Ehtirasların, ölümün və həyatın şəbihi

Ehtirasların, ölümün və həyatın şəbihi
2 aprel 2014
# 10:03

Kulis.az tanınmış tərcüməçi Saday Budaqlının tərcüməsində məşhur Paraqvay yazıçısı Ruben Bareyro Saqiyerin “Vur-tut bircə an” hekayəsini təqdim edir.

Yazıçı, esseist, ədəbi tənqidçi Ruben Bareyro Saqiyer 1930-cu ildə Paraqvayda anadan olub. 1962-ci ildən Fransada yaşayan yazıçı «Hekayə və roman» (1960), «İfşa olunmuş Paraqvay» (1963), «Müasir Paraqvay nəsrində sürgün mövzusu» (1970) və s. kitabların müəllifidir.

Vur-tut bircə an

İstidən gicgahları atırdı. Səhər tezdən eşitdiyi hökmün sözləri qulaqlarında küt əks-səda verirdi. Günün altında dayanıb, bürküdən əzab çəkərək, qızmar ağır hava dalğasının onu necə bürüdüyünü bədəninin hər hüceyrəsiylə hiss eləyirdi. Hərdən kirpikləri yumulurdu, onda gözləri önündə qırmızı, yaşıl, mavi, sarı nöqtələr, xətlər, zolaqlar oynamağa başlayırdı. Hətta gözünü açıb əsgər formalarını seçəndə də, hər şey fırlanmaqda davam eləyirdi.

Hökumət qoşunlarının çavuşu guya çimməyə, atı yəhərləyib çölə getməyə çağırırmış kimi əmri rəvan, etinasız səslə oxuyanda oğlan duydu: söhbət üzüb çıxmaq mümkün olmayan dərin burulğandan, geriyə yolu olmayan «səyahətdən» gedir. Bax bu vaxt onu bürüyən xatirələrdən ürəyi sıxıldı.

Sevgilim indi hardadı? Görən dağları, vadiləri, qəsəbələri çuğlayan gülləborandan və nifrətdən xilas ola bildimi? Yaxın keçmiş ildırım sürətiylə xatirindən keçdi. Budur, qız bağda, ağacların altında həvəslə, şövqlə rəqs eləyir. İlk dəfə onu belə görmüşdü. Fənərlərin solğun işığında parlaq ulduza bənzəyirdi. Yadına düşdü, onun oynaq çiyinlərinə toxunanda, saçlarının bihuşedici ətrini hiss eləyəndə, xoşbəxtlikdən az qalmışdı dəli olsun.

Çavuş əmri oxuyub, qarşısındakı əsirləri dostcasına süzdü:

- Duanı hər kəs özlüyündə… buralarda müqəddəs ata yoxdu.

Padre Kristobol bir dəfə şəhərdən danışan oyuncaqlar gətirmişdi ki, «Ağaların hərisliyi və ölümü» şəbihini göstərsin. Hər halda padre Kristobol belə söyləyirdi, kuklaların nə dediyinisə, demək olar, anlamaq olmurdu. Hadisələr məktəbin həyətində baş verirdi. Adətən rəqs eləyəndə orkestr yerləşən yerdə onlar səhnə düzəltdilər. Bir epizod xüsusiylə yadında qalmışdı: qışqıra-qışqıra dalınca düşən ələngədən canını qurtarmaq üçün kukla qaçır, büdrəyir, yıxılır, durur və yenə qaçır…

Birdən meydanda, yeni gəlmiş hərbçilərin içində cüssəli, enlikürək bir adama gözü sataşdı. Elə bil ildırım çaxdı! Oynaşan günəş şüaları arasından gözü qarşısında çox tanış bir adam dayanmışdı. Hə, o idi! Onun yırğalanan enli çiyinləri qalan hər şeyin qarşısını kəsmişdi. Uşaqlıq xatirələri onu alıb apardı. Budur, kişi gözəl bir atın belindədi. Günün altında çəkmələrinin boğazı parıldayır. Qucağında fəxrlə oturmuş uşağı sol əliylə ehmalca tutan atlı, musiqinin taktına uyğun nəsə qışqırır. İndi də başqa bir epizod: cıdır gününün axşamı həmin kişi içində buz parçası cingildəyən şərab dolu qədəhi əlində tutub, qırmızı iri qaşı olan üzük barmağında bərq vurur. İçkidən kişinin sifəti qızarıb.

Hərbçi də oğlanı dərhal tanıdı. Qaşqabağını töküb bir an tərəddüd elədi, sonra əsgərlərdən aralanaraq, yavaş-yavaş əsirlərə doğru yönəldi.

Oğlan bir addım qabağa gəldi, olmayan şlyapasını çıxarırmış kimi əlini qaldırıb duruxdu:

- Mənim üçün dua et, kirvə…

- Allah səni… - kirvə avtomatı sağ əlindən sol əlinə keçirib, iki barmağıyla tələsik oğlana xaç çəkdi.

Sonra sağ əlini uzadıb könülsüz salamlaşdı.

Kişinin sifəti yenə əvvəlki ciddiyyətini aldı, alnının qırışları hamarlandı və dua oxuyanda olduğu kimi astadan dilləndi:

- Harda ələ keçdin, oğlum?

Cavab gözləmədən başıyla işarə edib, oğlanı əsirlərdən və özünün komandirlik etdiyi patrullardan araladı.

- Dünən Kandil kanyonunun girişində. Anqosturaya çatıb, üzərək o biri sahilə keçmək istəyirdik…

- Hə… - kişi fikirli halda mızıldadı. Sönük gözlərində olduğu kimi səsində də laqeydlik duyulurdu.

- Əmi… mənim axırım necə olacaq? – oğlan pıçıltıyla soruşdu.

Kişi qardaşı oğlunu diqqətlə süzdü:

- Belə… taqıma mən komandirlik edirəm.

Qısa sükut çökdü. Şıltaq, xoşbəxt uşağın necə onun çiynində oturduğunu, hələ yeniyetmə olanda atasının son dövlət çevrilişində öldürüldüyünü bilib necə ağladığını, görünür, kişi də xatırlamışdı.

Tarix təkrar olunurdu. Axı qardaşı da çəkinib eləmədən onu öldürə bilərdi. Çevriliş olanda – qohumluğa baxmırlar, hər kəs öz hayına qalır. Hə, ölüm doğma-yad bilmir.

- Olacağa çarə yoxdu, - kişi qəfil bərkdən dedi.

Uşaqlıqda əmisinin öz atını polka rəqsinə oynadanda olduğu kimi, oğlan ona eyni heyranlıqla baxırdı.

İsti hava dalğası hərdən başqa əsirlərin sözlərini də gətirirdi. Üzü günə dayandığından əmisinin mundirində gəzişən milçəklər zorla seçilirdi. Onun arxasında özləri yaşıl milçəyə oxşayan əli avtomatlı əsgərlər addımlayırdılar. Bir az o yanda – otu yanmış təpələr, cadar-cadar torpaqdı, uzaqda adda-budda ağaclar gözə dəyirdi, lap üfüqdə isə mavi səma fonunda dağlar gün işığında parıldayırdı.

Ancaq oğlan kimi kişi də bunların fərqində deyildi. Günəş zenitdə, onların başı üzərində od püskürürdü. Üstündə durduqları kölgələrini quraqlıqdan inildəyən qırmızı torpağın sanki dərinliyinə itələyib soxmaq istəyirdilər. Çöldə bitən iki ağac kimi qarşı-qarşıya dayanmışdılar – belələrini, adətən, ildırım vurur. Günortanın istisində qığılcıma bəndiydi ki, ikisindən biri alışıb yansın.

- Əmi, mənim arvadım var… - oğlan dilini sürüdü. Onun gözləri yol çəkdi, səsi qırıldı.

- Narahat olma, oğlum. Mən sabah həmin tərəflərdə olacağam, onu axtarıb taparam.

Oğlan minnətdarlıq dolu baxışlarını kişinin enli sifətinə dikdi. Ona elə gəldi ki, arvadının saçını qoxuladı, gündən qaralmış hamar dərisini sığalladı, qoynunun istisini hiss elədi.

«Yox, ola bilməz… O dünyadansa yanına gələ biləydim… heç olmasa, arı kimi, külək kimi… Onunla görüşəydim… Yanında olaydım… Hə, əmim haqlıdı. San-Xuan bayramında tezdən duranda güzgüdə sifətimi görmədim…»

- Anana nə sözün var? Hər şeyi gərək şəxsən özüm ona danışam.

- Heç nə… qoy məni unutmasın. Oğlumdan muğayət olsun…

Onun atası olmayacaq, intəhası, iki anası olacaq…

- Doğuşa nə qədər qalıb?

- Üç ay.

San-Xuan bayramı səhər darananda güzgüdə öz sifətini görməyib düşünmüşdü: «Pis əlamətdi». Ancaq o dəqiqə də fikirləşmişdi ki, hələ sevgidən məstdi; bayram ərəfəsində rəqsdən sonra, səhər şehi qoxuyaraq, qız özünü ona təslim etmişdi.

Qəfil bir fikirdən üzü işıqlandı, öz-özünə danışırmış kimi dedi:

- O mənə oxşayacaq… - Və kədərlə əlavə elədi: - Mənsə onu görməyəcəm…

- Atan sağ olsaydı, sevinərdi. Nəsil kəsilməyəcək, - əmisi başını qaldırdı və onların baxışı bir anlığa qarşılaşdı.

Oğlanın gözlərində ona əzab verən sual, ümid, bəlkə də yalvarış varıydı. Kişi isə sol böyrünə sıxdığı avtomatı, yatmış körpə kimi sığallayaraq, laqeydliklə baxırdı.

Əmisinin yenə xırıltılı səsi eşidildi:

- Qismətdən qaçmaq olmaz, oğlum…

Əsgərlərdən kənarda dayandıqları müddətdə, günəş qərbə əyilməyə macal tapmışdı və indi onların balaca kölgələri sanki qana bələnmiş qarsımış torpaqda qara deşiyə oxşayırdı. Bu ləngiyən, uzanıb gedən günortanın ölü sükutu vaxtın axarında başqa bir qara deşik idi. Sərin şimal küləyindən yalnız cırcıramalar xəbər verirdilər.

Oğlan düşündü ki, sevgilisiylə çox az yaşadı… qız hələ lap uşaqdı… başqa birisinin sevgilisini qucaqlayacağı fikri onu ağrıtdı… axı o, tezliklə olmayacaq, bir yığın sümüyə, külə, bir ovuc qırmızı torpağa çevriləcək… qız isə özündə artıq yeni həyatın yaranışını hiss eləyir.

- Arvadımın axırı necə olacaq? Oğlumu görə biləydim! – özüylə danışırmış kimi oğlan yenə dilləndi.

- Sən atana oxşadığın kimi, o da sənə oxşayacaq. Bir qandı. Hər şey; sifət də, xasiyyət də nəsilbənəsil keçir.

Danışan kuklalarla bağlı səhnə yenə oğlanın gözü qabağına gəldi. Ancaq bu dəfə keçi kimi atılıb düşən kuklanın cizgiləri aydınca seçilirdi. Və elə bil padre Kristobal burnunun altında mızıldadı: «Ehtirasların, ölümün və həyatın şəbihi…»

Hava son həddə qədər qızıb sanki qızarmışdı və onun qızmar dalğaları yanğından qalxan tüstü kimi göyə dikəlirdi.

Kişi mehribanlıqla qardaşı oğlunu süzüb, əlini onun çiyninə şappıldatdı. Oğlanın gözləri yaşamaq istəyilə parıldadı.

- Oğul – qohumluq çayında bir damcı qandı… bu çayın axarını saxlamaq olmaz… - kişi gözlərini cırcıramaların gün işığında oxuduğu uzaqlara dikib fikirli və hətta bir qədər nəvazişlə dedi. Sonra əlini oğlanın çiynindən çəkib, üzünü əsgərlərə sarı çevirərək bərkdən əmr verdi:

- Düz-lən…

Tələsən ayaq səsləri, silah taqqıltısı, çaxmaq şaqqıltısı eşidildi. Kişi dağlardan gözünü çəkib oğlana baxdı. Onların baxışı kəsişib, bir-birinə qarışdı.

- Əmi!..

- Oğlum… qorxma… bircə anda hər şey bitəcək.

Tərcümə: Saday BUDAQLI

# 2259 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #