdim. Elə bilirdim ki, onlar da 70-ci illər yaradıcılığımın aqibətinə uğrayıblar. Xoşbəxtlikdən belə olmadı. Xoşbəxtlikdən yer üzündə Dostluq, Qayğıkeşlik, Məhəbbət və Etibar varmış. Anar varmış yer üzündə...” (Azərbaycan xalq yazıçısı Anarı eston oxucuları “Dantenin yubileyi”, “Əlaqə” və “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərləriylə tanıyır).
Hətta sonralar Vaqif Səmədoğlunun dostları etiraf edirdilər ki, Vaqifin bəzi şeirlərini onun özündən xəbərsiz çap etdirirdik.
***
Vaqif Səmədoğlu Sovet dövründə cəmiyyətdən uzaq “dumanlı” bir şair ömrü yaşadı. Çünki o, dumanı yararaq, cəmiyyətin içinə adlayıb qorxunc reallığın içində yaşamaq istəmədi heç vaxt. Burada, əziz dostum, Tartu Universitetində Yüri Lotmanın aspirantı olan, Vaqif Səmədoğlunun kitabını Türkiyədə tərcümə edib, çap etdirən Arif Acaloğlunun dediklərini xatırlayıram: “Azərbaycan müstəqilliyini qazandıqdan sonra Vaqif Səmədoğlu tam cəmiyyət adamı olmağa başladı və bir anlamda, şeirdən uzaqlaşdı”.
***
Vaqif Səmədoğlu, cismən 1939-cu ildə dünyaya gəlsə də, o, özünü Sovet imperiyasının qurbanlarından hesab edir:
Doğuldum 1939-da
1937-də tutuldum...
1937-ci ildə başlayan repressiya dalğasıyla Azərbaycanda on minlərlə ziyalının öldürüldüyünü, sürgün edildiyini dilə gətirən Vaqif Səmədoğlu, özünü də o qurbanlardan biri sayır.
Vaqif Səmədoğlu buna bənzər şeirlərilə yalnız Azərbaycandakı siyasi diktaturanı nəzərdə tutmurdu:
Nə fərqi var
hansı dildə
hansı eldə susasan...
***
Vaqif Səmədoğlu şəkil çəkməyi çox sevir. Hətta evində zəngin bir fotokamera kolleksiyasının olduğu da söylənilir. Vaqif Səmədoğlu əlindəki fotokamera ilə görünən varlıqların və nəsnələrin şəklini çəkdiyi kimi, sözlə də gözə görünməyən varlıqların şəklini çəkir. Məsələn, o, Tənhalığı, Ölümü, Həsrəti, Azadlığı və Tanrını çox böyük ustalıqla canlandırır. Mənə görə, Tənhalıq – yalnızlığı özünə alınyazısı seçmiş Vaqif Səmədoğlunun şeirlərinin daimi məkanıdır, və yaxud, onun şeirləri Tənhalığın ömürlük həbsə məhkum dustaqlarıdır... Ölüm – Vaqif Səmədoğlu şeirində yaşamın əbədiyyətə çevriliş anı kimi insanı imrəndirir. Vaqif Səmədoğlunun şeirlərini oxuyan mütləq Həsrəti yaşamaq istəyir. Vaqif Səmədoğlunun şeirlərindəki Azadlığı hələ insanoğlu dadmayıb.
Vaqif Səmədoğlunun şeirləri Tanrıya yalvaran adamın duaları kimi sehrli səslənir və bu dualar Məkan və Zaman qavramını tanımır. Bu duaları yüksək minarəli məscidlərdə də oxumaq olar, kiçicik bir köy kilsəsində də; hansı bir ovqatdansa evi tərk edib bir barın küncünə qıvrılaraq, dərdlərinlə, əlindəki qədəhinlə baş-başa qaldığında da oxumaq olar bu duaları, gecə yarısı yatağında gözlərini tavana zilləyərkən də:
Qolum üstə sən yatırsan bu saat
ürəyimdə başqası var oyaqdır...
Və bu duaları oxuduqca Tanrıya yaxınlaşdığını bütün varlığınla hiss edirsən.
***
Çox qəribədir ki, mən Vaqif Səmədoğlunun şeirlərini oxuyanda özümü hər dəfə çox-çox yüksəkliklərdə hiss edirəm. Və daha qəribəsi budur ki, Vaqifin şeirlərini ikinci ana dilim hesab etdiyim eston dilinə ilk dəfə, hətta gerçək anlamda belə, çox yüksəkliklərdə buludların üstündə, Kopenhaqen – Çikaqo uçağında tərcümə etmişəm.
***
Daha öncələri, şeirlərini oxuduğumda dəfələrcə salam versəm də, Vaqif Səmədoğlu ilə ilk dəfə, üzbəsurat, Azərbaycan Yazıçılar Birliyinin Şüvəlandakı istirahət evində 1991-ci ildə əl tutub salamlaşdım və bu tanışlıqdan hiss etdiyim doğmalıq hələ də əllərimi (həm də ruhumu) tərk etməyib...
O vaxt Vaqif Səmədoğlu, hər kəsin maraqla bilmək istədiyi və mənim də fürsəti fövtə verməyərək, ondan soruşduğum bir sualıma sadəcə müdrik, susqun baxışlarıyla cavab vermişdi. Amma on altı ildən sonra Vaqif Səmədoğlu mətbuata verdiyi bir müsahibəsində o sualın cavabını hər kəsə verirdi: “Hərdən deyirlər ki, Vaqif Səmədoğlu şeirlərinin əksəriyyətini içkili yazıb. Olsun də, nə olar ki? Bir şey deyim, mənim iki xüsusiyyətimi həddən artıq şişirdiblər. Bir ağlımı, bir də içki içməyimi. Artıq içmirəm, çünki yaşa dolmuşam...”.
***
Yetmiş yaşın qapısını aralayan Vaqif Səmədoğlunun üstün zəkası, yüksək intellekti və erudisiyası onun şeirlərinin az qala hər misrasında insanı sehrləməkdə... Vaqifin Səmədoğlunun sehrli dünyasına xoş gəldiniz...