Ayaqyalın, gecə paltarında...

Ayaqyalın, gecə paltarında...
16 iyul 2015
# 10:59

Sərin bir yaz səhəri. Ailəmdən ayrı evimdəki ilk səhər yeməyimi yeyirəm.

Zeytun, ağ pendir, dəmli çay, əllərimlə bişirdiyim ləzzətli qayğanaq, meyvə suyu... Süfrəm çox zəngindir. Otaqsa çox dağınıq. Küllükdə bir-birinin üstündə siqaretlər var. Yeməyimi yeyib eyvana çıxacam. Yeni evimin eyvanından gözəl mənzərə görünür. Evim elə də böyük deyil. Amma bilsəniz necə dərin bir rahatlıq var burada. Telefonumu artıq 1 həftədir açmamışam və əminəm ki, dost mesajları, ata danlaqları, ana qarğışlarıyla doludur. Düzünü desəm, hardasa qorxudan açmıram telefonumu. Belə yaxşıdır. Uzun müddət bu pulla idarə edə bilərəm.

Budur, mən eyvandayam. Ayaqyalın, gecə paltarında. Külək saçıma dolaşır. Gözlərimi qıyaraq gözəl mənzərəyə baxıram. Siqaret ağzımda sönür. Külək paltarımın ətəyini qaldırır və ayaqlarımın arasından keçib qəribə bir hiss yaradır. Bundan sonra nə edəcəyimi düşünürəm. Əslində hər şey çantamı götürüb evdən çıxmaqla başlamışdı. Çanta demişkən, özümlə götürdüyüm kitabları çantamdan çıxarmamışam. Dünya ədəbiyyatındandır 4-ü də. Nə edəcəyimi düşünürdüm axı. Yəqin 2-3 günə işə çıxaram. Yol da uzaqdı şəhərdən. Havası təmizdir əsas. Evə yaxın dükan da var. Velosipedlə gedib-gəlmək olar. Ən pisi budur ki, pianomu gətirməmişəm. Yaxşı bəstələr alınardı bu əsrarəngiz evdə.

Uzaqlaşmaq qurtulmaq deyil. Nə qədər uzaqlaşsaq da, içimizdəkilər bizi təqib edir. Güzgüyə baxıram, saçlarım qısa, ağzım uçuqlayıb, gözlərimin altı gecə qaranlığı. Uzağam. Şəhərdən, evdən, anamdan, dostlarımdan. Heç tanımadığım insanların yaşadığı evlərin əhatəsindəyəm təkotaqlı evdə. Şəhərin üzünə qaranlıq düşdükcə üzbəüz binanın pəncərələrində işıqlar yanır və gecə irəlilədikcə həmin işıqlar bir-bir sönür, pərdələr çəkilir, kimisi dovğa bulayır, kimisi kitabı örtüb televizora zillənir. Atam neynir görəsən. Yəqin işdədir. Yaman narahatdır. Bəlkə də hirsli. Bəlkə küsüb məndən. Dodağımda bir şeir var beynimdə dolanan: “Dürtmə içimdəki narı, üstümdə bəyaz köynək var”. Bir nəfəri xatırladım. Bəlkə telefonun sönük vaxtında zəng edib? Əşşi...

Yaşadığımız həyata görə bir gün cavab verəcəyik. Bəlkə də o gün elə bu gündür. Hər kəs layiq olduğunu yaşayır. Mənim layiq olduğum budurmu? Tənha yaşamaq? Bəlkə qələbəliyə qarışmaq? Çox incitmədimmi atamı, anamı? Evdən uzaqlaşmaq xatirələri məhv edə biləcəkmi?

Hərdən tənhalıqdan, allahdan ötrü darıxır adam. İndi mən yaxşılıqdan, pislikdən, ağdan, qaradan uzaqlaşıb bəlkə də tanrını tapmağa doğru gedirdim. Bəlkə bir də o evə qayıtmayacaq, işə getməyəcək, elə bu balaca evdə ömrümün sonuna qədər yaşayacaqdım. Sonsuz tənhalığın içində qeyb olub gedəcəkdim. Bəlkə tanrının yadına düşəcəkdim. Qələbəliyin içində unudulur tanrı, bəlkə çıxıb gedir acıq edib, təklikdə qayıdır. Vicdanımız da təklikdə rahat qoymur bizi gunahlarımız kimi, ölüm kimi...

Bir az çıxıb gəzsəm yaxşıdı. Yaxınlıqda bir park da var, təmiz havada gəzişmək hər zaman kömək olur...

- Siqaretdən olar?

- Əlbəttə, buyurun...

- ...

- Bu parkda yatırsız?

- Hə...

- Soyuq olanda bəs?

- Xəstələnirəm...

İstehzayla

- Yüz ildir tənhalıqdasız ki... - dedim.

Başını da qaldırmadan, qaşlarını çatıb:

- Markesi sevmirəm... - dedi.

Artıq qarşımdakının kim olduğunun fərqinə vardım. Siqaretdən iri qullab alıb davam elədi.

- Bilirsən, mən xoşbəxtlik axtarırdım. Kitablarla dolu evimiz, atam, anam, pişiyimiz, dostlarım mənə çox sıxıcı, sıradan, adi gəlirdi. Mən xoşbəxt olmaq istəyirdim. Düşünürdüm ki, xoşbəxtlik bu yeknəsəq həyatdan çox uzaqlarda idi. Günlərin birində çantamı yığıb kitablarla dolu evimizi, atamı, anamı, dostlarımı, pişiyimizi tərk elədim. Bunlardan uzaqlaşdıqca azalmağa başladım. Mənim itiriləcək heç nəyim qalmamışdı. Sonra hər şeyi qaytarmaq istədim. Qayıdanda kitablar saralmışdı, atam-anam bir avtomobil qəzasında ölmüş, pişiyimiz küsüb getmiş, dostlarımın hərəsi bir tərəfə dağılmışdı. Mən keçmişə yox, tənha gələcəyə qayıtmışdım. Bu gələcəkdə məni heç kim və heç nə gözləmirdi. Mən kitablarla dolu evimizdə bu tənhalığı çəkəcək qədər güclü deyildim.

Öz tənhalığıma qayıtdım. Küçələrin, gecələrin qoynuna... Bilirsən, dostum, bəzən xoşbəxtlik o qədər yaxında olur ki, onun xoşbəxtlik olduğuna inanmağın gəlmir. Çünki xoşbəxtliyin həmişə əlçatmaz olduğunu düşünürsən. Onun belə asanlıqla, heç bir əziyyət çəkmədən sənə verildiyinə, ovcunun içində olduğuna inanmırsan...

Başını əllərinin arasına alıb gözlərini yumdu. Məndən çox-çox uzaqlara, bəlkə arzularının ardınca yollandığı ilk vaxtlara, bəlkə də içi kitablarla dolu evlərinə döndüyünü anladım. Aram-aram qalxdım. Cibimdəki pul-paranı ovcuna basdım. Qımıldanmadı da... Mənsə sonuncu qatara tələsən sərnişin kimi qaldığım evə qayıtdım. Əşyalarımı yığıb gerçək ünvana yetişmək üçün... Bir gün sonra gec olardı...

# 1485 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər