Munro hansı “Üz”lə Nobel aldı?

Munro hansı “Üz”lə Nobel aldı?
14 oktyabr 2013
# 11:57

Mirmehdi Ağaoğlu yazır

Ötən il Nobel üzrə ədəbiyyat mükafatçısı çinli yazar Mo Yan olanda hamı təəccübləndi. Bu nə bukmeykerlərin ümid bəslədikləri, bizə Çindən də uzaq olan ölkənin dünyaca məşhur yazarı Haruki Murakami idi, nə də artıq klassikə çevrilmiş Kundera. Heç Eko da deyildi.

Əlbəttə Nobeli yenə siyasətə alət olmaqda ittiham etdilər. Bir anlıq Nobel qeyri-ciddiləşdi. Çünki heç kəs, hətta həyat tərzi ədəbiyyat olan adamlara belə bu imza yad idi. Necə də yad olmasın? Rusların runet dedikləri Rusiya internet məkanında belə yazıçının cəmi bir hekayəsi vardı.

Amma mən hələ də bunu Mo Yanın ədəbiyyata uzaq olması ilə deyil, bizim dünya ədəbiyyatına çox uzaq olmağımız ilə əsaslandırıram. İnana bilmirəm ki, Mo Yan bu mükafata layiq olmasın. Baxmayaraq ki, hələ də yayda əldə etdiyim “Böyük döş, yekə dal” romanının oxumağa macal tapmamışam.

Nə yaxşı ki, Nobel Komitəsi bu il bizim bəzi hekayə yazarlarını da ümidləndirən bir qərar verdi: Mükafat “müasir hekayə janrında ustalığına görə” 82 yaşlı Kanada yazıçısı Elis Munroya verildi.

Munro haqqında nəsə deməyim əllaməçilik olardı. Çünki bu imza da bizim dünyadan xəbərsiz ədəbiyyat adamlarına heç nə demir. Elə mənim bildiklərim də internetdə tapıb oxuya biləcəyiniz şeylərdi; xanım yazar hekayələr müəllifidi, bir neçə kitabı var. Onu “Kanadanın Çexovu” adlandırırlar.

Munro müsahibələrindən birində deyir: “Mən həmişə öz obrazlarımın bütün dərinliklərini bilməliyəm, hansı paltarı geyinməyi sevirlər, məktəbdə necə biri olublar və s. Mən onların təsvir etdiyim hissədən əvvəlki və sonrakı həyatını da bilirəm. Mən onları yalnız bir bucaqdan, hazırkı anın vəziyyətinə qərq olmuş halda görməklə kifayətlənmirəm. Bəlkə də, ona görə onları bacardığım qədər hərtərəfli təqdim edə bilirəm”.

Bu xüsusiyyət yazıçı üçün olduqca vacibdir. Umberto Eko “Gənc romançısının etirafları”nda deyir ki, “Qızılgülün adı”nda hətta xorda arxa sırada dayanmış rahib haqqında belə hər şeyi bilirmiş. Onun hansı kənddə doğulduğunu, valideynlərinin nə işlə məşğul olduğunu. Baxmayaraq ki, həmin rahib sadəcə əsərin xor səhnəsində təsvir olunub.

Yazıçı ustalığı da bax elə budur. Yazıçı oxucuya hadisənin onca faizini göstərsə belə özü 100 faizi görməlidir. Yalnız o zaman yazıçı usta ola bilər, onu oxucudan fərqləndirən cəhət də elə geridə qalan 90 faizə yazıçının nəzarət edə bilmə bacarığı deyilmi?

Munro qəhrəmanlarını bütün xırdalıqlarına qədər tanıyır. Hekayəni isə olduqca aramla nəql edir. Tələsmədən. Artıq bir neçə səhifədən sonra qəhrəman haqqında oxucuda kifayət qədər aydın bir mənzərə yaranır.

Əlbəttə bu qənaətə mən yalnız onun bircə dənə “Üz” hekayəsini oxuyaraq gəlmişəm.

“Üz”ün qəhrəmanı 40-45 yaşlarında bir kişidir. Hekayə birinci şəxsin dilindən nəql olunur. Özü də lap əvvəldən qəhrəmanımızın doğulduğu gündən başlanır hekayə.

Qəhrəmanımız anadan hamı kimi normal ölçüdə, normal çəkidə doğulub. Və siz ona sol tərəfindən baxsanız belə bir sağlam körpənin doğulmasına görə tanrıya şükür edərsiz. Amma sağ tərəfdən baxdıqsa isə...

Uşağın üzünün sağ tərəfində bənövşəyi rəngdə xal var. O xal boynuna qədər uzanır. Elə bil üzünə üzüm şirəsi sıxmısan.

Xəstəxanaya gələn atası uşağı ilk dəfə görəndə arvadına belə deyir: “Bu lap içalat kolbasasıdır ki. Yəqin sən bunu evə gətirməyəcəksən?!”

Munro hekayəni özünün dediyi kimi olduqca ətraflı, necə dəyərlər dəm-dəsgahla nəql edir. Misal üçün atasının doğum evinə gəlməsi səhnəsinə yazanda belə deyir: “O vaxtlar ataları nə parıltılı valideyn şöbələrinə, nə də qadınların qışqırıqları saxlayaraq, ya da nəfəsi kəsilənədək bağıraraq doğmağa hazırlaşdıqları yerlərə buraxmırdılar. Atalar analara yalnız onlar özlərinə gəldikdən sonra palataya keçirilib səliqə ilə düzəldilmiş adyalın altında uzandıqda görə bilərdilər”.

Balaca şəhərdə hörmətli adam olan atası sanki bu uşaqla hörmətdən düşəcəyindən qorxur. Bundan sonra kiçik ailədə çatlar başlayır. Amma qəhrəmanımız deyir ki, deyəsən bu çatlar onun doğulmağından əvvəl də var imiş. Atası bütün gününü işdə əyləncədə, qadınlarla keçirir.

Onunla yalnız anası maraqlanır. Səkkiz yaşına qədər onu məktəbə qoymur. Bunu oğlunun məktəbdə mikroblara yaxalanacağı ilə izah etsə də oğlunun ələ salınacağından qorxaraq evdə təhsil verir. Sonralar o əlbəttə məktəbə gedir, bütün lağlağılara baxmayaraq oxuyur, nəhayət təhsilini bitirdikdən sonra düz 20 il yerli radioda diktorluq edir, şəhər sakinlərinin sevdiyi bir verilişin aparıcısı olur.

Hekayənin məğzi cəmiyyət tərəfdən qəbul olunmayan, hər yerdə diqqət cəlb edən, lağlağı obyekti olan qəhrəmanın uşaq vaxtı bir yerdə oynadığı Nensi ilə münasibətlərində gizlənib.

Nensi ilə anası onların böyük bağçalarındakı evcikdə qalırlar. Deyəsən hamı onun atasının Nensinin anası il gəzdiyini bilir. Nensi ilə o bütün gün birlikdə oynayırlar.

Bir gün zirzəmidə boyalarla oynayan zaman Nensi üzünün bir hissəsini qırmızı boya ilə rəngləyir. Birdən ona çevrilərək deyir: “Necədi ,sənə oxşaya bildim?”

Elə bundan sonra onun anası ilə Nensinin anası dalaşır, o özü isə Nensiyə nifrət etməyə başlayır. Beləcə o qız onun həyatından çıxıb gedir.

Bu hadisənin üstündə 20 ilə yaxın vaxt keçir. Atasının dəfn olduğu gün anası onu restorana dəvət edir. Və olduqca vacib bir xəbəri çatdırır.

Sən demə anası o ana-balanı qovduğu gün onlar atasının şəhərdəki mənzilində məskunlaşırlar. Və bir gün evə gələn anası qızını vanna otağında huşsuz vəziyyətdə tapır. Nensi ülgüclə yanağının sağ tərəfini kəsibmiş.

Qəhrəmanımız yalnız indi dərk edir ki, Nensi o vaxt onunla zarafat etmək istəmirmiş, əksinə onun halına acıdığı üçün onun kimi olmaq istəyirmiş.

Hekayənin sonu sizcə necə olar? Əlbəttə, sonluq biz düşündüyümüz kimi olsaydı, yəni qəhrəman ilə Nensi qovuşub evlənsəydilər, daha Munro Nobel almazdı ki...

Hekayənin sonunda isə...

# 4846 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #