Süleyman Rüstəm: "Qardaşımızdır Lenin"

Süleyman Rüstəm: "Qardaşımızdır Lenin"
8 oktyabr 2013
# 11:05

Sosialist realizmi bizim ədəbiyyatın bir hissəsidir. Onu tənqid edə, bəyənməyə, hətta ayrı-ayrı nümunələrinə ironiya ilə də yanaşa bilərik.

Amma sosrealizmi ədəbiyyat tariximizdən silmək mümkün deyil. Lakin sosrealizmə münasibətdə ən çox bu meyl-onu tarixdən silmək meyli gözə dəyir.

Halbuki partiyaya, Leninə, Stalinə yazılan şeirlərin hamısını ədəbi makulatura da adlandırmaq insafsız olardı.


Kulis.Az “Qırmızı şeirləri” rubrikasında unudulmuş o şeirləri bir daha oxucuya çatdırır.

Süleyman Rüstəm

Bayrağımızdır Lenin

Bizim bu dünyamıza baharda Lenin

Gəlişiylə bəşərə təzə həyat gətirdi.

Min əsrlik zülmətin bağrını dəldi Lenin,

Millətlərə ədalət, şöhrət, vüqar gətirdi.

Bir mənada səslənir hər dildə bu əziz ad,

Yer üzündə bu adla dəyişir hər gün həyat.

Bu ad parolumuzdur,

Həyat parolumuzdur.

Sirdaşımızdır Lenin.

Qardaşımızdır Lenin!

Qüdrətimizdir bu ad,

Şöhrətimizdir bu ad,

Bayrağımızdır Lenin,

Dayağımızdır Lenin!

Sənə səndən yaxındır,

Mənə məndən yaxındır.

Dünyanın hər yerində dünyaca hörməti var,

Dolaşır ölkə-ölkə, dolaşır diyar-diyar,

Qarşısını süngülər, sərhədlər kəsə bilməz,

Dünyaya qan-qan deyən dövlətlər kəsə bilməz.

Dünya xəritəsində çoxalır qızartılar:

Bu, quruluş rəngidir, Oktyabr rəngidir.

Bir səs bəşəriyyətə qardaşlığı çəkir car,

Bu səs Lenin nəfəsli zamanın ahəngidir.

Millətlərin dilində azadlıq, Lenin, Vətən,

Döyüş meydanlarına axışır sellər kimi.

Lenin məhəbbətinin ürəkdədir sözləri,

Ona toxuna bilməz yad əllər, qara əllər.

Lenin həqiqətinin ürəkdədir sözləri,

Bu köklərlə yüksəlir bu ellər, bu nəsillər.

İş başına zəfərçün yollanırıq hər səhər,

Lenin inqilabının odu var canımızda.

Gəzdim bütün kəndləri, dolaşdım şəhər-şəhər,

Leninsiz ev görmədim Azərbaycanımızda.

Bəllidir, görməz xeyir öz xeyrini güdənlər,

Miskindən miskin olar bu qoca kainatda.

Ağ günə çıxa bilməz Leninsiz yol gedənlər,

Leninsiz bur an belə yol getmədik həyatda.

Sən də, mən də, hamımız,

Bu gülşəndə hamımız

Lenin məktəbindənik, Lenin məktəbindənik.

Dar gündə edilsə də bağrımız dəlik-dəlik,

Dəyişməz Oktyabr əlifbamız, dəyişməz,

Zəfər bayraqlarımız enməz, ayağa düşməz.

Qoy ellər deməsin ki, Lenini görməmişik,

Nəsillər deməsin ki, Lenini görməmişik.

Bizimlədir həmişə o böyük, sadə insan.

Biz Lenini hər zaman

Dan yeri bayraq kimi qızaranda görürük,

Bu dövranda görürük.

Dilində xoş mahnıdır bu ad xoşbəxt ellərin,

Bəxş etdi bu cəlalı anam Vətənə Lenin!

Bugünki nəsillərin, gələcək nəsillərin

Ömürlük müəllimi Lenindir, yenə Lenin.

Günəşli bir yoldayıq, ön cərgəmizdə rəhbər,

Bu yola biganədir özünü düşünənlər.

Əzmimiz, qüdrətimiz bu yoldadır, bu yolda,

Vətən məhəbbətimiz bu yoldadır, bu yolda.

Bu yoldadır, bu yolda vüqarı millətimin,

Qışdan, payızdan uzaq baharı millətimin.

Bəşərin ulduzlara pərvazı bu yoldadır,

Əzilən millətlərin xilası bu yoldadır.

Düşmənlərə əyilməz bu yolun yolçuları.

Bəşərin haqq yoludur ulu Leninin yolu,

Azadlığı sevənlər “bu yoldur yolum” deyir.

Bu dostluq dünyamızda qəlbi məhəbbət dolu

Bir millətin oğluna yüz millət oğlum deyir.

Hər sözün, hər kəlmənin bir dünya mənası var.

Leninin qalibiyyət, həqiqət kitabında

Millətimin əbədi, pozulmaz imzası var.

# 7873 dəfə oxunub

Oxşar xəbərlər

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər