Demək istədiyindən əminsənmi? - Nadir Yalçın

Demək istədiyindən əminsənmi? - Nadir Yalçın
21 yanvar 2025
# 11:06

Kulis.az Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsi haqqında Nadir Yalçının “Qar intizarı fikirlərə uduzanda...” adlı yazısını təqdim edir.

Şeirdən baş götürüb uzaqlaşan Ulucay Akifin “Piterə həmişə qar yağır” hekayəsində geniş nəfəs var. Elə hekayəni oxuyub bitirəndən sonra ilk qənaətim bu oldu. Müəllifin təmkini mətndə əsas məsələdi. Oxuduqca onun hər cümlədən sonra nəfəs dərdiyini hiss edirsən. Özü də “Piterə həmişə qar yağır” hekayəsində olduğu kimi, xüsusi hadisə olmayan mətnlərdə nəqletmə arealını geniş götürmək çətindir. Buna ilməli təhkiyə də demək olar. Situasiyaları ilmə-ilmə toxumaq... Budur, daha nə istəyirsiz? Milli literaturamıza yeni söz birləşməsi gətirdim: “ilməli təhkiyə”. Ulucay son hekayəsində ilməli təhkiyəyə üz tutub.

Qışqırıqsız, iddiasız bir hekayədir. Müəllifin çatdırmaq istədiyi mətləb xüsusi bəşəri ideyaları özündə əks etdirmir, gündəlik münasibətlərin fonunda beynimizin küncündə ilişib qalan nəsnələrdən bəhs edir. Bu hekayə hamımızın canındakı ikinci olmaq qorxusunun bədii inikasıdır. Həm qadın, həm də kişi qarşı cinslə münasibətdə qarşısındakının əvvəlini, bundan öncəki halını, həyatını düşünür, bəzən özünü kiminsə yerində hiss etməyin əzabını yaşayır. Ədəbiyyatda da, filmdə də bu mövzu — birinci şəxsi müəyyənləşdirmə sindromu, ikinci olmaq qorxusu dəfələrlə işlənilib. Ulucayın bu hekayəsi bəhs etdiyim tanış hissləri Azərbaycan oxucusuna bir az da bilinən, doğma hisslərlə çatdırır.

Bu mövzu bizim qrafoman, televiziya kanallarındakı seriallara uyğun romanyazanların (oxu! yazıçı yox, romanyazan) qələminə urcah olsaydı, yəqin, tamam başqa mənzərə ilə qarşılaşacağdıq. Məsələ də bu məqamda həll olur. Bir mövzu, ideya başqa ələklərdə başqa cür ələnə bilər, iş odur ki, sən bunu öz ələyinə salıb ələyə bilirsənmi? Demək istədiyinin nə olduğuna əminsənmi? Və ən əsası, demək istədiyini necə, hansı formada deyəcəksən? Bu hekayəni həm də ona görə uğurlu adlandırmaq olar ki, müəllif maraqlı həll tapıb, xoşagələn situatsiya, zaman və yer tapıb.

Bəzi şeylərdən bəhs etməmiş qısa arayış verək: Yeni ili Piterdəki sevgilisinin yanında keçirən gənc azərbaycanlı oğlan sevinclidir. Sveta adlı qız onu evində qonaq edir. Svetanın bacısı və qardaşı da obrazlar arasındadır. Piter küçələrini gəzən cütlük müxtəlif məkanlarda olurlar. Bütün hadisələr yeni il ab-havasının fonunda ifadə olunur. Oğlanın gözü yataq otağındakı bir şəkilə sataşır. Şəkildə Svetanı kimsə qucaqlayıb. Oğlan düşünür ki, bəlkə, atasıdır. Sonra deyir, ata qızını belə qucaqlamaz. Hekayənin sonunda oğlanın Piterə gələndən bəri arzuladığı qar yağır. O bu gerçəkləşən arzusunun reallığından tələm-tələsik ayrılıb Svetaya bu sualı ünvanlayır:

“Şəkildəki kişi kim idi?”

Atmosfer yaratmaq, ilk növbədə, konturları, kordinatları bilinən, düstur kimi dəqiq müşahidələrə əsaslanır. Bayaq dediyim kimi, nəyi yazdığına, nədən yazdığına, necə yazmaq istədiyinə dəqiq əmin olmalısan, nə yazdığını bilməlisən. Bu cəhətdən bəzən uzaq Liviya səhrasındakı hadisələrdən yazan müəlliflərə “həsəd” aparıram. Sən məkanı, zamanı və obyekti tanımalısan. Ulucayın ən böyük avantajı o yerləri addım-addım gəzib müşahidə kamerası ilə lentə almasıdır. Bir az qəribə səslənsə də, deyəcəm, mən hekayədəki gənc azərbaycanlı obrazın Sveta ilə həqiqətən sevişdiyinə şəksiz inandım, halbuki onların uzun-uzadı sevişmək səhnələrinin böyük abzaslarla ifadəsi mətndə öz əksini tapmayıb. İki sevgilinin münasibətləri Piter küçələrində, gəzintisində, dialoqlarında elə dəqiq təsvir edilib ki, oxucu onların necə hərarətlə sevişdiyinə əmin olur. Necə deyərlər, danışma, göstər! Məsələn, müəllif yaza bilərdi ki, Sveta məni sevgidolu baxışlarla süzüb qəribə-qəribə gülümsədi. Yaxud digər sifətlərlə, zərflərlə dolu cümlələr ola bilərdi. Amma bu sifətləri, zərfləri yaradan mətləbləri təsvir etmək, hadisələrin o sifətləri, zərfləri şərtləndirməsini təmin etmək mütləqdir və “Piterə həmişə qar yağır” hekayəsində müəllif bu vacib gedişi etməyi bacarıb.

Yeni il ərəfəsində Piterin ab-havasını təsvir etmək məsələsi müəllifin köməyinə çatıb. Məsələn, hansısa bir bazarertəsinin ab-havasını yaratmaq daha çətindir. Amma burda köməkçi material var, yeni ilin gəlişi və bunun slavyan ölkəsində təsviri.

Hekayədəki daha əlahiddə məsələ isə bu yeni ilə azərbaycanlısayağı yanaşmadır: qarı gözləmək! Məncə, məsələ elə burda həll olub. Gənc azərbaycanlı o yerləri, bayram əhvali-ruhiyyəsini, insanların ovqatını nəql edir, amma paralelində o bu Milad bayramından qar istəyir, bütün söhbətlərinin fonunda bir qar intizarı var.

Sonda iki məqamı qeyd eləmək yerinə düşər. Birincisi, Sveta obrazı ilə bağlıdır. Görünür, müəllif Rusiyanın ab-havasına bələd olsa da, slavyan qızlarının xarakterinə o qədər də yaxşı bələd deyil. Yaxud bələd olsa belə, Sveta obrazını öz istədiyi qlaflara uyğunlaşdırıb, təbii tablosunu yarada bilməyib. Hekayə boyu Sveta özünü Bakı şəhərində böyümüş Leyla kimi aparır. Şimal soyuğunu, çılğınlığını, sərhədsizliyi, rahatlığını Svetada hiss etmək olmur. Xüsusən, restoranda pivə içərkən baş verən hadisələrdə Svetanın obrazı mənim zənnimdə tamamlanmır. Sveta obrazının üzərində yaxşı işləmək olardı. Belə sakit hekayələr psixoloji məqamlarla oynamaq, bədii tipiklik yaratmaq tələb edir. Situativ məqamlarla psixoloji ştrixlərin balansını qorumaq lazımdır.

İkinci məsələ finaldır... Sonluqda bədii paradoks əhvalı var. Obraz qar arzulayır, qar yağır, amma o yenə beynini qurcalayan sualın dalınca qaçır: şəkildəki kişi kimdi? Yəni, qarı bu qədər arzulayan, hekayə boyu bu barədə oxucuya mesaj verən şəxs belə tez o bəyaz ənginlikdən ayrıla bilərmi? Yox əgər ayrılırsa, onun qar intizarı nə dərəcədə tamamlanır? Tutaq ki, o, səhər oyansaydı, həmin gün də qarın yağmadığını görsəydi, nə olardı? O məşum “Şəkildəki kişi kimdi?” sualına keçid üçün özünə, xanəndələr demiş, ayaq verərdi.

Qar yağdı, arzu çin oldu, amma şəkildə bir kişi var və bu, göz önünə gəlir, sevinci korşaldır. Bu sonluqla müəllifin demək istədiyi məsələ bəllidir: xoşbəxtlik nisbidir, bir andır, nə qədər arzularımız gerçək olsa da, ötən gündəki, aydakı, ildəki hansısa məsələ səni tez ağuşuna alır, ağrılar insan üçün daimidir və s.

Bəs qar yağmasaydı, o qarın bu gün də yağmadığını görüb geriyə – şəkildəki kişinin kimliyinə boylansaydı, necə olardı? O zaman insan övladının darıxdırıcı fikirlərdən azad olması üçün bir işığa, bir xoş hadisəyə, bir yağan qara möhtac olduğu mesajı verilə bilərdi.

“Bilərdi...” O “ər” qeyri-qəti gələcək zaman şəkilçisində dayanmaq lazımdı. Çünki müəllif mətni belə görüb, belə yazıb, daha nə deyək?

Hekayədə keçidlər yaxşıdı. Dialoqlar da yaxşı işlənib. Cümlələr yerində, bir-iki nüansı çıxmaq şərtilə ciddi redaktə səhvləri də görünmür.

Şeirdən baş götürüb uzaqlaşan Ulucay Akifə uğurlar arzulayıram. Çünki baş götürüb getdiyi yerdə baş çıxarda bilir.


# 508 dəfə oxunub

Oxşar xəbərlər

"Pul şairin qadınları satınalma vasitəsidir" - Mətanət Vahid

"Pul şairin qadınları satınalma vasitəsidir" - Mətanət Vahid

14:30 21 yanvar 2025
Ata qətlinin sirri - Fəxri Uğurlu

Ata qətlinin sirri - Fəxri Uğurlu

12:00 18 yanvar 2025
"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

14:40 17 yanvar 2025
"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər Turan

"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər Turan

17:00 16 yanvar 2025
Elnarə Akimova:  "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

Elnarə Akimova: "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

12:00 15 yanvar 2025
Sonsuz ağrılar və bəşəri təklik - Rə­van Cavid

Sonsuz ağrılar və bəşəri təklik - Rə­van Cavid

13:56 14 yanvar 2025
# # #