Qızla bir-birimizə baxıb əsnəyirdik

Qızla bir-birimizə baxıb əsnəyirdik
8 sentyabr 2015
# 09:52

Kulis gənc yazar Qalib Həsənoğlunun “Arzu” hekayəsini təqdim edir

Anam bazarda məni gah ora dartır, gah bura dartırdı. Bir kiloqram alma, bir kiloqram nar almşdı. Bəlkə əlli alverçidən qiymət soruşa-soruşa... Balaca pul qabındakı iki-üç əskinazla bazarın hər tərəfini dolaşdıq. Çıxaçıxda mən heyrətlə anama baxırdım. Heyrətimin səbəbi o idi ki, anam o az pulla o qədər bazarlıq eləmişdi ki, ikimiz güclə daşıyırdıq. Atam olsa o pulla iki kiloqram kartof, iki kiloqram soğan, bir kiloqram qənd, bir kiloqram pesok, bir qutu çay, güclə ala bilərdi.

Atam həmişə deyərdi ki, kişi olan arvadla bazara getməz, bazara girirlər çıxmaq bilmirlər. Atamın bu fikriylə hərdən mən də uşaq ağlımla tam razı idim artıq. Çünki, anam məni iki saat dayanmadan bazarda gəzdirmişdi.

Anam mənə və qardaşıma çəkələk almaq istəyirdi. O, balaca pul qabının ağzını açana kimi əllərim bazarda asılmış paltarları o tərəfə, bu tərəfə çəkirdi. Anam pulu çıxarıb saydı və gəldiyimiz maşının pulunu ayırdı, qalan pulla yenidən bazara girdik. Bütün ayaqqabı satan nənələri danlamağa başladı. “Çox baha verirsiz!”, “İnsaf da yaxşı şeydi!” - deyə-deye qiyməti endirməyə çalışırdı. Kimi and içir, balam ölsün, kimi and içir Allaha and olsun belədir hər yerdə, başqa yerdə hələ bundan bahadır, mən öz qiymətinə verirəm. Bütün alverçi qadınların andına qulaq asandan sonra gəldik bir qadının yanına. Hardasa 45 yaşı olardı. Qadının yanında bir qız dayanmışdı. O qədər gözəl idi ki, elə bil onu günəşin şüaları bəzəmişdi. Saçları şəvə kimi qapqara idi. Səmimi deyirəm, mən hələ o qədər tünd qara saç görməmişdim... Elə gözəl gözləri vardı ki, o gözlərlə dünyadakı bütün gözəllikləri görmək olardı. Hələ baxışlarını demirəm. Ox kimi sancılırdı adamın ürəyinə. Bir az ürkək, bir az heyrət dolu baxışları.... Ürəyimdə dua edirdim ki, ya Rəbbim elə bu baxışlarla bu qəşəng qız bir tək mənə baxaydı... Amma qız o baxışlarla anamın əlindən sıxaraq əzdiyi pullara baxır, dodağının altında gülümsünürdü.

Mən bir az yuxusuzdum deyə hey əsnəyirdim. O qədər əsnədim ki, qız da mənə baxıb əsnəməyə başladı... Sonra biz davamlı olaraq növbə ilə əsnədik. Mən əsnəyirəm, bu əsnəyir, mən əsnəyirəm bu əsnəyir. Artıq əsnəməyimizin sayını itirdim desəm gülməyin. Hətta əsnəyə-əsnəyə qızın mərcan kimi dişlərinə də baxa bilmişdim. İlahi, nə gözəl sıralanmış dişləri vardı, elə bil əlinlə düzmüsən. Kaş o dişlərin arasından səni sevirəm sözü süzüləydi deye keçirirdim ürəyimdən.

Anam isə alverçi qadınla hey mübahisə edirdi. Mən heç fərqinə də varmırdım, çünki fərqinə varacağım bir şey vardısa, o da adını bilmədiyim bu qız idi. Birdən qızın anası başın qaldırıb qızına, sonra isə mənə baxdı. Gördü ikimiz də eyni anda üz-üzə dayanıb əsnəyirik. Gülə-gülə dedi ki, vallah bu qızla bu oğlanın bəxti bir-birinə bağlıdır. Hətta bir hekayə danışdı:

- Bizim kənddə Günay vardı e... - qızına sual verdi?

Qız:

-Hə... Hə...

Ana:

- Bax o da baxıb əsnədiyi oğlana ərə getdi. Bəhruza...

Bayaqkı mübahisə bir anın içindəcə yox oldu. Analar gülüşürdü...

Anasının bu sözlərin eşidən qız inanmışdı, gözünü anamın əlindəki əzilmiş pullardan çəkib mənə baxırdı, mən bu gözəlliyin qarşısında dahi adamlara qoyulmuş heykəllərin vəziyyətini almışdım... Onlardan bircə fərqim vardı bu anda. Əlimdə anamın dava-şavayla aldığı ərzaq dolu zənbil vardı. Elə gözəllik görmüşdüm ki, zənbili yerə qoymağı ağlıma gətirmirdim. Qollarımın yorulduğunu, hətta sızıltısını belə hiss etmirdim. Anam çəkələyi seçdi, pulu verəndə qızın anası dedi ki, birinin pulunu ver, o birini hədiyyə edirəm bu oğlana... Hələ də adını bilmədiyim bu gözəlliyin sahibəsi ilə hər kəsin önündə üz-üzə dayanıb bir-birimizə baxırdıq. Arada imkan tapanda öz-özümə deyirdim ki, kaş ikimiz olaydıq... Bu zaman səndən xoşum gəlir deyə bilərdim. Nə yazıq ki, buna fürsət yox idi.

Anam məni bir neçə dəfə çağırmışdı. Eşitməmişdim. Mənə xeyli əsəbiləşmişdi. Axır ki, fərqinə varıb cavab verdim. Əsəbi halda dedi:

- Getmirsən?

Elə bil başımdan bir vedrə qaynar su tökdülər.

Bazardan adamlar seyrəlirdi. Birdən anası qızına dedi:

- Arzu, gəl kömək elə malları yığaq!

Arzu malları yığmaqda olsun, mən də getməyimdə...

Əlimdə zənbil gedə-gedə dönüb arxaya - Arzuya baxırdım. Arzu da malları yığa-yığa mənə baxırdı. Biz onlardan uzaqlaşdıqca asılmış paltarlar Arzunu görməyə mane oldu. Yəqin Arzu da aramızdakı uçurumun necə böyük olduğunu bundan sonra fərq elədi.

# 1847 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #