Kürsü - İsi Məlikzadənin hekayəsi

Kürsü - İsi Məlikzadənin hekayəsi
4 fevral 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Kürsü”dür.

Günortadan bir az keçmişdi. Bayır isti olsa da Cavad kişinin çarpayı qoyub uzandığı iki pəncərəli balaca otaq sərin idi. Kişi əllərini sinəsində çarpazlayıb yenicə huşa getmişdi. Birdən bayırda elə səs-küy qopdu ki, Cavad kişi yuxudan dik atıldı. “Lənətə gəlmişlər, qoymazlar dincələk. Belə də iş olar?” O, dizlərinin üstünə sürüşmüş döşəkağını bürmələyib çarpayının başına tulladı. Ayağa qalxıb açıq pəncərəyə yanaşdı. Aşağı baxdı. Divarın dibində, kölgədə bir dəstə yeniyetmə toplaşmışdı. Onlardan iki nəfəri daşdan düzəldilmiş kürsünün üstündə qarşı-qarşıya oturub nərd oynayırdı, qalanları dövrə vurub baxırdılar. “Bu kürsünü düzəltdiyim yerdə əllərimə yara çıxaydı”, – deyə Cavad kişi özünə qarğış yağdırdı.

Nərd oynayanlar qışqırır, zarafat edirdilər. Cavad kişi pəncərəni bağladı. Ayaq üstə duranlardan bəziləri başlarını qaldırıb yuxarı baxdı. Onlar Cavad kişinin bozarmış sifətini görüb sözlərini kəsdilər, hay-küylə danışan yoldaşlarını dümsüklədilər. Hamı susdu. İndi yalnız, taxtaya zərblə dəyən nərd daşlarının “şaraq-şaraqı” eşidilirdi. Kişi pəncərədən uzaqlaşdı. Yenidən çarpayıya uzandı. Lakin yata bilmədi. Pəncərələr bağlı olsa da, səslər açıq-aydın eşidilir, kişinin əsəblərinə toxunurdu:

- Şeşi yek!

- Pənci se!

Cavad kişi hirsdən boğulurdu. “Yox, buna bir əncam çəkmək lazımdır, – deyə düşündü. – Mən bu yaşımda olanda ailə saxlayırdım. Bunların işləri-gücləri yoxdur! Səhərdən axşamacan oturub nərd oynayırlar”.

Səriyyə xala üzünü yelləyə-yelləyə içəri girdi. Pəncərələri bağlı görüb ərinə baxdı.

- Yenə qoymadılar yatasan?

Cavad kişi elə bil arvadının bu sözlərinə bənd imiş. Cəld qalxıb çarpayıda oturdu.

- Neyləyim? Durum dalaşım? Üç uşaq böyütmüşəm, bu vaxta qədər bir adama başağrısı verməyiblər... Balam, bilsəydim belə olacaq, heç təqaüdə çıxmazdım, oturub bənnalığımı eliyərdim. Bunun harası dincəlmək oldu, hə? Səhərdən axşama kimi bu avaraların səsindən pəncərələri aça bilmirəm.

- Sən evin qabağındakı o həngaməni düzəltməsəydin, indi belə olmazdı.

- Düz deyirsən, həmişə burada “qu” deyirdin qulaq batırdı. Elə ki, o kürsünü düzəltdim, camaat əylənməyə yer tapdı. Evimin qabağı döndü bazara. Özüm də peşmanam.

Arvad o biri otağa keçdi. Cavad kişi parusin şalvarını, ağ təmiz köynəyini geydi. Həsir şlyapasını başına qoyub bayıra çıxdı. Kürsünün ətrafına yığışmış adamların yanından keçib dəniz kənarına getdi...

Axşam çoxdan düşmüşdü. Cavad kişi otaqda var-gəl edir, küçədə gediş-gəlişin kəsilməsini gözləyirdi. O, daş kürsünü dağıtmaq fikrindəydi. Ürəyində hey təkrar edirdi: “Buna nə var ki? Düzəltmişdim, düzəltməmiş olum. Mənə rahatlıq lazımdır, rahatlıq. Dağıdacağam, vəssalam. Bir daşını da qoymayacağam qalsın. Tozunu da süpürəcəyəm”.

Kubik daşdan hörülüb, üstünə hamar taxta vurulmuş kürsüyə baxanlar başa düşərdilər ki, burada səliqəli bir ustanın zəhməti vardır. Yan tərəfdəki alçaq söyüd ağacları budaqlarını kürsünün üstünə sərmişdi. Bura qonşuların çox xoşuna gəlirdi.

Gecədən xeyli keçdi. Cavad kişi qapının dalından çoxdan atılıb qalmış lingi götürdü. Arvadı eşitməsin deyə ayaqlarının ucunda yeriyə-yeriyə dəhlizə keçdi. Pilləkənləri düşüb dayandı. Kürsüdə iki nəfər arxası ona tərəf oturmuşdu. Ayın işığında onları aydın görmək olurdu. Cavad kişi təzə binada yaşayan alçaqboylu, enlikürək oğlanı tanıdı. Cavad kişi oğlanın adını bilməsə də, onun şin zavodunda işlədiyini eşitmişdi. Başıaşağı, qanacaqlı, mərifətli oğlanıydı. Qoca bənna ilə hərdən rastlaşanda ehtiramla salamlaşardı. Onunla yanaşı əyləşmiş ağ paltarlı qızı da tanıdı. Qonşuluqdakı həkimin qızı idi. Oğlan qolunu gözlərinə yaxınlaşdırıb saatına baxdı.

- Birdən növbəyə gecikərəm... Bu kürsüyə elə öyrəşmişəm ki, oturanda durmaq istəmirəm.

- Axı, bu, bizim kürsümüzdür.

- Hər dəfə işə gedəndə səninlə burada otururam, elə bil qollarıma qüvvət gəlir.

- Deməli, kürsüdən qüvvət alırsan?

- Həm kürsüdən, həm də... – Oğlan qıza tərəf döndü, qız başını aşağı saldı.

Qoca bənna qapısının ağzında dayanıb qalmışdı. Yanına sıxdığı ling birdən od olub əlini yandırdı, lakin o biri əlinə aldı. Səslərini kəsib fikrə getmiş gənclərə baxdı. “Neynirsən, Cavad, özün cavan olmamısan? Eşitdinmi, o qız nə dedi: “Bizim kürsümüz”. Bir bax orada kimlər oturub. Onlar bura mehr salıblar, məskənlərini dağıtma. Vaxtlarını boş keçirən beş-üç nəfərin ucbatından bu kürsünü sökmək insafdan deyil axı, bu cavan oğlan işə gedəndə, işdən qayıdanda özünü bu kürsüyə yetirir, həkimin qızını da burada gözləyir. Qurunun oduna yaşı da yandırma, Cavad, geri dur. Bu kürsü təkcə sənin deyil”.

Cavad kişi həvəslə, səylə tikdiyi kürsüyə bir də baxdı. Öz bənnalıq sənətinin son əsəri, son yadigarı olan kürsünü dağıtmaq fikri onu üşütdü, kişinin əlləri titrədi. O, dönüb evə getdi. Lingi qapının dalına elə qoydu ki, səsi çıxmasın. Gündüzdən bağladığı pəncərələri açdı. Sərin meh içəri doldu. Hər yan sakitlik idi. Oğlanla qız durub getmişdilər.

1962

# 3811 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #