Avropada sarıkök qoxusu

Avropada sarıkök qoxusu
29 oktyabr 2014
# 12:22

Aylar öncə Avropanın şəhərlərinin birində (deyəsən Amsterdam idi) bir neçə radikal dindar aksiya keçirmişdi. Aksiyanın məqsədi nə idi yadımda deyil, amma xəbərdə, aksiyaçıların şəkillərinin arasından biri xüsusi diqqətimi çəkmişdi. Bir saqqallı dindarın əlində üzərində "Rədd olsun ifadə azadlığı!" yazılmış bir plakat vardı. Xeyli gülməli akt idi, təsəvvür edin adam ifadə azadlığının ona verdiyi imkanlara dayanaraq tələbini ifadə edir, amma bu tələb ona bu imkanı verən azadlığa qarşı yönəlib.

Yadıma gəlir İsveçrədə bənzər bir diqqətçəkən hadisə illər öncə baş vermişdi. Məscid minarələrinin çoxalmasına etiraz edən partiya nəhayət ki, onların tikilişinə məhdudiyyət qoyulmasına aid qanunu referendumla qəbul elətdirə bilmişdi. Adamlar istəmirdilər ki, şəhər addımbaşı minarə olsun, Yaxın Şərqdəki hansısa ərəb şəhərinə bənzəsin.

Almaniyada yerli-gəlmə problemi ölkə əhalisinin, siyasi partiyaların əsas müzakirə mövzusudur. Partiyalar öz siyasətlərində buna geniş yer verirlər, bəziləri onlara tərəfdar çıxır, bəziləri isə şiddətli şəkildə etiraz edirlər.

Yerli-gəlmə söhbəti kiçik miqyasda Bakıda da mövcuddur. Miqyası kiçik olsa da problemin mahiyyəti dərindir. Regionlarda dolanışığın bərbad vəziyyətdə olması, müharibə və s. urbanizasiyanı görünməz həddə çatdırıb. Əvvəllər tək-tək gələn və şəhər mühitində itib batan rayonlular dəstə-dəstə gəlməyə və şəhəri öz qanunlarına uyğunlaşdırmağı bacarıblar. İndi Bakıda məcburi köçkünlərin məskunlaşdığı ayrıca gettolar var, laçınlı, kəlbəcərli, füzulili, ağdamlı gettoları. Onlar isə şəhər mühitinə uyğunlaşa bilmirlər, istəmirlər, özlərinin ətrafı, özlərinin getdikləri ayrıca restoranları, özlərinin gəzdikləri yerlər var. İllər əvvəl başına aerodrom papağı qoymuş, yerli ləhcə ilə danışan, etiket olan bir bakılı qaqaş tipi var idisə indi o yoxdur. Rayon və şəhər mühitinin qarışmasından yeni bir qaqaş tipi meydana çıxıb, baxırsan ki, bakılıdır amma bakılı deyil.

Əslində istər Avropada istərsə də Bakıda məsələnin mahiyyəti gəlmə və ya yerli olmaq deyil, yeni mühitin qaydalarına alışmaqdır. Nəzərə almaq lazımdır ki, getdiyin yerdə illərdir həmin ərazidə yaşayan insanlar tərəfindən yaradılmış qayda qanunlar var, orda yaşamaq istəyirsənsə onlara hörmət etməli və mühiti dəyişməyə çalışmamalısan, mümkün qədər fərqlənməyə can atmamalısan, yoxsa nəticədə "Niyə heç kəs bizi sevmir?" sualı ilə üzbəüz qalacaqsan.

Universitetimizdə bir nepallıdır, hindlidir bilmirəm, qarışıq biri var, görəndə on metr məsafədən müəyyən etmək olur ki, bu adam bu yerə yaddır. Təkcə görünüşünə görə deyil, ədviyyat iyinə görə. Necə deyərlər adam Nepaldan çıxıb amma Nepal ondan çıxmayıb. Hələ də orda istifadə etdiyi ətirlərdən vurur və şikayətlənir ki, sanki Krakovdakı insanlar məndən qaçırlar, soyuqdurlar. Ürəyimdə dedim ki, rəhmətliyin oğlu, qaçacaqlar da, on metrdən sarıkök iyi verirsən.

Amma on dəfə imamdan deyəndə bir də dəfə də Yeziddən deyək. İnsanlar arasında bu cür uyuşmazlıqların səbəbinin nə olduğunu soruşanda adamın ağlına elə bu uyuşmazlıqdan şikayətlənən insanlar gəlir. Proses bu cürdür, hər kəs rahat və təhlükəsiz yerdə yaşamaq istəyir. Amma əgər avropalılar kənarlara getməsələr, dünyanın problemli ölkələrinə hansısa yolla yardım etməsələr, kənarlar onlara gələcək, ölkələrində ərəb, pakistanlı, nə bilim banqladeşli, hindli filan artacaq. Özü də bu artış eynilə Bakıdakı kimi olacaq, mühit onları dəyişdirə bilməyəcək, onlar o qədər çoxalacaqlar ki, artıq onlar mühiti dəyişəcəklər, yeni gettolar və yeni standartlar yaradacaqlar.

Tanrı Avropanı və Bakını qorusun.

# 1487 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #