Vladimir Sorokindən hekayə

Vladimir Sorokindən hekayə
4 avqust 2011
# 13:42
Növbəti dəfə mərmilər lap yaxınlıqda düşdü. Onmərtəbəli evin bir küncü dəhşətli səs-küylə dağıldı, iki köşk − “Soyuzpeçat” və “Dondurma” parça-parça oldu, fənər dayağı aşaraq bombaların şumladağı prospektin üstünə eninə düşüb onu eninə kəsdi.
− Yoldaş briqada komandiri, yaxşı olardı ki, zirzəmiyə enəsiniz, − Karpenko üçüncü dəfə dedi.

Vaxruşin əllərini belinə qoyub sındırılmış vitrindən yanan avtobusa baxırdı.

− İvan Terentyiç, − siyasi iş üzrə müavin Vaxruşinə yaxınlaşıb dilləndi, − leytenant haqlıdı, təhlükəlidi bura, gəl aşağı.

Briqada komandiri üzünü ona sərt şəkildə çevirdi:

− Mən özüm bilirəm, harda olmalıyam! Dayələrə də ehtiyacım yoxdu! Sənsə, leytenant, böyrümdə dayanmaqdansa, avtomatını da götürüb, ba-a-ax, düz oraya getsəydin, yaxşı olardı! Orda daha çox işə yarayardın.

Karpenko komandirə təəccüblə baxdı.

− İvan Terentyiç, − müavin başını buladı, − niyə belə danışırsan? Axı o təhkim olunub. Qorumalıdır səni.

− Qorumalıdır! – Vaxruşin tavandan tökülmüş suvaq parçalarına bulaşmış dairəvi pendir parçasını ayağı ilə itələyib mağazada var-gəl etməyə başladı. – Məni qorumağa ehtiyac yoxdur artıq. Qoy özlərini qorusunlar.


Bu dəm mağazaya Koltunov qaçaraq girdi. Sifəti ağappaq ağarmış, özü də çaşqınlıq içində idi.

Vaxruşin ona sarı bir addım atdı:

− Nə?!

Komandirin qarşısında dayanan Koltunovun dodaqları əsirdi.

Vaxruşin onun çirkli şinelindən yapışıb silkələdi:

− De görüm, qancıq...

Koltunov ağzını açdı:

− Yoldaş komandir... mən bacardığım qədər... biz heç bir şey... bütün ehtiyat hissələri...

Vaxruşin qəfildən Koltunovun sifətinə yumruğunu endirdi. Mayor pilətələrlə döşənmiş döşəməyə yıxıldı, başı tərsinə çevrilmiş göy rəngli tərəziyə keçdi.

Vaxruşin öz başını əlləri ilə tutub elə inildədi ki, sanki öz-özünü vurmuşdu.

Koltunov çaşqınlıq içində ayağa qalxdı. Dodağından qan axırdı.

Siyasi iş üzrə müavin ona yaxınlaşdı:

− Nəyimiz qalıb?

Koltunov burnunu çəkdi:

− Fetisovun bir batalyonu, Qaniçevin üç, Aleksandrovun da bir alayı...

− Səninsə bir quru canın qalıb, − Vaxruşin dişlərini qıcayaraq dedi, sonra da soyuducunun üstündə əlində telefon oturmuş serjanta başı ilə işarə etdi: − Axmetyevi yığ görüm.

Serjant nömrəni yığıb dəstəyi komandirə verdi.

− Saşa, Vaxruşindi. – Komandir boş əlini şinelin cibinə basdı. – Səndə vəziyyət necədi? Hə? Yaxşı... Tamamən? Bəs Beryozin? Ölüb? Aydındı... Yox, əşşi. Yox, Saşa, olmaz artıq... Hə, burdadı. Gəldi, şad xəbərlər verdi... Bilirsən? Lap yaxşı. Hə. Hə. Əlbəttə. Qulaq as, heç olmasa, axşamacan birtəhər dözə bilərsiz? Əşşi, əmr vermirəm, xahiş edirəm! Xahiş edirəm, sənin ananı! Artıq briqada komandiri deyiləm, başa düşdün?! Sən də alay komandiri deyilsən! Bilmirəm! Bunu mən səndən soruşacaqdım! Aleksandrov? Bu kinoteatrın yanındadı? Necə yəni? Bəs Koltunov deyir ki, onun bir alayı qalıb. Doğrudan? Bu necə olur axı... Bəs özü? Ciddisən? Əclafın biridi... Yaxşı... Bax, gör neynirsən. Hə. Zəng elə. Xəttdəyəm.

Dəstəyi hirslə serjantın dizləri üstə tulladı.

Birdən getdikcə güclənən vıyıltı səsi gəldi. Mağazanın arxa tərəfinə mərmi düşdü, döşəmə titrədi. Tavandan parçalar töküldü.

− Yoldaş komandir, − Koltunov sıyrığlarından qan axan əllərini sinəsinə sıxdı, − mənə icazə verin... hər şey edərəm... qanımla ödəyərəm!

Növbəti mərmi qarşı tərəfdəki pivə köşkünü darmadağın etdi.

− Cəhənnəm ol, − üzünü ona çevirmədən Vaxruşin dedi.

Koltunov qapıya sarı gedib yoxa çıxdı.

Telefon zəng çaldı, serjant dəstəyi götürdü.

− “Qranit”. Buradadır. Verirəm, yoldaş kapitan.

Vaxruşin dəstəyi əlinə aldı:

− Eşidirəm. Bəli. Bəli. Hə, nolsun ki? Belə de... Sən də tərk etdin?! Sən kimsən ki... Əmr verdi?! Sənə? Sən də tabe oldun? Qaniçev də?! Qancığlar... – gözlərini yumub başını yellədi. – Hə, Sosnitskiy, hə, andıra qalmış döyüşçü. Elə güllələyərdim səni, ancaq görünür, imkan olmayacaq. Əlim çatmayacaq sənə. Eybi yox, qoy onlar güllələsinlər, alçaq...

Dəstəyi tullayıb yumruğunu piştaxtaya çırpdı:

− Zibil!

Başıyarımçıq kefir şüşəsi piştaxtanın üstündən dıvırlanıb yerə düşdü, çilik-çilik oldu. Qapıdan içəri bir kişi boylandı. Boz paltoda idi, başında şlyapa, qoltuğunda çantası vardı.

− Üzr istəyirəm, mağaza işləmir bəs? – o soruşdu.

− Yox, − Karpenko cavab verdi.


− Bəs... – kişi əlini qaldırıb saata baxdı, − hələ dörddür axı.

− Bağlıdır, bağlıdır, − Karpenko avtomatını düzəldərək dedi.


− Haqq-hesab üçün... – Vaxruşin güclə eşidilən bir pıçıltıyla qımışdı.

Kişi başını anlayışla tərpətdi, birdən gözü yerdə qalmış pendir parçasına düşdü, yanağını qaşıdı, sonra da dedi:

− Üzr istəyirəm... bəlkə, mən... olar ki, bunu götürüm? – deyib barmağı ilə pendirə işarə etdi.

− Götür, − Vaxruşin gözlərini açdı.

Kişi çantasını tələsik aşdı, içindən hansısa kağız-kuğuzu çıxardıb yerinə tozlanmış pendiri qoydu, çantasını qoltuğuna basıb gözdən itdi.

Mərmi yanan trolleybusa dəydi, alovlu parçalar ətrafa səpələndi. Digəri isə xiyabana düşdü, qollu-budaqlı bir qovağı yıxdı.

Vaxruşin müavininə baxdı, furajkasını çıxarıb süd paketlərinin üstünə atdı:

− Nə deyirsən, Seryoja, axırımız gəlib?

Ağappaq olmuş müavin ona səssizcə baxırdı.

Mərmi prospektdə partladı.

Sınıq vitrin cingildədi, Karpenko başını tutub döşəməyə yıxıldı, ayaqları konvulsiya içində əsməyə başladı. Vaxruşin ona tərəf gedib yerə çömbəldi, amma birdən cəld hərəkətlə qalxıb düz müavini ilə üz-üzə, göz-gözə dayandı.

− Doğrudan da, axırımızdı?

Müavin əlacsız şəkildə başını əydi.

Karpenkonun başından axan qan yerə tökülmüş südlə qarışmağa başladı. Serjant gözünü ölüdən çəkmirdi. Vaxruşin ona tərəf baxdı:

− Avtomatı götür, get burdan.

Serjant Karpenkonun avtomatını götürdü, qundağın üstündəki süd damcılarını silib sakitcə soruşdu:

− Hara, yoldaş general?

− Ürəyin hara istəyir.

Serjant bir az dayandı, sonra getdi.

Vaxruşin qoburu açıb içindən tapancasını çıxardı, müavininə baxdı:

− Nə deyirsən, birlikdə, yoxsa...?

Müavin yan tərəfə baxdı:

− Mən sonra...

− Özün bilərsən.

Briqada komandiri çevrildi, tapancanı tez gicgahına dayayıb atəş açdı. Divara yapışdırılmış cədvəl al qana boyandı. Vaxruşin büdrədi və soyuducunun üstünə aşdı.

Müavin öz tapançasını əlinə alıb küçəyə çıxdı. Dağılmış ev, üst-üstə qalaqlanmış maşınlar, köşklərin bünövrələri yanırdı. İnsanlar evlərin yanı ilə qaçaraq hərəkət edirdilər. Müavin səki ilə tez-tez yeridi. Ayağının altında şüşə qırıntıları xırçıldayırdı, hər tərəfə kösöv, parçalanmış kərpic səpələnmişdi. Qoltuğunda idman çantası olan bir kişi müavini ötüb keçdi. Müavin tapancasını qaldırıb onu kəlləsindən vurdu. Kişi üzü üstə yıxıldı, idman çantası asfaltın üstünə düşdü, içindən kənarları yanmış pul bağlamaları töküldü. Müavin tez əynindəki hərbi formanı soyundu, yalnız qara tuman, mavi maykada qalıb kişinin paltarlarını çıxarmağa başladı.

Bir qadın onun yanından qorxu dolu gözlərlə baxıb keçdi.

Müavin öldürdüyü adamın köynəyi ilə şalvarını, bir də gödəkcəsini geyindi. Sonra pulların arasında daha saf qalmış üç bağlamanı seçib onları tapanca ilə birlikdə gödəkçənin ciblərinə basdı.

Mərmi yanan maşınların içinə düşərək partladı.

Müavin əyninə necə-gəldi keçirdiyi gödəkçənin qabağını birtəhər bağladı və metroya sarı qaçdı.


Ruscadan tərcümə: Svetlana Quliyeva
# 905 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #