Sən kral deyilsən! - MƏTN

Sən kral deyilsən!  - MƏTN
27 may 2011
# 10:50
Qanlı OTTO

(hekayə)

Dayan, dayan... Bu kişinin adı necəydi? Yaddaşımı büsbütün ələk-vələk elədim ki, bəlkə o, hafizəmin hansısa küncündə düşüb qalıb. Sonra fikirləşdim ki, axı niyə belə səfeh şeyə vaxt sərf edirəm? Elə bil hansısa sərxoşu yerindən qaldırmaq istəyirdim, o isə heç cür qalxmaq bilmirdi... Yox, Sadom ilə Qomorra deyil. Heç Romanın yıxılmağı da deyil. Ooo, dayan bir, tapdım! Biz burada İsa ilə vaxt barəsində mübahisə edirdik, bu xüsusda sitatlar gətirirdik: “Göyün üzü ilə uçaraq İblisin cərgəsinə qoşulur, yenə bir qədər uçur və bilmərrə çəkilib gedir”. Ho-ho-ha-ha... Əxbar, 20:70, yaxud buna oxşar bir şey. Deyəsən, bir şey xatırlayıram. Amma nə isə, davam edək (1. Apokalipsis. Parafraz. 20:7: “Min ilin sonunda İblis qaranlıqdakı məhbəsindən qurtulacaq və xalqları haqq yolundan döndərəcək...”)

Miladın 999 il, 11 ay və 30-cu günüdür dayanıb, Ermaniya ilə Farşlandiyanın uzun sürən cütlüyü yenə də hansısa mənfi- müsbət göstəricilərdə toqquşub. Toplar hardasa qıyma hazırlayır. Onun adı Otto idi. Şahzadə Otto qoca şah Böyük Ottonun yeganə oğluydu, dini ayinlərə hörmətlə yanaşan adam idi, altı rahib, yeddi keşiş ona ağıl öyrətməklə məşğul idilər. Özü də onlardan nəsə öyrənirdi. İdeal resept – mənəvi qidadır. Hələ uşaq vaxtından Otto artıq İncili əzbər bilirdi və yeddi keşiş ona Giyamət Günü barədə danışanda ləzzətdən bihuş olurdu. Səsi qalınlaşan zaman isə artıq bütün Bibliyanın kəlamları dişlərinin arasından ətrafa səpələnirdi. Rahiblər ürəklərini belə ondan əsirgəmirdilər. Üzündə ilk tüklər peyda olanda isə o, artıq vəhyqabağı titrətmələrdə olduğu kimi, bədəni uçunurdu və axirət mələklərini seyr edirdi.

Xəyal! Heyvanlar, cəng arabası, asiman... keşişlər düşünürdülər ki, onların yetirməsinin artıq dövlət işlərinin sükanı arxasında əyləşib dövlət gəmisini idarə edərək gələcək yüzilliklərə doğru hərəkət etmək vaxtı çatıb. Budur, onlar Böyük Ottoya məktub yollayırlar ki, gənc Otto açıq-aşkar varisliyi qəbul etməyə və sükan arxasına keçməyə, yəni Müqəddəs Övliya taxtına çıxmağa hazırdır. Ancaq qoca Otto bu işlərə bir az başqa cür baxırdı. O öz qvardiyasını yollamışdı ki, onun əleyhinə olan riyakarları zəncirləyib, tutub gətirsinlər. İşə bax, dövlət gəmisini idarə etmək istəyir! Atan sənə başa salar necə idarə etmək lazımdır. Məhkəmə gedənə qədər Böyük Otto özü bir qədər sükan arxasında oturmağı qərara aldı.

Keşiş ona bayrağı hara sancmağı öyrədirdi! Şah qəti hökm verməyə tələsmirdi, hələ öyüd-nəsihət verirdi ki, görsün, onu başa düşürlərmi? Və o, təzimlər döyən zaman, deyilənə görə, yeddi qisasçı mələk onun imperator bədənini didib-dağıtdılar. Bu yeddi tikəni isə imperatorluğun hər tərəfinə səpələdilər. Bu tikələrin heç biri bir daha öz bədənlərini görmədilər.

Beləcə, Böyük Ottonun oğlu Qanlı Otto adını qazanaraq taxt-taca sahib oldu – kafirlər, zinakarlar, cadugərlər və bu qəbil işlərlə məşğul olanlar onun qamçısı altından sağ çıxmırdılar. Qamçılama onun sarayında keçirilirdi və bir müddət sonra vilayətdə, ümumiyyətlə, cinayətkar, kafir və cadugər qalmadı. Tezliklə belə bir qənaətə gəldi ki, dünyəvi fikirlər onun axırına çıxacaq və birdən... elan etdilər ki, dünyanın sonu yetişir. Qiyamət Günü Yeni İlə təyin olunur.

O, əyanlarını imperator pivəxanasına çağırıb elan edir: “Qiyamət Günü yaxınlaşır. Biz gərək yüksək bir dağ zirvəsinə çıxıb Qiyamət Gününün gəlişini adımıza layiq şəkildə qeyd edək. Qoy elə bilinsin ki, bu Qiyamət Günü bizim tələbimizlə gəlir”. “Doğrudan da, - məiyyəti razılaşdı, - qorxunc məhkəmə”.

Və yeni min ilin ərəfəsində o, bütün generallarını, sağlam qocaları, qadınları, yeddi rahibi, altı rahibəni, öz arvadını, donuz balasını, Mastiv cinsli itini və şərabla dolu çəlləkləri at arabalarına yükləyib yaxınlıqdakı təpəyə yollandı. Qaranlığın başlanğıcıdır. Keşişlər ibadət etməlidir və onlar da təpəyə qalxırlar.

Donuzlardan birini kəsib sümükdən ayırırlar, sonra tikələrini doğrayıb şişə keçirirlər. Sümüklər ancaq günahkarları qamçılamağa yarıyar. İndi əylənmək olar. Atılıb-düşərək oynamağa başladılar. Qaranlıqda mələkləri seçmək olmurdu. Sonra səhər özünü yetirdi və qəribə də olsa, Qiyamətdən əsər- əlamət yox idi. Otto azca incidi. Arvadını tikanlı sözlərlə acıladı. Keşişlər yenə ibadət edirdilər. Hə, dünyanın sonu yetişmədiyindən onlar əvvəlki ayinləri əldən buraxdıqları üçün heyfsilənirdilər. O zaman Otto keşişlərdən birini bişirməyi qərara aldı. O biri keşişlər üçün bu, problem yaratdı. Allah tamahkar və acgözləri sevmir. Onlar gecəni yatmayıb təzədən tonqal qaladılar və öz günahlarıyla baş- başa qaldılar. Sənin canında kabus dolaşır və çığırırsan. Zar-zar ağlayırsan və başına kül tökürsən, çığırmaqdan boğazın qovuşur. Gözünün yaşından ocaq sönür. Ancaq səhər... səhər... torpaq əvvəlki vəziyyətinə qayıdır. Və Günəş şəfəq saçır. Otto yenə əsəbiləşir, yenə axirət görünmür.

Bax, belə. Birinci minilliyin yanvarı tövşüyə-tövşüyə özünü yetirir. Üç keşiş tonqalda bişib bərkiyir və tonqala bir cüt rahibə də atılır. Minillik dağın zirvəsində - kral Qanlı Otto xanımı kraliça Otto ilə dayanıb. Qaranlıq yaxınlaşır. Göy guruldayır. Külək qalxır. Kraliça dillənir: “Ah, mənim əzizim, məsələ tək məndə olsaydı, dodağımdan qopan heç bir söz sənin xətrinə dəyməzdi. Lakin uşağımız necə olsun?” Otto özü də vəziyyətdən bir o qədər razı deyildi. Çaxır içilib qurtardı. Məiyyət qaçıb aradan çıxdı. Rahiblər ya bişməkdəydi, ya da şalvarlarını doldurmuşdular. Təpədə üzərində krallıq etməyə adam qalmamışdı. Yabıdan, arabaya qoşulmuş atlardan başqa artıq hamının qarnı açılmışdı. O, qadını arabaya mindirib özü atın belinə sıçradı. Yırğalana-yırğalana geriyə döndülər. Araba cırıldayırdı və çala-çuxura düşdükcə bu sözlər elə hey qadının qulağında səslənirdi: “Bəs uşaq necə olsun?..”

Yanvarın dördüncü günü hələ Günəş doğmamışdı. Otto hər şeyi ölçüb-biçməyə başladı, insan ətinin qaynayıb bişməsi onun düşüncəsini məşğul edirdi və o, bu məşğuliyyətdən zövq alırdı. Araba çay daşlarının üstü ilə irəlilədikcə adamı atıb-tuturdu. Yamacda araba aşdı və xanım enişə yuvarlandı. Bu, yabıya ləzzət verdi. Arabanın yükü ətrafa səpələndi və çala-çuxur arabada salamat yer qoymadı. Otto arvadına çatınca kraliça artıq canını tapşırmışdı. Otto mərhəmət göstərdi: “Özünü əziyyətdən qurtardı”.

Və birdən qadının gilə bulaşmış paltarını gördükdə özündən çıxdı. “Körpə. Vaxtından əvvəl doğulmuş oğlan uşağı! Şahzadə!” Öz eqoist mövcudluğu boyunca Otto ilk dəfə hiss etdi ki, ürəyinin ən zərif telləri titrədi. Uşaq qımıldananda ürəyi əsdi. O buna heç şübhə etmədi. Krallığın əsl varisi doğulmuşdu. Səsi sərçə cikkiltisini andırırdı. Bu, qeyri-adi bir doğuş idi. “Ey ucalardan uca, sən Qadirsən!” - Otto üzünü göylərə tutdu.- “Bütün uşaqlarımı əlimdən alıbsan. Axı bu nə sirrdir? Nə vaxt bu əzablar sona yetəcək?” Göy üzü ona dişini ağartmaqla cavab verirdi. “Bizim dalğaya qoşulun və üçüncü akt sona yetən kimi bütün qoxumuş sirrlər açılacaq”. Budur, Tefton ucqarında bizim gənc şahımız Otto bir əlində körpə, bir əlində isə ölmüş xanımını tutaraq dayanmışdı. Körpə artıq əməlli-başlı çığırırdı və yemək istəyirdi. Anasının isə bədəni artıq soyumuşdu.

Arabanın təkəri hələ də fırlanırdı. Yabılarsa qaçıb getmişdi... Demək olmazdı ki, dünyanın sonuna verilən biletlər geri qaytarılıb. Siz bütün dünyanın hökmdarını heç bu vəziyyətdə görmüsünüzmü? Onun dişləri xırçıldayır, saçlarını yolur, səsini isə ancaq özü eşidir. Köməksizdir. Dağın arxasından sanki kimsə ona öyüd verir. Başqa heç nə. Burada, otluqlar içində vaxtsız-vədəsiz dünyaya təşrif gətirmiş bu körpəni varis adlandırmaq olarmı? Birdən dərin quyunun dibində ümid işartısı sezilir. Oradakı yol göstərən ulduz haranısa nişan verir, cəzbedici, eyni zamanda dəhşətlidir. Soyuq öz təsirini göstərir.

Cansız qadının əvəzi ödənilmişdi və bu cansız bədənin döşündən süd axırdı! Budur, bizim qəhrəmanımız səssiz-səssiz ağlayır. İnanmaq olmurdu. Ona desəydilər, qayanı da sıxıb qan çıxarardı, di gəl, cəsədin döşündən südü necə sağsın? Ancaq bir qədər sonra ananın döşündən axan süd otların arasıyla qoşa cığır açaraq yeriməyə başladı. Keçi də, dişi eşşək də, inək də süd qoxusu hiss edib bir yerə yığıldılar. Otto fikirləşdi ki, bunların dördünü də birdən necə yemləsin?

Kəndin yaxınlığındakı açıqlıqda toyuq hini və kartof anbarı gözə dəyirdi. Ot tayası gecələmək üçün əlverişli idi. Gecənin qaranlığında ot tayası uzaqdan ağarırdı. Buradan heç kim şübhələnməzdi. Ata oğlu ilə birlikdə yaşaya bilərdi. Körpənin dərisi atası yıxılarkən sıyrıldı. Sanki onlar cəzasız şəkildə öz əməllərini davam etdirirdilər. Otto bilmirdi ki, kənd sakinləri bu yöndəmsiz oğurluğun şahidi olurlar. Kəndin ucqarlarındakı daxma və komalarda artıq onun söhbəti gedirdi. “Budur, şahzadənin ailəsi, - dəli Otto çağanı donuz balası kimi qoltuğuna vurub qaçan adicə oğrudur və əlindəki qənimət onun varisidir”.

Ottonun bircə dəfə də xəyalına gəlmədi ki, o, nə vaxtsa hakimi- mütləq olub. Lakin bir gün ətrafı gəzərkən təsadüfən təpənin üstündən baxanda uzaqda dəbdəbəli bir saray gördü. “Malikanə” - Otto uşağa dedi.

Dörd ay vaxt lazım oldu ki, Otto oğlu ilə birgə donuzluqla sarayın arasındakı doqquz mil yolu qət etsin. Min illik dağın təpəsindən sarayın qapısınacan dünyanın ən uzun yolu idi. Orta hesabla aya iki mil düşür. Məsafəni gözəyarı ölçdü. Otto bərk təəccübləndi ki, niyə qapının ağzında heç kim durmayıb. Lakin içəri girən kimi hər şeyi başa düşdü. Bəli, o, donuz damında gecələyirdi! Baxışları bir yerdə qərar tutmurdu. Vaxtilə hər yerdə hökmü keçirdi.

İndi artıq şəhərin əvvəlki görkəmindən əsər-əlamət qalmamışdı. Adamlar döngələrdə siçovul kimi qaynaşırdı, piştaxtalarda mallar qalıb çürüyürdü. Qoca dilənçilər və yiyəsiz uşaqlar zibillikdə eşələnirdilər.

Bu aylar ərzində onun doğma vətəni nə qədər dəyişmişdi?! Şəhər tanınmaz hala düşmüşdü. O, özü də dəyişmişdi. Taxt-tacı yerləşən zala daxil oldu- hər gün bu zalda günahkarlar cəzalandırılırdı. Qamçılama mötəbər kompaniya idi. “Axirətə hazırlıq fantasmaqoriyası hələ də davam edir!” İeronim Bosxun mənzərəsi: qamçı vuranın qamçısı... vıyıldayır... övliyaları satan keşişin arvadı da burada idi. Bəli, hakimiyyət keşişlərin əlinə keçmişdi. Lakin qəfildən hər şey dəyişir. “Artıq bəsdir! - Otto qışqırır, - sizin hökmdarınız sizə əmr edir ki, dayanasınız! Birdəfəlik!” Sədrlik edən rahiblər Ottonu və yanındakı vəliəhdi görcək şalvarlarını doldursalar da, yenə də yuxarıdan getməyə cəhd etdilər. “Necə sübut edəcəksən ki, sən bizim hökmdarsan? Açıq-aşkar şaha oxşamırsan. Üzünü saqqal basıb, özün də cır-cındır içindəsən. Bizim kralımız isə şan-şöhrət dağının zirvəsindən əbədiyyətə qovuşub. Çoxları buna şahid olub. Burada kim şəhadət verə bilər?” – tələb edənlərin səs-küyü güclənirdi. “Bəs uşaq necə olsun?” Otto əlindəki uşağı yuxarı qaldırıb göstərdi. Axı o, varisdir. Uşaq isə ağlayırdı. Yerə uzanmış kəndlilər də ayağa qalxıb xorla “axı o, varisdir,” deməyə başladılar.

Rahiblərlə gözətçilər, inkivizitorlar birlikdə ölçüb-biçməyə başladılar: “Hər şey bitdi. Axırda bəxtimiz gətirmədi. Zir-zibillər qiyama qalxdı. İndi hər kəs özü üçün müqəddəsdir.”

Yalan həqiqəti tapdayıb keçir və dolaşıq yalanlarla dolu bu cızmaqaranın mənası nədir görəsən? Şöhrətin sonu yoxdur - əgər yüksəklərə qalxmısansa... Amma təəssüf ki, orada bizi qocalığın gözlədiyini hesaba almırıq. Burada hiylə keçmir: istəyirsən - götür, istəmirsən – tulla; istəyirsən - inan, istəmirsən - inanma və bütün günü “tra-lya-lya” oxu. Sən torun içindəsən, hələ ürəyin bulanmır... Mən? Bəs mən kiməm? Armagedon burnumuzun ucundadır. Hi-hi-ho...

Çevirdi: Kənan HACI
# 972 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #