Qabil Abbasoğlu: “Lent.az-a rəqib görmürəm” - MÜSAHİBƏ

Qabil Abbasoğlu: “Lent.az-a rəqib görmürəm” - MÜSAHİBƏ
24 iyun 2011
# 14:03
İyunun 25-də üç yaşı tamam olan Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlunun APA-ya müsahibəsi.

- Lent.az ötən üç ildə nəyə nail olub? Siz Lent.az-la bu müddətdə nəyə nail olmusunuz?

- Lent.az Azərbaycanda internet medianın təşəkkül tapmağa başladığı dövrdə meydana gəldi və bu sahənin ilk nümunələrindən biri oldu. Bizim müəssisə və kollektiv olaraq nəaliyyətlərimiz böyükdür. Bununla yanaşı deyim ki, Azərbaycanda internet medianın bir media növü olaraq meydana çıxmasının, oxucu toplamasının, texnoloji nailiyyətləri tətbiq etməyə başlamasının, Azərbaycan mətbuat aləmində öz yerini tutmasının mümkünlüyünü sübut edənlər sırasında biz də varıq. Azərbaycanda internet medianın yaranmasındakı iştirakından başqa həm də internet jurnalistikanın yaranıb yetişdirilməsində təvazökarlıqdan kənar olsa da deyim ki, çox mühüm rol oynayıb. İnternet jurnalistikasının ənənəvi jurnalistikadan xeyli fərqli tərəfləri var. Söhbət operativlik, texnoloji imkanlardan vaxtında istifadə, zaman anlayışına fərqli baxış, xəbərin yayılmasında risk və məsuliyyətin qat-qat böyüklüyündən gedir. Bu standartlara cavab verən jurnalist ordusunun yetişdirilməsi üç il bundan qabaq o qədər də asan görünmürdü. Bu gün “tam yetişdirilib” demək də olmaz. Amma xeyli sədlər aşılıb. Artıq internet jurnalistikası ilə məşğul olan insanlar üçün zəruri standartların siyahısı bəlli olub. Bunlar böyük nəaliyyətlərdir. O ki qaldı kollektivin özünün daxilində və Lent.az-ın bir kütləvi informasiya vasitəsi olaraq qazandıqlarına, xeyli sabit və Lent.az-a bağlı olan oxucu kütləsi toplaya bilmişik. Hesab eləmirəm ki, Lent.az təkcə yaradıcılıq mühiti və ya təkcə kommersiya müəssisəsidir. Lent.az həm yaradıcı yanaşma tələb edir, yaradıcılığı özündə birləşdirən və əks etdirən, həm də kommersiya şərtlərini ödəməyə çalışan, bunun üçün çox həssas, diqqətli fəaliyyət göstərən qurumdur. Bu ikisini bir arada tutmaq üçün əlbəttə ki, mütəxəssislərə ehtiyac var. Daxil olduğumuz qrupun rəhbərliyinin, işçilərimizin, kollektivimizin bacarıqları sayəsində Azərbaycanda bu işi bacaran insanların arasında ən üst sırada yer almışıq. Üç il bundan əvvəl indiki göstəricilərimizi yalnız arzulaya bilərdik. Bunu cəsarətlə deyə bilərəm. Bu barədə düşünmək belə çətin gəlirdi. Amma təcrübə və zaman göstərdi ki, hər şey işdən asılıdır. Hər şey sistemli, ardıcıl, yorulmaz fəaliyyətdən və münasibətdən asılıdır.

- Rəqibləriniz varmı?

- Bu sahədə fəaliyyət göstərən internet media nümunələri var. Amma meydan oxumaq kimi çıxmasın, mən Lent.az-a rəqib görmürəm.

- Hazırkı xəbər saytı bolluğuna münasibətiniz necədir? Hansı ki, onların hamısı ortaya qoyduğu məhsul-materialı “professional internet-media” sayır...

- Əslində, saytların, bloqların, xəbər portallarının, ümumilikdə xəbərçilik meydanlarının çoxluğu özü-özlüyündə yaxşı haldır. İkincisi, bizim “əla”, yaxud “pis” deməyimizdən asılı olmayaraq bu proses təbii axarla gedir. Bu, inkişaf eləmiş dünyada gedən bir prosesdir və Azərbaycana hələ onun ən yeni nəaliyyətləri gəlmir, arada fərq var. Ona görə də xəbərçilik meydanının çoxalmasının qarşısı alınmalı deyil, buna cəhd etməyə ehtiyac da yoxdur. Həm də istəsək belə, mümkün deyil. Bu səbəbdən də xəbər saytlarının çoxluğuna alışıb, bu şəraitdə işləməyə öyrənmək lazımdır.

- Mən biləni, xeyli xəbər oğurluğuna məruz qalırsınız...

- Çox, lap çox! İnternet medianın əlbəttə ki, bir çox üstünlükləri var. Xəbəri aldın, yanındakı insana onu iki dəqiqəyə danışa bilərsənsə, bir dəqiqə, yaxud dəqiqə yarıma onu sayda qoya bilərsən. Bu, inanılmaz bir üstünlükdür. Üstünlükləri ilə yanaşı, çatışmazlıqları da var. Bilmirəm bu, texnoloji imkanlarla daha çox bağlıdı, yoxsa ictimai tərbiyə, peşə etikası ilə bağlı məsələdi, istənilən halda bunun qarşısını almaq lazımdır. Ya elə texnoloji üsullar tətbiq etməliyik ki, o xəbəri oğurlamaq mümkün olmasın. Yaxud insanlar o həddə gəlib çatmalıdırlar ki, oğurluq etməyin ən azından tərbiyəsizlik olduğunu anlasınlar. Obrazlı desək, ya qapını bərk bağlamalıyıq, yəni elə bağlamayıq ki, oğru girə bilməsin, ya da insanları başa salmalıyıq ki, oğurluq eləmək olmaz.

- Xəbər oğrularının arxasınca düşürsünüzmü?

- İlk vaxtlarda düşürdük. Amma bu, o qədər geniş miqyas aldı ki, hamısına bir-bir demək də bir az mümkünsüz oldu. Hansı ki, onlardan eləsi var bir, yaxud iki dəfə demişik. Onlara bir-bir “bu tərbiyəsizliyi eləmə” deməyə nə vaxtımız, nə həvəsimiz var, nə də bunun faydası olacağını düşünürük. Görünür, ya onlar tərbiyələnməlidir, ya da özümüz hansısa metod tapıb bunun qarşısını almalıyıq. Ancaq bir mühüm məqamı da deyim ki, bu oğurluqlar bizə o qədər də ziyan vurmur. Çünki Lent.az-ın oxucusu Lent.az-ı tanıyır. Oğurluq həmin oğruların özlərinə də fayda vermir. Çünki onların da oxucusu onları tanıyır, imkanlarını da bilirlər. Heç kim bilməsə də – məşhur rus yazıçısının əsərində var bu cümlə – özləri ki, bilirlər bizdən oğurladıqlarını. “Mən başqasından oğurlayıram” düşüncəsi ilə uğur qazanmaq da olmaz.

Bizdən xəbəri oğurlayıb hətta vaxını bir neçə dəqiqə irəliyə çəkib qoymaq kimi arsızlıq edənlər də olub. Bir dəfə təcrübəmizdə qəsdən bir xəbərin mahiyyətinə təsir etməyən bir səhvə yol verdik. Səhv etmirəmsə bir kriminal hadisə idi, orada ölənin soyadını qəsdən səhv yazdıq. Saytlardan biri həmin xəbəri bizdən beş, başqa birisi isə on dəqiqə irəli çəkməklə verdi: həmin yanlışı da buraxıblar. Üstəgəl, bizim bilməyərəkdən yol verdiyimiz başqa bir səhvi - hərf səhvini də buraxmışdılar. O insanları da başa düşürəm. Görünür, uğur qazanmağın belə yolunu seçiblər. Amma onlar tezliklə əmin olacaqlar ki, bu cür “üsulla” uğur qazanmaq mümkün deyil. Bunu bəribaşdan deyirəm.

- Təxminən iki ay öncə Lent.az-ın təzə layihəsi fəaliyyətə başladı: kulis.az internet dərgisi. Yeni layihələr olacaqmı?

- Əlbəttə, plan kimi Lent.az-ın növbəti yeni layihələri də nəzərdə tutulur. Deyim ki, kulis.az onlardan ilki deyildi. Amma ilk olaraq fəaliyyətə başlayan oldu. Şirkət rəhbərliyi də dəfələrlə yeni layihələrimizin nəzərdə tutulduğunu bildirib.

- Azərbaycan oxucusu əsasən hansı xəbərlərə üstünlük verir?

- Bu, populyar mövzudur və həmişə müzakirə olunur: reytinqli mövzular və reytinqsiz mövzular. Mən bu məsələyə fərqli yanaşıram. Yəni, istənilən mövzunu reytinqli material da etmək olar, reytinqsiz materiala da çevirmək olar. Amma bütövlükdə Azərbaycan cəmiyyəti nisbətən şou-biznes xəbərlərinə üstünlük verir. Söhbət sakit, xüsusi fövqəladə bir hadisənin baş vermədiyi vaxtlardan gedir. Amma vaxt olub ki, həmin şou-biznes mövzusunda olan qalmaqallı xəbərlər də Qarabağla, Azərbaycan-Türkiyə, Türkiyə-Ermənistan, Türkiyə-İsrail münasibətlərinə materialların çox-çox altında qalıb. Yəni, mövzu fərqinin olduğunu düşünmürəm, fikrimcə, bu, xəbər hazırlamaq metodikası, peşəkarlığı və təqdimetmə bacarığından asılıdır.

- Ötən üç ildə Lent.az-ın kəşf etdiyi ən maraqlı müsahibi kim olub?

- Düzü, çox yaddaqalan müsahiblər, müsahibələr olub. Onlardan birini seçmək nə qədər ədalətli olar, bilmirəm... Amma xatırlayıram ki, dünyanın bir çox yerində, o cümlədən Afrika sahillərində gəmidə üzən həmyerlimizdən müsahibə götürmüşdük. Adam dünyanın demək olar bütün okeanlarını gəmi ilə üzüb və indi də üzür. Onunla Somali quldurlarının “populyar” olduğu vaxtlarda söhbət etmişdik və vaxtilə məhz Somali piratları ilə üz-üzə gəlməyindən də danışmışdı. O həm də Lent.az-ın sadiq oxucusudur. Hər materialımızı oxuyur və diqqətli oxucudur. Zənn edirəm ki, həmin şəxs maraqlı müsahiblərimizdən biri olub.

- Lent.az oxucularına sözünüz...

- Oxucularımızın hamısını təbrik edirəm. Nə yanlışlıqlara, nə narahatçılıqlara yol vermişiksə, buna görə bağışlasınlar. Onlara söz verirəm ki, Lent.az heç vaxt oxucuların istəyinə zidd heç bir şeyə yol verməyəcək, oxucu marağına, oxucunun bizə olan münasibətinə xəyanət etməyəcək. Lent.az fəaliyyət göstərdiyi sahədə peşə yoldaşlarına, bəzən rəqib, bəzən müttəfiq dediyimiz KİV-lərə, internet media nümunələrinin hər birinə qarşı ədalətli, ağayana, tərbiyəli münasibətini saxlayacaq və daha da artıracaq. Hesab edirəm ki, üst-üstə gələn hər bir gün, hər bir ay və hər bir il Lent.az-ı oxucularına qazandırır, oxucularını da Lent.az-a qazandırır. Yeri gəlmişkən, bu məqamdan istifadə edib Lent.az-ın zəhmətsevər kollektivini ad günü münasibətilə təbrik edirəm. Lent.az-ın kollektivi bu yeni sahənin pionerləri olaraq gözümüzün qabağında, bizim iştirakımızla və bizimlə bərabər formalaşdılar. Lent.az-da bir gün belə çalışmış insanın, əziyyət çəkib bir material belə yazmış insanın, xəbərimizi diqqətlə oxuyaraq hərf səhvi tutaraq reaksiya vermiş oxucumuzun, bir sözlə hər birimizin bayramıdır və hər birimizə təbrik düşür. Müəssisəmizin rəhbərliyini də, özümüzü də təbrik edirəm. Oxucularımıza da söz verirəm ki, hər ildönümümüzdə Lent.az-ı daha böyümüş, daha cilalanmış, daha rahat, daha oxunaqlı görəcəklər.

Pərvin Abbasov
# 1289 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #