Kulis yazar Sultanxanım K-mnin Paula Hofkinsin "Qatardakı qız" romanı ilə bağlı yazdığı məqaləni təqdim edir.
Son aylar kitab satışı reytinqlərində birinci yerdə israrla duran "Qatardakı qız" əsərinin tərcümə olunmasını səbirsizliklə gözləyirdim.
Adətən, yeni çıxan kitabların dərhal rus dilinə tərcümə olunması gözlənilsə də, bu dəfə türklər daha tez tərpəndilər. Mükəmməl və qüsursuz Aslıhan Kuzucan tərcüməsi, ürək oxşayan tərtibatı və dillərə əzbər olan yeni üz qabığı dizaynı ilə "Trendeki kız" Bakıya gələr-gəlməz özünün ilk resenziyası ilə sizin qarşınızdadır.
Əsərdə diqqəti cəlb edən birinci məqam kitabın demək olar ki, bir ulduza çevrilməsi oldu. Hara baxırıq "The girl on the Train" reytinqlərdə birinci sıralardadır... The New York Times, The Times, Entertaintment Weekly, The Guardian, Publishers Weekly (STARRED REVIEW) və daha adını çəkmədiyimiz yüzlərlə yerdə kitabın adı günün bu günündə də ilk sıralardadır.
"Qatardakı qız" oxucularının ağzını açıq buraxacaq.
Bir oturuşda oxuyacağınız, sizi həmin andaca içinə çəkəcək hekayə.
Paula Hofkinsin detektiv romanı tamamilə möcüzə dolu bir səyahətdir.
Ağlınızı başınızdan alacaq, üstün zəka ilə yazılmış bu psixoloji gərgin roman həm möhtəşəmdir, həm də qatar qəzası qədər qorxuncdur.
"Qatardakı qız" hər şeyi anladığınızı düşündüyünüz an sizi fərqli bir sürprizlə qaşılaşdırır.
Əsərin məzmunu həqiqətən də bir neçə abzaslıq təsvirə sığmayacaq dərəcədə sirli və maraqlıdır.
Əsərin baş qəhrəmanı Reyçel adlı bir xanımdır. O, hər gün Londonda qatarla yol gedib-gələrkən ordakı sərnişinləri, pəncərədən görünən mənzərələri, evləri diqqətlə müşahidə edir və öz xəyalında hekayələr yazır. Hər birimiz hər gün getməyə adət etdiyimiz yolda qarşımıza çıxan insanlara baxmağı, yad insanların geyimlərindən, hərəkətlərindən onlar haqda informasiya əldə etməyi sevirik. Xəyalımızda hər gün onlarla insanın hekayəsini yazırıq. Ancaq hansımız xəyalımızda yazdığımız hər hansı bir hekayənin real iştirakçısı olmuşuq? Məsələn, Reyçel bir gün səhər dünyaya gözlərini xəyalında yazdığı hekayənin əsas qəhrəmanı kimi açır.
Reyçelin hər gün müşahidə etdiyi insanların içində xüsusi yeri qatar yolunun kənarında bir-birinin ardınca səliqə ilə sıralanmış, bir zamanlar yaxınlıqda özünün də keçmiş həyat yoldaşı ilə xoşbəxt bir həyat sürdüyü evlərin birində yaşayan cütlük olur. Qatar hər gün bu evin qarşısında bir neçə dəqiqəlik dayanır. Reyçelsə öz növbəsində cütlüyün hər gün eyvanlarında romantik səhər yeməklərinə, sevgi dolu səhnələrinə şahidlik edir, özünə ideal ailə hekayəsi yazır. Hətta onlara ad da qoyur - Cess və Ceyson. Ancaq bir gün Cessin yanında gördüyü şəxs heç də Reyçelin görməyə adət etdiyi insan, Ceyson, olmur. Cessin ərinə xəyanəti səhnəsinə şahidlik edərkən Reyçelin ideal cütlük haqda yazdığı hekayəsi xəyal qırıqlığına uğrayır. Bir neçə gündən sonra qəzetlərdə əsil adı Meqan olan Cessin itkin düşməsi barəsində xəbərləri oxuduqdan sonra polisə sonuncu dəfə onu başqa bir şəxslə gördüyünü deməsi ilə kömək edəcəyini düşünür. Ancaq özünü qorxunc və təhlükəli oyununun ortasında tapır. Dramatik başlanğıclı gərgin psixoloji roman yavaş-yavaş nəfəsləri kəsən detektiv romanına çevrilir.
Bir tərəfdən Reyçel heç də xoşbəxt olmayan bir həyat sürən qadındır. O illərdir ki, ana olmaq arzusu ilə yanıb tutuşur. Aldığı onlarca müalicə heç bir nəticə vermir. Nəhayət, depressiyaya düşür və içki düşkünü olur. Həyat yoldaşı tərəfindən dayanılmaz və çəkilməz bir qadına çevrilir. Bir gün ərinin xəyanəti ilə yıxılır. Bu da azmış kimi əri Tomun onu uğruna atdığı qadın Toma bir övlad bəxş edir. Gözünün qarşısında, onun illərdir ki, öz əlləri ilə qurduğu, sevgi ilə qulluq etdiyi evinə başqa qadın köçür. Başqa bir qadın öz övladı ilə onun evinə, həyat yoldaşına, sevdiyinə, arzularına sahib çıxır. Yazıçı Reyçelin qısqanclıq hisslərini çox professionallıqla təsvir edir. Oxucu, hələ üstəlik bir qadındırsa, ağır bir qısqanclıq hissinə yüklənir. Hətta zaman-zaman ailəsini, işini, evini itirən Reyçelə yazığı da gəlir.
Və bir anda Reyçelin problem dolu bu şəxsi həyatı hər gün qatardan maraqla izlədiyi cütlüyün real həyatına qorxunc şəkildə qarışır.
Əsər belə başlayır: Bir acıya, iki nəşəyə, üç qıza.
Əsər üç qadının dilindən danışılır. Reyçel (qatardakı qız), Meqan (Reyçelin qatardan hər gün gördüyü qız - xəyali Cess) və Anna (Reyçelin keçmiş ərinin yeni həyat yoldaşı). Yazıçı haqlı olaraq qeyd etmişdir ki, hadisələrə hər üç qadının gözü ilə baxmaq əsəri daha maraqlı edəcəkdir. Həqiqətən də, oxucunun xəyali kameralarını hadisələrə hər üç tərəfdən işə salmaq ortaya intriqalı bir detektiv əsər çıxardı.
Böyük təəssüf hissi ilə qeyd edirəm ki, əsərin sirli, sirli olduğu qədər də mürəkkəb psixoloji detektiv əsəri olmasını nəzərə alaraq məzmunu haqda daha artıq məlumat verməklə əsərin dadını qaçırmış olacağam. Buna görə də məzmununun getdikcə daha da həyəcanlı və təhlükəli bir tərz alan real süjeti ilə kitabı oxuyaraq tanış olmağınızı şiddətli şəkildə tövsiyə edirəm. Nəfəs kəsən finala zəmanət verilir. Bir ipucu olaraq deyərdim ki, kitabın nə adından, nə də təqdimatından onun bu qədər kədərli bir kitab olacağını təxmin etmək olmazdı.
Diqqət etmək lazımdır ki, əsərin türk dilinə tərcümə olunmuş kitabının üz qabığı orijinal üz qabığından daha uğurlu və gözəl alınmışdır.
Əsərdə ən maraqlı gələn məqam hər xırda detallara bu qədər ekspressiv şəkildə diqqət edən bir insan obrazının oxucuların qarşısına gətirilmiş olması oldu. Heç kəsə sirr deyil ki, kitablardakı qəhrəmanlar nə qədər güclü obrazlar olarsa əsər bir o qədər də maraqlı olar. Ancaq burda kiçik bir problem var. Reyçel içkinin həddini aşması ilə güclü bir yaddaş itkinliyi problemi yaşayır. Və bəzən baş verənlərin izahını özünə belə verə bilmir. Elə məhz əsərin onlarca intriqa yerlərindən biri də bu olur.
Bəlkə bir yazıçı üçün baş vermiş hadisələr haqda roman yazmaq elə də çətin olmazdı. Ancaq bir insanın xəyalı haqda, xəyallarındakı dünyası haqda, qaranlıq yaddaşının arxasında gizlənən anlaşılmaz, qorxunc hadisələr haqda üstəlik uğurlu alınan roman yazmaq heç də asan iş deyil. Qəhrəman mütəmadi olaraq psixoloji gərginlik içindədir. Mütəmadi depressiyadadır və bunun üçün onun haqlı səbəbləri də var. Məhz bu haqlı səbəblər elə oxucunu da dərin psixoloji gərginliyə yükləyir.
Əsəri bu dərəcədə bestseller edən cəhət bəs nə oldu? Etiraf etmək lazımdır ki, "Qatardakı qız" qədər güclü və maraqlı romanlar bu gün heç də az deyil. Ancaq niyəsə yüzlərlə romanın arasında məhz bu əsər aylardır reytinqlərin birinci yerindən düşməyərək bir rekord qırmağın astanasına gəlmişdir. Xeyr, kitabın səhifələri sehrli deyil. Yazıçı da üstün zəka sahibi deyil. “Qatardakı qız” əsərini digər bestsellerlərdən üstün edə biləcək xüsusi bir yanı yoxdur. Bu sadəcə uğurlu bir biznes kimi izah oluna bilər.
Yazıçı özü "The Times"a müsahibəsində israrla inkar etsə də rəy bildirən tənqidçilərin və redaktorların əksəriyyəti "Qatardakı qız" əsərini Cillian Flinn "İtkin qız" əsərinə bənzədirlər. Paula Hofkins bu fikirlə razı olmadığını, "İtkin qız" əsərinin çox daha yüksək səviyyəli bir əsər olduğunu bildirmişdir. Yazıçı əsəri yazarkən Alfred Hiçkokdan bəhrələndiyini söyləmiş, öz kitabını Hiçkok ənənələri üzərində yazmışdır. Reyçelin yaddaş pozğunluğu ilə bağlı məqamı haqda elmi araşdırma apardığını qeyd etmiş və "Memento" filminin adını çəkmişdir.
"The Times"a maraqlı bir müsahibəsi zamanı yazıçı əsəri yazarkən hər gün yol getdiyi London sərnişinlərindən və qatar pəncərəsindən müşahidə etdiklərindən bəhrələndiyini söyləmişdir. Hətta, diqqət etsək, kitabın sonunda görə bilərik ki, yazıçı hər gün özünün rastlaşdığı qatar sərnişinlərinə səmimi təşəkkürünü də bildirmişdir.
Səyahət edərkən pəncərədən miniyin sürətinin müşahidəsində itən rənglərlə sovrulan evlərə daha diqqətlə baxaq. Bəlkə biz də bir gün o evlərdəki həyat hekayələrinin bir qəhrəmanı olduq.