Mənə bir yaxşılıq et: bu qədər sevmə

Mənə bir yaxşılıq et: bu qədər sevmə
28 noyabr 2013
# 12:37

Görkəmli şair, dramaturq, teatr nəzəriyyəçisi Bertold Brext1898-ci ilin 10 fevralında Almaniyada anadan olub. 1918-ci ildə hərbi xidmətə çağırıldığı üçün Münhendəki təhsilini yarımçıq qoyub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini yenidən davam etdirib.

Yaradıcılığa lirik şeirlərlə başlayan Bertold Brextin iki mindən çox şeiri var. Hətta ölümündən qısa bir müddət öncə iyirmiyə yaxın şeir yazıb. Yaradıcılığının əsas mövzusu müharibədir. “Üçqəpiklik opera”, “Kuraj ana və uşaqlarıkimi əsərlər onun ədəbi şöhrətini daha da artırıb.

1920-ci illərdən başlayaraq mətbuatda teatr haqqında məqalələri ilə çıxış edən Brext 30-cu illərdə artıq öz teatr nəzəriyyəsini yaratmışdı.

1933-cu ildə Tədbiradlı pyesi üzərinə qadağa qoyulur və vətənə xəyanət ittihamı ilə məhkəməyə verilir. Brext ailəsi və dostları ilə birlikdə Berlini tərk etmək məcburiyyətində qalır. 1935-ci ildə nasistlər onu vətəndaşlıqdan çıxarırlar. O, yalnız 1948-ci ildə vətəninə qayıda bilir. Bertold Brext 1956-ci ildə ürək tutmasından dünyasını dəyişir.

Səni gözləyəcəm

Gedənin bir də gəlmədiyi

qanlı, murdar müharibəyə

getmək istəyirsən?

Get, əsgər!

Əgər qayıtsan, burda olacam.

Yaşıl ağacların,

çılpaq ağacların altında gözləyəcəm.

Ən son əsgər qayıdanacan

gözləyəcəm səni.

Sən qayıdanda

qapıda özgə ayaqqabı görməyəcəksən.

Yanımdakı yastıq həmişə boş olacaq,

dodaqlarıma başqa dodaq toxunmayacaq.

Sən qayıdanda deyəcəksən:

“Hər şey qoyduğum kimi qalıb, hər şey!”

Teleqraf telləri

Döyüş meydanına axşam düşəndə,

Düşmənlər məğlub olmuşdular.

Xəbəri uzaqlara daşıdı

teleqraf telləri.

Dünyanın bir tərəfi için-için yandı,

Səs-küy parçalandı göy qübbədə,

Bir qışqırtı – dəli ağızlardan daşan

və göyü aşan...

Min dodaq bəddua ilə soldu,

Min yumruq vəhşi hirslə sıxıldı.

Dünyanın bir başqa tərəfində,

Sevinc parçalandı göy qübbədə.

Böyük bir sevinc, əyləncə,

nəfəsdərmə, rahatlıq...

Min dodaq köhnə bir duanı söylədi,

Min əl inancla birləşdi.

Gecə yarısı,

Teleqraf telləri

sayırdı döyüş meydanındakı ölüləri.

Bu zaman dost da susdu, düşmən də.

Təkcə analar ağladı hər iki tərəfdə.

Divardakı yazı

“Müharibə istəyirəm!” –

Ən birinci bunu yazan

vuruldu.

Qardaşım təyyarəçiydi

Təyyarəçiydi qardaşım.

Gözəl bir gündə əmr gəldi,

çantasını hazırladı,

yollandı cənuba.

Fatehdi qardaşım.

Yaşamağa yerimiz yoxuydu,

torpaqlar ələ keçirtmək idi

ən böyük xəyalımız.

İndi qardaşımın fəth etdiyi yer

Qvadarrama dağlarında;

boyu bir səksən,

dərinliyi bir əlli metr.

Sərnişin

İllər öncə

avtomobil sürməyi öyrənərkən

təlimatçım siqaret çəkdirərdi mənə.

Tıxacda,

ya da iti döngələrdə sönsə siqaretim,

sükanı alardı əlimdən.

Lətifələr danışardı,

bütün diqqətim avtomobil sürməkdə olanda,

gülməyəndə lətifələrə

sükanı alardı əlimdən.

Tez-tez “nəsə narahatam” deyər,

qorxudardı məni.

O vaxtdan

işimə çox da aludə olmuram.

Ətrafımdakılarla maraqlanıram,

Kiminləsə danışmaq üçün fasilə verirəm işimə.

Bir siqaret çəkə bilməyəcək qədər

sürətli avtomobil sürməkdən də imtina etmişəm.

Sərnişini düşünürəm artıq.

Müharibə

Bu müharibə birinci deyil,

Çox müharibələr oldu bundan öncə.

Sonuncu müharibənin qurtardığı gün

bir tərəfdə məğlublar,

bir tərəfdə qaliblər vardı.

Məğlubların yanında

xalq acından ölürdü,

Qaliblərin yanında

xalq acından ölürdü.

Səhər-axşam oxumaq üçün

“Sənsiz yaşaya bilmərəm”,

deyir sevdiyim.

Məhz buna görə

özümə qayğı göstərirəm.

Küçədə qarşıma diqqətlə baxıram

və hər yağış damlasından

sanki məni öldürəcək kimi qorxuram.

Suallar

Nə geyindiyini yaz mənə! İsti saxlayırmı?

Necə yatdığını yaz mənə! Çarpayın yumşaqmı?

Necə göründüyünü yaz mənə! Hələ də həminkisənmi?

Nə üçün darıxdığını yaz mənə! Əllərim üçünmü?

Necə olduğunu yaz mənə! Rahatsanmı?

Sənə neylədiklərini yaz mənə! Cəsarətin çatarmı?

Neylədiyini yaz mənə! Etdiklərin yaxşı şeylərdimi?

Nə düşündüyünü yaz mənə! Mənimi?

Mən yalnız suallar verə bilərəm sənə,

Məcburam cavablarını qəbul etməyə.

Yorğunsan, əllərimi sənə uzada bilmirəm.

Acsan, məndə də yeməyə heç nə yox.

Elə bil heç yaşamamışam, yoxam!

Sanki səni unutmuşam.

Təsirləndiyin hər şeyə

Təsirləndiyin hər şeyə az diqqət et.

Sənsiz yaşamayacağını demişdi axı.

Unutma,

bir gün yenidən rastlaşsanız

tanıyacaq səni,

mütləq tanıyacaq...

Mənə bir yaxşılıq et:

bu qədər sevmə.

Sonuncu dəfə sevildiyimdə

Azca da sevinc hiss etməmişdim.



Tərcümə etdi: Ramil ƏHMƏD

# 2632 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
#
#
# # #