Kulis.Az italyan yazıçı Alberto Moravianın “Aydınlaşdırma” hekayəsini təqdim edir.
Anyeze səssiz-səmirsiz evdən getməmişdən əvvəl məni xəbərdar edə bilərdi. Mən özümü heç də günahsız saymıram. Və əgər o, narazı olduğunu desəydi, biz bunu müzakirə edə bilərdik. Yox, axı: iki illik ailə həyatımız boyu bir kəlmə də! Gözəl səhərlərin birində isə mənim yoxluğumu fürsət bilib özünə daha yaxşı iş yeri tapmış qulluqçu kimi aradan çıxdı. O, getdi və onun məni tərk etməyinin üstündən altı ay keçsə də, mən səbəbini bilmirəm.
O səhər mən bizim rayonda yerləşən bazardan lazım olan hər şeyi almışdım. Bazarlıq eləməyi sevirəm: qiymətləri bilirəm, lazım olanı tanıyıram, alver eləməyi, qiymət salmağı, hər şeyi yoxlayıb almağı sevirəm; mən bifşteksin hansı ətdən hazırlandığını, almanın hansı səbətdən götürüldüyünü özüm görməliyəm. Mən ərzaqı evə aparıb yenə çıxdım ki, qonaq otağının pərdəsi üçün saçaq alım. Nəzərdə tutduğumdan çox xərcləməmək üçün bir neçə mağaza gəzməli oldum, sonda istədiyimi via dell Umiltadakı kiçik dükandan tapdım. Mən 12-yə 20 dəqiqə işləmiş evə çatdım, saçağın rəngini pərdəninkiylə müqayisə etməkçün qonaq otağına keçdim, o dəqiqə də gözümə stolun üstündəki mürəkkəb qabı, qələm və məktub sataşdı. Doğrusu, gözümə süfrənin üstündəki mürəkkəb ləkəsi sataşmışdı. Hələ öz-özümə də düşündüm ki, “Pintiyə bax... süfrəni batırıb!”
Mən mürəkkəb qabını, qələmi, məktubu götürüb süfrəni yığışdırdım, mətbəxə gedib ləkəni limonla yaxşıca sürtdüm, mürəkkəbini yudum. Sonra qonaq otağına qayıdıb süfrəni yerinə saldım, yalnız bundan sonra məktubu xatırladım. O, mənə ünvanlanmışdı: “Alfredoya”.
Açıb oxumağa başladım: “Otaqları yığışdırmışam. Naharı özün hazırlayarsan, bunu əla bacarırsan. Əlvida. Anamgilə qayıdıram. Anyeze”.
Əvvəlcə heç nə başa düşmədim. Sonra onu bir daha oxudum və mənə çatdı: Anyeze həmişəlik gedib – o, iki illik nigahımızdan sonra məni atıb gedib.
Adətim üzrə məktubu bufetin kağızları və qəbzləri yığdığım gözünə qoydum və pəncərənin qarşısındakı kresloya oturdum. Nə düşünəcəyimi bilmirdim: mən heç bir halda belə bir şey gözləmirdim və olanlara inana bilmirdim. Beləcə fikirli oturduğum yerdə döşəməyə baxırdım və kiçik ağ tük gördüm. Yəqin ki, Anyeze toz alanda tuğdan düşmüşdü. Mən onu götürüb pəncərədən çölə atdım. Sonra şlyapamı götürüb evdən çıxdım.
Səkinin pilətələri ilə – həmişəki kimi bir dənədən bir addımlayaraq özümdən soruşmağa başladım ki, görəsən Anyezeyə nə etmişəm. Nəyə görə o məni belə acıqla atıb getdi? Hər şeydən əvvəl mən özümdən soruşdum ki, Anyeze məni hər hansı, lap balaca da olsa xəyanətdə ittiham edə bilərmi? O dəqiqə də cavab verdim: yox. Mənim heç vaxt qadınlara xüsusi marağım olmayıb: mən onları anlamıram, onlar məni anlamırlar; evləndiyim gündən isə onlar mənimçün ümumiyyətlə mövcudluqlarını itirdilər. O dərəcədə ki, Anyeze özü hərdən məni qıcıqlandırmaqçün soruşurdu:
-Bəs indi başqa qadına vurulsaydın nə edərdin?
Mən cavab verirdim:
-Belə şey ola bilməz: mən heç kimi yox, ancaq səni sevirəm. Və bu məhəbbət ömürlükdü.
Bu haqda düşünərkən xatırladım ki, mənim bu “ömürlük məhəbbətim” elə bil Anyezeni heç sevindirmirdi, əksinə, onun sifəti uzanırdı və o, susurdu.
Mən başqa ehtimallara keçməyə başladım: bəlkə Anyeze məni maddi məsələlərə görə, ya da ümumiyyətlə bizim həyat tərzimizə görə tərk edib?
Ancaq bu dəfə də qərara gəldim ki, vicdanım təmizdi. Düzdü, mən ona pulu yalnız istisna hallarda verirdim, ancaq o pulu neynirdi ki? Mən həmişə onun yanındaydım və ödəməyə hazır idim. Biz heç də pis yaşamırdıq; özünüz fikirləşin: kino – həftədə iki dəfə, kafe – həftədə iki dəfə. Və mən də elə xırdaçı deyildim ki, onun dondurma, yoxsa sadə kofe sifariş verdiyini hesablayım. Ayda iki şəkilli jurnal, hər gün qəzet, qışda hərdən opera da olurdu; yayda isə atamın Morinodakı bağına səfər. Bunlar bizim əyləncələrimiz.
Anyezenin pal-paltarına gəlincə isə, bu mövzuda onun ümumiyyətlə şikayətlənməyə əsası yox idi. Ona kiçik də nəsə lazım olanda: byustqalter, bir cüt corab, yaxud yaylıq – mən həmişə razılaşırdım, onunla birgə mağazaya gedirdim, onunla birgə seçirdim və gözümü də qırpmadan ödəyirdim. Eyni şey dərzidə də təkrarlanırdı. O, deyəndə ki, “mənə şlyapa lazımdı, don lazımdı”, həmişə istisnasız bu cavabı eşidib: “Gedək, alaq. Mən də səninlə gedirəm.” Etiraf eləmək lazımdı ki, Anyeze tələbkar deyildi: evliliyimizin ikinci ilində o, artıq paltar məsələsinə çox fikir vermirdi. Hərdən mən özüm ona bəzi şeylər almalı olduğunu xatırladırdım. O da deyirdi ki, bu, elə də vacib deyil, keçən ilki paltarları yaxşı qalıb. Hətta mən düşünürdüm ki, Anyeze başqa qadınlardan fərqlənir, o qədər də yaxşı geyinməyə çalışmır.
Deməli, könül və pul məsələləri qüvvədən düşür. Yerdə vəkillərin xasiyyət uyğunsuzluğu adlandırdıqları şey qalır. Ancaq sual yaranır: hansı xasiyyət uyğunsuzluğundan söhbət gedə bilər ki, 2 ildə biz bir dəfə də mübahisə etməmişik. Heç bir dəfə də! Biz bütün günü bir yerdə idik. Və əgər hər hansı uyğunsuzluq olsaydı, mütləq ortaya çıxardı. Ancaq Anyeze heç vaxt mən deyənə qarşı çıxmayıb; o, demək olar ki, heç danışmırdı da. Bəzən evdə, ya da kafedə oturduğumuz bütün axşamı heç ağzını da açmazdı – həmişə ancaq mən danışırdım.
İnkar etmirəm, mən özüm danışıb özüm də dinləməyi sevirəm, xüsusən mənə yaxın adamla. Mənim səsim sakit və rəvandır, nə çox yüksək, nə çox astadır, düşüncəli və axıcıdır; əgər mən hansısa mövzudan danışıramsa, onu bütün xırdalıqlarına qədər, hərtərəfli aydınlaşdırıram. Mən təsərrüfat məsələləri haqda danışmağa üstünlük verirəm: mən qiymətlər haqda fikir yürütməyi, otaqda mebelin vəziyyətini, yeməkləri, istilik sistemini müzakirə etməyi sevirəm. Mən heç vaxt bu mövzularda danışmaqdan bezmirəm və bundan elə həzz alıram ki, bir də ayılıb görürəm ki, xırdalıqları danışa-danışa təkrarlamağa başlamışam. Ancaq açıq danışaq, qadınlarla məhz bu mövzuda danışmaq lazımdı; onlarla başqa nədən danışmaq olar ki?
Həm də ki, Anyeze məni diqqətlə dinləyirdi. Ən azı mənə elə gəlirdi. Yalnız bir dəfə - mən ona vanna üçün elektrik qızdırıcısının iş prinsipini başa salanda, o, qəfil yuxuya getdi. Mən onu oyadıb soruşdum:
-Sənə maraqsızdı ki?
O da tələsik cavab verdi:
-Yox, yox. Sadəcə mən bir az yorğunam, gecə yaxşı yatmamışam.
Adətən ərlərin başı işlərinə, ticarətə-zada qarışır, ya da başqa işləri yoxdursa, dostları ilə əylənməyi sevirlər. Ancaq Anyeze mənə hər şeyi əvəz edirdi: o, həm mənim işim idi, həm ticarətim, həm dostum. Mən bir dəqiqə də onu tək buraxmırdım; həmişə onun yanında idim, hətta – bu, sizə qəribə gələ bilər – o, yemək bişirəndə də. Mənim biş-düşə marağım çoxdu və hər gün nahardan əvvəl mən önlüyümü taxıb ona mətbəxdə kömək edirdim. Mən ona o qədər yaxşı kömək edirdim ki, o, deyirdi:
-Bilirsən nə var... özün bişir... Mənim başım ağrıyır, gedib bir az uzanacam.
Onda mən naharı tək hazırlayardım; hətta yemək kitabının köməyi ilə yeni yeməklər də bişirməyə çalışırdım. Heyf ki, Anyeze yeməyə çox həvəskar deyildi, axır vaxtlar da lap iştahdan düşmüşdü, yeməyə heç toxunmurdu. Bir dəfə o, mənə guya zarafatca dedi:
-Sən səhvən kişi doğulmusan... sən axı qadınsan... hətta əsl ev sahibəsisən.
Etiraf etməliyəm ki, bu sözlərdə həqiqət payı var: doğurdan da biş-düşdən savayı mən yumağı, ütüləməyi, tikməyi, hətta kefimə düşəndə dəsmal düzəltməyi də çox sevirəm.
Dediyim kimi, mən Anyezedən heç vaxt ayrılmırdım – hətta onun anası, yaxud rəfiqələrindən biri gələndə də. Hətta hardansa ağlına ingilis dili öyrənmək gəlmişdi, mən onunla dərslərdə otura bilməkçün bu çətin dili öyrənməyə başladım. Mən ona elə bağlanmışdım ki, bu, bəzən gülməli həddə çatırdı. Məsələn, bir dəfə kafedə onun astadan dediyi hansısa sözü eşitməmişdim deyə, onun dalınca tualetə getdim. Kafedə işləyənlərdən biri məni saxlayıb başa saldı ki, mən ora girə bilmərəm, çünki ora qadın tualetidir.
Hə, mənim kimi ər tapmaq o qədər də asan deyil. Anyeze tez-tez mənə deyirdi:
-Mən filan yerə getməliyəm, filankəslə görüşməliyəm, sənə orda maraqlı olmayacaq.
Ancaq mən hər dəfə cavab verirdim:
-Mən də gedəcəm... Axı mənim başqa işim yoxdu.
-Yaxşı, get, ama mən xəbərdar edirəm ki, orda darıxacaqsan.
Ancaq axırda elə olurdu ki, mən heç darıxmırdım və sonra ona deyirdim:
-Gördün, heç darıxmadım.
Bir sözlə, biz ayrılmaz idik!
Bütün bunları və Anyezenin məni atmasının səbəbini fikirləşə-fikirləşə gəlib atamın dükanına çatdım. Bura, Minevra meydanı yaxınlığında yerləşən, kilsə avadanlığı satılan mağazadır. Atam – hələ çox yaşlı deyil, onun qara, qıvrım saçları, qara bığları var. Bığının altında da həmişə mənim anlamadığım təbəssüm gizlənir. Bəlkə həmişə keşişlərlə və kilsə işçiləri ilə danışmağındandır ki, atam həmişə çox yumşaq, sakit və mədənidir. Ancaq anam onu yaxşı tanıyır və deyir ki, o, sadəcə özünü yaxşı idarə edə bilir.
İçəri girib üstünə buxurdanlar, bəxşiş saxlayan qadın heykəlləri düzülmüş rəflərin arasıyla dükanın arxa tərəfinə - atamın kontoruna tərəf keçdim. Atam həmişəki kimi bığlarının uclarını fikirli-fikirli çeynəyərək hesablama işləri aparırdı. Mən özümü itirmiş vəziyyətdə ona dedim:
-Ata, Anyeze məni tərk etdi.
O, gözlərini qaldırdı və elə bil ki, yenə bığaltı güldü; ya da mənə elə gəldi.
-Çox təəssüf edirəm – dedi, - doğurdan, heyf... Bəs bu iş necə oldu?
Mən olanları danışdım və əlavə etdim:
-Əlbəttə, bu, heç də xoş deyil... Ancaq mən hər şeydən əvvəl bilmək istərdim ki, o, məni niyə atıb.
O, qərarsız soruşdu:
-Bəs sən bilmirsən?
-Yox.
O, susdu, sonra ah çəkib dedi:
-Alfredo, mən çox təəssüf edirəm, ancaq bilmirəm sənə nə deyim... Sən mənim oğlumsan, mən sənə baxacam, səni sevirəm... ancaq arvadın haqqında gərək sən özün düşünəsən.
-Hə, ancaq o, niyə məni tərk etdi?
O, başını buladı:
-Sənin yerinə olsaydım, aydınlaşdırmağa çalışmazdım... Düşünmə... Motivləri bilmək sənə belə vacibdi?
-Çox vacibdi... hər şeydən vacibdi.
Bu vaxt içəri iki keşiş girdi; atam durub onları qarşılamağa gedərkən mənə dedi:
-Birazdan gəl... Danışarıq... İndi işim var.
Mən anladım ki, ondan nəsə gözləmək əbəsdir və çıxdım.
Anyezenin anası yaxınlıqda – Vittore-Emmanuele prospektində yaşayırdı. Mən düşündüm ki, bu gedişin sirrini mənə aça biləcək yeganə adam Anyezenin özüdür. Və ora yönəldim. Pilləkənləri qaçaraq çıxıb qonaq otağına girdim. Ancaq Anyeze əvəzinə zəhləmgetmiş anası çıxdı. O da ticarətlə məşğuldu, qara rənglənmiş saçları və qırmızı yanaqları var, həmişə gülümsəyir, sirli və saxtakar qadındır. O, xalatda idi, yaxasına qızıl gül taxılmışdı. Məni görüb səsində yalançı sevinclə dedi:
-A, Alfredo, nə yaxşı gəlmisən?
-Siz niyə gəldiyimi yaxşı bilirsiniz, ana – dedim. – Anyeze məni tərk edib.
O, sakitcə dedi:
-Hə, o, burdadı, oğlum. Nə etmək olar? Həyatda olur belə şeylər.
-Mənə ancaq bunu deyə bilərsiniz?
O, mənə diqqətlə baxıb dedi:
-Sən özünüzünkülərə demisən?
-Hə, atama.
-Nə dedi?
Atamın nə dediyi ona niyə maraqlı idi görəsən? Mən həvəssiz cavab verdim:
Atamı tanıyırsız də... Dedi ki, aydınlaşdırmaq əbəsdir.
-O, düz deyib, oğul... Aydınlaşdırma.
-Axı necə yəni? – mən qızğınlıqla etiraz etməyə başladım: - o, niyə gedib? Mən ona neyləmişəm? Niyə demirsiniz mənə?
Mən hirslə bu sözləri deyə-deyə gözümün ucuyla masaya baxdım. Onun üstündə süfrə, süfrənin üstündə işləməli salfet, onun da üstündə içində qırmızı lalələr olan güldan vardı. Ancaq salfet masanın mərkəzində deyildi. Qadın mənə baxıb gülümsədiyi müddətdə mən nə etdiyimi dərk etmədən güldanı qaldırıb salfeti yerinə çəkdim.
Onda o, dedi:
-Afərin... İndi salfet tam mərkəzdədi... Mən bunu hiss etməmişdim, sənsə səliqəsizliyi o dəqiqə hiss elədin... Afərin... İndi isə sən getsən yaxşıdı, oğlum.
O, qalxdı, mən də ayağa durdum. İstədim soruşum ki, Anyezeni görə bilərəm, ya yox, ancaq anladım ki, bu, mənasızdı; həm də qorxdum ki, onu görsəm başımı itirərəm, axmaqlayaram, ya da nəsə yersiz hərəkət edərəm. Beləcə ordan çıxdım və bir daha arvadımı görmədim. Ola bilsin ki, bir gün o, mənim kimi əri tapmağın asan olmadığını anlayıb geri dönsün. Ancaq, o, məni niyə atdığını izah etməsə, evimin kəndarından içəri girə bilməyəcək.
Tərcümə: S. Heydərova