Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik
13 avqust 2026
# 10:30

Kulis.az Faiq Balabəylinin "Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik" yazısını təqdim edir.


Salam, şairim, dostum, eloğlum!

Deməli, Salam 60 yaşına çatdı.

Düzünü desəm, bu xəbərə inanmaq bir az çətindir. Çünki biz 40 ildən çoxdur dostuq və mən Salamı həmişə 60 yaşda, bəzən də bir qədər də çox yaşda görmüşəm. İndi deyirlər 60-dır. Yaş məsələsində ya təqvim səhv edir, ya da Salam illərin bir hissəsini bizdən gizlədib. Günahlar şeirləridir. Bu şeirlərdəki fikirləri, işlənən ifadələri, o ifadələrin alt qatındakı mənaları ahıl düşüncəli adam yaza bilərdi.

40 ildən çoxdur ki, hecalara bölünməyən bir sözük: dostuq.

Tanışlığımızın bünövrəsində söz olub, bizi isə şeir birləşdirib. O vaxtdan bəri sözümüz də çoxalıb, şeirimiz də, xatirələrimiz də. Hətta bəzən elə söhbətlərimiz olub ki, kənardan qulaq asan adam haqlı olaraq düşünə bilərdi: “Bunlar ciddi adam deyil...”

Xatirələrimiz çoxdur. Ortaq dostlarımız da az olmayıb. Amma mənim yaddaşımda daha çox Bakının ayrı-ayrı küçələri, kafe-çayxanaları, siqaret tüstüsünə bürüdüyümüz institut yataqxanasının otaqları, mənim işlədiyim gəminin kayutunda dediyimiz meyxanalar qalıb. Əlbəttə, 20 il öncəkilərdən bəhs edirəm.

O vaxtlar nə telefon vardı belə, nə görüntülü zəng. Amma söhbətə gələndə internetin sürətinə ehtiyacımız da yox idi. Bir stəkan çay, bir az tüstü, bir də iki saatlıq söhbət — bəs edirdi.

Mən Salamı özümə dost bilirdim. Amma onun məni necə dost bildiyini heç düşünməmişdim də.

Rayonda hadisə baş verib — gecənin bir aləmi mənə zəng edib. Ona təsəlli verə biləcək adam lazım olub.

Sürdüyü avtomobillə qəza edib — yenə mənə zəng vurub, yanında olmağımı istəyib.

Yaxud əksinə… Mənim ruhumun sərgərdan olduğu vaxtlarda yanımda görmək istədiyim dostlardan biri də məhz Salam Sarvan olub.

Gecənin bir aləmi, kefinin kök, ovqatımın xoş vaxtında zəngləşmişik. Söhbətimizə kənardan qulaq asan olsa, yəqin ki, bir daha həmin nəticəyə gələrdi: “Bunlar doğrudan da ciddi adam deyil”.

İndi bütün bunları xatırlayanda başa düşürəm ki, biz, doğrudan da başqalarının həsəd apara biləcəyi dostlar imişik.

Şairim, dostum, eloğlum!

40 ildən çox bir zamanın qalaqlanmış, səhifələnmiş xatirələri var arxamızda. Hər biri bir hekayət, hər biri yada düşəndə bizi gəncliyimizə qaytaran bir yol. Elə xatirələrdir ki, illər keçdikcə köhnəlmir, əksinə, adam onları danışdıqca bir az da cavanlaşır.

Bu günlərdə zəng edirəm, misralarında kiçik redaktələr edib özünə ünvanlayıram. Dünən də zəng vurdum. Görüntülü.

— Hardasan? — soruşdu.

Mən də kameranı çevirib ətrafı göstərdim: ağaclar, bağ-bağat...

Dedim:

— Sənin ad gününə gül dərmək üçün Nabranda əkdiyin bağa girmişəm.

Əlbəttə, Salam da fürsəti qaçırmadı, növbəti zarafatını etdi. Sonra yenə dostlarımızı xatırladıq. Ən çox da Balaxan Qəribi.

İndi Salam təbrik selində yuyunur. Olsun. 60 yaşa bir dəfə çatılır. Hərçənd Salamın 60 yaşına çatması mənə hələ də bir az şübhəli görünür. Məncə, bu, onun növbəti zarafatlarından biridir, geri dönüş edir, onun şeirləri onu daha çox illərə aparır.

Amma bir şeyə tam əminəm: 40 ildən çoxdur dostuq və bu dostluğun yaşı yoxdur.
Salam, 60 yaşın mübarək!

Sənə uzun ömür, can sağlığı, bol-bol şeir, daha çox meyxana, yaddaşdan heç vaxt silinməyəcək yeni xatirələr arzulayıram, çox yaşa, xoş yaşa, deyirəm.

Bir də xahiş edirəm, bundan sonra gecənin bir aləmi zəng edəndə bir az ehtiyatlı ol. Adam 60 yaşında artıq dostunun ürəyini yox, telefonun batareyasını da düşünməlidir; söhbətimiz müvəqqəti də olsa kəsilə bilər.

Amma nə qədər yaşlansaq da, bir şey dəyişməsin: yenə gecənin bir aləmi bir-birimizə zəng edib elə söhbətlər edək ki, kənardan eşidən adam yenə desin:
“Bunlar heç düzəlməyəcəklər...”

Yaxşı ki, düzəlməmişik.

Ad günün mübarək, Salam!

Hörmətlə: köhnə dostun Faiq Balabəyli

# 124 dəfə oxunub

Oxşar xəbərlər

"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

15:45 7 avqust 2026
Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər