Ədəbiyyatın vacibliyi haqda

Ədəbiyyatın vacibliyi haqda
27 aprel 2018
# 15:31

Eyyub Məmmədov

Şəxsi təcrübəmdə qarşılaşdığım maraqlı insanların ümumi bir bənzərliyi diqqətimi çəkib daima: kitaba qarşı laqeydlik. Çox maraqlıdır ki, bu insanların əksəriyyəti özlüyündə kifayət qədər zəngin kültürə, ensiklopedik biliyə, həssas insani duyuma malik şəxslər olsalar da onların kitab, ədəbiyyat, ümumiyyətlə, mütaliə prosesi haqda fikirləri aşağı-yuxarı eynidir.

Öz şəxsi uğurlarının kökündə yalnız və yalnız fərdi təcrübələrinin dayandıqlarını iddia edən bu kəslər kitaba təxminən başqalarının fikirləri ilə yüklənmək kimi baxır. Mən bu fikrin doğru, yoxsa yanlış olması üzərində dayanmayacam. Çünki bu mənimçün bir az da şəxsi maraqlara dirənən mövzu olduğundan üzərindən tam obyektiv fikir bildirməkdə çətinlik çəkirəm. Elə ona görə də əsas mövzumuzun bu olmadığını nəzərə alıb keçirəm mətləbə.

Ədəbiyyat adına, sənət adına, elm adına az-çox istər şəxsi maraqlardan, istərsə də inzibati səviyyədə qayğının hiss olunduğu bir vaxtda ölkədə günü-gündən aktuallaşan bir sual müvafiq cameəni narahat edir:

“Bu ölkənin əhalisi niyə kitab oxumur ?”

Bilirəm, kifayət qədər çeynənmiş mövzudur. Ancaq neyniyəsən? Bir fakt var ki, çeynənsə də aktuallığını qoruyur daima. Deməli, çeynəndiyi qədər də müzakirədən qaçılması mümkünsüzdür. Hətta o dərəcədə ki, çox vaxt problemə pedantcasına yanaşanda ortaya müxtəlif cür müqayisələrdən ibarət arqumentlər çıxır ki, əsasən əhalinin sayı ilə potensial oxucu sayı arasındakı statistik fərq, cəhalətimizin səbəbkarı kimi kitabsızlıq və s. kimi örnəklər ən ağrılı məqamlar kimi qələmə verilir.

Uğurlu örnək kimi isə qonşu Rusiya, Türkiyə və s ölkələr gətirilir. Sanki Dostoyevski, Çexov ənənələri üzərində dayanan ədəbiyyatının yetirməsi olan rus xalqı Yerofeyevin şikayətləndiyi rus xalqı deyil də, hansısa başqa bir xalqdır. Hansı ki, Yerofeyev o rus xalqından şikayətlənir ki, yüz yetmiş milyonun içərisində on yeddi min tirajla kitab oxuyan bir xalqdır.

Və yaxud da Orxan Pamukun misalında Azərbaycan yazıçısının həsrətini misal göstərmək olar. Guya Orxan Pamukun yazıçı lüksünü zəruri edən səksən milyonluq xalqın dəstəyidir.

“Gəlsin o, Pamuk səkkiz min tirajla yazsın görüm yenə elə gözəl əsər yaza bilər?” - deyir bir az da irəli getmiş cığal yazıçılarımız.

Mənimsə fikrim burada qəti olaraq birmənalıdır:

“Əlbəttə ki, hə”.

Yaza bilər. Çünki Pamuku Pamuk edən nə səksən milyonluq türk xalqıdır, nə də səksən milyonun içindəki səksən minlik oxucu kütləsi. Əksinə səksən milyonun içindən səkkiz min həqiqi oxucuya qoşulub səksən minə çevrilənlər özləri də bilmədən Pamuk küyünə düşüb onun məşhurluğunda pay sahibi olanlardır. Təbii ki, əsl Pamuk oxuyanlar da aşağı yuxarı o səkkiz minlərin içərisində yetişəcəklər. Həqiqət, həqiqilik, ciddiyyət milyonların işi deyil.

Mənə görə ölkədə ciddi yazıçının yetişməsi üçün ən vacib faktor ciddi oxucu sistemidir. Məsələnin bir az sakral – mistik , bir az rasional – şüurlu, bir az fitrətən və bir az da sonradan qazanılmış keyfiyyət kimi bu ümumi sadaladıqlarımın kompleks halı olan oxucu sistemi.

Bildiyimiz fizik kimi, kimyaçı kimi, klerikalist kimi, filosof kimi və s. kimi ən müxtəlif ixtisas sahiblərindən birinə çevrilmiş oxucu. Bir sözlə, ixtisaslaşmış oxucu. Hansı ki, bu oxucu yazıçıdan daha yaxşı oxucu ola bilər. Bir yazıçıdan fərqli olaraq öz istedadını yazmağa deyil də, oxumağa həsr edə bilər.

Bu oxucuların əsas fərqi nədədir bəs? Mənim oxucu dediyim seqmentin Sovet dövründə Salam Qədirzadə oxuyan yüz minlərə heç bir adiyyatı yoxdur. Belə olmasaydı o yüz min Salam Qədirzadə oxucusu günlərin birində qəfil nəhəng bir sistemin yıxılması ilə çevrilib bayağı şou-proqram izləyicisinə çevrilməzdi.

Nəzərə almaq lazımdı ki, kitab oxumaq Sovet dövrünün əsas məşğuliyyəti idi. Və bu trend dalğasında ən qatı kommunist belə Soljenitsın kimi sistemə təhlükəli bir yazıçını tapıb oxuyacaqdı. Oxuyurdu da. Deməli, burada Əlibala Hacızadə ilə, Salam Qədirzadə ilə öyünməyin bir mənası yoxdur. Daha dəqiqi buna haqqımız çatmır. Öyünməyə o zaman haqqımız çatardı ki, o, oxucu kütləsinin içindən çox yox, səksən nəfər ciddi ədəbiyyatçı formalaşardı. Ya da ədəbiyyatçının formalaşmasında pay sahibi olardı. Amma olmadı. Olanlar da tamam başqa dalğanın yetirmələridir ki, onları bura aid etmək ən azından çəkdikləri əziyyətə görə onlara qarşı insafsızlıq olar. Yoxsa ki, Seymur Baycanın məlum hekayəsinin Salam Qədirzadədən pastiş yoxsa, plagiat olduğunu bilməyib özlərini gülünc vəziyyətə salanlar çox da ki oxusun Salam Qədirzadəni, nə mənası var ki?!

İndi qayıdaq əsas suala:

“Kitab oxumaq bizə nə qatır ?”

“Kitab oxumaq faydalıdırmı?”

“Yoxsa biz kitab oxumağı bir doqma kimi qəbul edib kütləvi psixozun tərkib hissəsinə çevirməliyik?”

Açığı, mənimçün sənətin ən ürəkbulandırıcı tərəfi onun kütləviləşməsidir. Hətta bəzən müəyyən polemikalarda “evdar qadınlarımız kitab oxusun, seriala baxmasın” kimi ritorikalara da çox vaxt gülürəm. Axı siz nə gözləyirsiniz ki? Zaman dəyişib, trend günü-gündən fərqliləşməyə məruz qalır. Dünən kitab oxuyurdular, bu gün seriala baxırlar, sabah da başqa bir məşğuliyyət tapılacaq.

Yoxsa, siz Bakı – Qazax avtobusunda əlində çərəkə, yuxu yozmaları satan satıcıdan “Umberto Eko yeni kitab yazdı”, “Pamukun postmodernizmdən modernizmə qayıdışı” tipli reklamlar eşitmək istəyirsiniz?

Yoxsa xəstə ruhlar kolleksioneri Dostoyevskini oxumaq bir evdar qadın üçün bu qədərmi əhəmiyyətlidir. Girişdə haqqında danışdığım insanlar üçün Kafka nə rol oynaya bilərdi ki? Axı, niyə sənətin təyinatını dəyişdirib azdırılır? Buna bu qədər cəhd olunur? Məgər, ciddi sənət, ciddi ədəbiyyat bu qədərmi əlçatan olmalıdır? Həqiqi sənətlə “Kiç” baryerini dağıtmaq ədəbiyyat adına hansı faydanı verə bilər ki? Bu cür suallara ən müxtəlif cərəyanların nümayəndələri müxtəlif zamanlarda təxminən eyni cür cavab veriblər:

“Sənət sənət üçündür”.

Çayxanada oturub eşitdiyi səslərdən şeir yazan Appoliner də, torbadan çıxardıqları təsadüfi kağızları bir-birinə calayaraq şeir quraşdıran Dadaistlər də sənətin kütlənin deyil, fərdlərin işinə olduğuna inanıblar. Yoxsa, Borxes kimi bir nəhəng niyə sevinirdi ki, onun kitablarını beş-on nəfər oxuyur? Çünki onu oxuyanların həqiqi ədəbiyyat oxucuları olduqlarını yaxşı bilirdi.

Yekun olaraq, ölkədə ədəbiyyatın durumundan səmimi olaraq narahat olan insanlardan fərqli olaraq düşünürəm ki, vəziyyət heç də faciəvi deyil. Dünyanın harasında olur olsun ixtisas sahibləri öz ixtisaslarına maraqdan daim şikayətləniblər.

Bu ölkədə ümidini ədəbiyyata dikmiş bir yazarın beş yüz-min tirajdan şikayət etməsi təbiidir, başa düşüləndir. Ancaq mən istərdim ki, sənətçi də öz sənətinə qarşı fədakarlıq, entuziazm hissləri baxımdan xəsislik etməsin. Nə olur olsun həqiqi sənət, həqiqi ədəbiyyat gec-tez özünə yer tapacaq. Çox da olmasın Mehdi Bəyazidi tanıyan doqquz milyon. Əsas odur onu tanıyan doqquz nəfərin yaddaşında Mehdi Bəyazid Folkner miqyasında bir nəhəng olaraq yaşayır.

# 2134 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #