Kulis.az Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, şair Səlim Babullaoğlu ilə müsahibəni təqdim edir.
- Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbərisiniz. Bu müddətdə hansı yeniliklər baş verib? Qurumun hazırkı vəziyyətindən bəhs edərsiniz...
- 2014-cü ilin, iyunundan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbərlik edirəm. Qurum AYB-nin bir strukturudur, təsisçilərindən biri Azərbaycan Yazıçılar Birliyidir. Dəyişiklik belədir ki, “Dünya ədəbiyyatı” dərgisi Mərkəzin nəşri kimi çap olunmağa başladı.
- “Dünya ədəbiyyatı” dərgisi 2014-cü ildən yaranıb...
- Yox. 2004-cü ildən nəşr edilir. Təsisçisi və ilk baş redaktoru o vaxt mən olmuşam. Beş sayı nəşr edilmişdi, əlavə də təxminən iyirmiyə yaxın kitab çap eləmişdik. 1994-2014-cü illərdə. Amma 2014-cü ildən belə deyək, qərara gəldik ki, yeni konsepsiya nəşr edək və hər sayını ya bir xalqın ədəbiyyatına, yaxud da bir ədəbi janra həsr edək. İstisna kimi bu da olar bilər, məsələn, siz böyük bir ədibsiniz, eyni zamanda tərcümə fəaliyyətiniz olub. Elə bir sayı olsun ki, sizin tərcümələrinizdən çap olunsun. “Bir yön” konsepsiyası var. Ya bir janr, ya bir xalqın ədəbiyyatı, ya da görkəmli bir ədibin tərcümələri. Bu ideya da Anar müəllimindir. Biz də onu dərginin baş redaktoru ilə bərabər işlədik, təkmilləşdirdik. Seyfəddin Hüseynlidir dərginin baş redaktoru. Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Fikrimcə, dərgi bir çox baxımlardan özünün ən yaxşı vaxtını yaşayır və bu işdə Seyfəddin müəllimin xidməti çoxdur. İndiyə qədər biz Ukrayna, Rusiya, İran, Oman, İngiltərə, Serbiya, Moldova, Türkiyə ədəbiyyatına həsr etdiyimiz saylar olub. Anarın 80 illik yubileyi ilə bağlı onun tərcümələrindən ibarət xüsusi sayı etmişik. Son sayımız “esse” janrına həsr olunub, dünyadan seçmə essələr. Daha bir sayımız “dünya dramaturgiyası” olub. Eyni zamanda Azərbaycan ədəbiyyatının nəşrinə nail olmuşuq. Qarşılıqlı mübadilə aparmışıq. Tutalım, bizim vasitəmizlə Ukraynada, Rusiyada, Moldovada Azərbaycan ədəbiyyatı antologiyaları çap olunub. “Vsesvit” jurnalında da bizim ədəbiyyatımız işıqlandı.
- Bu yaxınlarda Rusiya Yazıçılar İttifaqı ilə də əməkdaşlığa başladınız...
- Bu son işimizdir. Rusiya Yazarlar Birliyindən müraciət daxil oldu mənə. Onlar istəyirdilər, tərcümə mərkəzi ilə müqavilə imzalasınlar. Təklif etdim ki, müqaviləni Yazıçılar Birliyi ilə etsinlər. Anar müəllimə məlumat verdim, o da sağ olsun, dəstək oldu, müqavilə bağlandı. “Ədəbiyyat qəzeti” də prosesə qoşuldu. Onlarla ortaq elədik bu işi. Rus yazıçılarının, yəni onların göndərdiyi müəllifləri xüsusi sayda nəşr etdik. 10 müəllif idi. Onlarda “День Литературы” qəzetinin bir sayını bütünlüklə Azərbaycan ədəbiyyatına həsr etdi.
- Bizdən kimlər çap olundu?
- Çox adam var. Nəsr bölməsində, Anar, Çingiz Abdullayev, Kamal Abdulla, Firuzə Məmmədli, Əjdər Ol, Məqsəd Nur, Novruz Nəcəfoğlu…
- Gənclərdən?
- Ülviyyə Tahir. Poeziya bölməsindən, Qismət, Fərid Hüseyn, Leyla Əliyeva, Alik Əlioğlu, Səxavət Sahil var.
- Növbəti nömrələri olacaq?
- Düşünürük ki, il ərzində 2 dəfə edək. Amma bu necə olacaq, hələ ki, konkret planlaşdırılmayıb.
- “Dünya ədəbiyyatı” dərgisi il ərzində neçə dəfə nəşr edilir?
- İldə 2 dəfə çap olunur. İstisna halda 3 yaxud 4 dəfə ola bilir.
- Bu dərgi daha çox Mərkəzi-Avropa ədəbiyyatını əhatə edir?
- Xeyr. Niyə? İngiltərə var, Şərq dövlətləri-Oman, İran var. İran ədəbiyyatı heç bax bu günkü kimi çap olunmamışdı. Və yaxud Oman, ərəb ədəbiyyatı olsun. Ümumiyyətlə biz klassik tərcümələrdən başqa anlayışımız yoxdur. Biz düşünmürük ki, ancaq qərb olmalıdı, şərq də olmalıdır. Məsələn, biz fikirləşirik ki, tutalım Yaponiya, Çin ədəbiyyatı edək. Hətta müəyyən təkliflərimiz var. Çinlə yazışmışıq. İşləri aparırıq.
- Səlim müəllim, bəs ehtiyat etmirsiniz, Çində virus var?
- Virus internetlə gəlməyəcək ki?!
- Əlbəttə amma yenə də ehtiyat etmirsiniz?
- Aydındır. Sabah bütün dünyanı virus bürüsə onda gərək işləməyək. (gülür)
- İl ərzində nə qədər kitab çap olunur?
- Bu barədə limitimiz yoxdur. Bizə bir öhdəlik qoyulmur. Keçən il 4 kitab nəşr etdik. Müəyyən tədbirlər də edirik. Türkiyədə çap olunan “Temrin” jurnalının Bəxtiyar Vahabzadəyə həsr edilən xüsusi bir sayını bizim mərkəz hazırladı. Daha əvvəl M.Ə.Sabir xüsusi sayına dsətək vermişdik. Mikayıl Müşfiq, Rəsul Rza, M.F.Axundov sayları qarşıdadır. Bu ilin yanvarında artıq 1 kitab çap eləmişik.
- Tez-tez bu cür xüsusi buraxılışlar edirsiniz?
- İmkan, resurs, əlaqə, layihə olanda edirik. Mərkəzin büdcəsi o qədər deyil ki, biz çox iş görək. Biz kimlərəsə müraciət edirik. Onlar da sağ olsunlar arada dəstək olurlar.
- Dövlətə necə layihələr təklif edirsiniz, proses necə gedir?
- Məsələn, “Moldova ədəbiyyatı” sayı edəndə, biz Moldova Azərbaycanlılar Konqresindən xahiş etdik. Onlar ordakı partnyorlara dəstək verdilər. Bizə də. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Onlar da moldovanların Bakıya gəlməsi, yerləşməsi, Azərbaycanda “Moldova ədəbiyyatı günləri” keçirilməsinə dəstək verdilər. Yəni, rəsmi qaydada müraciət edirik. Ümumiyyətlə Mədəniyyət naziri cənab Əbülfəs Qarayev bizə çox dəstək olub. Elə “Dünya ədəbiyyatı” dərgisinin ilk sayına da xatırlayıram ki, o maliyyə ayırmışdı. Mən 2004-cü ildən danışıram. Onda hələ Əbülfəs müəllim “Gənclər və İdman” naziri idi. Bizə kömək etdi. Sağ olsun. Bu günə qədər də bizə ona müraciət edəndə yox demir.
- Sizcə hazırda Azərbaycan nəşriyyatları dünya ilə niyə ayaqlaşa bilmir? Nələr çatışmır? Nələr etməliyik?
- Bilirsiniz, bu mənim dünya görüşümə görə belədir ki, rayonlarımızda kitab mağazaları olmalıdır. Böyük şəhərlərdə daha çox olmalıdır. Məsələn, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Şəki və.s. Mən bilmirəm, indi harda çoxdur, ya azdır, ancaq həqiqət belədir ki, çox azdı kitab dükanları. Ölkə üzrə ən azı 300 kitab mağazası olmaldır ki, kitab sənayesi formalaşsın. Bakını çıxmaq şərtilə. Bir də mən dəftərxana mağazasından danışmıram.
- Nəşriyyatlar necə?
- Nəşriyyatlarda olmalıdır, amma ola bilsin ki, 10 nəşriyyat olsun işin öhdəsindən gəlsin. Biz bunu limitləşdirə bilmərik. Azad iqtisadi münasibətlər şəraitində bu özü özünü tənzimləyəcək fikrimcə.Üstəgəl nəşriyyatlar kağıza qoyulmuş əlavə dəyər vergisi götürülməlidir. Nəşriyyatlar müəlliflərdən kitabları almalıdır, yəni, müəllif düşüb nəşriyyat axtarmamalıdır.
- Bu həm də kitab sənayəsi ilə bağlıdır.
- Bəli. Ona görə deyirəm ki, nəşriyyatda istehsal elədiri əmtəəni satmalıdır. Ölkədə kitab dükanlarının sayı azdırsa nəşriyyat neyləsin, harda satsın? Ən azı harda təklif etsin kitabı, yaxud öz məhsulunu?
- Kitab sənayəsi məsələsini dövlətə layihə kimi necə təklif etmək olar?
- Məncə, əlavə dəyər vergisinin götürülməsi, nəşriyyatlara müəyyən az dotasiya və azfaizli kreditlərin verilməsi, yaxud icarə haqlarının minumumlaşdırılması məsələlərində dövlət dəstək verə bilər. Amma azad iqtisadi şəraitdə bunu artıq biznesmenlər etməlidir. Burda dövlətdən çox şey gözləmək doğru olmaz.
- Bəlkə ölkədə pen klublar, ədəbi dərnəklər yaransa necə?
- Yaransın da. Yenə də dövlət burda nə dəstək verə bilər ki?! Mən burda dövlətin dəstəyini görmürəm. Dövlət nə edə bilər, tutalım hər hansı nəşriyyatlara faizsiz və uzun müddətli kreditlər verə bilər. Ki, ədəbiyyat, kitab bazarını stimullaşdırsın. Amma hər şeyi dövlətdən gözləmək olmaz. Kitab alınmasa, söhbət əmtəədən gedir, nəşr də olunmayacaq. 200, 300, uzaqbaşı min tirajla kifayətlənəcəyik. Bunun üçün azad bazar rəqabəti yaranmalıdır. Düşünürəm ki, Mədəniyyət nazirliyi hansısa xüsusi tədbirlər görəcək. Dediyiniz məsələdə, QHT fondu yazarlara qrantlar ayıra bilər. Belə şeylərin dünyadakı örnəkləri çoxdur.
- Müsabiqələr təşkil olunmalıdır?
- Təbii müsabiqələr əsasında. Amma fərdi qrantlar da mümkündür. Məsələn, siz hər hansı bir mövzunu tədqiq etmək istəyirsiniz, həm ədəbi, həm də dövlətin marağında olan mövzuda. Tutalım, “Xocalı mövzusu dünya mətbuatında və ya dünya yazarlarının gözü ilə” adlı yazı olsun. Müəyyən qrant verməlidir ki, siz o kitabı yaza biləsiniz. Siz də kitabı qrant hesabına yazanda artıq qonorar gözləməyəcəksiniz. Nəşriyyata da o kitabı çap eləmək və satmaq daha rahat olacaq. Avropada belə təcrübələr var.
- Avropanın təcrübələrindən faydalanmalıyıq?
- Heç şübhəsiz faydalanmalıyıq. Bilirsiniz, məsələnin bir ədəbiyyat tərəfi var, bu çox şəxsi məsələdi, bir də var, iqtisadi, sənayə məsələsi. Bu artıq biznesdir, yazıçıdan asılı olmayaraq idarə olunan məsələdir. Bu məsələyə əlbəttə dövlət dəstəyi də lazımdır, xüsusi sərmayələr də gərəklidir. Biznesmenlər də aktiv olmalıdır. Kitabı satmaq üçün təklif etmək lazımdır.
- Piar məsələsidə burda rol oynayır.
- Kitab mütaliəsi ilə bağlı televiziyalar pulsuz çarxlar hazırlamalıdır.
Bir dəfə rayonların birindən gələndə yolda yemək yedik. Bizə qulluq edən yeniyetmə ofisiant dedi ki, müəllim mən sizi tanıyıram, televizorda görmüşəm. Kitabınızı necə əldə edə bilərəm? Mən ona heç nə deyə bilmədim. Deyə bilmədim ki, get filan kitab dükanında var. O yeniyetmənin ünvanını aldım və kitabımı göndərdim. Belə səhnələrlə tez-tez olmasa da ara-sıra rastlaşıram. Ümumiyyətlə kitab ticarəti ilə yazıçı məşğul olmamalıdır.
- Səlim müəllim, indi istəyərdim tərcümələrdən danışaq. Əksərən tərcümələrdən narazılıqlar, tənqidlər olur. Sizin qurumun tərcümələri nə dərəcə də keyfiyyətlidir?
- Bunu mən deyə bilmərəm axı. Azərbaycanda kimsə desə ki, bizim bütün dillər üzrə yüksək səviyyəli tərcüməçilərimiz var, yalan danışmış olar. Yoxdur. Hətta ingilis, fransız, daha populyar avropa dillərində, şərq dillərində belə ixtisaslaşmış tərcüməçilərimiz qaneedici deyil. Azərbaycan dilinə tərcümə işində vəziyyət daha yaxşıdır. Nəyinki tərsinə. Ümumiyyətlə isə əksər dillərdə tərcüməçilərimiz yoxdur. Biz çalışmışıq ki, bəzi tərcümələri orjinal dildən edək. Rus ədəbiyyatı məlumdur. Məsələn, Oman ədəbiyyatı ərəb dilindən, İran ədəbiyyatı fars dilindən tərcümə etmişik. Bəzi kitablarımız, məsələn Cavanşir Yusiflinin tərcüməsində fransız və ingilis dilindən tərcümə edilib. Tərcümələr edirik. Seyfəddin müəllim sağ olsun, çox yaxşı komanda formalaşdırıb. Tərcümədən başqa burda vacib olan məsələlərdən biri də redaktor işidir. Seyfəddin də bu işlərin peşəkarıdır.
- Ədəbiyyat üzrə tərcüməçidə mütləq bədii təfəkkür gərəklidirmi?
- İlk növbədə onda ədəbiyyat damarı olmalıdır. Mütaliəli, bazalı... ana dilini mükəmməl bilməlidir. Əlbəttə şeir tərcümə edirsə, onun şeir damarı olmalıdır. Poeziyanı sevmədən tərcümə etmək olmur.
- Sizcə ən poetik dil hansıdır?
- Bu sualın cavabını bilmək üçün 10 dil bilməliyəm. Deyilənə görə, avropa dilləri arasında şeirin ən yaxşı səsləndiyi fransız dilidir. Hərçənd, mən ispan dilində qiraətə qulaq asmışam. Olduqca xoş gəlib mənə. Çox özünəməxsudur. Şərq dillərində isə fars dilini deyirlər. Amma ərəb dilində maraqlıdı şeirin səslənişi. Quranın səslənişini eşitmişik. Azan səsi. Necə poetikdir.
- Rəsmi, təşkilati işləriniz çox olur. Bunlar yaradıcılığınıza təsir edir?
- Şübhəsiz təsir edir. Artıq fevral ayıdır. İki layihə gerçəkləşdirmişik. Üçüncüyə hazırlaşırıq. Paralel “Dünya ədəbiyyatı” dərgisinin may sayını hazırlayırıq. İşlər adamı əldən salır. Mənim çapa hazır 1 kitabım var. Nəşriyyat məni gözləyir.
- Hansı nəşriyyatda çap olunacaq?
- “Parlaq imzalar”.
- Yeni şeirlərdir?
- Arasında yeni şeirlər də var. Kitabın konsepsiyası var. 13 şeirdi. Məsələn, “Qarın şərhi”, “Fevralda 42 sətir”, “Aprel zümzüməsi” “Novruz elegiyası” - bu ilin ayları ilə bu və ya digər dərəcədə bağlı 12 şeir. Bunların arasında ikimininci illərin əvvəllərində yazılanlar da var, ötən il yazılanlar da, mətbuatda çap olunanlar da, çap olunmayan da.
- Hər aya dediniz. 13-cü ay hansıdır?
- Ramazan ayı. Bu ay da Hicri təqviminə görədir artıq, bütün ayların içində gəzir.
- Paralel olaraq başqa nələr yazırsınız? Nəsrə keçməmisiniz?
- Nəsr yazmıram, tərcümələr edirəm. Hazırda və arada-sırada Çeslav Miloşu, Brodskinin şeirlərini tərcümə edirəm, tərcümə etdiklərimi asta-asta redaktə edirəm. Brodskidən tərcümələrim çoxdur. Düşünürəm ki, bu şeirləri kitab halına nəşr edim. Vaxt lazımdır. Ancaq onu deyim, məhsuldar adam deyiləm. İldə çox olsa 5-6 şeir yazıram.
- Əslində yaradıclıq belə olur. Yoxsa hər gün özünü məcbur edib nəsə yazmaq gülüncdür.
- Sizi anlayıram. Bu haqda mövqeyim belədir ki, şeir çox yazılmır. Şeir ali dil hadisəsidir. Şeir o vaxt daha təsirli və qalıcı olur ki, ruhi təcrübəni ifadə edir. Təkcə bioqrafik təcrübəni, güncəl mündəricəsi olmur poeziyanın. Poeziyanın həm də ruhi-mənəvi mündəricəsi olur. Bunu fiksə eləmək isə həmişə mümkün olmur.
- Dünyada artıq poeziya dövrü bitir. Roman bumu, erası başlayıb...
- 500 ildir bunu deyirlər. Füzuli dövründən bəri deyirlər. Hətta Homerin dövründə belə deyirdilər ki, şeir ölüb. Şeir niyə ölməlidir ki?! Elə şey yoxdur. Şeir romana, prozaya münasibətdə az oxunur. Bundan sonra da az oxunacaq. Amma bu qətiyyən poeziyanın ölümü deyil. Bu poeziyanın diriliyi, həyat tərzidir. Poeziya niyə prozadan üstündür?
- Niyə?
- Çünki onun əvvəla həcm imkanı azdır. Bir də ruhi təcrübə məsələsi var.
- Poeziyanı musiqiyə bənzədirəm...
- Tamamilə doğrudur. Alber Kamyunun “Yad” romanını oxumusunuz?
- Bəli, oxumuşam.
- Birinci cümləsi yadınızdadır?
- “Bu gün anam öldü. Bəlkə də dünən. Bilmirəm.”
- Ay sağ olun. İndi o abzası alt-alta şeir kimi yazın və oxuyun. Görəcəksiz ki, şeirdir. Bütün gözəl roman, povest və hekayələrin birinci abzası, bəzən cümləsi poetik hadisədir. Qalan yerlər isə o hissəni izah eləməkdən başqa şey deyil. “Yad” romanında birinci abzasda verilən informasiya - absurd və laqeydlik eksistensial informasiya bütün roman boyu sərf-nəzər edilir, sanki hadislərlə təsdiqlənir.
- Düşüncələrinizdən belə çıxır ki, poeziya prozadan üstündür?
- Əlbəttə. Əslində proza dartılıb uzadılmış poeziyadır.