Yağış yağdıran hacı HEKAYƏ

Yağış yağdıran hacı <span style="color:red;">HEKAYƏ
17 mart 2015
# 09:00

Kulis İlqar Fəhminin “Bir yağışın kəraməti”kino-freskasını təqdim edir.

Allah bilir kimdən eşitmişdim, Allah bilir nə vaxt eşitmişdim. Bəlkə də eşitməmişdim, amma hər nədisə, axır vaxtlar yağışa düşən kimi Hacı Kamandar gəlir gözümün qabağına. Heç vaxt üzünü görmədiyim Hacı Kamandar. Kəndimizin köhnə ağsaqqallarından olan Hacı Kamandar…

Kişinin mahalda məşhurlaşmağı isə ötən əsrin iyirminci-otuzuncu illərinə təsadüf edir. Çaylardan xeyli aralıda olan kənddə su mənbəyi yox idi deyə, əsrlər boyu kənd camaatı ümidini yalnız dəmyə əkinlərə dikmişdi. İnsafən, göylər də öz bərəkətini bizim yerlərdən əsirgəmirdi. Ara-sıra quraqlıq da olanda, camaat kəndin Axunduna pənah gətirərdi, onun kənd qırağındakı evinin yanında yığışardı, axund Seyid Mirhəmid Ağa da evin damına qalxıb namaz qılar, camaatla birlikdə dualar oxuyar və bu cür “Müsəllayə çıxmağ”ın nəticəsi o olardı ki, bir-iki günə doğurdan da yağış yağardı, əkinlər doyunca su içərdi.

Mirhəmid Ağanın sağ-salamat olduğu vaxtlarda camaatın içində də bir növ arxayınçılıq yaranmışdı. Əkinlərini rahat əkirdilər, fikirləşirdilər ki, yağış yağar, lap əla. Yağmaz, Seyid Mirhəmid Ağanın canı sağ olsun, hamını başına yığıb müsəllayə çıxar, dualar oxuyub Allaha yalvarar, Allah da o kişinin xətrinə nə qədər lazımdı yağış yağdırar bizimçün.

Hətta bir neçə dəfə Seyid Mirhəmid Ağanı başqa kəndlərə də aparmışılar ki, müsəllayə çıxıb yağış yağdırsın, amma Seyid Mirhəmid nə qədər çalışsa da, alınmamışdı, camaat da fikirləşmişdi ki, görünür Allah-təala Seyid Mirhəmid ağanı yalnız bu kəndə vəkil eləyib, başqa yerdə kəraməti işləmir.

Amma Sovet hökuməti qurulandan sonra, yağışlı gecələrin birində, kəndə bir maşın çekist gəldi, Axundu maşına basıb harasa apardılar. Camaat səhər duranda azan səsi eşitmədi, xəbər tutdular ki, Mirhəmid Ağa yerli-dibli yoxa çıxıb.

Kəndin böyükləri yığışıb məşvərət elədi, axırda kənddən bir dəstə nümayəndə heyəti yığılıb rayonun İspalkomunun yanına getdilər, çox yalvardılar, xahiş elədilər ki, Ağanı qaytarsınlar; başa salmağa çalışdılar ki, həm ruhanisiz kənd pis görsənir, bir növ doşabsız xəşil kimidi, həm də sabah quraqlıq olanda əkinlərimiz məhv olar, camaat acından ölər; Müsəllaya çıxartmağa da başqa adamımız yoxdu, yəni belə götürəndə adam çoxdu, amma göydəkinin yanında elə bir hörmətli adamımız yoxdu ki, Allah-təala onun sözündən çıxmasın.

İspalkom da sinəsindəki qırmızı lenti tumarlayaraq camaatı dinlədi, nəhayət bildirdi ki, müsəllayə çıxmağa ehtiyac qalmayıb, çünki daha Allah yoxdu, təzə hökumətin sərəncamı belədi. Bundan sonra da nə şikayətiniz-filanız olsa Allaha yox, hökumətə ünvanlamalısız. O ki qaldı su məsələsinə, hökumətin planı var, yaxın vaxtlarda çaylardan bu tərəflərə böyük kanal çəkiləcək, ürəyiniz istəyən qədər su olacaq.

Kənd nümayəndələri ispalkomun sözünün birinci hissəsinə, yəni Allahın yoxluğuna inanmasa da, ikinci hissəsinə, yəni kəndə su kanalının çəkilməyinə inandılar və təəssüflə də olsa kəndə qayıtdılar. Hərçənd Axundun acı taleyinə hamı təəssüflənirdi, amma əlac yox idi, hökumətlə hökumətlik eləmək mümkün deyildi, camaatın da gücü ona çatdı ki, Seyid Mirhəmid Ağanın ailəsinə bacardıqca əl tutsunlar, kasadlıq çəkməyə qoymasınlar. Amma nə qədər olsa da, adamlar vəfasız olur deyiblər, kənd camaatı da qısa müddət sonra bu kənddə ümumiyyətlə Seyid Mirhəmid Ağa adlı axundun yaşadığın da unutdu, onun camaatçün elədiklərini də.

Camaatın bu unutqanlığı isə deyəsən göylərin xoşuna gəlmədi, hökumətin kanal çəkmək planı həyata keçənə qədər, kəndin üstünü növbəti quraqlıq aldı. Axund tutulandan sonrakı il, nə yazın axırında, nə də yayın əvvəlində yağış yağmadı. Camaat yaman narahat olmağa başladı. Başqa əkinlər hələ bir yana, filan qədər taxıl əkilmişdi, əgər heç olmasa, yaxın bir ayın ərzində yağış olmasaydı, taxıl da, başqa dəmyə əkinlər də məhv olacaqdı. İspalkomdan kömək gözləmək də yersiz idi, təzə hökumət hələ elə gündəydi ki, özünü güclə saxlayırdı.

Bir həftə də gözləyən camaat yağışın öz xoşuna yağmayacağına əmin oldu və kənd böyükləri məşvərət qurdular, qəlyan çəkdilər, tədbir tökdülər. Əvvəl qərara gəldilər ki, özləri müsəllaya çıxsınlar.

Adət etdikləri kimi çölə çıxıb dua oxudular, namaz qıldılar, göyə əl açıb yalvardılar, yağış istədilər.

Ancaq xeyri olmadı. Görünür, bütün bu duaların qabağına düşüb onları Haqqın dərgahına aparan bircə Seyid Mirhəmid Ağanın duası imiş, o biri camaatın duaları isə Haqqın dərgahına gedən yolu yaxşı tanımadıqlarına görə sarvansız qalıb ora-bura səpələnmişdilər, yarı yolda qalmışdılar.

Yavaş-yavaş üzlərə kədər çökdü, hamı göyə baxa-baxa qaldı, ancaq günlər keçdi, buluddan-filandan əsər-əlamət görünmədi. Göy üzünün təmizliyi sanki kənd camaatının qışda anbarlarının da tər-təmiz olacağından xəbər verirdi.

Artıq təkcə əkinlər yox, kənddəki mal-qara da susuzluqdan əziyyət çəkməyə başlamışdı və belə getsəydi, kənd əhlinin aqibəti yaxşı olmayacaqdı.

Axırı kəndin böyükləri təzədən rayon mərkəzinə getdilər ki, ispalkoma yalvarsınlar, heç olmasa bir günlük Seyid Mirhəmid Ağanı kəndə qaytarsın. Lakin məlum oldu ki, Ağa həbs olunandan üç ay sonra türmədə rəhmətə gedib.

Kəndin böyükləri suyu süzülə-süzülə geri qayıtdılar, yenə məşvərət qurdular, bir əlac tapa bilmədilər. Qəfildən kənd ağsaqqallarından biri yarı-zarafat, yarı-gerçək dedi ki, kaş Hacıbəylilərdən birinin toyu olaydı, onlar nə vaxt toy eləsə, lap yayın ortası da olsa, mütləq yağış yağacaq…

Camaat sanki birdən-birə xatırladı ki, doğurdan da, həmin nəsillə bağlı bu söhbət həmişə kənddə dolaşıb - Hacıbəylilər heç vaxt ürəkləriycə toy eləyə bilmirlər, çünki toylarında həmişə şıdırğı yağış yağır. Bunun səbəbiylə bağlı kənddə bir neçə mistik rəvayət gəzirdi, hərə bir şey deyirdi, ən çox danışılanı isə bu idi ki, guya yüz il əvvəl Hacıbəylilərdən hansı birisə cavan olanda durub göy üzünə daş atıb, başa düşməyib ki, göy üzü daş saxlamaz, ona görə də göylərin belə bir lənətinə düçar olublar, toyları yağışsız ötüşmür.

Məhz həmin vaxt bu söhbət açılan kimi, kəndin böyükləri elə bil öz nadanlıqlarına görə xəcalət də çəkdilər. Necə olub ki, indiyəcən bu məsələ onların xatirlərindən çıxıb? Axı çox da keçmişdə yox, elə keçən il o nəsildən iki toy oldu; ikisində də yağış yağdı; inişil bir toy oldu, yenə yağış; ondan qabaqkı il iki toy - yenə eyni vəziyyət. Özü də ancaq kişi toyu olanda yağış yağır. Göylərin bu nəslin zənənləriylə şəxsi-qərəzliyi yoxdu, qız köçürdənə dəyib dolaşmır. Amma hünərin var, kimisə evləndir, kişi toyu elə. Onda al gəldi, durub göy üzünə atdığın daşın əvəzi.

Bu söhbətin təbii sonluğu olaraq, kəndin böyüklərinin beynində belə bir fikir yarandı ki, bu yay da, Hacıbəylilərdən kiminsə toyu olsa, mütləq yağış yağacaq.

Tərslikdən məhz həmin yay o nəsildən heç kim toya hazırlaşmırdı, heç evlənmək yaşında oğlan da yox idi, ən böyük subay oğlan uşağı on yaşında idi.

Bəs neynəməli? Başqa çarə görməyən kənd böyükləri elə həmin on yaşlı uşağa toy çaldırmağı qərara alsalar da, uşağın atası Sarı Səməd qəti şəkildə etiraz elədi, bildirdi ki, mən uşağın hələ kiçik toyunu eləməmişəm, hara evləndirirəm?

Kəndin böyükləri təklif elədilər ki, uşağın elə hər iki toyunu birləşdirsinlər, amma Sarı Səməd razı olmadı, dedi ki, ondansa, o dey Hacı Kamandar əmini evləndirin, kişi neçə illərdi dul qalıb, özü də bekarçılıqdan bilmir neynəsin, işi-gücü bütün günü həyətdə durub göy üzünə daş atmaqdı...

Bəli, nəhayət gəlib çıxdıq Hacı Kamandarın üstünə…

Sarı Səməd düz deyirdi, yaşı altmışa tərəf gedən Hacı Kamandar həqiqətən də neçə il idi ki, arvadı basdırmışdı, yeganə qızı da qonşu kənddə ərdə olduğundan kişi, qardaşı və bacısı uşaqlarının ümidinə qalmışdı.

Beləcə, kəndin böyükləri qərara gəldilər ki, nə qədər əkinlər tam yanıb məhv olmayıb, Kamandar kişini təcili olaraq evləndirsinlər.

Hamı müşkülün həllinə ümid yarandığına görə sevindi, ancaq bir müşkülün içindən başqa bir müşkül çıxırmış demə. Ən qəliz olan məsələ elə Hacı Kamandarın özünü razı salmaq idi. Çünki əvvəllər də qardaşı uşaqları ona bu xüsusda təkliflər eləmişdi, ancaq kişi razılaşmamışdı ki, ayıbdı mənimçün bu yaşda təzədən evlənim.

Kəndin böyükləri bilirdilər ki, Hacı Kamandarın xasiyyəti də yaman tərsdi. Fikirləşdilər ki, lap tutalım birtəhər razılaşdı. Kiminlə evləndirəcəyik onu? Kənddə yaşı Hacı Kamandara uyğun gələn dul arvad yox idi, yaxın-uzaq kəndləri gəzib axtarmağa da vaxt çatmayacaqdı. Uzağı bir həftəyə yağış yağmasaydı, kəndin üstündən xətt çəkmək olardı. Qışda hamı acından qırılacaqdı.

Başqa əlac olmadığını görən kənd böyükləri qərara gəldilər ki, Hacı Kamandar üçün cavan qız alsınlar. Ancaq o da məlumdur ki, heç kim öz ərlik qızını qoca kişiyə verib bədbəxt eləmək istəməyəcəkdi. Yenə varlı-hallı adam olsaydı, başqa məsələ. Tərslikdən Hacı Kamandar axır on ildə yaman kasıblamışdı, yeganə sərvəti də göy üzünə atdığı daşlar idi.

Bu xüsusda bir neçə təklif oldu, əvvəl dedilər ki, kimin qızı eybəcərdisə, onu verək Kamandar kişiyə.

Təbii ki, hamının gözündə öz evladı gözəldi, onunçün də bu təklifdən bir nəticə hasil olmadı, heç kim sinəsini, daha doğrusu qızını qabağa vermədi.

Sonra dedilər ki, kimin qızı çoxdusa, Hacı Kamandar ona kürəkən olsun.

Bununla da razılaşmadılar, bir neçə qızı olan kişilər dedi ki, ədalətdən deyil bu, ondansa kənddə ərlik yaşda olan bütün qızları yığıb püşk ataq, qismət hansına düşər, o da ərə gedər Hacı Kamandara…

Son təklif məqbul göründü, çünki bir şey heç kimin ağlına gəlmədi. Amma püşk atmamışdan qabaq hər ehtimala qarşı Hacı Kamandarın özüylə danışmaq lazım idi.

Kişi isə elə birinci söhbətdən, iki ayağını bir başmağa dirədi ki, gedin özünüzü dolayın, mənim evlənən yaşım çoxdan keçib, bir ayağım burdadı, bir ayağım gorda, camaatın qızını bədbəxt eləmək fikrim də yoxdu.

Kəndin böyükləri çox təkid elədilər, dedilər ki, sənə elə qız alacağıq ki, ay parçası, sərv boylu, incə belli, mərmər sinəli…

Yox, xeyri olmadı.

Nəhayət, Hacıbəyli nəslinin nümayəndələri işə qarışdı. Bacısı uşaqları, qardaşı nəvələri Hacı Kamandarın yanına minnətə gəlib onu yola gətirməyə çalışdılar. Ən çox əlləşən isə kişinin bacoğlusu 40 yaşlı İsmixan idi. Köhnə taxılçı olan İsmixan tərslikdən də bu il borc-xərcə girib əvvəlki illərdəkindən daha çox yer əkmişdi, taxılı satıb yaxşı qazanc götürəcəyini düşünürdü, amma yağışın yağmaması onun keyfini də qurutmuşdu. Qazancdan artıq əlini çəkmişdi, indi dərdi o idi ki, külfəti qışda acından qırılmasın.

Ancaq nə İsmixan, nə də o biri qohumlarının təkidi Hacı Kamandara təsir eləmədi, axırda qonşu kənddə ərdə olan qızını da dəvət etdilər ki, atasına vəziyyəti başa salsın, yenə xeyri olmadı. Dedi ki, lap bütün kənd acından qırılsa da evlənən deyiləm, ayıbdı, həm də mənim bu saat düz-əməlli bacardığım yeganə iş durub göy üzünə daş atmaqdı.

Yenə də kəndin böyükləri yığıldı, məşvərət quruldu, hərə bir vasitə təklif elədi, nəhayət İsmixan xatırladı ki, deyilənə görə, Hacı Kamandar o vaxt cavan olanda, əminəvəsi Bəyimxanımı istəyirmiş, qız da buna meylliymiş, lakin atası qızını Kəndxudanın avara oğluna ərə verdi, Kamandarın gözü qaldı onun dalıyca. Arvadın yaşı əllini heç keçməyib, deyilənə görə cavanlıq təravətini də saxlayıb, canı suludu. Onu təklif eləsək, yəqin evlənər, sonra da baş-başa verib göy üzünə çoxlu-çoxlu daş atarlar.

Təklif camaata maraqlı görünsə də, yanında böyük bir əmması vardı - Bəyimin əri olan həmin avara bəyoğlu ölüb eləməmişdi. Düzdü, təzə hökumət qurulandan sonra qumara qoyub uduzmağa macal tapmadığı olan-qalan var-dövləti əlindən çıxmışdı deyə, havalanmışdı, əlindən çaxır şüşəsi düşmürdü, özü də həftələrlə kənddə tapılmırdı, bir az aralıdakı Malakan qəsəbəsində olardı. Bəyim də kənddə yeganə oğluyla yaşayırdı.

Bəyimin Əhməd adlı cavan oğlu da atasından geri qalmırdı, tənbəl, avaranın biriydi, heç bir işin qulpundan yapışan deyildi. Kənd içində hamı ona Mıtı deyirdi, çünki Əhməd kimi həşəmətli bir adı belə avara gədəyə yaraşdırmırdılar.

Kəndin böyükləri tədbir tökdülər ki, əvvəlcə Bəyimin tüfeyli əriylə danışsınlar.

İsmixan yenə qabağa düşdü, Malakan qəsəbəsindəki şərabxanada onu tapıb ağzını aradı, o da cavab verdi ki, cəhənnəm olsun arvad, onsuz da zəhləm gedir sifətindən, bu şərabxanaya olan borclarımı ödəyin, üstündə də iki boçka şərab verin, boşayım arvadı.

İsmixan bu keçmiş bəybalasının şərtlərini kəndin böyüklərinə çatdırandan sonra, qərara gəldilər ki, bir neçə diribaş arvadı tez yollasınlar, Bəyimin də ağzını arasınlar. Düzdü, gənclikdə Hacı Kamandara meyli olub, ancaq arvadların ipinin üstünə odun yığmaq olmaz, bir də gördün fikrini dəyişib. Hər nədisə, Hacı Kamandar daha cavanlıqdakı deyildi, əvvəlki kimi at belində şahə qalxıb quşu gözündən vurmurdu, atdığı daşlar da göy üzündə çox qalmırdı.

O biri tərəfdən, Bəyim arvad da, asanlıqla ərindən boşanana oxşamırdı, çünki neçə illərdi əri avaraçılıq yoluna üz tutsa da, tez-tez gəlib onu döysə də, gününü göy əskiyə büksə də, kənd arvadlarının boşanmaq məsləhətinə qulaq asmırdı, deyirdi ki, hər nə zibildisə, mənim qismətimdi, axıracan oturmalıyam, bizim nəsildə hələ ərindən boşanan olmayıb.

Ancaq Bəyimdən qabaq, oğlu Mıtı məsələdən xəbər tutdu və yubanmadan işə qarışdı. Dələduz oğlan olduğundan, o saat başa düşdü ki, vəziyyətdən əntiqə istifadə eləmək olar. Özünü qabağa verib dedi ki, mənim şərtlərimi yerinə yetirməsəz, anamı ərə verən deyiləm, qoymayacam atam onu boşasın.

Kəndin böyükləri əvvəlcə bu avara gədənin sözüylə oturub-durmağı özlərinə sığışdırmasalar da, İsmixanın təkidiylə vəziyyətlə barışmalı oldular. Çünki bu saat başqa çarə yox idi, Hacı Kamandarın ürəyinə gedən yol, Bəyimxanımdan keçirdi, Bəyimxanıma aparan yolu da bu qurumsaq Mıtı haramı kimi kəsdirib durmuşdu. Hər nəydisə, bir yolla onu da razı salıb yoldan kənarlaşdırmaq lazım idi.

Beləliklə, qurumaqda olan əkinlərə baxan kənd böyükləri dişlərini sıxıb Mıtının şərtlərinə qulaq asmalı oldular.

Mıtı isə əvvəlcə bir gün vaxt istədi ki, fikirləşsin, ancaq İsmixan bu müddəti yarım günə qədər azaltdı, çünki vəziyyət eləydi ki, hər gün az qala qızıl qiymətinə idi. Quraqlıq bir həftə də davam etsəydi, əkinlər birdəfəlik məhv olacaqdı, sonra bütün Hacbəylilər birdən evlənsəydi də, yenə xeyri olmayacaqdı.

Axşamtərəfi Mıtı kəndin böyüklərinin yanına gəlib iki dənə şərt qoydu; Kəndin ağsaqqalı Məşədi Murad kiçik oğluyçün təzə tikdirdiyi ikimərtəbəli evi Mıtıya bağışlayır, dəyirmançı Cəfər də yeganə qızını Mıtıya ərə verir.

Mıtının bu şərtlərini eşidən Məşədi Muradla oğlu və Dəyirmançı Cəfər əvvəlcə onu tutub döymək istədilər, daha doğrusu tutdular ki döysünlər, amma kəndin böyükləri qoymadı; bir tərtəmiz, buludsuz səmaya baxdılar, bir yanmaqda olan əkinlərinə baxdılar və böyük təkid və təzyiqlərlə Mıtının şərtlərinə əks tərəfi razı saldılar.

Söz danışıqdan keçir, deyiblər. Mıtı da kəndin böyüklərinin dilindən söz aldı, çünki bilirdi ki, kişi kimi söz verdilərsə, dalında dayanacaqlar. Əgər dayanmasaydılar, daha kəndin böyükləri olmazdılar.

İstədiyinə nail olandan sonra Mıtı anasının yanına getdi, nə dedi, nə demədi, bunu heç kim bilmədi, amma əvvəl boşanmaq barədə söz də eşitmək istəməyən Bəyimxanım, bu yaşda ərindən boşanıb taleyini Hacı Kamandarla birləşdirməyə çətinliklə də olsa, razılıq verdi.

İndi qalırdı bu şad xəbəri Hacı Kamandara çatdırmaq ki, bunu da öz öhdəsinə əlbəttə ki İsmixan götürdü.

Hacı Kamandar üçün bu təklif həqiqətən də gözlənilməz oldu. Həyətdəki ağacın kölgəsində oturub əsasını çənəsinə dirəyərək bacoğlusunun təklifini dinləyən kişi əvvəlcə elə bildi ki, qulaqları onu aldadır. Hətta iki dəfə «əstağfurullah» deyib, qulaqlarını da çəkdi.

İsmixan məsələni təkrarən dayısına başa salmağa çalışanda isə, kişinin qəfildən beyni çöndü. Həyət qapısının qarşısına toplaşmış camaat bir də onu gördü ki, qəzəblənmiş dayısının əsasının zərbəsindən qurtulmaq istəyən İsmixan özünü zorla həyətdən bayıra atdı.

Əsasını yellədə-yellədə bayıra çıxan Hacı Kamandar üzünü camaat tutub qəzəblə qışqırdı ki, sizin hamınızın ağlı çaşıb, xalxın arvadını zorla ərindən boşatdırırsız ki nə var nə var, Hacıbəylilərdə toy olsun, yağış yağsın. Cəhənnəm olsun toy da, sizin yağış da…

Kəndin böyükləri yenə mat-məəttəl qaldılar, əlləri yanlarına düşdü. Bir müddət ağır baxışlarını bir birinə zilləyib durdular, bilmədilər nə tədbir töksünlər. Kəndə ağır süküt çökdü.

İş o yerə çatdı ki, hətta Hacı Kamandarın bacoğlusu İsmixan da ruhdan düşdü. Hətta camaat pıçıldaşırdı ki, binəva yavaş-yavaş havalanmaq üzrədir, çöldəki əkinlərin içində gəzir, yanmaqda olan kolları Kərbəla şəhidləri bilib onlarçün mərsiyə oxuyur, Yezid cildinə girmiş əmisini lənətləyir, göy üzünə daşlar atır, atdığı daşlar da bi hovur çəkmir ki təzədən tökülür başına.

Amma Mıtı İsmixandan daha tədbirli imiş, yarım gün fikirləşəndən sonra təklif elədi ki, anamın özünü yollayaq Hacı Kamandarın yanına, kişin onun özüylə üz-üzə, göz gözə qalsa, imtina eləməz, ürəyi gəlməz.

Kəndin böyüklərinin təzədən eyni açıldı, Mıtıya tapşırdılar ki, anana de, ən qəşəng, zərbafta paltarlarını geyinsin ki, Hacı Kamandar valehü-heyran olsun, cavanlıq eşqi tüğyan eləsin, imtina eləməyə ürəyi gəlməsin.

Ancaq bu dəfə Bəyimxanımın tərs damarı tutdu, razılaşmadı, hətta oğlunun təkidlərinin də xeyri olmadı, çünki avara ərdən boşanıb başqasına ərə getmək ayrı, öz ayağınla həmin bu başqasının evinə gedib ona evlənmək təklif eləmək ayrı. İndikilərdən fərqli olaraq, köhnə arvadlardan olan Bəyimxanım bunu həm öz qadınlıq qüruruna bunu sığışdırmırdı, həm də, etiraf eləməsə də, qorxurdu Hacı Kamandardan.

Elə cavan vaxtı da möhkəm qorxurdu, qorxduğuna görə də bənd olmuşdu ona, çün o vaxtkı qadınlar əvvəl sevib sonra qorxanlardan deyildilər, əvvəl qorxardılar, sonra yavaş-yavaş sevərdilər.

Mıtı anasını razı sala bilməsə də, çöldə taxılın içində sinə vurub növhə deyən İsmixandan fərqli olaraq, yenə ruhdan düşmədi, qonşu arvadlardan bir ikisiylə danışdı, məsləhətləşdi, başa saldı ki, elə eləyək ki, onları təsadüfən görüşdürək.

Gedib İsmixanı xəyali Kərbəlasından ayırıb gətirdilər kəndə, bir iki masqura soyuq ayran içirtdilər, yazıq bir az özünə gəldi, və məsələni ona başa saldılar. İsmixan elə bil azca ruhlandı, razılaşdı ki, kişini bir bəhanəylə neytral zonaya - qonşulardan birinin həyətinə gətirsin və kişi burda guya təsadüfən Bəyimxanımla görüşsün… Qalanı da Allah kərimdi…

Razılaşdılar, məsələni elə fikirləşdikləri kimi də düzüb qoşdular.

Bütün kəndin yarım gün həsrətlə gözlədiyi görüş baş tutdu.

...Yaman təsirli səhnə alındı. Təsadüfi görüş, qəmli və utancaq baxışlar, titrəyən əllər, dişlər arasında sıxılan dodaqlar, sürətlə qalxıb enən sinələr və nələr nələr...

Ətrafdakı adamlar onları məqsədli şəkildə həyətdə tək qoyandan sonra, yarım saat ərzində aralarında nə söhbət oldusa, yaxud ümumiyyətlə heç bir söhbət olmadısa, hər nə oldusa, Hacı Kamandarın inad buzu çat verdi və evinə qayıdandan sonra İsmixana dedi ki evlənməyə razıyam.

Elə həmin gün Bəyim xanımın ərinin bütün şərtləri yerinə yetirildi, Malakan kəndindəki şərabxanaya olan borcları ödənildi, bir neçə boçka çaxır alınıb ona təhvil verildi və köhnə bəybalası da kişi kimi sözünə əməl edərək, gəlib arvadına üç talaq verib onu boşadı, təzədən Malakan kəndinə qayıtdı, başını soxdu çaxır boçkasına.

Ertəsi gün isə Hacı Kamandarla Bəyim xanımın toyu təyin edildi. Düzdü, şəriətə görə, ərindən boşanan arvad belə tezliklə ərə gedə bilməzdi, amma yubanmaq olmazdı, əkinlərin bir hissəsi artıq qurmuşdu, heç olmasa, hələ «nəfəs-alıb verənləri» xilas etmək lazım idi. Şəriət isə qışda ac qarınları doydurmayacaqdı.

Beləcə, kəndin böyükləri bir işarə verdilər, o saat tədarük başladı, bir günün içində camaat əsl toyçün nə lazımdısa, hər şeyi hazırladılar, arıqlamış heyvanlardan bir neçəsini kəsdilər, yeyib-içmək tədarükü gördülər. Axşamtərəfi Hacı Kamandarın təpədəki evinin qarşısında böyük mağar quruldu, xalça-palazlar salındı; Bəyim xanımı da bəzəyib düzədilər, başına qırmızı duvaq saldılar, Hacı Kamandarı geyindirib keçindirdilər… Hətta iki daşın arasında o biri kənddən sazəndə dəstəsi də dartıb gətirməyə müvəffəq olmuşdu kəndin böyükləri.

Elə günün batmağına bir az qalmışdı ki, damda oynayaraq, ara-sıra göy üzünə daş atan oğlanlardan biri dedi ki, üfüqdə qara buludlar görünür. Cavanlar cəld ən hündür ağaclardan birinə çıxdılar və sevincək təsdiq elədilər ki, uşaqlar düz deyir, gün çıxan tərəfdən qara buludlar gəlir…

Bu neçə müddətdə camaatın sifətini tutmuş kədər kölgəsi bir dəqiqədə yox oldu, sifətlər çiçək açdı, gözlər güldü, səslər şirinləşdi… qara buludlar gəlirsə, deməli bu uzun çarpışmaları hədər deyilmiş, doğurdan da yaxın saatlarda yağış yağacaq.

Vaxtı çatanda, Bəyimxanımı təmtəraqla Hacı Kamandarın evinə gətirdilər. Sonra toy başladı, nə başladı. Zurna-balaban səsi kəndi başına götürdü, kənd əhalisi elə bir şadyanalığa başladı ki, heç binayi-qədimdən bu yerlərdə belə toy görünməmişdi. İlk dəfəydi ki, Hacıbəyli nəsli şövqlə toy eləyirdi, çünki bu dəfə yağışdan qorxmurdular, əksinə böyük həvəslə gözləyirdilər…

Toyxanada ən çox oynayan da Hacı Kamandarın bacoğlusu İsmixanla və Bəyimxanımın oğlu Mıtı idi.

Gecə yarı, toy bitənə yaxın artıq kəndin üstünü qara buludlar almışdı, ara bir şimşək də çaxırdı…

Toydan sonra da camaat böyük sevinc və rahatlıq içində evlərinə dağılışdılar ki, yatıb dincəlsinlər, yorğunluqları çıxsın. Hamı arxayın idi ki, elə gecəykən yağış yağmağa başlayacaq.

Kənddə çıraqlar söndürüldü, hamı yıxılıb yatdı, cəmisi iki nəfərdən başqa. Təkcə Hacı Kamandarın evində çıraq yanırdı. Ta səhərə qədər…

Ertəsi gün, sübh tezdən camaat sevinc içində yuxudan durdu ki, küçələrdəki gölməçələrə baxıb mənəvi həzz alsın. Amma küçələr qup-quru idi.

Qara buludlar üfüqdən üfüqə bütün səmanı tutsa da, yağışdan hələ ki, əsər-əlamət yox idi.

Kəndin böyükləri yenə məşvərət qurdular, yenə heyrətlə bir-birinə baxıb gözlərini döydülər. Hacıbəylilərdən kiminsə toyu ola, yağış yağmaya - bu, görünməmiş bir hadisə idi. Ən qəribəsi isə bu idi ki, gözlənilənə uyğun olaraq qara buludlar gəlmişdi, ancaq nədənsə işini yarımçıq saxlamışdı, yağış yağdırmaq fikrindən daşınmışdılar.

Kəndin böyükləri düz bir gün fikirləşdilər, düşünüb daşındılar, gözlədilər ki, bəlkə axşamacan buludlar fikrini dəyişə.

Nəhayət axşamtərəfi, Bəyimxanımın oğlu Mıtı sanki məsələnin səbəbini başa düşdü. Kəndin böyüklərinin yanına gəlib, dedi ki, baxın, Hacı Kamandar toy çaldırdı, boynuna düşənin birinci qismini elədi, əvəzində bulud gəldi. Hətta ara-sıra göy də guruldayır. Bunun ardıyca yağış yağmalıydı, amma yağmayıb, belə görünür ki, Hacı Kamandar boynuna düşən öhdəliyin ikinci qismini yerinə yetirməyib. Onunçün də yağış yoxdu.

Mıtının eyhamını hamı başa düşdü və maraqla bir-birinə baxdılar. Bu dələduz gədə deyəsən düz deyirdi, evin çırağı da səhərəcən yanmışdı. Yəqin bunlar səhərəcən oturub cavanlıqlarını xatırlamışdılar, elə ancaq söhbət eləmişdilər, bir-iki dəfə də qaranlıq göy üzünə daş atmışdılar, daha alayı bir iş görməmişdilər.

Hacı Kamandarın evi kəndin kənarındakı təpəliyin üstündə idi, ona görə də evin çırağının səhərəcən yanması kənd camaatının nəzərindən qaça bilməzdi.

Deməli, təcili şəkildə bu son maneəni də dəf eləmək lazım idi. Budur, kəndin başının üstünü qara bulud alıb, tez-tez göyün gurultusu da eşidilir. Deməli, əsas məsələ də yoluna qoyulmalıdı ki, tamam-kamal yağış yağsın, kənd quraqlıqdan, aclıqdan xilas olsun.

Yenə bu məsuliyyətli işi Hacının bacoğlu İsmixan boynuna götürdü, kişinin yanına gedib qətiyyətlə şərt qoydu ki, elə bu saat arvadın yanına girməlidi, yoxsa axırı yaxşı olmayacaq.

Hacı Kamandarın yenə özündən çıxdı, beyni çöndü, əsasını qaldırıb cumdu bacoğlusunun üstünə, onu söyüb biabır elədi ki, arvad mənimdi, özüm bilərəm nə vaxt yanına girərəm, nə vaxt girmərəm, rədd ol burdan, qurumsaq…

Yenə daş qayaya dirəndi. Bu dəfə artıq hamı ruhdan düşdü, həm kəndin böyükləri, həm də balacaları. Bu da işdi? Başının üstündə ürəyi dolu qara bulud, yerdə susuzluqdan yanan əkinlər, arıqlamış mal-qara, arada da Hacı Kamandarın tərsliyi…

Əslində kəndin böyükləri Kamandar kişinin vəziyyətini başa düşürdülər. Uzun illər təkliyə öyrəşmiş adamı iki günün içində evləndirmək, uzun illər həsrətini çəkdiyi arvadı gətirib ocağının başında otuzdurmaq - əlbəttə ki taleyin belə qəfil deyişikliyini ruhən qəbul eləməkçün hətta cavan adama bir az vaxt lazımdı. O ki, qaldı yaşlı kişi ola. Bilirdilər ki, vaxt keçdikcə hər şey düzələcək.

Lakin tərslikdən vaxt da yox idi. Kəndin böyükləri gah Hacı Kamandarın evinə tərəf baxırdılar, gah göylərə boylanırdılar. Qorxurdular ki, birdən buludlar gözləməkdən yorular, çıxıb gedərlər. Ondan sonra Hacı Kamandar hərəmxana da açsaydı, xeyri olmazdı.

Atalar deyib ki, kişilər çarəsiz qalanda arvadlar işə girişir. Ertəsi gün İsmixanla Mıtı kəndin aradüzəldəni, həm də dəvaçısı Məsmə arvadın üstünə cumdular, ondan təcili çarə istədilər. Üzü-üzlər görmüş Məsmə arvad çarşabının ucunu dolayıb ayağa durdu, evdəki xüsusi otlardan, dərman bitkilərindən lazım olanlarını yığdı, durub getdi Bəyim xanımın yanına, tapşırdı ki, bu otlardan dəmləyib bir bəhanəylə kişiyə içirtsin, ondan sonra kişinin gözü öküz kimi qızacaq…

Gecəyə yaxın demək olar ki, kəndin bütün böyükləri yığışdılar kəndin qırağındakı təpəliyə, Hacı Kamandarın evinin qarşısındakı meydançaya…

Hamı həsrətlə gözləyirdi ki, görəsən çırağı nə vaxt söndürəcəklər…

Gecə yarını keçdi, ancaq çıraq yanmağındaydı, elə bil camaata acıq verirdi. Deyəsən Məsmə arvadın otlarının da bir xeyri olmurdu.

Gecə yarıdan bir müddət keçəndən sonra, birdən kimsə göyə fikir verdi və hay-küy qaldırdı ki, ay camaat, buludlar çəkilir…

Hamı göyə boylandı və gördülər ki, doğrudan da kəndin üstünü tutan qara buludlar tələsmədən, günbatana doğru hərəkətə başlayıblar. Səmanın boşalmış küncündə açılan ay öz işığını kəndin üstünə yönəldib camaatı sanki qarşıdakı aclıq və fəlakətdən xəbərdar edirdi.

O birilər faciənin böyüklüyünü dərk edənə qədər, Mıtı özündən çıxdı, çünki başa düşürdü ki, yağış olmasa, camaat onun şərtlərinə əməl edən deyil və bu iki gündə özüyçün qurduğu gözəl gələcək xəyalları elə o buludlar kimi yavaş-yavaş çəkilib gedəcək.

Mıtı heç cür dözə bilmədi, qəzəblə atalığının evinə cumdu, içəri girib, şüşəbənddə süfrə başında oturmuş kişini bayıra çıxardıb yaxasından yapışdı ki, nə vaxtacan gözləyəcəyik? O boyda toy çaldırdıq sənə, o cür arvad aldıq, indi nə istəyirsən? Niyə adam olmursan? Niyə zülüm veriirsən bizə? Nəyin çatmır? Bəlkə gəlim kömək eləyim sənə?

Oğulluğunun qəfil təzyiqindən əvvəl özünü itirən Hacı Kamandar nəhayət özünə gəldi, Mıtını kənara itələyib yenə əsasını götürdü, ağzı da açıldı, nə açıldı…

Məkkəyə gedib gələndən sonra iyirmi il ərzində ağzından pis söz çıxmayan Hacı Kamandar elə qızışdı ki, Mıtıda var-yox qoymadı: Köpəkoğlu, qurumsaq, küçük, sənin nəslin də «belə-belə» olsun, atan da, var-yoxunu da «belə» eləyim, sənin ananı da...

Ana söhbətinə gəlib çıxanda, Mıtının da dili dinc dayanmadı, cəld qayıtdı ki, eləməyən də kişi deyil, dildə pəhləvanıq eləmə ye, əməldə göstər…

Sifəti bozarmış Hacı Kamandar dözə bilmədi, yoğun əsasını Mıtıya tərəf tolazladı. Bu qəfil «atəş»dən diksinərək özünü müdfiə etməyə macal tapmayan və başından ciddi zədə alan Mıtının ahü-fəryadına əhəmiyyət verməyən Hacı Kamandar, «bu saat sənin ananı…» deyib, əsəbiliklə papağını yerə çırpdı, evin qapısına bir təpik vurdu, qızmış kəl kimi içəri otağa cumdu…

...bir hovur sonra Bikəxanımın ah-fəğanıyla Hacı Kamandarın nəriltisi həyətdə yıxılıb qalmış Mıtının fəryadına qarışıb göylərə qalxdı…

Göylərin reaksiyası isə çox çəkmədi. Bir azdan elə yağış başladı ki, sevincək olan kənd camaatı Mıtını da yaddan çıxardıb özlərini zorla evlərinə çatdırdılar.

Yağış isə getdikcə güclənib əməlli-başlı leysana çevrilməyə başladı. Pəncərədən yağışı seyr edərək, vəziyyətin qəlizləşdiyini görən camaat başa düşdü ki, səhərəcən belə yağsa, kənd batacaq. Çarəsiz qalaraq, təzədən Hacı Kamandarın işıqları sönmüş evinə tərəf cumdular. Dizəcən palçıq içində olan Kəndin böyükləri Hacı Kamandarın həyətinin qabağında hay-haray saldılar ki, ay kişi, bəsdi, əl çək arvaddan, kifayətdi, belə getsə yağış axırımıza çıxacaq, kəndi sel basacaq…

Hacı Kamandarın isə heç kimi eşitmək həvəsi yox idi. Deyəsən leysanlı havada, yağışın nəğməsi altında zifaf gecəsinin də öz ləzzəti vardı. Həm də evi kəndin kənarında, təpənin üstündə tikildiyindən seldən-filandan qorxusu da yox idi…

Səhərə yağış elə gücləndi ki, qədər kəndin həm əkinlərini, həm də evlərin çoxunu sel basdı, tövlələr dağıldı, mal-qara pis günə düşdü, bağ-bağat məhv oldu…

Bircə Hacı Kamandarın evinə heç nə olmadı.

Ertəsi gün bütün kənddə yalnız bir kişinin üzündə xöşbəxt bir təbəssüm parlayırdı - Hacı Kamandarın…

Kəndin böyükləri isə başa düşsünlər ki… Göy üzü daş saxlamaz...

2014 noyabr

# 1653 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #