Aqşin Yenisey: Çox qanacaqlı itlər saxlamışam - MÜSAHİBƏ

Aqşin Yenisey: Çox qanacaqlı itlər saxlamışam - MÜSAHİBƏ
17 may 2011
# 11:42
Ayxan EYVAZ


Aqşini iş yerində mürgüləyən yerdə yaxaladım. Elə burdaca müsahibə almaq istədiyimi dedim. O, əsnəyə-əsnəyə mənə yer göstərdi və təcili sualları verməyimi istədi. Suallar da elə həmin məqamda ortaya çıxdı və Aqşin də yuxulu vəziyyətdən sıyrılıb çıxdı və özünəməxsus cavabları ilə yeni müsahibəyə imza atdı.


Beləliklə, ilk sual: Aqşin, yaradıcı adamların içkiyə daha çox qapılmasını necə izah edərdin?


- Əlçatmazlığın iki istiqaməti var; bir var səndən yuxarıda olana, bir də var səndən aşağıda olana əl uzatmaq. Mənim üçün bu anlayış ucalıqla yox, dərinliklə bağlıdır. Dostoyevski də qumarbaz idi və Freyd bunu belə izah edirdi ki, Dostoyevski qumarda bütün pullarını uduzub lüt-üryan olmaqla psixi özünücəzalandırma hissini sakitləşdirirdi və ruhani yüngüllük əldə edirdi, sonra da oturub günahsızcasına öz yazılarını yazırdı. Məni də başqa şair və yazıçılarımız kimi hərdən yaxşı vurmağa məcbur edən içimdəki günahkar olmaq hissidir. Bu hiss yazmaq üçün adama mane olur.

-Xarici pasportunuz var?

- Var, SSRİ dağılandan sonra nəinki xalqlar dostluğu ideyası dağıldı, hətta xalqlar özləri beş-altı yerə parçalandı. Bizim PŞ da, yəni pasport şöbəsi də xalqımızı simvolik olaraq iki qrupda təsnifatlaşdırdı. Vətəndə qalmaq istəyənlər üçün kimlik kartları, bir ayağı qaçaraqda olanlar üçün isə xarici pasportlar verməyə başladı. Vətən və qürbət münasibətləri rəsmiləşdirildi. Mənim xarici pasportum könüllü sürgünlük sənədimdir. Onu kimlik kartımdan fərqli olaraq göz bəbəyi kimi qoruyuram.

-Boş-bekar olanda neynirsən?

-İnsanlarımızı müşahidə edirəm, məsələn, bu gün fikir vermişəm ki, bizim xalq dünyada ən çox ayaqqabı mazı işlədən xalqdır. Əgər bir kişi qara ayaqqabısına yaxşı-yaxşı qara maz sürtübsə, bu o deməkdir ki, nəhayət, ağ günə çüxüb. Ayaqqabı mazına olan sevgimiz, bəlkə də, mazutun içində böyüməyimizlə bağlıdır. Bunun rəmzi mənası, bəlkə də, odur ki, təmizləmə, səliqə-sahman işi aşağıdan, ayaqdan başlamalıdır.

-Məmurla şairin fərqi nədir?

-Məmurun orqanizmi kökəlməyə meyillidir, şairinki arıqlamağa. Bu da dünyanın kütlə qanunauyğunluğunun nəticəsidir, şair də kökəlsə, dünya orbitindən çıxar.

-Yaradıcılıqda mütaliənin rolu?

-Əvəzsizdir, ancaq istedadlı adamlar üçün. Nə yazıq ki, mütaliə istedad yaratmır, yoxsa bütün korrektorlar böyük yazıçı olardılar.

-Kənddə nə var, nə yox?

-Kəndə təkcə ibtidai insan məskəni kimi baxmıram, burada həm də heyvanların cəmiyyəti mövcuddur və hərdən şəhərdə elə hadisələrlə qarşılaşıram ki, kənddəki heyvan cəmiyyətinin mütərəqqiliyinə paxıllığım tutur.

-Sevgi haqqında ən tez xatırlaya biləcəyiniz bir fikri deyə bilərsiniz?

-“Sevgi əbədi, sevgililər müvəqqətidir”, Paule Koelyonun sözüdür.

-Ən çox acıdığınız tale?

-Tolstoyun taleyi. Bütün ömrünü Tolstoy olmağa xərclə, ye-iç, yaşa, kitablar yaz, axırda da, səhv etmirəmsə, 82 yaşında arvad səni evdən qovsun, kupedə can ver.

-Uşaqlıqda ən çox nəylə əylənmisiniz?

-Doyunca tel-araba sürmüşəm və çox qanacaqlı itlər saxlamışam.

-Gecələr yazırsınız?

-Yox, səhər saat 8-13 arası nə yazdım, yazdım, sutkanın qalan saatları çox darıxdırıcı keçir.

-Tez-tez xatırladığınız şeir misralarından birini deyə bilərsinizmi?

-Mariya Svetayevanın şeiridir, Ramiz Rövşən tərcümə edib, deyəsən: “Qoy ulasın qapında səhərəcən o köpək, hansı it sənə məndən yaxşı keşik çəkəcək”. Deyəsən, Bloka yazıb.

-Sonda nə təklif edirsən?

-Gedək bu yaxınlarda bir az Heminqueylik eyləyək.
# 2060 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər