“Sarışın qadın, gənc oğlan, qəssab və professor“ HEKAYƏ
24 sentyabr 2012
10:11
Qayıqda dörd nəfər (Hekayə)
Göyərtəni işıqlandıran kədərli lampanın işığında dörd nəfər idilər. Sarı saçlı qadın, çiy ət qoxuyan qəssab, daz professor, bir də ağzında tənbəki olan gənc.
Dördü də sonuncu gəmiyə gecikmiş, yuxulu kapitanın istədiyi beş lirəni verib qayığa minmişdilər.
Qayıq qaranlıq suları yara-yara gedərkən sarışın qadın ayağını üst-üstə aşırıb siqaret çəkir, tüstüsünü də ədalı bir şəkildə gecənin sərinliyinə üfürürdü.
Əsmər dəliqanlının gözləri qadının dizlərindəydi.
Professorun fikri tramvayda oxuduğu bir məqalədə qalmışdı.
Qəssab isə həm fıstıq yeyir, həm də topdansatış məntəqəsindən gəlmiş sonuncu qəbz haqqında düşünürdü.
Gecə ulduzsuz, dəniz az dalğalıydı. Borta çırpılan kiçik dalğalar arabir müşəmbə döşəkcələri isladırdı. Qayıq artıq Modanı, Kalamışı geridə qoyub, adalara doğru yaxınlaşırdı.
Sarışın qadın yəqin ki üşümüşdü. Birdən qalxdı, küləyin qaldırdığı ətəyini tuta-tuta kabinəyə doğru getdi. Amma içəri girəndə başı fırlandı. İçəri yanmış benzin və qızmış dəmirin qoxusuyla dolmuşdu.
Qadın dərhal pəncərələrdən birini açıb qarşısında oturdu. Sonra yeni bir siqaret yandırıb tüstüsünü çölə üfürdü.
Çamlıca yaxınlığında iki zenit projektoru göy üzündə sanki nə isə axtarırdı. Projektorlardan biri sağdan sola sürüşür, o biri soldan sağa doğru düşür, ortada birləşirdilər. Bu zaman əmələ gələn, göz oxşayan işığa tamaşa etmək insana yeni həyat verirdi.
Sarışın qadın xəyala dalmış halda bu mənzərəyə baxarkən bir az aralıda dənizə işıldaböcək kimi bir şey uçdu. Bunu başqası, daha başqası və nəhayət bir çoxu görməyə başladı. Qadın dalğın şəkildə, bir müddət heç nə düşünmədən bir-birini qovan bu əcaib böcəklərin çin mürəkkəbi kimi qapqara dənizə enmələrinə tamaşa etdi. Sonra birdən qızmış dəmir qoxusunu xatırladı və yerindən atıldı. Kapitan kabinəsinə keçən qapıdan bayıra duman sızırdı. Qadın çaşmış halda qapının dəstəyindən yapışdı və bu zaman tüstünün içində kapitanla köməkçisini yerə çömbəlmiş, qan-tər içində gördü. Bir an özündən getmiş kimi oldu... Sonra: “Yanırıq... Kömək edin!” – deyib özünü kənara atdı.
Bu fəryad anındaca göyərtəni bir-birinə vurmuşdu. Kapitan kabinəsinin qapısını açıq qoyduğundan tüstü-dumandan göz-gözü görmürdü. Qəssab çaşmış halda oturduğu döşəkcəni qucaqlamış, professor isə qayığın yeganə xilasedici həlqəsini boynuna keçirmişdi.
Sarışın qadın həyəcandan tənbəkisini əlindən salan gənc oğlana doğru qaçdı.
“ Xilas edin məni... Məni xilas edin, üzməyi bacarmıram”- deyə yalvardı.
Gənc titrək bir səslə: “ Mən də bilmirəm”- cavabını verdi. Amma bilirdi. Çox az, yarım saat suyun üzərində qalacaq qədər... Amma tək özü... Qadın ondan ümidini kəsib qəssabdan kömək umdu. Lakin o indi əllərini göyə açıb: “ Bu təhlükəli vəziyyəti keçək, dinim haqqı üç qoyun qurban edəcəyəm” – deyib Allahdan kömək istəyirdi.
Hamıdan daha çox professorun işi bitmişdi. Hələ səhər dərsdə Sokratın həyata önəm vermədiyini bildirir, əsl bir filosof üçün bunun heç də çətin olmadığını, özünün də onun kimi ölümü təbəssümlə qarşılaya biləcəyini söyləyirdi. Təəccüblüsü də budur ki, bütün bunlara tələbələri kimi özünü də inandırmışdı.
Qadın indi də qaba su dolduran köməkçinin qıllı sinəsinə sarılaraq yalvarırdı:“ Sən Allah məni buraxmayın, nə olur olsun buraxmayın”.
Onlar hay-küy salanda kapitanın səsi eşidildi:
- Tərpənməyin, nə edirsiniz? Qayığı batıracaqsınız.
Hiddətli olmasına baxmayaraq səsində insana inam verən bir şey vardı. Yoxsa... Yoxsa yanğını söndürmüşdü? Bəli, mütləq söndürmüş olmalıydılar. Söndürməsəydilər, kapitan onlara qışqırmağa vaxt tapardımı?
Kapitan: “ Necə mərdimazarlara rast gəldik e?”- deyə deyinirdi.
Professor kapitanı haqlı sayırdı. Yaxasını düzəldib “ öhö öhö”- deyə öskürdü. “ Bu nə çaşqınlıqdı? Bir sakitləşin, bəylər” deyəcəkdi. Ancaq yaxşı ki demədi. Çünki, xilasedici həlqə hələ də onun boynunda idi.
Qayıq xoruldayıb dayandıqdan sonra yenidən işləməyə başlamışdı. Yerinə keçən kapitan içəridə hələ də deyinirdi. Amma onlar fikir vermədilər. Söysün-döysün fərqi yoxdur, artıq xilas olmuşdular.
Köməkçi qolu ilə tərini silirdi. Məlum idi ki, bu həngamədə çox yorulmuşdu.
Bir az sonra hər şey düzəlmişdi. Külək o boğucu dumanla bərabər ölüm qorxusunu da göyərtənin üstündən sovurub aparmışdı.
Göyərtəni işıqlandıran kədərli lampanın işığında yenə dörd nəfər idilər. Yenə içinə qapanmış dörd adam.
Qadın sakitləşmiş kimi görünürdü. Əli titrəməsəydi, siqaret də çəkərdi.
Gənc yenə tənbəkisini çəkir, amma qadının ayaqlarına baxa bilmirdi.
Professor evdə onu gözləyən şişman arvadını, indi həmişəkindən çox sevdiyi çəhrayı yanaqlı uşaqlarını düşünürdü.
Qəssab isə bir az əvvəl dediyi üç qurbanı ikiyə endirmək üçün vicdanını yola gətirirdi. Hətta Böyük Adanın işıqları görünəndə iki qurban birə endi. Həm də onu artıq Qurban bayramında kəsəcəkdi.
Qayıqdan ilk tullanan professor oldu.
Onu əsmər dəliqanlı izlədi.
Qəssab qaça-qaça, hoppana-hoppana bir uşaq kimi uça-uça getdi.
Sarışın qadın ən axıra qalmışdı. Yellənən qayıqdan sahilə düşməyə heç cür cəsarət etmirdi. Köməkçi əlini ona uzatmaq istədi. Amma qadın bu tər qoxulu kobud adamın əlini tutmamaq üçün sıçrayışla sahilə atıldı, qürurlu və dəbdəbəli yerişlə buradan uzaqlaşdı.
Elnarə Ağaoğlu

1822 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024