“Qum dəryasının kapitanları” əsəri haqda
Onlar kimsəsiz, evdən-ailədən uzaq düşmüş zavallı uşaqlardır. Taleyin acığına hər gün sinələrinə çökən zillətin kürəyini yerə vurub şəstlə, qalibanə ədayla o böyük şəhərin küçələrini ayaqdan salırlar. Kapitalizmin, ədalətsiz cəmiyyətin acısını sinəsində daşıyan bu “quldur dəstəsi”nin taleyinin arxasınca düşüb o böyük şəhərin vahiməli küçələrini dolaşmaq bir az zövq (?), bir az da ağrı-acıdır.
Elə ağrı-acı ki, bircə qarın çörəyə möhtac bu tifilləri kimə tapşırmağın, kimin ümidinə buraxmağın əzabını adamın canına hopdurur. Onların bəxtinə qənim kəsilən o böyük şəhərin hər tin-dalanını əzbər bilirlər, varlı evlərinin ünvanını analarının qəbirlərinə aparan cığır kimi tanıyırlar.
Jorji Amadu bizim ölkəmizdə tanınmayan yazıçıdır. Hər halda mən belə düşünürəm: 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından çap olunmasaydı, çox az adam onun əsərlərini rus dilində tapıb oxuyacaqdı. Və əgər onun “Qum dəryasının kapitanları” romanının əsasında 1971-ci ildə çəkilən “Qum karxanasının generalları” film olmasaydı, bu nəhəng yazıçıdan xəbərdar olan bir ovuc adam da qəhətə çıxacaqdı. Amadunun bu romanının hər səhifəsi insan talelərinə qənim kəsilən kapitalizmə möhkəm şapalaq kimi dəyir. Təkcə kapitalizmin yox, elə kilsənin də, ruhani paltarında gəzən isapərəstlərin də yaxasını ələ keçirib, gücü çatdıqca silkələyir.
Jorji Amadunun “Qum dəryasının kapitanları” romanını dilimizə İlqar Əlfioğlu tərcümə edib. Dörd tərəfimizi işğal edən şikəst tərcümə kitablarının təəssüfündən sonra dildən zövq ala-ala oxumağa kitab tapmaq əlbəttə, gözəldir, çox gözəl. Və mübaliğə kimi çıxmasın, təkrar olsa da deyəcəm, olmasa da: tərcümənin keyfiyyəti adamda elə təəssürat yaradır ki, Amadu bu böyük romanı elə bizim – bu “kasıb” damğası vurduğumuz dildə yazıb. Kitabın ön sözündən: “Braziliyanın bəxti gətirib ki, Baiyası var. Baiyanın bəxti gətirib ki, Jorji Amadu kimi yazıçısı var”. Gəlin, biz də belə yazaq: Amadunun taleyi onda üzünə gülüb ki, Azərbaycan dilinə tərcümədə İlqar Əlfioğlunun əlinə düşüb!
Jorji Amadu (1912-2001) Braziliya Kommunist Partiyasının aparıcı simalarından biri olub. 1946-cı ildə Braziliya Milli Konqresinin üzvü seçilib. Ölkədəki repressiyalar nəticəsində 1948-52-ci illərdə Fransa və Çexoslavakiyada mühacir həyatı yaşamağa məcbur olub. Yazıçı “Gecə keşişləri”, “Nəhayətsiz torpaqlar”, “Möcüzələr dükanı”, “Pusqu” və s. kimi romanların müəllifidir.
Qayıdaq “Qum dəryasının kapitanları”na...
Gecənin bir aləmində romanın səhifələrinə qapılırsan, qarşına elə bir abzas çıxır ki, qələmə əl atıb altını xətləyirsən. Sonra içindən axmaq “özünü müqayisə” xəstəliyi baş qaldırır və ön sözə qayıdıb nə oxusan yaxşıdır: Amadu bu romanı 25 yaşında yazıb. Bahoo, yazıçılıq iddiası yerə-göyə sığmayan bir adamın vücudunu tər basmazmı, basar!!! Üstəgəl, bu acı həqiqətlə də barışmaq məcburiyyətində qalasan: bizim dostumuz Jorji bu romanı yazanda məndən iki yaş kiçik olub!
Başım(ız) sağ olsun!!!
Baiyanın kənarındakı pakhauzda gecələyən bir dəstə atılmış uşaq şəhərdə oğurluq edir, cibə girir, fahişələrin başını bişirib pulqabılarını əkişdirir. Güllə Pedro, Şirinquş, Çolaq, Professor, Pişik Braziliya sakinlərinin yuxusuna haram qatırlar, polis onları axtarır. Yazıçı qələminin qüdrəti “günaha batmış” bu zavallılara evində sığınacaq verən zəngin mərhəmətli adamları aldadanda belə, oxucuda onlara qarşı nifrət yaratmır, əksinə - cəmiyyətin dayaqlarının sarsıldığına, ədalət tərəzisinin gözünün əyildiyinə oxucunu əmin edir.
Padre Joze Pedronun köməkliyi ilə dini seminariyada oxumaq üçün xəyallar quran, oğurluğun daşını atan Şirinquş yoldaşları haqqında düşünür: “Onlar oğurluq edir, dalaşır, elə söyürlər ki, adamın az qala, qulağı büzüşür, gecələr çimərlikdə zənci qızlarını pusurlar, yeri gələndə lap polisi də bıçaqlaya bilərlər, amma hər halda mərhəmətlidirlər, bir-birinə sadiqdirlər. Ona görə günah işlədirlər ki, nə evləri, nə ata-anaları var, heç vaxt bilmirlər ki, bu gün qarınlarını doyura biləcəklərmi, tavanı xəlbirə dönmüş, rütubətli, kərpic bir xarabada yaşayırlar.
Oğurlamasalar, acından ölərlər, - onlara yemək, köhnə paltar verən mərhəmətli insanlara nadir hallarda rast gələrsən. Yaxşı, tutalım, birini geyindirdilər, o birinə yemək verdilər, bəs qalanları neynəsin? Ölsün? Nəticədə belə çıxır ki, bütün “kapitanları” cəhənnəm alovu gözləyir”.
Müstəqil kilsə idarə etmək arzusuyla yaşayan mərhəmətli padre “kapitanlar”ı düşdükləri vəziyyətdən xilas etmək üçün özünü təhlükəyə atır, nüfuzlu din xadimi ilə “dilləşməyə” cəsarət edir və bunun cəzasını da çəkir:
“Siz onların təsiri altına düşmüsünüz.
...Siz kommunistsiniz, padre, siz kilsənin düşmənisiniz.
...Siz tanrını və kilsəni təhqir etdiniz.
... Sizə kilsə etibar edə bilmərik. Gedin!...”
“Ruhum yaman sıxılır, Tanrım, məni hifz elə... O, yolunu azmış uşaqlara kömək etmək istəyirdi. Yəni, doğrudan da, onlar başlarına gələn bütün bəlalara görə özləri günahkardırlar? İsa Məsih... Nurlu, daim cavan obraz. Eşitmişdi ki, İsanı da inqilabçı sayırdılar və o da uşaqları sevirdi. Uşağa dərd gətirən dərd çəkəcək”.
Məhz padre Joze Pedro dəstədə oğlanlar arasında günah sayılan cinsi münasibətlərə son qoya bilmişdi.
Braziliya inqilab ərəfəsindədir. Dəstənin başçısı Güllə Pedronun atası vaxtilə liman tətilləri zamanı öldürülüb və atasına yoldaşlıq etmiş fəhlələrdən biri Pedronun ürəyindəki inqilab arzusunu körükləyir. Qəzetlər yoldaş Güllə Pedronun həyat və mübarizəsindən yazır, beş ştatın polisi onu axtarır.
Və Jorji Amadu romanı bu cümlə ilə bitirir: “Onun məhbəsdən qaçdığı gün isə öz ocaqlarının kənarında kasıb şam yeməyinə toplaşmış minlərlə insanın çöhrəsini sevinc təbəssümü bəzədi...“