Kulis.az “El dərdini el dilində deyən şair” adlı yazını təqdim edir.
Azərbaycan xalqının zəngin ədəbiyyatı və zəngin folkloru var. Bəzən adama elə gəlir, bu xəzinəyə sahib olan xalqa yeni söz demək çətindir və mütləq yeni üslub, yeni deyim tərzi seçilməlidir. Əlbəttə, oxucularının görüşünə öz sözü ilə gələn şair ədəbi yeniliyinə görə gec-tez diqqəti çəkir, şöhrət qazanır. Ancaq yenilik o demək deyil ki, mütləq yeni formaya üz tutulmalıdır. Yüzillərin sınağından çıxan janrların ifadə imkanları daha geniş olur. Belə poetik janrlardan biri bayatıdır. Bayatı bir çox folklor örnəklərinin struktur özülündə dayanır, tematik təyinatına görə yeni, orijinal janrların meydana çıxmasına səbəb olur. Ağı, layla, oxşama, nəğmə janrları bayatı özülünə daha çox üz tutur. Sözün hər cür şəkli imkanlarından məharətlə bəhrələnən İlham Qəhraman son vaxtlar poetik yaşantılarını bayatı ilə ifadə etməyi sevir. İlham Qəhrəmanı bu nəticəyə gətirən nədir? Onun folklor janrlarından birinə üz tutması, sözünü-sovunu bayatı ilə bölüşməsi nədən irəli gəlir? Niyə məhz bayatı?!
İlham Qəhrəman köçkün ağrılarını təkcə sözündə deyil, həm də şəxsi həyatında yaşayan bir sənətkardır. Doğma Laçından uzaq düşdüyü müddətdə çəkdiyi Vətən, yurd, el həsrətini sözün çiyninə qoymağa çalışmış, iç ağrılarını, el dərdini misralara yükləmiş, bəndlərə calamışdır. Dərdi danışanda yüngülləşirsən və düşünürsən, dərd danışdığın səni sənin özün kimi anladımı? Niyə bayatının, ağının ifadə etdikləri yaddaşlara daha çox yazılır? Bəlkə cavab poetik ifadənin yığcamlığındadır? Lakoniklik aforizmə söykənir, müdriklik gətirir. İlham Qəhraman Qarabağ ağrısını bayatıya yükləyə bildi, oxucuları üçün zəfər sevincini də bayatı ilə gətirdi.
Ağrıdan, dərddən başlayaq, o dərddən ki, onu izhar etmək də çətindir:
***
Xəzərdə çəki, nərəm,
Sallanıb çəkinərəm.
Ürəkdə yara söz var,
Deməyə çəkinərəm.
Amma İlham Qəhrəman bu dərddən qaça bilmir, onu uzun-uzadı şeirlərə, poemalara yükləmir, bayatıya çəkir:
***
Kəkliyin uçan yeri,
Ceyranın qaçan yeri.
Hər gün adın xəyalda
Səhərin açan yeri.
***
Mahud al, çuxa çıxar,
Vəznəsi baha çıxar.
Tapar canı çürüdər,
Dərd özü sağa çıxar.
***
Çıxmadın qənşərə sən,
Getmədin pencərə sən.
Yar heç səndən baxmadı
Səndəmi pəncərəsən?!
Həsrətin, intizarın yükünü çəkən bayatılar köçkün ağrısından gəlir:
***
Dağ başına qarladı,
Gün düşəndə parladı.
Sevincə qənşər getdim,
Yolda qəm qamarladı.
***
Yazırsan nətər, əlim,
Bir gül qır, yetər, əlim,
Səndən yana özümdən
Darıxır betər əlim.
***
Çox çəkdim yaddan özüm,
Qorundum oddan özüm.
Belə yada düşməzlər,
Çıxmışam yaddan özüm.
Haqq uğrunda savaşlar şəhidsiz ötüşmür, torpaq şəhid qanı ilə suvarılanda Vətən sayılır. Vuruşmadan, döyüşmədən Vətən azad olunmur. İlham Qəhrəman qələmində şəhid boyuna biçilən ağı-bayatılar daha təsirli görünür:
***
Şirini acı kəsin,
Uzadın ucu kəsin,
Şəhidin toyu budu
Xınalı qoçu kəsin.
***
Ah çəkər ahdan ağlar,
Durub sabahdan ağlar.
Şəhidi yad edənlər
Gah gülər, gahdan ağlar.
***
Qalx dağdan yolu kəs dik,
Nə kimsəydik, nə kəsdik.
Toy ətliyi cöngəni
Şəhid vayında kəsdik.
Qolunu, qıçını savaşda qoyub gələn qazilər özünün bir parçasını düşmən işğalından azad etdiyi torpaqda dəfn edib qayıdır:
***
Çox görən azı dedi,
Qış görən yazı dedi.
Torpaq tanıdı məni,
"Xoş gəldin, Qazi!” dedi.
***
Dərya, qırağın hanı,
Gəmi, durağın hanı,
Ayaqqabını sildim,
Oğul, ayağın hanı?!
***
Nədi söylədin, balam,
Məni teylədin, balam.
Qolumdan yapışırdın,
Qolu neylədin, balam?!
Ana, bacı, ata, qardaş dilindən deyilən ağı-bayatıların yekunu torpağa dönən şəhidin arzularını dilə gətirir:
***
Ağac yarpağı sevər,
Əsgər bayrağı sevər,
Daha mən torpaq oldum,
Sevən torpağı sevər!
“Bir gör kimlərin qayıdır, üzünü döndərmə, Laçın!” deyən şair ata yurdunu ehtirama gəlir, perik düşən elinin dilindən soruşur: “Salırdınmı yada bizi?!” İlham Qəhrəman azad edilmiş Laçına sinəsini dağlayan həsrət yükü ilə qədəm qoyur, onun keçirdiyi hissləri kövrəlmədən oxumaq mümkün deyil: "Laçında səkilərin qırağında cökə ağacları əkmişdilər. Biz əlimizi o ağaclara vura-vura məktəbə gedirdik, sanki ağaclarla salamlaşırdıq, qayıdanda da elə. Mən Bakıda işlədiyim dövrlərdə belə, Laçına gedəndə o cökələrə əlimi vurmaqdan özümü saxlaya bilmirdim, sanki əllərimdə bir həsrət var idi. Bax indi əlimdə həmin darıxmaq hissi var. Əllərim balaca olanda onlara o qədər dəymişdi ki, bu gün bu yaşda da Laçına nə vaxt getsəm, əgər o cökə ağacları yerindədirsə, mütləq o ağaclara əlimi sürtə-sürtə gedəcəyəm. Laçının mərkəzi küçəsinin sağı-solu divarlar idi. Ağaclarla bərabər səkilərin yanındakı divarlara da əlimi sürtmək, onları hiss etmək istəyirəm. Bu, elə bir darıxmaqdır ki, izahı yoxdur”. Azad edilmiş torpaqlara qayıdış intizarını yaşadan bayatıların dili folklordan gəlir. İlham Qəhrəman bir bayatısında deyir:
Şair də toxucudu,
İp sözdü, hana kağız.
Şair halını qanmaq üçün söz ilə od vurur ki, yana kağız. Yıxılıb tarmar olan şair, özüylə aparmağa pay istəmir, amma kədərə şərik olur və deyir, səndən gələn kədəri qapıdan qaytarmaram. Bayatıların dilində el arasında işlənən, lakin ədəbi dildə rast gəlmədiyimiz çoxlu arxaik sözlərə nəfəs verilir, yaddan çıxmış ifadələr çana gətirilir. Bu sözlər yerli-yerində işləndiyi üçün məna tutumunu qoruyub saxlayır, dilimizin çalarlığını yaşadır.
Bu isə zəfər bayatılarıdır:
***
Bir dillən sədan alım,
Bazardan badam alım.
Laçını alan əsgər,
Ay sənin qadan alım!
***
Hasar üstən basa cağ,
Gəl qapını bas, açaq.
Qollu tərəziyə qoy,
Zəfər ağır basacaq.
***
Dünəni aşıq andı,
Qul sakit, asi qandı.
Zəfər nədən əvəzsiz,
Çünki bahası qandı!
***
Gözəllik aşıq salır,
Hissi qarışıq salır.
Qələbə çıraq kimi
Vətənə işıq salır.
***
Telini dara bəri,
Ağ ilə qara bəri.
Varmı elə bir dəyər,
Zəfərin bərabəri?!
***
Gözəllik aşıq salır,
Hissi qarışıq salır.
Qələbə çıraq kimi
Vətənə işıq salır.
İlham Qəhrəmanın bayatıları müharibə, zəfər mövzuları ilə bitmir, onun sevgi bayatıları da həvəslə oxunur. Mövzu çaları rəngarəng olan bütün bayatılar janrın tələblərinə cavab verir. Təkcə mövzu seçimi deyil, janr seçimi ilə də yadda qalan zəfər təntənəsinin poetik ifadəsi İlham Qəhrəman yaradıcılığının maraqlı səhifəsini təşkil edir. Onun bayatı janrında qoşub-düzdüyü şeirlər dilin folklor qatını qoruyub saxlayır.
Bilal Alarlı Hüseynov,
filologiya üzrə fəlsəfə doktoru