Eynək - Əjdər Olun təzə hekayəsi

Eynək - Əjdər Olun təzə hekayəsi
11 fevral 2015
# 19:42

Kulis.Az Əjdər Olun "Eynək" adlı yeni hekayəsini təqdim edir.

Bir eynək təsəvvür edin. Qara sağanaqlı, iri, yuxarısı düzbucaqlı, aşağısı dairəvi olan qalın optik şüşəli bir eynək. Qoşa lupaya bənzər şüşələrin arxasından iki diri göz baxır. Bu eynək lopa bığlı, qalın qaşlı, ovurdları batmış, ağzında beş-üç çürük dişi qaldığı üçün çənəsi burnuna yapışmış, bəstəboylu qaraçıya bənzər adamın sifətinin bürüşmüş tüklü qulaqlarına taxılıb. Adamın nəinki gözlərini, hətta az qala bütün sifətini örtən eynək onun üzündəki gözlərdən də, qaşlardan da, burundan da, ağızdan da, qulaqlardan az-küc baxımlıdır.

Həmişə mənə elə gəlib ki, bu adam daim eynəyinin dalınca gedir. Neçə illərdir onu bir eynəkdə görürəm. Görkəmi, paltarı, ayaqqabısı, parovoz kimi tez-tez sümürdüyü ucuz siqaretlərinin növləri, yazdığı qələmləri, dəftərləri dəyişir, amma eynək həmən eynəkdir. Sanki eynək də onun bir bədən üzvüdür.

Onunla düşəndən-düşənə görüşürük. Arabir eynəyini çıxardıb siləndə o, mənə tamamilə başqa adam kimi görünür. Silinmiş eynək yerinə qayıdınca “başqalaşma” bitir. Bakıda o yekəlikdə eynək taxan yoxdur. Görəsən haradan alıb?

Köhnə pulun vaxtı idi. İşdə kabinetimin daxili telefonu zingildədi. Dəstəyi qaldırdım, mühafizə polislərindən birinin səsi eşidildi:

- Yanınıza gələn var!

Soruşdum:

- Kimdir?

Polis dilini sürüdü:

- Adını demir.

- Niyə?

- Deyir ki, desən, köhnə dostu gəlib, özü biləcək.

Fərqinə varmadan dilləndim:

- Buraxılış vərəqi yazın, gəlsin!

Polis ani pauza verib dedi:

- Üstündə heç bir sənədi yoxdur, ba-ğış-la-yın – polis sözü hecalara böldü – onu binaya buraxmaq olmaz. Sərxoşdur, ayaq üstə güclə dayanıb.

Dəstək qulağımı qızdırdı, ani fikrə getdim, axı, bu kimdir? İndiyə qədər heç mənim yanıma sərxoş gələn olmayıb.

Polis çaş-baş qaldığımı duyub gələn barədə əlavə məlumat verdi:

- Cındırından cin hürkən bir adamdır. Gözlərində iri eynəyi var.

Bir anda o eynəyi, hə... elə sahibini də tanıdım.

- Ona de – qeyri-müəyyənlikdən qurtardığım üçün eynim açlıdı – binanın tinində gözləsin, beş dəqiqəyə yanındayam.

Düzü, polis kimi elə mən də istəməzdim bir sərxoş girib idarəmizin dəhlizlərində valaylansın.

Kabinetimdə çox vaxt pencəksiz və qalstuksuz otururam. Belə rahatdır. Yanıma yalnız kənar adamlar gələndə onları qəbul etməmişdən qabaq rəsmi görkəm alıram. Bəzən bir gündə yeddi-səkkiz dəfə qalstukumu taxıb, pencəyimi geyinirəm. Artıq öyrəncəkliyəm. İndi də ərinmədən qalstukumu boynuma bağladım, pencəyimi əynimə keçirtdim. Dördüncü mərtəbədən pilləkənlə aşağı enib idarəmizin qapısından çıxmışdım ki, gördüm Eynək qarşıdan mənə sarı gəlir. O, özünü şax tutmaq istəsə də bacarmırdı, bədəni arıqlıqdan qat kəsmişdi. Əl tutub görüşdük. Əlində bir batman yağ var idi. Zalım oğlu bəlkə də bir həftə idi əllərini yumurdu, elə bil Bakıda su, sabun qəhətə çıxmışdı. Nimdaş üst-başı kirin-pasın içində üzürdü. Amma polis şişirtmişdi, Eynək sərxoş deyildi, çaxır iyi versə də, ayaq üstə dura bilirdi.

- Qardaaş!- Eynək kişili-qadınlı hamını belə çağırır - ürəyim səni istədi. Gəldim ki, bir üzünü görəm!-dedi.

Köhnə dostumu pərt eləməməkdən ötrü özümü ona nümayiş etdirirmiş kimi sinəmi qabardıb gülümsədim:

- Gör!

- Maşallah, yaxşısan! - o sərbəstləşdi.- Qabaqlar hərdən Malakan bağına gələrdin. Qardaşağanı çaxıra, pivəyə, sosiskaya qonaq eləyərdin. İndi oralarda görünmürsən. Xəbərin yoxdur, sən sarıdan yetim qalmışam. Yadındadır, mənə Parapetin tinindən – Eynək Bakının küçələrini, xiyabanlarını, parklarını köhnə adları ilə çağırmağın bazıdır – bir qələm, bir də nəbati naxışlı dəftər almışdın.

- Yadımdadır – gülümsəməkdə davam edirəm və düşünürəm ki, mən olsaydım, “nəbati naxışlı dəftər” əvəzinə eləcə “dəftər” deyərdim, neynəməli, hər kəs özü kimi danışır. Həm də axı bunun şairliyindən başqa bir az rəssamlığı da var.

- O zaman sənə nə söz vermişdim?

- Yadımdan çıxıb, vallah!

- Yadına salıram, onda sənə söz vermişdim ki, bu qələmlə bu dəftəri yazıb dolduracam. Özü də hər səhifədə bir şeir olacaq.

- Həə?!

- Dəftərin dolmasına az qalıb. Onu da demişdim ki, dəftərdəki şeirləri çap etdirən kimi, əlyazmasını dəftərqarışıq sənə bağışlayacağam, arxivində şair dostundan yadigar saxlayarsan.

- Demişdin, demişdin! – onun nazı ilə oynamağa çalışıram.

Eynək gecə-gündüz ilham pərisi ilə qol-boyundur, bir ucdan sicilləmə yazır, çəkir. Özü də qərb ədəbiyyatının və incəsənətinin dəlisidir. Çox qəribədir ki, Parisdə olmasa da Napoleonun ( O yalnız sənət korifeylərinin aşiqidir. İstər şifahi, istərsə də yazılı Napoleonun adını çəkdiyini eşitməmişəm. Məncə o, nə müharibəni, nə də müharibə qəhrəmanlarını sevir. Sevsəydi, bu barədə bircə misra yazardı.) bu məşhur şəhəri haqqında zaman-zaman silsilə şeirlər yazır. Mən Parisdə iki dəfə olmuşam, ancaq Eynəyin yazdığı Parisi Parisdə görməmişəm. Məsələn, o şeirlərinin birində yazır ki, Parisdəyəm, Pikasso ilə oturmuşuq Senanın sahilində, ayaqlarımızı suya sallayıb tilov atmışıq çaya.

Eynək bilmir ki, Parisin ortasından axan Sena o qədər çirklidir ki, orada balıq olmur. Həm də beton dirəklər üzərində qurulmuş bulvar-sahil çaydan ən azı beş-altı metr hündürdədir, oradan çaya nə ayaq sallamaq olur, nə də tilov atmaq. Hələ Pikassonu qəbirdən çıxardıb yanında oturtmağını demirəm.

Mən bunları bir dəfə Eynəyə deyəndə o gülümsəyib cavab vermişdi:

- Mənim Parisimlə işin olmasın!

Doğrudan da qələm dostumu heç kəs Parisdən, Pikassodan, Sezanndan, Bodlerdən ayıra bilməz. O bir şüşə çaxır tapan kimi zakuska (məzə) əvəzinə qaranlığın şam işığında siqaretini sümürə-sümürə ötən əsrin şairlərinin, rəssamlarının, bəstəkarlarının, musiqiçilərinin ruhu ilə baş-başa verib kef məclisi qurur.

Köhnənin söhbətidir, bir dəfə maraq məni basdı, Eynəyi onun “meyxana” dediyi it ilindən qalma bir kababxanaya qonaq çağırıb kefimizi duruldandan sonra ondan soruşdum:

- “Qardaaş,”- onu yamsılayırmış kimi dllənirəm - eşitdiyimə görə yüz il, min il bundan qabaq ölmüş adamların ruhunu çağıra bilirsən?

- Dostum kəsədən getdi:

- Kimin ruhunu istəyirsən, çağırım!

Onun qara sevdalı şairləri sevdiyini bildiyimə görə dilimə Hadinin adı gəldi. Hiss etdim ki, bu, Eynəyin ürəyincə oldu. Dua edirmiş kimi Hadini adını tutub, dodağının altında nəsə mızıldanmağa başladı. Demə, kiminsə ruhunu çağırmaq elə də asan deyilmiş. Yazığın yediyini-içdiyini gözündən gətirdim. O, yarım saatdan çox şaman kimi özünü dağıdıb-tökdü. Burnunun üstündə tər damcıları puçurlanmışdı.

Birdən ikimizin üz-üzə oturduğumuz kiçik otaqda şıqqıltı səsi eşidildi. Bilmirəm ya onun dizi, ya mənim ayağım stolun qıçına toxundu, yoxsa qulağım tavanın üstündə yuva salmış göyərçinin qurultusunu aldı, ya bəlkə siçandı, hansısa deşikdən çıxıb bizi görüncə nəyəsə toxunaraq özünü yuvasına təpdi... Axır ki, bir səs gəldi. Səsdən Eynəyin üzü işıqlandı və “hımm” eləyib soruşdu:

- Eşitdin?

Hələ də təəccüb içində qalmışdım:

- Eşitdim, amma ayırd edə bilmədim nə səs idi.

Dostum uşaq təbəssümü ilə dilləndi:

- Hadinin ruhunun səsi idi. Şıqqıltı saldı ki, eşidək, onun burada olduğunu hiss edək. Buyur, nə sözün var de, şairin ruhu eşidəcək. Mənsə onun ruhu ilə baş-başa verib şərab içəcəyəm!

Eynək qədəhi ağzına qədər şərabla doldurdu, heç dodaq yeri də qoymadı. Sonra badəni süfrədən qaldırmadan dodaqları ilə şərabı sümürməyə başladı.

Çox dərinə getmədim, Eynək dirilərlə yanaşı, ölülərin ruhu ilə də yoldaşlıq eləyə bilirsə, bunun nəyi pisdir?!

Maraqlıdır ki, qələm dostum şeirlərində həmişə klassiklərlə “Kürdəmir” çaxırı içdiyini təsvir edir. Bəyəm o, Fransız, İtaliyan çaxırlarını tanımır? Ola bilməz! Görünür Eynəyə görə bunun bir xüsusi mənası var, biz bilmirik.

- İki həftə bundan qabaq da gəlmişdim. - Eynək onun haqqında düşüncələrimi yarımçıq qoyur - dedilər işdə yoxsan, harasa getmisən, kor-peşiman qayıdıb getdim. Sənin üçün “Zəbur nəğmələri”ni gətirmişdim. Qaytarıb apardım. Davud peyğəmbərdən qalıb e, zarafat deyil! İndi gələndə düşündüm yenə səni yerində tapmaram, kitabı özümə yük eləmədim.

- Gələn dəfə gətirərsən!- sakitcə dillənirəm.

- Mütləq!- Eynək hərbçi tonunda cavab verir.

Eynəyin bir qızıl cəhəti var, heç vaxt yanıma əliboş gəlməz. Hər dəfə ya kitab təqdimatlarından çaldığı, ya da özünə bağışlanan kitablardan birini seçib qoltuğuna vurar ki, mənə gətirsin. Eynəyin ədəbiyyat, sənət zövqünə söz ola bilməz. Onun mənə verdiyi kitabların çoxunu oxuyub saxlayıram. Fərli kitab tapmayanda çarəsiz qalıb elə-beləsini də gətirməyi var, təki məni saydığını göstərə bilsin.

Eynəyin məndə çoxdan çəkdiyi üç rəsm əsəri də var. Şəkillərdən biri yağlı boya ilə çəkilib, biri karandaşla, biri tuşla. Maraqlıdır ki, kətanda yağlı boya ilə çəkdiyi mənzərə tablosunu mənə səbəbsiz-filansız bağışlayıb. Bu əsər yaxşı əsərdir, satışa çıxarılsa, bəlkə də bir ətək pula gedər. Amma Vatman kağızlarında karandaşla və tuşla çəkilən şəkillər onun tələbəlik illərindən qalan zay işləridir. Hər iki cızmaqaranı dostum ayrı-ayrı vaxtlarda sözün həqiqi mənasında “Pul lazımdır!” deyə ərklə mənə sırıyıb.

Eynək mənə “İçəri şəhər” adlı bir şeir də ithaf edib. Ondan soruşanda ki, İçəri şəhər haqqında yazdığın şeirin mənə nə dəxli var? O, bircə cümlə ilə cavabımı verib:

- İçəri şəhərin hamımıza dəxli var!

İş lap başımı qatıb, bəlkə dörd-beş ay olar Eynəyi görmürdüm. Qabaqlar ədəbi məclislərdə Eynək qarşıma çıxanda bir anlıq dayanar, sanki üzümdəki cizgiləri dəqiq görmək üçün eynəyini gözündən götürərək cib dəsmalı ilə arxayın-arxayın silər, sonra qulaqlarına taxıb təmiz şüşələr arxasından mənə baxardı. Quyu dibindən çıxan batıq səsi olduğuna görə adamla təmtəraqlı hal-əhval tuta bilməzdi.

Eynək ədəbi məclislərdə adda-budda görünən olsa da, hər dəfə məni mütləq tapırdı. İnsafən o, heç vaxt məndən dili ilə nəsə istəməyib, kefli olanda da abrını gözləyəndi. Mən özüm onun işsiz olduğunu bildiyim üçün xəlvətə salıb cibinə beşdən-üçdən ötürməklə qələm dostumu bəxtəvər eləmişəm. O, doğrudan da xırda bir səbəbdən xoşbəxt olmağı bacaran adamdır. Ona rəğbətimin bəlkə də ən böyük səbəbi budur. Eynək dibçəkdə yenicə açmış bir Çin qızılgülü görsün, sevindiyindən uçacaq.

- Üzünü niyə qıxmırsan? – sanki danışmağa başqa söz tapmıram.

- Qardaaş, üzü qıxmaq üçün lezva lazımdır, lezvanı almaqdan ötrü gərək cibində pulun ola... Eh, uzun məsələdir...

Yenə də ətrafın diqqətini cəlb etmədən hamının gözündən oğurlanıb onun cibinə təxminən on dollara bərabər əlliminlik dürtürəm.

Eynək sevindiyindən dərisinə-qabığına sığmır. Rəssamların fırça, mənimsə qələm dostumda nikbinliyin xüsusi yüksək dozası var, onu heç bir cihaz göstərə bilməz.

Birdən diqqətlə onun üst-başına baxıram. Bayaqdan eynəyi gözümü tutubmuş. Gözlərim kəlləmə çıxır, bu adamın eynəyindən başqa dama-dama kepkasından tutmuş kobud çəkmələrinə qədər əynində hər şey tamam köhnəlib. Bayaq polisin onun haqqında dediyi sözlər yadıma düşür: “Cındırından cin hürkür”. Cinəm-nəyəm bilmirəm, hər halda mən də indi onun cındırından hürkürəm və bu, mənə dəyir.

Eynəyinsə sanki hər işi düzəlib, fikri məndə deyil. Bəlkə də bu saat onu badə dostlarının ruhu çağırır. Bəlkə də tək içməyi sevdiyi üçün ruhlarla içdiyini mənim kimilərin başını yozmaq üçün özündən uydurub. Axı ruhlar boğaz ortağı olmurlar. Bəlkə də elə deyil...

Onun getmək istədiyini görüb deyirəm:

- Sabah günorta saat birdə dəmir yolu vağzalının qabağına gələ bilərsən? Vaxtın var?

Eynək şövqlə dillənir:

- Vaxt məndə! Sabah günorta düz saat 1 tamamda Cabbarlının heykəlinin yanını kəsdirib səni gözləyəcəyəm!

- Bir söz desəm inciməzsən?- İşimi ehtiyatlı tuturam.

- Nə incimək? Mən sülh adamıyam!- Eynək məni arxayın salır.

- Sabah çimib gələrsən!

Eynək bir anlıq duruxur, sonra yəqin ki, mənim ciddi adam olduğumu düşünüb cavab verir:

- Məni Təzəpir məscidinə aparmayasan ha?!.. İçkiyə tövbə edən deyiləm!

Eynək eynəyini sürüb gedir.

Ertəsi gün sözləşdiyimiz vaxtda dəmiryol vağzalının qarşısına çatıram, iş yerimdən bura ayaqla beş-altı dəqiqəlik yoldur. Kənardan Eynəyi görürəm. Cabbarlının heykəlinin böyründə mil kimi dayanıb durub. Heykəlin də, onun da gözündə eynək var. İki heykələ, daş və daş kimi hərəkətsiz dayanmış adama yaxınlaşıram.

Onun üslubunda:

- Hər iki sənətkarı salamlayıram!- deyincə Eynəyin çiçəyi çatlayır. O, cavab əvəzinə şirin-şirin gülümsəyir. Hiss olunur ki, bir balaca vurub.

Onu başdan ayağa süzürəm. Çimməyinə çimib, amma üzü tüklüdür.

Birinci onun tüklü üzündən başlayıram.

- Bəs üzünü niyə qıxmadın?

Eynəyin cavabı hazırdı, sanki o bu cavabdan bir neçə dəfə istifadə edib:

- Səhər Axund hamamından çıxıb getdim dəlləyə ki, üzümü-başımı qırxsın. Dəllək gördü xumarlıqdan ayılmamışam, dedi, qardaş, get, yüz gillət başının içini düzəlt, sonra gələrsən çölünü düzəldərik. Mən də gedib yüz atdım.

Ərkim olduğu üçün onu yanıma salıb əlli metrlikdəki bərbərxanaya aparıram. Hələ nədən ötrü onu görüşə çağırmağımın sirrini açmıram.

Yaxşı ki, ustalardan biri boşdur, müştəri gözləyir. Eynəyi bərbər kreslosuna oturduram. O, kresloya əyləşincə məni dəlləyə göstərib şuxluq edir:

- Dədəmdir, gətirib başımı qırxdırsın.

Usta qımışa-qımışa tədarükə başlayır. Eynək başında və üzündə dəlləyə işləmək üçün meydan verməkdən ötrü əvvəlcə kepkasını başından çıxardıb mənim vasitəmlə asılqana göndərir, sonra eynəyini gözündən götürüb qarşısına qoyur və mənim özlüyümdə ona verdiyim gizli “Eynək” adından müvəqqəti aralanır.

Mən oturub qıraqdan dəlləyin əlinə baxıram. Dəllək zirək usta çıxır, iyirmi dəqiqənin içərisində onun üzünü-başını qırxır, bığının uclarını qayçılayır, seyrəlmiş saçına sığal verir.

Biz bərbərxanadan çıxanda Eynək intizarla soruşur:

- Qonaqlığa gedirik?

Səsimi çıxartmıram. “28 may” metrosunun keçidinə giririk. Axır illər buranı İstanbulun qapalı çarşısına döndəriblər, ürəyin nə istəyir, gəl, al!

Kişi paltarları satılan yerə gəlib çıxırıq. Eynəyi dayandırıb deyirəm:

- Üst-başını təzələyəcəyik!

Eynək cibindən çıxartdığı kirli dəsmalla gözündən götürdüyü eynəyinin şüşələrini təmizləyib yerinə taxır və diqqətlə mənə baxır.

Çənəmin altını kəsdirən satıcıya göstəriş verirəm:

- Bu oğlanı başdan ayağa geyindirirsən. Palto, papaq, kostyum, köynək, kəmər, mayka-tuman, ayaqqabı, corab... hər şey.

Eynək mənim missiyamı çox sakit qarşılayır, sanki mən elə belə də etməliyəm və dediklərimə düzəliş edir:

- Qardaaş, mən palto, kostyum geyinəndə canım sıxılır. Mənə kurtka, poliver, cins şalvar götürsən, bəsimdir.

Mən özümə yox, başqasına paltar aldığımı indi anlayıram və ixtiyarı can yiyəsinə verirəm.

Eynək satıcının köməyi ilə seçib özünə isti gödəkcə, yun poliver, cins şalvar, kəmər, qalın köynək, mayka-tuman, çəkmə, corab götürür.

Pulu ödəyirəm. Satıcı alınan şeyləri iri sellofan torbalara qoymaq istəyəndə ondan soruşuram :

- Burada paltar geyinməyə bir yer var?

- Var!- alıcısının üzünə rəğbətlə baxan satıcı dillənir.

Satıcı bizi dar-darış paltar soyunulub-geyinilən yerə aparır. Eynək uşaq həvəsi ilə eynəyindən başqa əynini tam dəyişir və olur şokolad kimi bir oğlan. Bu sözü elə-belə demirəm. Onun dərisinin rəngi əsmərdir, şokolad rənginə çalır. Həm də onun seçdiyi paltarların, papağın, ayaqqabının hamısı qəhvəyidir.

Satıcı nimdaş paltarları iri sellofan torbaya yığıb zibil kimi bir qırağa qoymaq istəyəndə Eynək köhnə kəmərini qənimət bilib götürür və əlində yumrulaya-yumrulaya deyir:

- Bir rəssam dostum var, kəməri qırılıb, şalvarı belindən düşür, bunu onun üçün aparacağam.

Və düyülmüş kəməri gödəkcəsinin cibinə qoyur.

Biz gedəndə dostum qanrılıb küncə atılmış torbaya baxır və kövrək-kövrək ürəyini boşaldır:

- Hətta köhnə paltarlardan da ayrılmaq çətindir. Neçə il yoldaşlıq, qardaşlıq eləmişik, istiyə-soyuğa düşmüşük.

Cabbarlının heykəlinin yanına gəlirik. Eynək heykələ baxıb deyir:

- Lap Cabbarlı kimi şık geyinmişəm, amma fasonumuz ayrıdır.

Başımla onun dediyini təsdiq edirəm.

O, sözünə davam edir:

- Evdə, qonum-qonşuda, çöldə-bayırda məni tanımayacaqlar.

Ərklə əlimi onun çiyninə vurub dillənmirəm:

- Noolar, tanışlıq verərsən, tanıyarlar!

Gülüşürük.

Eynək söz atır:

- İndi heç kəs inanmaz ki, mənim kimi belə bazburut sahibinin cibləri bom-boşdur. Bu saat Allahla mənim aramda bir dənə “Məmmədəmin”im var. Onun da yarısı yola gedəcək.

Cibimdə qalan iki əlliminlikdən birini qələm dostumun ovcuna basıram. O, pulu cibinə qoyub belini dikəldir və deyir:

- Bilirsən bu dəqiqə ürəyimdən nə keçir?

- Nə keçir?-maraqla soruşuram.

Eynək ah çəkir:

- Ürəyimdən keçir ki, nola, indi Cabbarlı dirilib pyedestaldan düşə, üç qardaş biri-birimizə qoşulub gedək İçərişəhərdəki cızbızxanaya. Xırda-xırda vurub, siqaret tüstülədək, dərdləşək. Sən bilirsən də - o, xüsusi vurğu ilə deyir- Cabbarlı da möhkəm çəkən, içən olub?

Sözün ağzını döndərirəm:

- Mən işə tələsirəm. Fasilə bitir. Sən get cızbızxanaya, istəsən Cabbarlının ruhunu qonaq çağırarsan.

Eynək cibindən çıxartdığı siqareti damağına qoyub alışqanla odlayır və qərib-qərib dillənir:

- Sən elə bilirsən, hər ruh çağırışa gəlir? O qədər incik ruhlar var ki...

Ona təsəlli verirəm:

- Axır çağırışına gələn bir ruh tapılacaq də!

Əl tutuşub ayrılanda Eynək məni xatircəm edir:

- Bu gün mütləq sənin sağlığına içəcəyəm!

Eynək forslana-forslana çıxıb gedir. Mənsə böyük bir iş görmüş adam kimi xeyli yüngülləşirəm. Elə bil çiyinlərimdən ağır bir yük götürülür. Ayaqlarımı tək-tək ata-ata işə qayıdıram.

Aradan çox keçmir, elə həmən həftənin bazar günü Tarqovı küçəsində mağazadan çıxarkən on addımlıqdan Eynəyi görürəm.. Sonra görürəm ki, adını Səttar Bəhlulzadənin adından götürdüyü, adətən sərgi salonlarında onun quyruğundan əskik olmayan, özü boyda-biçimdə olub rəssamlıqda oxuyan oğlu Səttar da atası ilə ayaqlaşmağa çalışır. Məndən xəbərləri yoxdur, ata-oğul odlu-odlu danışırlar. Tək-tük sözlərini tuturam. Eynək iki dəfə rəssam Renuarın adını çəkdiyini anışdırıram və birdən yerimdə quruyuram. İki gün əvvəl Eynəyə “28 May” metrosunun keçidindən aldığımız bütün paltarlar Səttarın əynindədir. Sonra diqqətlə Eynəyə baxıram. Eynəyin geydikləri nimdaş olsa da, hər halda o gün vidalaşdığı paltarlarından təmiz və səliqəlidir.

Hə, deyəsən ata-oğul paltarlarını dəyişdiriblər. Ata təzə paltarlarını oğluna verib. Belə çıxır ki, o gün mən Eynək üçün bazarlıq etmək istəyəndə dostum satıcıya verdiyim sifarişi dəyişib oğluna əyin-baş seçirmiş.

Ata eynəyin, oğulsa atanın dalınca düşüb gedir.

Baxa-baxa qalıram.

2014

# 997 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #