AYB üzvləri Ayaz Vəfalıya üsyana qalxdı - SORĞU

AYB üzvləri Ayaz Vəfalıya üsyana qalxdı - SORĞU
22 aprel 2011
# 10:27
Son zamanlar “Ədəbiyyat qəzeti” mətbuat səhifələrində mübahisə mövzusuna çevrilib. Azərbaycan Yazıçılar Birliyinin sədri yazıçı Anarın və bir çox yazarın bu qəzet haqda düşüncələri müsbət yöndə deyil. “Ədəbiyyat qəzeti”nin gələcəkdə inkişafı, gənclərə üstünlük verməsi hər kəsin istəyidir, ancaq çoxları belə düşünür ki, baş redaktor Ayaz Vəfalı bu arzunu yerinə yetirmir, qəzetin əvvəlki populyarlığını məhv edir. Kulis.az müzakirələrin davamı kimi bir neçə AYB üzvündən “Ədəbiyyat qəzet”i haqqında münasibət öyrənib.

Xalq şairi Vaqif Səmədoğlu:
Hamı qəzet haqda eyni şeyi deyir.

Hər şey göz qabağındandır, bunu açıb-ağartmaq lazım deyil: “Ədəbiyyat qəzeti” haqqında rəylərlə tanışam. Bütün rəylər eyni formatdadır. Dəyişən bir şey yoxdur. Hər şey göz qabağındadır. Mənə fərqli bir rəy göstərin, mən də qəzet haqqında öz fikirlərimi sizinlə bölüşüm

Şair, esseist, tərcüməçi Səlim Babullaoğlu: “Ədəbiyyat qəzeti” haqda danışmaqdan bezmişəm.

“Ədəbiyyat qəzeti”i haqda çox danışmaq istəmirəm. “Ədəbiyyat qəzeti”nin problemləri AYB rəhbərliyinə aiddir. Bu məsələdə öz rəyimi dəfələrlə müsahibələrimdə bildirmişəm. Bu haqda çox məlumatım var, ancaq artıq “Ədəbiyyat qəzeti” haqda danışmaqdan bezmişəm. Bir də bu mənim kompetensiyamda olan məsələ deyil.

Gənc yazıçı Cavid Zeynallı: Doğurdanmı Ayaz Vəfalı narahat olmur?

“Ədəbiyyat qəzeti” əvvəlki kimi tanınmır və çağdaş oxucunun tələblərinə cavab vermir: “Ədəbiyyat qəzeti”nin hazırki durumu təxminən, bir tələbənin üç akademik borcundan sonra universitetdən qovulma təhlükəsilə üz-üzə qalması qədər acınacaqlıdır. Mən ədəbiyyat qəzetləri haqqında yazı yazarkən kiçik bir araşdırma apardım və məlum oldu ki, Bakıdakı əksər köşklərdən bu qəzeti yaşı 70-i haqlayan adamlardan başqa heç kim almır. “Gənc Ədiblər” məktəbinin toplantılarına qatılan zaman “525-ci qəzet”, “Azərbaycan”, “Ulduz” jurnalları bizi əməkdaşlığa dəvət etdilər və həmin mətbu orqanlarda əsərləri dərc olunan xeyli gənclər var.

Təəssüf ki, eyni münasibəti sözügedən qəzetdən görmədik. Bu umu-küsü, kimisə qamçılamaq deyil. İndi az-çox imzamız tanınıb, istənilən qəzet və jurnalın qapısı üzümüzə açıqdır və bu qəzetə ciddi ehtiyacımız da yoxdur. Azərbaycan ədəbiyyatının inkişafı baxımından bu qəzetin hədsiz böyük rolu var, bunu hər kəs bilir və bu faktı inkar etmək nadanlıqdır. Amma nə yazıqlar ki, eyni fikri bu gün söyləmək mümkün deyil. Siz görmüsünüzmü ki, bir gənc köşkə yaxınlaşıb yeni əsərlər, tərcümələrlə tanış olmaq üçün bu qəzeti istəsin? Mən ədəbiyyat qəzetinin çağdaş oxucunun tələblərinə cavab verməsini arzulayıram. Ayaz Vəfalının saytınıza müsahibəsini oxuyub sadəcə heyrətləndim. Və təəssüfləndim ki, doğrudanmı qəzetin bu halı onu narahat etmir?

Gənc yazar Kəramət Böyükçöl: “Ədəbiyyat qəzeti”nin yarpaqları saralıb-solub

“Ədəbiyyat qəzeti”i ədəbiyyata dəxli olmayan yazılara və yazarlara üstünlük verir.

Bu gün “Ədəbiyyat qəzeti” çox zəif çıxır. Bir də görürsən ədəbiyyata dəxli olmayan yazılar çap edirlər. Burada gənc yazarlara yer verilmir, ədəbi gəncliklə müsahibələr aparılmır. Ədəbi tənqid də yox dərəcəsindədir. “Ədəbiyyat qəzeti” bizim qəzetdir, dövlət buraya xüsusi pul ayırır. Ancaq qonarar verməyin dərdindən həmişə orada vəfat etmiş yazarları çap edirlər. Şəxsən mən, bir dəfə də olsun “Ədəbiyyat qəzeti”ndə çap olunmamışam.

Əgər ayda-ildə bir gənci çap eləyirlərsə, bu o demək deyil ki, bu orqan gənclərə xüsusi yer ayırır. Bəzən də o gənci çap eləyirlər ki, onun heç ədəbi prosesə dəxli yoxdur. Qəzetin redaktoru Ayaz Vəfalı bu barədə danışanda əsas məsələdən yan keçib, daha çox qəzetin tarixi keçmişindən söhbət açır. Əlbəttə, “Ədəbiyyat qəzeti”nin keçmişi çox zəngindir. Təəssüflər olsun ki, bu cür zəngin bünövrə üzərində yüksələn “Ədəbiyyat qəzeti”nin yarpaqları indi saralıb-solub, bir xəfif küləyə bənddi. Qəzetin səhifələrini açanda buradakı köhnə hava dərhal duyulur. Bir sözlə, bugünkü müasir ədəbi proses “Ədəbiyyat qəzeti”ndə görsənmir. Fikrimcə, mətbuat orqanının yenilənməyə çox böyük ehtiyacı var.

Gənc şair Qismət: Ayaz Vəfalının o qəzetin baş redaktorluğunda qaldığı hər gün ədəbiyyat nəsə itirir

“Ədəbiyyat qəzeti”nin baş redaktorluğuna çağdaş təfəkkürlü gənc gəlməlidir. “Ədəbiyyat qəzeti” barədə danışanda qəzəblənməmək olmur. Ayaz Vəfalı illərdi bu qəzeti inadla pis çıxartmağa çalışır. Qəzet “Xeyir-şər yerinə” bənzəyir. Standart təbriklər, nekroloqlar. Ayaz Vəfalının o qəzetin baş redaktorluğunda qaldığı hər gün ədəbiyyat nəsə itirir. Təcili o posta gənc, enerjili, çağdaş təfəkkürlü biri gəlməlidir. Dizaynından tutmuş qəzetin dövriliyinə, formatına, loqosuna qədər hər şey dəyişməlidir. İnsanın təxəllüsü Vəfalıdır deyə o demək deyil ki, qəzetə “vəfa”sını bu şəkildə göstərməlidi və ölənəcən o postda oturmalıdır. Doğurdanmı qəzetin bərbad gündə olduğunu görmək belə çətindir ? “Ədəbiyyat qəzeti”nə baxanda adama elə gəlir ki, nekroloqlar güşəsindən bu dəqiqə Sabirin səsi gələcək : Arizi qəmlər əlindən...

Ayxan Eyvaz
# 2521 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #