“Doqquzuncu ilin tamamında”

“Doqquzuncu ilin tamamında”
23 avqust 2011
# 11:01
− Belə, – Şeyla qızarmış çörəyi ağzında çeynəyə-çeynəyə və qəhvədandakı əyri-üyrü əksinə baxa-baxa dedi, − Doqquzuncu ilin sonuncu ayının sonuncu günüdür.

Əri Tomas əlindəki Uol Strit Jurnalının barrikadası arxasından boylanıb deməyə söz tapmadı və soruşdu:
− Nə?
− Deyirəm ki, − Şeyla dilləndi, − doqquzuncu il də belə getdi, indi də sənin tamamilə yeni arvadın var. Və yaxud da daha düzgün ifadə etsək, əvvəlki arvadın daha yoxdur. Ona görə də düşünürəm ki, biz artıq evli sayılmırıq.

Tomas əlindəki jurnalı hələ də toxunmadığı qayğanağının üstünə tulladı və başını o yan-bu yana bulayıb dedi:
− Evli sayılmırıq?
− Xeyr. O başqa bir vaxt idi, başqa bir bədənim, başqa bir mən idim. – Şeyla bir dənə də çörəyin üstünə yağ çəkdi və onu daha da düşüncəli tərzdə çeynəmə başladı.
− Gözlə bir dəqiqə, − deyib Tomas özünə kofe süzdü. – İndi başa sal.
− Yaxşı, əziz Tomas, yadına gəlirsə, biz uşaq olanda bir kitab var idi, orada yazılmışdı ki, hər doqquzuncu ilin tamamında, məncə, doqquz idi, bədən gen və xromosom fabrikinə dönür, insanın bütün daxilini, dırnaqlarını, dalağını, topuğundan dirsəyinədək, qarnını, dalını, qulağını hüceyrə-hüceyrə dəyişir...
− Başa düşdük, − o donquldandı. – Keç əsas məsələyə, arvad, əsas məsələyə.
− Əsas məsələ odur ki, əziz Tomas, − çörəyi yeyib qurtardıqdan sonra Şeyla dilləndi, − bu səhər yeməyi ilə mən öz qəlbimi və ruhumu yenilədim. İndiki bədənim, qanım və sümüklərimin dəyişməsi prosesini bitirdim. Sənin qarşında indi oturan insan onunla evləndiyin qadın deyil...
− Elə mən də həmişə bunu deyirdim!
− Ciddi ol.
− Bəs sən ciddisən?
− Qoy sözümü bitirim. Əgər tibbi araşdırma doğrudursa, o zaman doqquzuncu ilin tamamında bu təntənəli səhər yeməyində oturan məxluqun qaşı, kipriyi, məsamələri, yanağındakı batıqları, ya da dərisinin doqquz il öncə bazar günü məhz bu saatda evləndiyin Şeyla Tompkinslə heç bir şəkildə əlaqəsi yoxdur. İki fərqli qadın. Biri jurnala baxanda kassa aparatı kimi yerindən tullanan çənəyə sahib olan bir kişi cinsinin nümayəndəsinin tabeçiliyində, digəri isə bir dəqiqə öncə azadlığa çıxmış biri. Bax belə!

Şeyla tez yerindən qalxıb getmək istədi.
− Dayan! – Tomas bir daha bir fincan qəhvə süzdü. – Hara gedirsən?

Şeyla qapıya tərəf aparan dəhlizdə dayanıb dedi:
− Bayıra. Bəlkə, getdim. Kim bilir, bəlkə də, həmişəlik!
− Azadlığa çıxmısan? Boş-boş danışma. Bura gəl! Otur aşağı!

O, şir təlimçisi səsi ilə danışmağa başlayanda Şeyla bir anlıq tərəddüd etdi.
− Lənətə gələsən. Sən mənə izah etməyə borclusan. Otur!

O, sakitcə geri döndü.
− Yalnız ümumi mənzərəni təsvir edənədək burda olacam.
− Təsvir et görək. Otur!

Şeyla baxışlarını boşqabına dikdi.
− Deyəsən, masanın üstündə nə varsa, hamısını yemişəm.
Tomas tez yerindən qalxdı, yan masanın üstündə yumurta çalıb, tez-bazar bir qayğanaq bişirdi və onun qarşısına qoydu.
− Al! Ağzını doldur, danış.

O, qayğanağı çəngəllə eşələməyə başladı.
− Sən başa düşürsən də, mən nə demək istəyirəm, elədir, Tomasino?
− Lənət olsun! Mən elə zənn edirdim ki, sən xoşbəxtsən!
− Elədir, amma dəhşətli dərəcədə xoşbəxt deyildim.
− Dəhşətli dərəcədə xoşbəxtlik bal ayındakı manyaklar üçündür!
− Hə. Bizdə də elə deyildi?
− Bu o vaxt idi, indi isə indidir. Sonra?
− Mən bunu bütün il ərzində hiss edirdim. Çarpayıda uzanarkən tüklərimin biz-biz olduğunu, məsamələrin minlərlə ağız kimi açıldığını, tərimin su kimi axdığını, nəbzimin ən gözlənilməz yerlərdə − çənəmin altında, biləklərimdə, dizlərimin altında, topuqlarımda vurduğunu hiss edirdim. Mənə elə gəlir ki, nəhəng mum heykələm, özü də əriyirəm. Gecələr mən hamamın işığını yandırmağa qorxurdum, çünki elə bilirdim ki, güzgüdə dəli olmuş bir yad insanı görəcəyəm.
− Yaxşı, yaxşı, − deyərək o, dörd qənd parçasını kofenin içində qarışdırdı və onu nəlbəkidən içməyə başladı. – Yekunlaşdır.
− Hər gün və hər gecənin hər saatında özümü elə hiss edirdim ki, sanki bir Avqust qasırğasına düşmüşəm, isti yağış da məni büsbütün yuyur, elə bil, köhnəni yuyub apararaq içimdəki tamamilə yeni bir məni tapmağa çalışır. Hər bir hissəciyim yenilənir, yeni saçım çıxır, hətta barmaq izlərim də yenilənir. Bəlkə də, barmaq izlərim həminkidir. Amma qalan hər şey dəyişilib. Görürsən? Bəyəm mən Tanrının yaratdığı yenicə düzəldilmiş, indicə rənglənmiş bir məxluq deyiləm?

O, Şeylaya başdan ayağa diqqətlə baxdı.
− Mən dəli Karlottanın donquldanmasını, orta yaş qorxusu basmış qadının təngənəfəs olduğunu görürəm. Niyə hər şeyi aydın demirsən? Boşanmaq istəyirsən?
− Bu elə də vacib deyil.
− Vacib deyil? – Tomas bağırdı.
− Mən, sadəcə... gedəcəyəm.
− Hara gedəcəksən?
− Bir yer taparam, − o, qayğanağının içində cığır aça-aça fikirli halda dedi.
− Başqa bir kişi var? – Tomas qarşısındakı qabları əlində sıxaraq soruşdu.
− Hələ ki, yox.
− Buna da Şükür! – o, dərin nəfəs aldı. – İndi get öz otağına.
− Başa düşmədim, − Şeyla gözlərini döydü.
− Sən həftənin sonunadək otaqdan çıxmayacaqsan. Otağına get. Nə zəng etmək olar, nə televizora baxmaq, nə də ki...

Şeyla ayağa qalxdı.
− Sən lap mənim atamın mən yuxarı siniflərdə olduğum vaxt danışdığı kimi danışdın.
− Yox a! – o sakitcə güldü. – Hə, indi qalx yuxarı! Qəlyanaltı yeməyəcəksən, balacam. Şam vaxtı qapının ağzına boşqabını qoyacam. Özünü yaxşı aparanda sənə maşınının açarlarını verəcəm. İndi isə get! Telefon adaptorunu və CD pleyerini mənə ver görüm.
− Lap ağını çıxartdın, − Şeyla qışqırdı. – Mən yetişkin qadınam.
− Geriləmiş. İnkişafdan qalmış birisən. Əgər dediyin lənətə gəlmiş ehtimal doğrudursa, özündən uydurmamısansa, onda doqquz il geriyə dön! Çıx yuxarı! Cəld!

Şeyla bəmbəyaz oldu, gözünün yaşını silə-silə pilləkənə sarı qaçdı.

O, pilləkənin yuxarısına çatanda Tomas ayağını birinci pilləyə qoydu və cibindən salfet çıxarıb dedi:
− Gözlə...

Şeyla yerindəcə donub qaldı, amma geri boylanmadı.
− Şeyla, − o dedi, gözündən isə yaş dayanmadan axırdı.
− Hə, − Şeyla pıçıldadı.
− Mən səni sevirəm, − Tomas dedi.
− Bilirəm. Amma bunun xeyri yoxdur.
− Olacaq. Dinlə məni.

Şeyla öz otağı ilə üzbəüz dayanıb gözləyirdi.

Tomas üz-gözünü ovdu, sanki hansısa həqiqəti sifətindən pozmağa çalışırdı. Onun əli, elə bil, dəli olmuşdu, gah ağzının, gah da gözlərinin ətrafında gizlənmiş bir şeyi inadla axtarırdı.
Birdən sanki partladı:
− Şeyla!
− Mənə deyilib ki, otağıma gedim.
− Getmə.
− Bəs neyniyim?

Tomas çətinliklə udqundu və bu, ona həll yolunu tapmağa kömək etdi. O, əvvəlcə zəif, sonra sakit, sonra da qərarlı bir səslə danışdı:
− Sənin dediyin baş veribsə...
− Baş verib, − Şeyla başını aşağı dikib mırıldadı.
− O zaman, − Tomas sakitcə dedi, − bu mənim də başıma gəlib.
− Nə? – Şeylanın sifətində lağ ifadəsi sezildi.
− Bu, yalnız bir adamın başına gəlmir ki, elədir? Bu, hamı ilə olur, dünyadakı hər bir insanla. Əgər bu doğrudursa, onda mənim də bədənim bu doqquz il müddətində səninki ilə bərabər dəyişib. Hər bir hüceyrə, dırnaq, bütün dəri və epidermis qatı, hər şey. Mən bunu hiss etməmişəm, amma bu, məhz belə olmalı idi.

Şeyla artıq başını qaldırmış və kürəyini düzəltmişdi. Tomas fikrini tez-tələsik ifadə etməyə çalışdı.
− Və əgər bunların hamısı doğrudursa, aman Tanrım, o zaman mən də yeniyəm. Köhnə Tom, Tomas, Tommi, Tomasino bədənindən çıxmış ilan dərisi ilə bilikdə arxada qalıb.

Şeyla gözlərini geniş açıb ona qulaq asırdı.
− İndi biz ikimiz də tamamilə yeniyik. Sən mənim son bir il ərzində arzuladığım və axtardığım həmin yeni və gözəl qadın, mən isə sənin axtaracağın kişiyəm. Belə deyil ki? Haqlı deyiləm?

Şeyla azacıq tərəddüddən sonra başını hiss olunmayacaq dərəcədə əyib razılaşdığını göstərdi.
− Mersi, − Tomas incə bir səslə çağırdı.
− Bu mənim adım deyil.
− İndi sənin adındır. Yeni qadın, yeni bədən, yeni ad. Mən sənin üçün bunu seçdim. Mersi?

Bir an düşündükdən sonra o dedi:
− Bəs səninki?
− Qoy fikirləşim, − o, dodaqlarını çeynədi və gülümsədi. – Frenk necədir? Sözün düzü, əzizim, bu heç vecimə də deyil.
− Frenk, − o öz-özünə dedi. – Frenk və Mersi. Mersi və Frenk.
− Bir-birinə o qədər də uyğun gəlmir, amma fərqi yoxdur. Mersi?
− Bəli?
− Mənə ərə gələrsən?
− Nə?
− Deyirəm ki, mənə ərə gələrsən? Bu gün. Bir saat sonra. Günorta.

O, axır ki, ona tərəf çevrilib üzüaşağı − düz onun üzünə baxdı, sifəti yenicə yuyulmuşdu:
− Əlbəttə.
− Biz burdan qaçıb bir az dəlilik də edərik.
− Yox. Bura yaxşıdır. Bura ən əlasıdır.
− Onda aşağı düş, − deyib əllərini ona sarı uzatdı. – Bizim növbəti çevrilməyə qədər düz doqquz ilimiz var. Aşağı düz və bayram yeməyini bitir. Mersi?

O, aşağı enib onun əlindən tutdu və gülümsədi:
− Bəs şampan hanı?

İngiliscədən tərcümə: Svetlana Quliyeva
# 1018 dəfə oxunub

Oxşar xəbərlər

Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

15:25 20 sentyabr 2024
Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
# # #