Qabıq dəyişib hər fəsildə təzələnən - Mübariz Örən yazır...

Mübariz Örən, yazıçı

Mübariz Örən, yazıçı

4 dekabr 2021
# 16:00

Kulis.az Mübariz Örənin "Qurtuluş - Davamdadı" adlı yazısını təqdim edir.

Hər yaxşı əsər – böyük, ya kiçik, fərq etməz – ayrıca bir dünyadı. Yazıçının yaratdığı, oxucuya bəxş etdiyi sirli-sehrli dünya. Oxucu mətnin ilk cümləsindən, ya ilk abzasından o sirli dünyanın ağır “qapı”larını açıb – yüngül açılanları da var – tanımadığı, yaxşı bələd olmadığı, yad bir aləmə daxil olur: ruhu, ətri, qoxusu başqa dünyaya. Oturduğu yerdə, rahat divanında barmağının yüngül hərəkətilə hazır-qurulu dünyanın qapılarını açır. Havasını udur, suyundan içir, ruhuna bələnir. Həm də bu, divanında oturduğun dünyanın havasından, suyundan fərqlidi. Daha əsrarlı, daha cazibədar, daha şirin; çünki nəfdi, qazancdı, əziyyətsizdi. Gözləmədiyidi. Taleyində olmayandı. Qıraqda tapdığıdı, – bəlkə “qıraqda gəzdiyi”di, – amma məhrəmdi. Halbuki belə bir dünyanın varlığından yarım saat əvvəl xəbərsizdi.

Xoş o yazıçının halına ki, yaratdığı dünya indiki dolaşıq, sürprizlərlə dolu, əlləm-qəlləm dünyamızda darıxdırıcı deyil, oxucusunu öz cazibəsində – başqa dünyalarda: çəkisizliyində! – saxlaya bilir. Oxucusunu təklif etdiyi dünyanın bilavasitə sakininə – çox vaxt qəhrəmanına – çevirir, onu öyrəşdiyi, divanında oturduğu dünyasından müvəqqəti qoparır, uzaqlaşdırır, kosmik addımlarla buluddan-buluda, qatdan-qata atır, bilinməzə, dərk olunmaza aparır, mənaları başqalaşdırır, təsəvvürləri dəyişir, darmadağın edir, gah da, çiyninə yüngül-gözəgörünməz qanadlar taxıb yenə bulud-bulud, qat-qat özünə – doğma Yerinə qaytarır; çünki nə qədər “gəziləsi-görüləsi” dünyalar olsa belə, yaşamalı yer – Yerdir! Bütün macəralar, şıltaqlıqlar əvvəl-axır gəlib Yerin ərişli-arğaclı, həmişətarım hanasında ilgəklənir, amma… oxucuda belə bir ümid, qorxmazlıq yaranır ki, bu ölümlü-itimli dünyada – xüsusən ölümün bu qədər ucuz olduğu pandemiyalı, covidli dünyada! – bir gün əl-ayağın Yerdən üzüləndə köhnə dost kimi sənə sığınacaq verəcək, gəlişinə sevinəcək dünyalar da var, – DAVAM var!

Belədə insan ölümdən qorxmur…

Yazıçı çox vaxt yaratdığı dünyaları Tanrının yaratdığına oxşar – bütöv, tam, xaossuz, bəlli təbiət qanunlarına tabe, harmoniyalı görmək istəyir. Əslində belə bir dünya yaratmaq daha rahatdı. Lakin… durmadan dəyişən, başqalaşan dünyamızda – “sənət zamanın güzgüsüdü” – original olmaq, təzə qalmaq müşküldən müşkül məsələdi. Köhnə estetika ilə dirəşib yeni “şedevr”lər yaratmağa cəhd və inad edən bir çox qələm dostlarımın əziyyətini yerə vurmaq fikrindən uzağam, amma… beyni, fikri, hissi əlindəki smartfondan bir an belə qopmayan, üzbəüz oturduğu həmsöhbətini belə dinləməyə səbri, hövsələsi çatmayan müasir oxucunu öz dünyasından fərqlənməyən ikinci bir dünyayla heyrətləndirmək, təəssüf ki, qısır çabadı.

Müasir nəsr Antik, Səmavi mətnlərə, mifalogiyalara, dastanlara, nağıllara, özündən əvvəlki digər yazılı və yazısız sənət abidələrinə gizlin-aşkar körpülər atan, o mətnlərlə üzvi əlaqəsi, “alış-verişi” olan, eyni zamanda, çağdaş dünya nəsrinin ən son nailiyyətlərini öz köynəyindən, bətnindən – mətnindən keçirən cəsarətli nəsrdi.

Yuxarıda sadaladığım keyfiyyətlərin bütöv palitrası Kamal Abdulla nəsrində yaxşı ki var; qabıq dəyişib hər fəsillə təzələnən, əski, əbədiyaşar mətnlərlə bağrıbadaş olan, irrealla gerçəklikliyin kəsişməz yollarını sehrbaz məharəti ilə bir araya gətirib “min illərin mehribanı” edən, fikir kimi yüyrək Zaman atıyla – oxucusu da tərkində! – əsrlərdən əsrlərə, dünyalardan dünyalara maneəsiz keçən, saysız, ziddiyyətli, çoxgedişli oyunları ilə oxucusunu daima gərginlikdə, intizarda saxlayan, eyni zamanda bu ziddiyyətlərin çözülməsində oxucusuna sərbəstlik verən, hətta mətndən kənnarda belə süjetin, hadisələrin DAVAMINA yer saxlayan…

Kamal Abdulla mətni təbiətin dilini bilən usta bağban əllərilə becərilmiş, budanmış, arıtlanmış səliqə-səhmanlı “söz sahəsini”, “söz tarlasını” xatırladır. Mətn göz oxşayır, sözlər gen nəfəs alır. Cümlələr sərbəst və azaddı. O qədər azad ki, kiminsə xoşuna gəlmək, özünü kiməsə göstərmək, o da ola, kiməsə sübut elətdirmək ehtiyacı sanki ibtidadan olmayıb. Çünki təbiətin özü kimi dil də canlıdı, – burda da DAVAM var – alaqdan-pıtraqdan, sarmaşıqdan vaxtlı-vaxtında təmizləndikdə yaxşı zoğ atır, pöhrə verir, diri qalır. Hətta köhnə mətnlərdən qopub gələn, “arxaik” damğası ilə bağlı qapılar arxasında boynubükük qalan doğma-qədim sözlər belə Kamal Abdulla mətnində özünü suda balıq kimi hiss edir.

Əslində bu yazı Kamal müəllimin doğum gününü təbrik etmək cəhdiydi, söz sözü çəkdi, məsələ uzandı. Eybi yox, təki yaxşı sözlərimiz uzansın. Ömrümüz uzansın ki, əlli il sonra da əziz müəllimimizi ürək xoşluğu ilə təbrik edə bilək.

Ömrə, yaradıcılığa, dostluğa DAVAM, əziz insan, yaxşı azərbaycanlı!

# 3436 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər