Kulis.az Tağı Türkün “Kəsilmiş qulağın xəcaləti” hekayəsini təqdim edir.
Günəşin batmağına az qalmışdı. Hətəmxan, oğlunun kirvəsi, domulu erməni dostu Samvellə donuz kababından yeyir, tut arağından əlli-əlli vurub, şirin-şirin söhbət edirdi. Məclisin şirin yerində Hətəmxan qədəhləri bir də doldurub Samvelə dedi:
– Gecdir, bunu da içək, mən gedim.
– Ara, haraya gedirsən, qal, gözüm üstə yerin var, – deyə bayaqdan bəri deyib-gülən ev yiyəsi qıvraq cavab verdi, – mən də, xanım da qulluğunda duraq, sabah gedərsən.
Hətəmxan sonuncu qədəhi başına çəkib, cəld ayağa qalxdı.
– Ara, niyə durdun? – deyə Samvel Hətəmxanın gözlənilməz hərəkətindən təəccübləndi.
– Getsəm yaxşıdır, uzaq yoldur, qaranlığa qalmayım. Uşaqlar da nigaran qalar.
– Ara, bir əyləş görək, niyə gedirsən? – Samvel də ayağa qalxdı, bir az duruxub sonra əlavə etdi:
– Qaranlığa düşərsən, hər yer qurd-quşla, quldurla doludur.
Samvel nə qədər etsə də Hətəmxanı inadından döndərə bilmədi. Arvad-uşağı olan otağa ötəri nəzər salıb, sanki əlacı kəsilibmiş kimi dedi:
– Ara, kirvə, gəl sən daşı tök ətəyindən, yol qorxuludur, deyirlər, Tevon dəstəsilə buralarda hərlənir.
Hətəmxan Tevonun adını çox eşitmişdi, bilirdi ki, o, Qarabağda məşhur quldur dəstəsinin başçısıdır. Onu da yaxşı bilirdi ki, çox əzazil, nanəcib adamdır. Harada anasının əmcəyini kəsən varsa onun başına toplaşıb.
Tevon Stepanyan, keçmiş çar zabiti idi və onun başçılığı ilə azğınlaşmış bu erməni quldur dəstəsi Şuşa, Cəbrayıl, Zəngəzur qəzalarında, Bərdə və Yevlaxda qarətçiliklə məşğul olur, qadın və uşaqlara amansız divan tuturdu. Qatı türk düşməni, quldur və terrorçu Qaragen Njdenin özü kimi başkəsənlərdən ibarət ordusunda xidmət etmiş daşnak Tevon soydaşı Şimavon Davityanı beynəlmiləlçiliyi təbliğ etdiyinə görə şaqqalayıb qətlə yetirmişdi. Bununla ürəyi soyumayan qatı daşnak sonra Şimavonun anasını onun parçalanmış meyitinin ətrafında əl çalıb oynamağa məcbur etmişdi. Hətəmxan bu hadisəni yaxşı xatırlayırdı. O zaman Qarabağda hamı bu cinayətdən danışırdı.
Samvelin sözlərindən sonra Hətəmxan özünü təmkinli aparmağa çalışsa da, üşəndi, sanki qorxu onun canına yavaş-yavaş sarmaşıq kimi sarılırdı. Tevonun bu cinayəti beynində cövlan etdikcə bədəni ürpənir, özünü nə qədər toxtaq saxlamağa çalışsa da qorxu hissi yenə güc gəlirdi.
Amma Hətəmxan özünü o yerə qoymadı, atın yüyənini dirəkdən açdı, gülümsəyib dedi:
– Di, salamat qalın. Məndən narahat olmayın.
– Ara, heç yaxşı olmadı, sağ-salamat get, – deyə Samvel başını bulayıb çiynini çəkdi.
Hətəmxan Domu meşəsinə çatanda artıq günəş yavaş-yavaş Böyük Kirs dağının arxasında qürub edirdi. Füsunkar gözəlliyi ilə könül oxşayan Domu kəndinin ətrafı sıx meşəlik olduğundan o, öz kəndinə – Yağlıvəndə getmək üçün istənilən halda meşənin içindən keçməli idi. Ona görə də, bu uzun və təhlükəli yolu hava qaralmamış qət etmək üçün atını mahmızlayıb tələm-tələsik meşəyə girdi. Ətrafda dərin sakitlik hökm sürürdü. Adətən Hətəmxan Domu meşəsindən keçəndə atını yavaş-yavaş sürər, təbiətin gözəlliyindən zövq alar, hər mövsümə uyğun, moruq, çiyələk, böyürtkən, qarellə, qarağat... toplayar, bol nemətli dərələrdən quzuqulağı, baldırğan yığar, özü ilə götürdüyü qabları Turşsu bulağından doldurar, dizini yerə qoyub özü də doyunca içəndən və əl-üzünü yuyandan sonra gedərdi. Bu dəfə hər şey fərqli idi. Onun gözündə bu bitki və giləmeyvələrin, cana can verən, göz yaşı kimi dupduru bulaq suyunun dəyəri yox idi.
O, sükut içində mürgüləyən meşənin səssizliyini pozub, dərinliyinə irəlilədikcə qorxu və həyəcandan bədəni titrəyir, hər şıqqıltıya diksinir, ürpənirdi. Hərdənbir öz-özünə nəsə mızıldanır, tez-tez boylanaraq ətrafı nəzərdən keçirir, sanki onun sözünü kiminsə eşidəcəyindən ehtiyat edirdi. Lakin yaxınlıqda kimsə olsaydı belə, onun boğuq, mızıltılı səsindən bircə söz belə başa düşməzdi. Hətəmxan səsini heç kəsin eşitməyəcəyinə arxayınlaşıb boğazında düyünlənib qalan sözləri ucadan dedi:
– Allah belə hökumətin tifağını dağıtsın ki, Tevon kimi qulduru hələ də tuta bilmir. – Meşənin dərinliyində əks-səda verən səsindən diksinib boynunu qısdı. Sonra pıçıltı ilə: – Əşi, belə hökumət olar, qalxoz oyununu da atıblar ortalığa, tüfəngimizi də alıblar əlimizdən, indi bu meşənin ortasında anasının əmcəyini kəsən Tevon qabağımı kəssə nə edəcəyəm? – dedi. Nə fikirləşdisə çöhrəsində təbəssüm yarandı. – Guya, tüfəngim olsa idi, tək canımla quldurbaşının qabağını kəsib deyəcəkdim ki, düş qabağıma, bəsdi bu camaata zülm elədin, aparım səni təhvil verim hökumətə.
O, dərindən nəfəs aldı. Meşənin dərinliyində göz işlədikcə uzanan, bəzən isə təpəciklərdə “itən” araba yoluna baxdıqca tıncıxır, aşırımın arxasında onu gözləyən təhlükəni düşündükcə bərk narahat olurdu. Hər dəfə aşırımları keçdikdə ömründən ömür gedirdi.
Birdən yaxın məsafədən at ayaqlarının tappıltısı eşidildi. Hətəmxan diksindi, cəld atını saxlayıb qulaq verdi:
– Yüz faiz Tevondur. Atlıların sayı çoxdur, atların ayaq səslərindən hiss olunur ki, 7-8 nəfərdilər, – deyə öz-özünə pıçıldadı.
Aşırımın o biri üzündə dördnala çapan atların ayaq səsləri getdikcə yaxınlaşırdı. Hətəmxan gözünü aşırıma zilləmişdi. Üzündə yorğunluq, çarəsizlik və ölmüş ümidin kədəri var idi. Qaçmağa macalı qalmamışdı.
Dəstənin önündə gələn Tevonun başı göründü. Arxasınca isə səkkiz-doqquz atlı gəlirdi. Araba yolunun düz ortasında dayanıb karıxmış halda onlara tərəf baxan atlını görcək sürətlərini artırıb Hətəmxanın önünü kəsdilər.
Tevon dəstədən bir az irəli çıxıb:
– Ə, köpək oğlu, düş atdan, – deyə Hətəmxanın üstünə bağırdı.
Hətəmxan rəng verib, rəng aldı. Tez atdan yerə düşdü.
Tevon soruşdu:
– Ə, türksən, erməni?
– Türk, – deyə Hətəmxan qorxa-qorxa cavab verdi.
– Hardan gəlirsən?
– Domudan.
– Nə gəzirdin ə, Domuda?
Dığanın mənasız sualları Hətəmxanı hövsələdən çıxartdı, amma qorxusundan bir söz deyə bilmədi. Kirimişcə Tevonun üzünə baxdı.
Tevon:
– Ə, niyə dinmirsən, səndən söz soruşmuram?
– Samvelgilə getmişdim.
Tevon bərkdən güldü, başının atlıları da ona qoşulub gülüşdülər.
– Nəyə getmişdin? – dedi, – Tut arağı içməyə?
Hətəmxan başa düşdü ki, dığalar onu ələ salırlar, ona görə də onun bu sualını cavabsız qoydu.
– Hansı obadansan? – deyə üz-gözünü turşudan erməni soruşdu.
– Yağlıvənddən.
Yağlıvənd sözünü eşidəndə quldurbaşına elə bil od qoydular. Hirsindən atının başını necə çəkdisə az qaldı ki, atın cəvciləri cırılsın. Quldurbaşı, bir-iki addım geriyə atıb, sonra irəliyə dartınan atın belində bir azca dikəlib qəzəblə dedi:
– Yaxşı keçmisən əlimə, indi səni tikə-tikə doğrayaram, Yağlıvəndə bir dərs olar.
Hətəmxan nə qədər yalvardı, xeyri olmadı. Erməni quldurbaşı inadından dönmədi ki, dönmədi. Tevon Hətəmxanı dizi üstə yerə çökdürdü, sonra naqanı onun başına dirədi. Ürəyi gubbultu ilə vuran Hətəmxan dəhşət içində ölümünü gözlədiyi zaman Tevonun başının üstündə beşatılan şaqqıldadı.
– Ə, Tevon! – Məşədi Paşanın səsi gəldi. – Ayə, əbləh, sən bilmirsən mənim həmkəndlilərimə güldən ağır söz deyənin gərək yeddi başı ola?
Tevonun quldurları bir istədilər ki, əllərini tüfəngə atsınlar, Məşədi Paşa atların ayaqlarını verdi gülləyə. Qəflətən şahə qalxan atlar dığaların bir neçəsini yerə çırpdı.
Tevon Məşədi Paşanı çox yaxşı tanıyırdı. Altmış səkkiz yaşlı yağlıvəndli “qoca”nın nələrə qadir olduğunu yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, bu “qoca” uzun illər çar hökumətinə qarşı çıxmış, sürgün həyatı yaşamış, daim təqib olunmağına baxmayaraq həmişə kasıb-kusuba əl tutmuş, incidilən günahsız insanların qisasını almış, qanını yerdə qoymamışdır. İndinin özündə də, antisovet təşviqata, kolxoz işinin pozulmasına və istiqraz əleyhinə təbliğat apardığına görə adı yeni hökumətin də “qara siyahısı”na salınıb. Mərkəzi hökumətdən “qolçomaq” və “qəddar cani” olduğu üçün dərhal həbs olunması və ya yerində güllələnməsi üçün göstəriş verilib.
Tevon naqanı Hətəmxanın başından çəkib bir-iki addım geriyə atdı.
Məşədi Paşa dedi:
– Tevon, deyəsən sən ağıllanmamısan?!
Tevon Məşədi Paşanın nə demək istədiyini o dəqiqə anladı. Bir neçə il əvvəl baş vermiş əhvalat yadına düşdü. Özündən asılı olmayaraq əlini qulağına apardı, udqundu.
Sanki kəsilmiş qulağının xəcaləti düyünlənib boğazında qalmışdı.
Sən demə, Tevon bir neçə il əvvəl yağlıvəndli Qaçaq Rəşidin kəsdiyi qulağının qisasını onun həmkəndlisi Hətəmxandan almaq istəyirmiş.