Sədnik Paşa ilə ilk və son görüş

Sədnik Paşa ilə ilk və son görüş
27 avqust 2013
# 10:01

Onunla görüşə gedəndə çox həyəcanlıydım. Sözün açığı, heç söhbətə də hazır deyildim, hardan, nədən başlayacağımı, ona hansı sualları verəcəyimi də bilmirdim. Yol boyu özümü qınayırdım, bu qədər məsuliyyətsizlik olmaz, deyirdim. Sənin müsahibə götürəcəyin insan Azərbaycan folklorşünaslığının sütunlarından biridir, onunla həmsöhbət olmaq üçün yazdığı kitablardan ən azı, ikisini, üçünü oxumaq lazım idi.

Amma artıq gec idi. Biz Gəncə Dövlət Universitetinə yaxınlaşırdıq. Çoxillik təcrübəmə güvənib özümü tox tutmağa çalışdım.

İlahi, o, nə qədər sadə adam imiş!.. Duzlu-məzəli zarafatlarıyla, yaşına yaraşmayan şuxluğu ilə söhbətə elə körpü saldı ki, həyəcanım büsbütün sovuşdu.

84 yaşlı alimin iti yaddaşı, sağlam məntiqi, rəvan nitqi məni heyrətə gətirmişdi. Qocaman folklorşünas söhbəti çox uzaqlardan gətirdi, uşaqlığından, tələbəlik illərindən, jurnalist fəaliyyətindən yerli-yataqlı danışdı, mən isə sakitcə onu dinləyirdim. O, ömrünün tam 60 ilini folklorşünaslığın tədqiqinə həsr edib, 70-ə yaxın kitabı nəşr olunub. Yarım əsrdən çox müddətdə yorulmaq bilmədən xalq əfsanələrinin, əsatirlərinin, nağıllarının toplanıb nəşr edilməsi işi ilə məşğul olub. Sədnik müəllim Azərbaycan xalq əfsanələri və əsatirlərini küll halında ilk dəfə toplayıb nəşr etdirən və tədqiq edən alim idi. O, yeriyən ensiklopediya idi. Təkbaşına bir universitetin görə biləcəyi işi görmüşdü və bütün bunları heç bir təmənna güdmədən etmişdi.

Həmin unudulmaz görüşdə Sədnik müəllim heca vəzninin yaranmasıyla, inkişaf tarixiylə bağlı son dərəcə maraqlı fikirlər söylədi. Heca vəznli şeirin yazılı ədəbiyyatımızdan çox-çox əvvəl şifahi xalq ədəbiyyatı daxilində inkişaf və təkamül yolu keçdiyini Sədnik müəllim fakt və dəlillərlə bizə izah edirdi, fikrini əsaslandırmaq üçün xeyli sayda bayatı və qoşmalardan sitat gətirirdi. Şövqlə danışırdı və onun sözünü kəsməyə cəsarət etmirdim. Söhbət əsnasında müşahidə etdim ki, kompüter arxasında əyləşmiş qızlar onun çapa hazırlanan növbəti kitabının əlyazmasını yığırdılar və arada özü də yerindən qalxıb qızların işinə nəzarət edir, hardasa düzəliş etməyi tapşırır, əlyazmanı dönə-dönə nəzərdən keçirirdi. Sinninin bu çağında bu qədər enerjiylə çalışan, iş başında olan, həyat eşqiylə dopdolu insanı ancaq fədai adlandırmaq olar. Elm fədaisi.

Sədnik müəllimin ömür yolu gənclərə örnək ola bilər. Necə yaşamağı, necə çalışmağı, necə yazmağı ondan öyrənə bilərik. İndən belə kitabları bizi öyrədəcək, özü isə yaxşı tanıdığı dünyanın yolunu başa vurub nəhayət ki, mənzil başına çatdı...

İndi çox peşmanam ki, o söhbəti yazıya köçürə bilmədim və o, sağlığında bu son müsahibəsini oxuya bilmədi. Məndən asılı olmayan səbəblər də oldu... Qismət deyilmiş. Amma həmin söhbətin videoyazısı qalır. Təxminən bir saata qədər çəkən söhbətimiz yəqin ki, nə vaxtsa yazıya alınacaq. Amma o videoyazı mənim üçün ona görə qiymətlidir ki, özümü Sədnik müəllimin ömrünün son günlərinə çatdıra bildim və canlı ünsiyyətimiz baş tutdu. Bu ilk və son görüş mənim həyatımın ən unudulmaz və işıqlı xatirəsi olaraq qalacaq...

Ruhun şad olsun, böyük insan!

# 3110 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər