Daxau sözünə qafiyə tapan şair

Daxau sözünə qafiyə tapan şair
12 mart 2013
# 11:11

Kulis.az Xalq yazıçısı Hüseyn Abbaszadənin “Nurdan yoğrulmuşlar” kitabından mərhum şair Mirmehdi Seyidzadə haqqında xatirə yazısını təqdim edir.

Dosye: Mehdi Həsən oğlu Seyidzadə 1907- ci il noyabrın ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olmuşdur. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş burada 1921-1925- ci illərdə Pedaqoji texnikumda təhsil almışdır.
Ədəbi yaradıcılığa 1925-ci ildə “Şərq qadını” jurnalında çap etdirdiyi “Kənd qızı” adlı ilk şeirilə başlamışdır.
1926—1930- cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930-1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir.
Mehdi Seyidzadənin 1932- ci ildə ayrıca kitabca şəklində nəşr edilən və mükafata layiq görülən “Şanlı gün” poeması məktəblilər üçün sevimli əsər olmuşdur.. Sonralar Bakıda onun bir sıra başqa kitabları o cümlədən “Balaca təyyarəçi”, “Ceyran”, “Neft haqqında”, “Kim güclüdür”, “And” kitabları çıxmışdır.
O, müasir mövzuda uşaq şeirləri və nəğmələri, “Zirək Səməd” mənzum nağılını yazmışdır. Onun “Nərgiz “,“Ayaz”,“Qızılquş”, “Elsevər” və sairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şeirlərinə isə mahnılar bəstələnmişdir.
Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində təəhsil almış yazıçı 1932-1939- cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938-1939-cu illərdə yenidən təşkil olunmuş Uşaqgəncnəşrdə Bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir.
1941- ci ildə sovet ordusunun tərkibində İranda “Qızıl əsgər” qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur.
Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Əməkdar incəsənət xadimi Mehdi Seyidzadə Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı və bir sıra medallarla təltif olunmuşdur.
Mirmehdi Həsənoğlu Seyidzadə 1976-cı il avqust ayının 30-da Bakıda vəfat etmişdir.

Tənqidçi İslam İbrahimov eşidir ki, Mirmehdi Seyidzadə bədahətən şeir deməkdə ustadır və o, ən çətin sözlərin belə dərhal qafiyəsini tapır. Yoldaşlarına deyir: “Mən elə bir söz taparam ki, Mirmehdi qafiyasini deyə bilməz”.

İslam fikirləşib mürəkkəb bir söz tapır və İttifaqda Ağa ilə görüşəndə deyir:

-Ağa, danışırlar ki, sən qafiyə üçün əlini cibinə salmırsan.

-Bəs sən nə bilmişdin?

-Mən bir söz deyərəm, sən qafiyəsini tapa bilməzsən.

-Ay zalım (Ağa bu ifadəni çox işlədirdi), məni imtahana çəkirsən çək, sözüm yoxdu, amma məni qafiyədə bağlayan hələ anadan olmayıb, İshaq İbrahimov!

-İndi görərsən ki, olub, Ağa. Hünərin var, Daxau sözünə qafiyə tap!

Mirmehdi Seyidzadə gözləmir ki, İslam onu belə çətin, xarici, həm də Azərbaycan dilinə yatmayan mürəkkəb sözə qafiyə tapmaqda imtahana çəksin. Susub fikrə gedir. İslam elə güman eləyir ki, Mirmehdini bağladı. Öyünə-öyünə deyir:

-İndi gördün ki, elə bir oğlan anadan olub? Ancaq bu vaxtacan sənin qarşına çıxmamışdı.

Ağa qafiyə tapmaq üçün qəsdən vaxtı uzadıb soruşur:

-O nə söz idi, bir də de görüm.

İslam ucadan qalibanə bir ifadə ilə deyir:

-Daxau. Daxau Almaniyada şəhər adıdır, İkinci Dünya Müharibəsində faşistlər ordakı ölüm düşərgəsində əsirlərini saxlayırdılar.

Mirmehdi Seyidzadə eyni avazla İslama cavab verir:

-Daxau, Daxau,

Çək əlimdən yaxau.

İslam İbrahimov qəşş eləyib deyir:

-Mən təslim, Ağa. Day sənə sözüm yoxdu.

***

Mirmehdi Seyidzadə yoldaşları ilə hansı uca binanınsa üçüncü mərtəbəsində olan bir idarəyə gedirlərmiş. Həmin binada lift varmış. Onlar görürlər ki, bir neçə nəfər lift növbəsində dayanıb. Gözləməyib yuxarı qalxırlar. Mirmehdi Seyidzadə isə tələsmir, liftlə yuxarı qalxır. Yoldaşları ona deyirlər:

-Ay Ağa, üçüncü mərtəbəyə qalxmağa nə var ki? Heç o qədər gözləməyə dəyməzdi.

Ağa deyir:

Minirəm liftə,

Qalxıram müftə.

***

1957-ci ildə “General” romanım çap olunanda başqa qələm yoldaşlarım kimi Mirmehdi Seyidzadə də məni təbrik elədi:

-Yaxşı eləyib iri nəsr əsəri yazmısan. Fikir deməkçün nəsrin imkanları poeziyaya nisbətən daha genişdi. Həm də indi getdikcə nəsrə tələbat artır. Ay zalım!

Baxmısan əsrə,

Keçmisən nəsrə.

***

Azərbaycan yazıçılarının növbəti qurultayında Mehdi Hüseyni İttifaqa sədr seçirlər. Ertəsi gün o, gəlib kabinetində oturur. Heç işə başlamamış həmişə hər şeydən narazı olanlar yanına girib köhnə rəhbərlikdən şikayətlənirlər. Ona gələcəkdə necə işləmək barədə məsləhət verməyə başlayırlar: nə bilim, filan işi belə, filan işi elə eləsən daha yaxşı olar. Bu vaxt Mirmehdi Seyidzadə də sədrin kabinetində imiş. Mehdi Hüseyn görür ki, başqaları danışır, o isə susub sakitcə qulaq asır. Seyidzadədən soruşur:

-Ağa, bəs sənin mənə nə məsləhətin var?

Mirmehdi Seyidzadə deyir:

-Mən əvvəlcə sənə can sağlığı, sonra işində böyük müvəffəqiyyətlər arzulayıram. Bacarığına bələdəm, bilirəm ki, obyektiv adamsan, hər şey qaydasında olacaq.

Və o, azacıq fikrə gedəndən sonra avazla deyir:

Sən olmusan sədrimiz,

Bilinəcək qədrimiz.

# 5002 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #