İntiharçı şairənin duasını patriarx oxumuşdu - ARAŞDIRMA

İntiharçı şairənin duasını patriarx oxumuşdu - ARAŞDIRMA
18 may 2011
# 08:00
Kulis.az Marina Svetayeva haqqında araşdırmanı təqdim edir:


“Poeziya doğma dildən başqa dilə tərcümədir, önəmli deyil bu fransız dilidir ya alman. Şair üçün doğma dil anlayışı yoxdur. Şeir yazmaq doğma dili dəyişdirməkdir. Bu səbəbdən rus, fransız və başqa şairlərdən danışılanda anlamıram. Şair fransızca yaza bilər, amma bu zaman o Fransız şairi olmaya bilər. Ona görə şair olursan ki ( əgər şair olmaq mümkündürsə, əgər şair olaraq doğulmaq kimi bir şey yoxdursa), fransız və ya rus olmayasan-hamısı olasan”.

(Reyner Mariya Rilkeyə məktubundan)

Mayakovskinin intiharına çox üzülmüşdü. Mühacirətdə olmasına, antisovet həyat tərzi yaşamasına baxmayaraq, onun ölümünə şeirlər həsr etmişdi. 11 il sonra isə özü də intihar etdi.

3 dildə şeir yazan 6 yaşlı şair

Marina Svetayeva 1892-ci ildə Moskvada doğulub. Atası məşhur filoloq idi, xoşxasiyyət insan olsa da, işi ilə həddən çox vaxt keçirər, ailəsinə məsafəli davranardı. Bu soyuqluğun digər səbəbi birinci arvadını hələ də unuda bilməməsi idi.

Anası Polşa-alman əsilli pianist, qızını da özü kimi musiqiçi görmək istəyirdi. Marina isə şair olacaqdı. Artıq 6 yaşında rus, fransız və alman dillərində şeirlər yazırdı. Anası Marinanın poetik duyumunun zəif olduğunu deyirdi. Sonralar Marina yazır:

“Elə ana ilə mənim bir seçimim vardı – şair olmaq”.

Anası vərəmdən əziyyət çəkir. İtaliya, İsveçrə və Almaniyada müalicə olunduğundan, qızı da özü ilə bərabər bu ölkələrdə bir neçə il yaşamalı olur.

Marina ilk təhsilini Moskvada alır. 16 yaşı olanda Fransanın Sarbon şəhərində qədim fransız ədəbiyyatı üzrə mühazirələrdə iştirak edir.

Koktabel - simvolistlərin əhatəsində

Nə vaxtsa Viktoriya Şveytzer yazıb: “İlham” burda (Koktabel - G.S.) doğulub”.

Kurort şəhərciyi Koktabeldə o dövrün görkəmli yazar və şairləri toplanardı. Marina da tez-tez bura gələrdi.

1910-cu ildə şəxsi hesabına “Axşam albomu” adlı ilk şeirlər kitabını dərc etdirir. Kitab gündəlik üslubunda yazılır. Onun yaradıcılığı məşhur şairlər Valeri Bryusov, Maksimilian Voloşin və Nikolay Qumilyovu cəlb edir.

Koktabel də elə Maksimiliyan Voloşinə aid idi.

1911-ci ildə elə burda o, 18 yaşlı kadet Sergey Yefronla tanış olur. Tezliklə onlar evlənirlər və qızı Ariadna dünyaya gəlir.

Ailəsinə sədaqətli olmayan şair

Sergeyin Marianya olan sevgisi çox qüvvətli idi, buna baxmayaraq, onun başqa şəxslərlə sevgi münasibəti yaşamasına maneə olmurdu.

Bu münasibətlərdən biri şair Osip Mandelştampla baş verir, ikinci münasibət isə Sergey üçün böyük dərd olur. Çünki Marinanın bu dəfəki sevgilisi bir qadın idi. Şairə Sofiya Parnok. 2 il davam edən münasibət hər iki şairənin yaradıcılığına güclü təsir edir. Svetayeva Parnoka “Rəfiqə” adlı şeirlər toplusunu həsr edir.

Ayrıldıqdan sonra Mariya ərinə geri dönür.

Sonralar o bu münasibəti “həyatının birinci fəlakəti” adlandıracaq. 21-ci ildə o yazır:

“Qadın olaraq yalnız qadınları və ya kişi olaraq yalnız kişiləri sevmək və qəsdən əksini inkar etmək - dəhşətdir.
Qadın olaraq kişini və ya kişi olaraq qadını sevmək və qəsdən qəribə doğmalığı inkar etmək - darıxdırıcıdır”.


Aclığın gətirdiyi faciə


1917-ci ildə Rusiya inqilabı onun ailəsinə bədbəxtlik gətirir. Sergey Ağ ordunun sıralarında döyüşür. Bu dövrdə Rusiyanı bürümüş aclıq Marinadan çox şeyi alır. 1919-cu ildə qızlarını daha yaxşı yedizdiriləcəyini düşünərək kimsəsizlər yurduna aparır. Bir müddət sonra Ariadna xəstələnir. Marina onu geri götürür, ancaq İrina 20-ci ildə aclıqdan elə həmin yurdda ölür. Bu hadisə Marinaya çox pis təsir edir, o, övladının faciəvi ölümündə özünü günahkar bilir.

O, Rusiyadakı inqilaba qarşı idi, adi xalqla ünsiyyətdə olarkən onların qəzəbindən və zorakılıq əhvalından çox sarsılır. Həmin ərəfədə ağ orduya simpatiya hissləri duyulan şerilər və nağıl mövzularında romantik pyeslər yazır.

Rusiyadan qaçış

Sovet hakimiyyəti qurulandan sonra, Marina ölkəni tərk etmək üçün icazə ala bilir. 1922-ci ildə Berlinə gəlir. Sonra 3 il Praqada yaşayır. Əri bu şəhərdə politologiya və sosiologiya üzrə təhsil alırdı. Bir müddət yataqxanalarda səfalət içərisində yaşayan Marina şəhər kənarında bir ev tapa bilir. Praqadakı acı günləri xatırlayarkən yazır ki, yedikləri yeganə ət at əti olub.

Yoxsulluğa baxmayaraq, Praqada da Marina nigahdankənar eşq yaşayır. Bu dəfə zabit Konstantin Rodzeviç ilə. Bu münasibət mühacirlər arasında böyük səs-küyə səbəb olur. Sergey mənəvi sarsıntı keçirir.

Elə həmin dövrdən başlayaraq o, Boris Pasternak və avstriyalı şair Rayner Mariya Rilke ilə mütəmadi yazışmalar aparır. Rilke bir il sonra ölsə də, Borislə Rusiyaya dönənə kimi yazışmalar davam edir.

25-ci ildə oğlu Qriqori dünyaya gəlir. Əvvəlcə Marina Pasternakın şərəfinə oğluna Boris adını qoymaq istəyir. Ancaq Sergey “Qriqori” adı üçün təkid edir.

Antisovet sayılmayan mühacir

Həmin il ailə Parisə köçür. Paris dövrü də asan keçmir. Rusiyalı mühacirlər Marinanın kifayət qədər antisovet olmadığını deyirlər. Onun Mayakovskiyə məktub yazmasından sonra narazılıqlar daha da çoxalır. Və mühacirət qəzeti “The Latest News” şairin əsərlərini nəşr etməkdən qəti şəkildə imtina edir.

28-ci ildə onun sağkən nəşr edilən sonuncu kitabı, “Rusiyadan sonra” işıq üzü görür.

30-cu ildə Mayakovskinin intiharından çox təsirlənən Marina “Mayakovskiyə” adlı şeirlər toplusunu yazır.

Mühacirət dövründə onun şeirləri məhşurlaşmasa da, nəsr əsərləri uğur qazanır. 30-cu illərdə “Mənim Puşkinim, “Ana və musiqi”, “Sonya haqqında povest” və bir neçə xatirə üslubunda əsərləri yaranır.

Vəziyyətlərinin acınacaqlı olduğu Marinanın qeydlərindən görünür:

“Heç kəs bizim içərisində yaşadığımız yoxsulluğu təsəvvür edə bilməz. Mənim yeganə gəlirim yazdıqlarımdandır. Ərim xəstədir, işləyə bilmir. Qızım şlyapa tikərək qəpik-quruş qazanır. Biz 4-ümüz bu pula yaşayırıq. Başqa sözlə biz aclıqdan ölürük”.

“KGQ”-yə işləyən ər


Rusiyadakı vətəndaş müharibəsi zamanı ağ ordunun sıralarında döyüşməsinə baxmayaraq, Sergey Parisdə NKVD (sonrakı KQB)-yə işləməyə başlayır. Ariadna da anasına qarşə çıxaraq atasının tərəfini saxlayır.

37-ci ildə Sergey Fransız polisi tərəfindən axtarışa verilir. O, sovet qaçağı İqnati Reysin qətlində günahlandırılır. Ancaq Sergey Rusiyaya qaça bilir, ardınca da Ariadna gedir. Araşdırmalar nəticəsində məlum olur ki, Sergey həm də bolşevik Leon Trotskinin oğlu Lev Sedovun qətlində iştirak edib.

Fransız polisi bununla bağlı Marinanı dindirir. Dindirmə zamanı şair pərt halda əsərlərinin fransız tərcümələrini oxumağa başlayır. Polis anlayır ki, onun Sergeyin əməllərindən xəbəri yoxdur. Ancaq ərinin əməllərinə görə Marina cavab verməli olur və Parisi tərk edir.

Rusiyaya dönüş

39-cu ildə Rusiyaya gələn Marina sarsıntı keçirir. Çünki bütün qapılar onun üzünə qapalı idi. Kömək umduğu sənət dostları ondan üz çevirir. Ən çox ümid bəslədiyi şair Aseyev də yardım etmir. O həyatı üçün qorxur. Sergey və Ariadna isə Rusiyaya gələn kimi həbs olunurlar.

Bu dövrdə şeir yazmır. Pul qazanmaq üçün tərcümə işləri ilə məşğul olur. Federiko Qarsiya Lorkanın əsərləri üzərində işləyir. 1941-ci ildə İkinci Dünya müharibəsi ilə əlaqədar yazıçı və şairləri təxliyə edirlər. Bu səbəbdən onun tərcümə işləri də yarımçıq qalır.

Təxliyə zamanı Sovetlər Birliyinin bir çox yazarı Çistopola aparılarkən, Marina Tatarıstanda yerləşən Yelabuqaya göndərilir.

Marina Çistopola gələrək “Liftfond”un yeni açılmış yeməkxanasında qabyuyan kimi işə götürülmək üçün ərizə yazır. Şair Valentin Parnakx qapıçı vəzifəsinə götürülsə də, Marina işsiz qalır və ümitsizlik içərisində Yelabuqaya qayıdır.

Son çarə

Evakuasiya zamanı Marinaya əşyalarını toplamağa B.Pasternak kömək edir. Çemodanı kəndirlə bağlayarkən Pasternak zarafat edir ki, kəndir çox dayanıqlıdı, istiyirsən lap özünü as.

Çistopoldan qayıdandan bir neçə gün sonra Mariya Pasternakın gətirdiyi kəndirlə özünü asır. İntihardan öncə 3 məktub yazır. Birini təxliyə olunmuşlara, birini Aseyevlər ailəsinə, birini də oğlu Qriqoriyə (Mura). İlk iki məktubda o, oğlunun qayğısına qalınmasını istəyir. Təxliyə olunmuşlardan Murun Aseyevlərin yanına aparılmasını, Aseyevlərdən isə onu oğulluğa götürülməsini.

Oğluna yazdığı məktubu isə olduğu kimi təqdim edirik:

Əziz Mur! Bağışla məni, amma hər şey daha da pis olacaqdı. Mən ağır xəstəyəm, artıq bu, mən deyiləm. Səni dəli kimi sevirəm. Başa düş ki, daha yaşaya bilməzdim. Əgər görsən atana və Alyaya (qızı) de ki, onları son dəqiqəmə qədər çox sevmişəm. Başa sal ki, dalana düşmüşəm”.

Sonrakı peşmançılığın faydasızlığı


Marina Petropavlovsk qəbrisanlığında basdırılır. Qəbirin dəqiq yeri hələ də məlum deyil. Ölümündən sonra sənət dostları özlərini günahlandırırlar. Ən çox da Pasternak. Ariadna isə qardaşını günhakar bilir.

Elə həmin il, Sergey güllələnir. Ariadna isə 15 il ərzində repressiyalara məruz qalır. Hər ikisi 55-ci ildə bəraət qazanırlar.

Bu günə qədər çoxları şairin intihar etmədiyini deyirlər. Onların fikrincə, Marina DTK (KQB) agetnləri tərəfindən asılmağa məcbur edilib.

Kiçik qeydlər

-Yelabuqada qaldığı ev sonradan muzeyə çevrilir. Yalnız 61-ci ildən sonra əsərlri yenidən nəşr edilməyə başlayır.

-1982-ci ildə sovet kosmonavtı Lyudmila Karaçkina tərəfindən kiçik planet tapılır və 3511 “Svetayeva” adlandırılır.

-Rus provaslavlarının inancına görə, intihar etmiş insanlara cənazə duası oxunulmur. 90-cı ildə Svetayevanın bacısının xahişindən sonra patriarx dua edir.

-Onun haqqında 3 sənədli film çəkilib. “Marina üçün ehtiraslar?” Andrey Osipovun 2004-cü ildə “Qızıl cəngavər” və “Nika” mükafatlarını alır, adına 7 muzey fəaliyyət göstərir.

-Bacısının bacısının ərinə həsr etdiyi “Mənim xoşuma gəlir” adlı şeirinə 1975-ci ildə Eldar Ryazanovun “Taleyin kinayəsi və ya həmişə təmizlikdə” filmində musiqi yazılır. Mahnını Alla Puqaçova oxuyur.

Sonda isə Pasternaka yazdığı məktublardan kiçik hissəni təqdim edirik:

“Boris, mən dənizi sevmirəm. Bacarmıram. O qədər böyük olasan, amma üzərində gəzmək mümkün olmasın. O hərəkətdədir, mənsə sadəcə tamaşa edirəm. Bu mənim məcburi hərəkətsizliyim kimidir. Mənim fəaliyyətsizliyim kimi. İstəmədiyim dözümlülüyüm kimi. Gecələri isə! Soyuq, görünməz, sevimsiz, bacarıqsız özümü. Torpağa yazığım gəlir, o üşüyür. Dəniz üşümür. İri soyuducu (Gecə), Yaxud iri qazan (gündüz) və yumuru, dəhşətli nəlbəki. Darıxdırıcıdır, Boris. İri darıxdırıcı beşik, hər dəqiqə körpəni (gəmilər) yırğalayan. Dənizi sığallamaq olmaz (yaşdır). Ona dua etmək olmaz (qorxuludur, hər hakimiyyətə nifrət bəsləyən kimi). Dəniz-diktaturadır, Boris”.

Günel Səfərova
# 1314 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #