Dünyanın ən ucaboylu karliki

Dünyanın ən ucaboylu karliki
30 dekabr 2012
# 16:55

Elə bu zaman Şişman Hənifə qəfildən söhbətə müdaxilə etdi:

- O, dünyanın ən ucaboylu karliki idi. Yəni, karliklərin arasında ən ucaboylusu idi. Özü bunu bir dəfə mənə fəxrlə demişdi.

Mənim qəribəmə gəlsə də, məclisdəkilər yerlərindəcə dəbərib bir-birilə baxışdılar və başlarını tərpədə-tərpədə onunla razılaşdılar. "Olar, olar, niyə də olmasın?!" Elə bil, hətta rahat-rahat köks də ötürdülər. Pis səslənmirdi: "karliklər arasında ən ucaboylusu…"

Mən isə başqa şeyə mat qalmışdım. Onların bu məqamda belə asanlıqla Karlik Babacanı "satacaqlarına", bu cür "ayağa verəcəklərinə", açığını deyim ki, inanmazdım. "Karlik" sözünə gətirirəm. Sağlığında ona bu sözlə heç vaxt və heç kim müraciət etməmişdi. Yanında bu sözü ağzına alan olmamışdı. Heç kimin ağlına gəlməzdi. Çünki, o, bizim uşaqlıq dostumuz idi, biz isə o zaman dostumuzu boy-buxununa görə seçmirdik.

Amma bəlkə də yemək masasının ətrafında oturanları "ən ucaboylu" sözündəki müsbət məna çaları çaşdırmışdı. Əlbəttə, başqa cür ola bilməzdi, bu elə beləydi ki, vardı. Yas məclisində, dəyirmi masanın ətrafında oturub, möhkəm yeməkdən sonra çay və qəhvə içən bu adamlar, yəni, biz Babacanın ən yaxın altı dostu idik. Hərdənbir siqarasının gur tüstüsünü enli burun pərlərindən və ağzından parovozun bacasından çıxan ağ düman kimi püfüldəyib tavana buraxan Şişman Hənifə, əslində, siqar çəkməkdən çox bizim altımıza da acıq verirdi.

Mən, belə baxanda, özümə bunların yaxın dostu deməzdim, çünki ayda, ildə bir dəfə, toyda, ya da bu günkü kimi yasda onlarla görüşmək imkanım olurdu, mən bunlar üçün artıq yaxın tanış idim. Babacanın da yaxını idim, vəssəlam. Uşaqlığımız bir yerdə keçsə də, gəncliyimiz bir-birindən sərt şəkildə ayrılmışdı. Seyid Qəmbərdən başqa, Seyid Qəmbər istisna idi. Mən bu yas məclisinə həm Babacanın, həm də mənim indiyənə qədər "şərikli" dostumuz sayılan Seyid Qəmbərlə bir yerdə gəlmişdim. Onunla küçədə təsadüfən görüşdük, "xoş-beş, on beş…"

- Nə var, nə yox? – Mən soruşdum. Seyidi xeyli vaxt idi, görmürdüm.

- Heç… -- Seyid cavab verdi.

- Hara belə?

- Sənin bəs xəbərin yoxdu?

- Nədən, noolub ki?..—Məni maraq götürdü.

- Hə, deməli sən bilmirsən… - Seyid mənim sözümün səmimiyyətinə inandı. - Karlik Babacan üç gün əvvəl ölüb, bu gün evində məclis var, üçüylə yeddisini birləşdiriblər.

Mən xeyli təəccübləndim və təbii ki, hayıfsılandım. Necə olub ki, mənim xəbərim olmayıb:

- Yox, mən axı Montində oluram, xəbər tutmamışam. Nəyiydi bunun, ay yazıq… qırx yaşı təzəcə tamam olmuşdu ki…

- Montində olmağın bura nə dəxli var?! – İndi də Seyid mənim "izahatıma" yüngülcə əsəbiləşdi. - Gedirsən, gedək bir yerdə.

Uşaqlar hamısı olacaq. Orda söhbət elərik.

- Gedək, gedək. Mənim ki, bir işim yoxdu, evə gedirdim. Uşaqları da çoxdandı, görmürəm.

"Uşaqlar" dediyim haman bizim bu dost, tanışlarımız idi. Hamımız bir məhlədən çıxmışdıq. Uşaqlığımız Təzə Pirin altındakı o birmərtəbəli məhlədə keçmişdi. Sonra hərə bir tərəfə dağıldı. Kimsə kiminləsə daha tez-tez görüşdü, kimsə dostdan yaxına, tanışa çevrildi, kimsə o birilər barədə artıq özündən yox, kimdənsə xəbər aldı – bütün bunlar qocalmağa doğru gedən yolun çox təbii bir qanunu idi. Biz isə yavaş-yavaş qocalmağa doğru gedirdik.

Karlik Babacanın evi elə bu həndəvərdə idi, yolu irəlidən sağa burulub çatacaqdıq. Yol gedə-gedə qəflətən ürəyim sıxılmadımı, sıxıldı. Üzümə diqqətlə baxıb Seyid Qəmbər narahat oldu:

- Nooldu sənə, rəngin ağaran kimi oldu…

- Heç… Heç. Təsir elədi mənə bunun ölümü… - Mən cavab verdim.

Biz addımlarımızı yeyinlətdik.

… Şişman Hənifə ümumi sükut içində sözlərini təkrar etdi:

- Elədir ki, var. Karliklərin ən ucaboylusuydu. İçmişdi, özü bunu mənə dedi.

Şişman Hənifə yenə bir topa bulud kimi tüstünü içinə çəkmədən eləcə ağzının ucundan çölə püflədi. Sonra xeyli çoxbilmiş və mənalı baxışla məclisdəkiləri bir-bir süzərək barmağıyla siqaranın enli gövdəsini ehtiyatla taqqıldadıb külünü qabağındakı külqabıya tökdü.

Keçəl Bağır əli ilə tüstünün ona tərəf gələ-gələ əyilib-düzələn parçasını qovalamaq istədi, əli havada yellənə-yellənə qaldı, bir parça tüstü Keçəlin barmaqları arasından yol eləyib zorla da olsa özünü onun ağzına, burnuna dürtdü.

- Öhö, öhö… dedik axı, bunu çəkirsən, çıx balkona çək. Boğdun sən bizi ki…

Şişman Hənifə Keçəl Bağırın ona ünvanlanmış sözlərini vecinə aldımı, almadı, elə bil, ona yox, boşluğa deyilirdi bu sözlər.

- Balkon soyuqdu. Qış, elə bil, birdən, qəflətən girdi… – Bu sözləri isə Ağaqulu dedi. Onun da öz ləqəbi vardı. Onun ləqəbi "Cırtdan" idi. Məncə, Ağaqulu Karliki "satmaqlarına" peşman olan birinci adam oldu. Bu, onun üz-gözündən bilindi. Üzünü yana tutub Şişman Hənifə tərəfə baxmaq da istəmirdi. Şişmanın yanında oturmuş Zümzümə Mərifət isə başını bulaya-bulaya:

- Kimə deyirsən? Sən bunu tanımırsan? – dedi və durub stulunu Şişmandan uzaqlaşdırdı. Şişman yalnız sırtıq-sırtıq, səssizcə irişdi.

Ləqəblərə gəlincə. Bu ləqəblərin heç biri həqiqətə uyğun deyildi. Təkcə Karlik Babacanınkından başqa. Babacan isə, həqiqətən, karlik idi. Özü də sirkdə işləyirdi. Ağlaya-ağlaya güldürməyin mükəmməl ustası idi. O biri ləqəblər, əslində, əksinə effekt yaratmaq üçün qoyulmuşdu. Uşaqlıq dövrünün qəribəlikləri sayıla bilərdi. Ağılsıza ağıllı, gücsüzə güclü, kifirə gözəl deyərdik və düşünməzdik ki, axı bu ləqəblər paltar kimi dəyişən deyillər, onlar xal kimi, bədən ləkəsi kimi bu adamın canına əbədilik yapışacaq və onunla bir yerdə həyat yolu ilə addımlaya-addımlaya gedəcəklər.

Şişman heç də kök birisi deyildi. Yeməkdə hamımıza "fora" verərdi, amma heç kökəlməzdi. Keçəl Bağırın indinin özündə cod saçının gurluğu məncə hamımızın çoxdandan qibtə yerinə çevrilmişdi. Cırtdan" dediyimiz Ağaqulu isə nəhəng birisi idi. Əyninə alacağı paltarı mağazalardan asanlıqla tapmırdı. Seyid Qəmbər seyid-zad deyildi, onun ləqəbi də sonrakı vaxtın, artıq gənclik illərinin yadigarı kimi qalmışdı. Eləcə gəncliyində bir dəniz araq içəndən sonra birdən-birə içkini tərgitdi və namaz qılmağa başladı. Biz də adını dəyişib onu "Seyid" çağırmağa başladıq. Zümzümə Mərifət aramızda ucadan, bəlağətli danışan idi. Məclisdə, toyda, nişanda nitq deyənimiz o idi, ya özü qabağa düşürdü, ya da biz onu qabağa verirdik. Elə danışırdı ki, elə bil, qışqıra-qışqıra nərə çəkir. Zümzümə…Mərifət… Sözün və mahiyyətin üzbəüz duruşundakı gözəlliyə fikir verdinizmi?

Niyə belə edirdik, bu ləqəblər bizim həyatımıza niyə və necə girirdi – bunu demək, əlbəttə ki, çətindi. Niyə biz bir-birimizi olduğumuz əndazədə, görkəmdə görə bilmirdik, bəlkə görmək istəmirdik – bunu demək isə mümkün deyildi. Hər ləqəbin arxasında böyük bir formalaşma və cilalanma tarixçəsi dururdu, bu qəti belə idi. Mənim də ləqəbim vardı. Mənim ləqəbim Məcnun idi. Niyə - bilmirəm. Əslində, bilirəm. Qızlara tez-tez vurulurdum – ondan.

Qonaq otağında uzun (bir az əvvəl, deyəsən, dəyirmi demişdim… nə isə, eybi yoxdu, üstündən bu qədər vaxt keçib, üzürlü sayıla bilər) yemək stolunun ətrafında yas mərasiminə yığışmış bu adamlar, yəni, biz, bayaq dediyim kimi, mərhum Karlik Babacanın kimi yaxın, kimi uzaq uşaqlıq dostları idik. Yeməyi təzəcə bitirib çaya keçmişdik. Söhbət bütün yas məclislərində olan kimi ordan-burdan, adda-budda mövzuların həndəvərində dolaşıb gedirdi.

Vaxtaşırı heç nədən, tamamilə əlaqəsiz olaraq (əslində isə, çox adi qabiliyyət bunun belə olmasını tələb edirdi), mərhum Karlik Babacan gəlib yadımıza düşürdü, bu zaman bizlərdən kimsə gözünü qaldırıb otağın yuxarı başında divarın uca yerində Karlikin asılmış şəklinə baxır, canyananlıqla "Allah rəhmət eləsin sənə, ay Babacan, səndən yox idi…" deyir, sonra hamı bu sözləri hayıfsılana-hayıfsılana təkrar edir, beləcə, söhbət edə-edə biz, Seyid Qəmbərin sözü olmasın, "plastinkanı dəyişirdik", yəni, mövzunu təzələyirdik.

Qəribə idi, Karlik Babacanın divardan baxan şəkli çox canlı idi, ucları yuxarı burulmuş bığları, elə bil, tərpənirdi, qaşları alnına doğru qalxıb çatılırdı, xallı burnunun ucu tərləyirdi. Bir-birinin lap yanında yerləşmiş iki alov dili kimi oynayan gözlərinin dərin yerindən hərdən bic təbəssüm, hərdən isə ümidsiz kədər boylanırdı. Şəkil elə bir dəqiq nöqtədən çəkilmişdi ki, guya o da xeyli maraqla yuxarıdan bizim söhbətimizə qulaq asır. Birdən Keçəl Bağır Karlikin şəklinə başı ilə işarə edib məclisə müraciətlə belə dedi:

- Ona bax, ona bax, gör qulaqlarını necə şəkləyib bizə qulaq asır. İndi gəlib sənin bu yalanını üzünə çırpar, onda görərsən…

O bu sözləri Babacandan, guya ki, məzəli bir hadisə danışan və bu zaman gözləri bic-bic gülən Şişman Hənifəyə müraciətlə dedi.

Şişman Hənifənin danışdığı "məzəli" hadisə isə bundan ibarət idi.

- Siz bilirdiz ki, bu Babacan, – Hənifə geriyə çevrilmədən əli ilə arxasındakı şəklə işarə etdi, - hər gecə yerinə girəndən sonra gözünə yuxu gedənəcən bir-iki dəqiqə zır-zır ağlayırmış? Sirkdəki ağlamaqdan yox eee, həqiqətən ağlayırmış. Özü mənə danışıb.

İçmişdi bəlkə də… hə, yaman çox içmişdi, ondan çıxmayan iş… ağzına gələni danışırdı. Bilmirəm, niyə dedi, amma dedi, elə olur, gözümdən yaş krantdan su kimi gəlir. Amma, sən Allah, heç kim bilməsin. – Sözünün bu yerində Hənifənin gözləri işıldadı. Biz bir-birimizin üzünə baxdıq, tezcə də başımızı yerə dikdik. Zümzümə Mərifət istədi onun sözünü kəsə, "bəlkə valı dəyişək?" dedisə də, olmadı. Şişman ona məhəl qoymadı, mərdiməzar idi, hökmən deyəcəklərini deyəcəkdi. O, davam etdi:

- Sözümü kəsmə, maraqlı söhbətdi… Siz heç onu piyan görmüşdüz, yox, görməmişdiz. Mən isə görmüşəm. Ay Hənifə, toyumun birinci gecəsidi, deyirdi, yanıma bir azdan arvad gəlib girəcək, məni yenə gic ağlamaq tutub. Özümü heç cür saxlaya bilmirəm. Yorğanı da çəkmişəm başıma, ancaq hıçqırıram. Bu da ki, - Şişman Hənifə gözü ilə otaqdan o tərəfə, mətbəxə, yəni Karlikin arvadı olan tərəfə işarə elədi, - soyunub, bəzənib-düzənib gəlib yatağın lap yanında… çaşıb qalıb, başa düşə bilmir ki, yorğan altından bu hıçqırıq nədi, niyədi, heç nə başa düşmür…

Neyləyim, neyləməyim, dişimi sıxdım dişimə, özümü yığışdırıb birtəhər ələ aldım, yorğanı üstümdən atdım, yorğanın altinda da ki, lütünəquluyam, başladım bərkdən hırtıldamağa, guya, elə bayaqdan gülürəm. Ağlamaqdan hırtıldamağa keçmək, özün bilirsən, asan bir şeydi mənimçün.

Elə böyük fərqi də yoxdu buların. Arvad elə bildi, mən bayaqdan gülürəm, bir mənə baxdı, bir mənim boyuma-buxunuma baxdı, o da başladı gülməyə. Amma, əslində, o ağlamalı idi, Hənifə, o, gül kimi arvad, vücudunu, elə bil, mərmərdən töküblər - boyu, buxunu… mənim nəyimə gəlmişdi?! Nədi, nədi, kiməsə bəlkə acıq vermək lazımmış. Nə qədər soruşdum, demədi - kimə. Qərəz… Bir müddət evliliyimizdən keçdi, Karlik dedi, artıq gecələr mənə ağlamaq tez-tez yox, hərdən gəlir. Gələndə o da, yəni, bu da – Şişman yenə Karlik Babacanın arvadı tərəfə işarə elədi,- mənimlə bir yerdə başlayır zır-zır ağlamağa. Bu niyə ağlayır – inanırsan bir dəfə soruşmamışam, özü də demir. Soruşmaram. Könül birliyi ki, demirlər, bəlkə bu elə odu, hm?! Karlikin dediyi sözlərdi, mən ölüm.

Şişman Hənifə susdu. Masanın ətrafında oturanların heç birindən səs çıxmadı. Biz hamımız pərt olmuşduq. Karlik bu sözləri Şişmana demişdisə də sirr kimi demişdi, o isə indi bu sirri faş edirdi. Ortalığa namünasib sükut çökdü. Mətbəx tərəfdə bu zaman milçək uçsaydı, biz onun səsini eşidərdik.

… Şişman Hənifə Keçəl Bağırın sözlərini eşidib əvvəlcə duruxdu, sonra isə hətta diksindi. Diksinməsinə səbəb Bağırın sözləri olmadı, həmən o hadisə oldu. Sonralar bunu heç cür unuda bilməyən və dəfən-dəfən müxtəlif tədbirlərdə yada salan məclis əhlinə məlum o məşum hadisə də elə bu zaman baş verdi.

… Və elə bu zaman o hadisə baş verdi. Karlik Babacan nə mənə, nə sənə, bir göz qırpımında divardakı öz şəklinin içindən atdanıb düşdü yerə, qaça-qaça gəldi Hənifənin yanına, bacardığı qədər yuxarı tullanıb onun üzünə tüpürmədimi, tüpürdü. Biz ancaq "tfu sənin abırsız, satqın üzüvə!" sözlərini güclə eşitdik. Yenə bir göz qırpımında Karlik artıq qaça-qaça gedib divardakı şəklinin içinə atdanıb girmişdi, ordan bizə qaşlarını çatıb bayaqkı maraqla baxmağına davam edırdi. Həm maraqla baxırdı, həm də, elə bil, heç nə baş verməmişdi.

- Mən dedim sizə, siz inanmadız. Dedim mən, indi gəlib bunun üzünə tüpürəcək? Dedim, demədim? – Keçəl Bağır altdan-altdan bizi süzüb yorğun və məmnun bir halda bayaqkı sözlərini təkrar etdi.

Hamımız mat-məəttəl qalmışdıq. Dinib danışan yox idi. Şişman Hənifə əlini atıb dəsmalını cibindən elə çıxartdı ki, elə bil, tapança çıxarır və indi Karlikin şəklini nişan alıb vuracaq. Əvvəlcə tərs-tərs çönüb şəklə tərəf baxdı və sonra dəsmalla üzünü silməyə başladı. Sildi, sildi, birdən ayağa qalxdı. Artıq biz də oturmaq həvəsində deyildik. Hər kəs yerindən durdu. Getməyimiz məsləhət idi. Otağın havasından gərginlik qılınc kimi sallanmışdı. Rəhmətliyin arvadı boynunu burub əlləri qoynunda ağır-ağır bayır qapının ağzına gəldi. Biz evdən bir-bir çıxdıqca ona başsağlığı verməyə başladıq. Zümzümə Mərifət bəlkə də birinci dəfəydi ki, uzun danışa bilmədi. Səsi də xeyli yavaşdan çıxırdı. Sıxıla-sıxıla dedi:

- Sən ki, bilirsən, o bizə qardaş kimi idi. Allah səbr versin, sənin özünə də Allah ürəyincə versin. Onun əziyyətini çox çəkdin…- Mərifət udqundu.

Babacanın arvadı Mərifətin pauzasından istifadə elədi, ürəyində sözü varmış:

- Sağ olun, hamınız çox sağ olun. Sizinlə nəfəs alırdı. Allah sizinkilərə də rəhmət eləsin. Əziyyət çəkdiniz… - Karlikin arvadı, həqiqətən, qəm və kədər mücəssəməsi idi.

Hərəmiz nəsə bir söz tapıb bu boylu-buxunlu, hətta indiyənə qədər yaraşığını itirməmiş, həyatını bizim karlik dostumuza həqiqətən qurban vermiş bu gözəl və vəfalı xanıma təsəlli kimi dedik. Amma aradakı pərtlik hələ də qalmışdı. Gözümüzün önündən bir neçə dəqiqə əvvəl baş vermiş o qəribə mənzərə çəkilib getmirdi. Karlikin arvadı bircə Şişman Hənifəyə əlini uzatmadı. Onun əli havada asılı qaldı. Bu xanım heç birimizin üzünə baxmadan gözlərini yana çevirib, əslində, Şişmana bəlkə də birinci dəfə "siz"lə müraciət edərək qəmli və bir az da yanıqlı səslə ürəyindəkiləri belə dilə gətirdi:

- Mən sizin dediklərinizi eşitdim. Siz ona "karlik" dediniz. Noolar, olsun, bu bir həqiqət idi. Amma… Babacanın indi elədiyi hərəkətə mən qətiyyən haqq qazandırmasam da, bircə onu bilirəm ki, o, dünyanın bütün karlikləri arasında ən ucaboylusu idi.

Siz bilmirsiniz. O, hər gün bunun əzabını yaşayırdı. Mən isə ona ancaq bu sözlərlə təskinlik verə bilirdim. Mən ona deyirdim: sən dünyanın ən ucaboylu karlikisən, niyə bu qədər özünü üzürsən?! Ən ucaboylu! Mən ərimlə fəxr edirdim. O yataq söhbətini isə, eşidirsiz, mənim ərim heç kimə danışa bilməzdi. Heç kimə! Siz o söhbəti uydurmusuz. Uydurmadı sizin dedikləriniz. – Bu gözəl arvadın bir də gördük, gözləri dolub, səsi isə qorxulu bir pıçıltıya dönüb kobud bir ahəngə büründü, amma tezcə də o ahəngin içindən asanlıqla sıyrılıb çıxdı. - Eybi yox, olur, həyatdı… - Sözünü bitirib burnunu çəkdi, dönüb sakitcə mətbəxinə qayıtdı.

Şişman xoruz kimi qıpqırmızı qızarıb qalmışdı. Bir kəlmə də ağzından söz çıxarıb danışa bilmədi.

Biz pəjmürdə bir halda pilləkənləri ağır-ağır enib, nəhayət, küçəyə çıxdıq. Hava soyuq idi və qaralmaq istəyirdi. Günün qəribə vaxtı idi - nə axşam kimi axşam düşürdü, nə də gündüz kimi gündüz idi. İki dəqiqəyə qədər evin qabağında dayanıb diqqətimizi bir yerə toplamadan ordan-burdan danışdıq. Mətləbə dəxli olmayan boş-boş şeylərdən. Şişman hələ də pərtlik içində susurdu. Onun üzünə heç birimiz baxmaq istəmirdik. Amma ayrılarkən yenə dözmədi, yenilmiş pəhləvan döyüşə doymayan kimi ürəyindəkiləri bir daha açıb boşaltdı:

- Vallah və billah, bu adam o sözləri mənə demişdi. Demişdi, sabaha sağ çıxmayım, demişdi. Niyə siz mənə inanmaq istəmirsiz axı, niyə? Siz elə bilirsiz, bu arvad istədiyindən deyirdi o sözləri?! İstədiyindən demirdi, azadlığa çıxıb, onunçün deyirdi. Bu nə zülümdü, Ay Allah, heç kim mənə inanmaq istəmir…

Yalvara-yalvara onun-bunun üzünə baxa-baxa qaldı. Hayıf, onunçün vacib olan hələ də bizim ona inanıb inanmamağımız idi. Üzü hələ də qızarmışdı, əlləri titrəyirdi. Son sözlərini deyəndə isə ağlamsındı və səsi titrədi. Eynən balaca, cığal uşaqlar kimi…

Başımızı bulaya-bulaya daha bir kəlmə söz danışmadan Şişmanı yolun ortasında tək-tənha buraxıb hərəmiz bir tərəfə dağılışdıq. Mən avtobus dayanacağına tələsdim. İndicə olmuşların tabut içi kimi ağır, qaranlıq, anlaşılmaz ahəngi məni üzürdü, rahat buraxmırdı. Amma axşam Seyidlə zəngləşəndə mənim üçün bəzi şeylər aydın olacaqdı. Seyid deyəcəkdi:

-Bəs sən bilmirsən?.. Hə, bilmirsən, sən axı Montində yaşayırsan… Şişmanı arvadı bir ay olar evdən qovub. Çox böyük bir qələt eləyib bu. Nəysə, telefon söhbəti deyil. Oğul-uşağı da analarının tərəfini tutublar. Deyirlər, iti görək, qurdu görək, Hənifəni görməyək…

Hələlik isə mən yüngülcə üşüyə-üşüyə yaxındakı avtobus dayanacağına tərəf gedirdim və gedə-gedə belə düşünürdüm: "Əslində, Karlikin bu sözləri Hənifəyə deyib-deməməyi əsas deyil. Əsas olan odur ki… Karlik bunun üzünə gəlib tüpürəndə hamımızın ürəyindən tikən çıxartdı."

# 4146 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #