Dostoyevskinin özü, Stalinin ətrafı əziyyət çəkirdi - ARAŞDIRMA

Dostoyevskinin özü, Stalinin ətrafı əziyyət çəkirdi - ARAŞDIRMA
10 iyul 2011
# 06:01
Fyodor Dostoyevski “Alçaldılmışlar və təhqir edilmişlər” əsərində təəssüflə yazıçının hər kəsin başa düşdüyü sadə bir dildə yazmasının yüksək cəmiyyətin üzvləri arasında yaxşı qarşılanmadığını ifadə edib. Əsərin qəhrəmanlarından biri, keçmiş mülkədar İxmenyev Vanyaya əsərlərini sadə dildə yazmasını irad tutaraq deyir ki, böyük əsərlər ali dildə yazılmalıdır. Çünki ali silkin təmsilçiləri sadə üslubda yazılanları oxumağı özləri üçün təhqir hesab edir, oxuyarkən başa düşmədikləri şeylərinsə yüksək yaradıcılıq nümunəsi olduğuna inanırlar.

Doğrudur, İxmenyev sadə dildə yazılan əsəri başa düşdüyü üçün məmnundur. Bununla belə, Vanyanın yazdıqlarında aliliyin çatışmadığını və bu üslubu düzəltmək lazım gəldiyini düşünür.

Dostoyevski anladır ki, onun dövrünün aristokratları mənasını anlamadıqları qəliz ifadələrlə, bəlağətli sözlərlə danışmağı və yazmağı xoşlayırlar. Təbii, onlar hər şeydə olduğu kimi, bu məsələdə də sadə mujiklərdən fərqlənməlidirlər. Aristokratların geyimləri, davranışları, danışıq üslubları bir-birini tamamlamalıdır. Məsələn, sadəcə “xahiş edirik, bizə qonaq gəlin” əvəzinə, zadəgan nəzakətlə “lütf edib qonaq qismində təşrif buyurmağınızla bizi şərəfləndirmənizi rica edirik” deməlidir. Dostoyevski isə ona görə şöhrətlənmişdi ki, o, təkcə aristokratiya üçün deyil, hər kəs üçün yazırdı.

Azərbaycanın tarixi ərazilərindəki ali silkin təmsilçiləri olan xanlar, bəylər və b. da mürəkkəb danışıq üslubları ilə seçiliblər. Biz Üzeyir Hacıbəyovun “Məşədi İbad”ında müflisləşmiş bəylərin özlərinin ali təbəqədən olduqlarını göstərmək üçün ərəb-fars tərkibli sözlərlə yüklənmiş Osmanlı türkcəsində, yaxud da, latın və fransız sözlərini yeri gəldi-gəlmədi işlətməklə danışdıqlarını bilirik. Şirvanşah Axsitansa Nizamiyə “Leyli və Məcnun”u fars dilində yazmağı tövsiyə edərkən, bunu fars dilinin o zaman Şərqdə şahların danışdığı qüdrətli bir dil olması ilə əsaslandırmışdı.

Bugünkü Azərbaycanda problem saydığımız məsələ dillə və ya ali silklə deyil, yazıda və danışıqda sadə üsluba yox, mürəkkəb, anlaşıqsız tərzə üstünlüyün verilməsilə bağlıdır.

Bir iş yoldaşım var, istefada olan polisdir. İcra orqanlarına seçicilərin ərizə və şikayətlərilə bağlı sorğu ünvanlayır. Məsələn yazır: “Artıq haqqında bəhs etdiyimiz məsələ ilə bağlı tərəfimizdən sizə bir dəfə müvafiq məktubla müraciət edilmişdir”. Bunu belə də yazmaq olardı: “Artıq bu məsələ ilə bağlı sizə bir dəfə məktubla müraciət etmişik”. Ondan məsələni niyə belə mürəkkəbləşdirdiyini soruşuram. Əsəbi şəkildə deyir: “Bu məktub küçədən keçənə yox, rəsmi orqanlara göndərilir. Sizin dediyiniz kimi yazmaq nəyə lazım?! Ayıbdır, elə yazmaq lazımdır ki, oxuyanda bunun elə-belə yerdən gəlmədiyini başa düşsünlər, ciddi yanaşsınlar”.

Ola bilsin, həmkarım hardasa haqlıdır, amma, iş ondadır ki, onun bəhs etdiyi rəsmi orqanlardan gələn məktublarda kifayət qədər üslub, cümlə, hərf səhvinə rast gəlirəm. Hələ əsaslandırmalarındakı absurdları bir kənara qoyuram, istinad etdikləri qanun və qərarları yanlış şərh etmələrini də. Və kolleqama deyirəm ki, kaş onlar daha sadə dildə yazaydılar və bu qədər səhvə yol verməyəydilər, biz də başa düşərdik, nə demək istəyirlər.

Bir qədər əvvəl informasiya agentliklərinin birində tərcüməçi ilə baş redaktorun mübahisəsinin şahidi oldum. Tərcüməçi təklif etdi ki, “neft kəmərlərinin diversifikasiyasını” neft kəmərlərinin müxtəlifləşdirilməsi, yaxud da şaxələndirilməsi ilə əvəz etsin. Amma baş redaktor bu sözün azərbaycanlıların başa düşdüyü dildə ifadə edilməsinə heç cür razılıq vermədi. Yalnız AzərTAc-ın “şaxələndirilmə” sözünü işlətməsindən sonra həmin agentlikdə tərcüməçinin sözünü qəribliyə salan redaktor insafa gəldi.
Dünən əlimə düşən kənd icmalarına təqdim edilmək üçün nəzərdə tutulan rəsmi bir bülletendə oxuyuram: “İnfrastruktur layihələrin tematikasının mühümlüyünün istinad nöqtəsi kimi ön plana çəkilmiş subyektlər hesab olunan benefisiarların (bunu qısaca, “infrastruktur layihələrdən faydalananların” da yazmaq olardı-m.) üzləşdiyi sosial-iqtisadi və inkişaf problemlərini yaxından izləyən, müvafiq həll yollarının tapılmasında yardımçi olmaq üçün treninq proqramını mütəmadi olaraq bu cəhətə uyğunlaşdırmağa çalışan şirkət, bir çox mötəbər beynəlxalq donor təşkilatlarla yanaşı Dünya Bankı tərəfindən maliyyələşdirilən layihə əməkdaşlarının ehtiyaclarını ödəmək yönündə dolğun addımlar atmaqdadır”. Bu mürəkkəbdən də mürəkkəb cümlədən kənd icmasını təmsil edən biçarə fermer, traktorçu nə anlasın?

O gün müəllimimin xahişinə əsasən BDU-da bir kafedraya baş çəkdim. Burada yüksək dövlət postlarından birini tutan akademikin məqalələri ilə bağlı qızğın müzakirə gedirdi. Professorlardan biri onun yazdığı bir mürəkkəb cümləni oxuyandan sonra köhnə tarixli qəzeti kənara qoyub əlavə elədi ki, indiyə qədər ölkə mətbuatında bu adamın məqalələrindən samballı məqaləyə rast gəlməyib. Professorla razılaşmayan dosent cəsarətlə “burada dəyərli fikirlər olsa da, söz oyunu daha çoxdur” dedi. Və bu fikrə etiraz edən professorun oxuduğu cümləni şərh etməsini istədi. Durumdan belə anlaşıldı ki, professorun özü belə akademikin nə demək istədiyini düz əməlli başa düşməyib. Mübahisə edən tərəflər bir jurnalist olaraq bəndənizi köməyə çağırdılar. Mən də hörmətli akademikin nə demək istədiyini sadə dillə anlatmağa çalışdım. Professor şərhimlə razılaşsa da, akademikin dediklərini bəsit şəkildə ifadə etdiyimə görə iradını bildirdi. Söz altında qalmadım. “Hər halda mənə elə gəlir ki, akademikin nə demək istədiyini sizdən daha yaxşı başa düşürəm” deyə qeyri-təvazökarcasına dilləndim.

Məlum məsələdir, alimləri akademikin nə dediyindən çox, necə dediyi maraqlandırırdı. Həm də bu üslub onlara daha doğma gəlirdi. Bu barədə ayrı bir yazı yazacam. Hər halda indi mənə sözügedən akademikin bir məqaləsinin şərhinə niyə 10-larla məqalənin həsr olunduğu daha çox aydındır...

Bizdə politoloqlar, sosioloqlar, iqtisadçılar, maliyyəçilər, hətta ədəbiyyatçılar belə çıxışlarında ağır terminologiyadan istifadə etməyə, çətinliklə başa düşülən tərzdə danışmağa son dərəcə meyllidirlər. Yəqin bununla daha savadlı olduqlarını göstərməyə çalışırlar. Unudurlar ki, çoxlarını onların savadlı ifadələri deyil, ağıllı fikirləri daha artıq maraqlandırır.
Bəndənizi bir də ümumi ifadələr qəhr edir. Məsələn, “Minsk qrupunun təklifləri əsasında münaqişənin nizamlanmasına dair yekun sənədin əldə edilməsi məqsədilə edilən cəhdlərin və Kazan görüşünün nəticələrinin ümumi müzakirəyə çıxarılaraq gələcək müvafiq addımların planlaşdırılması nəzərdə tutulur” kimi. Azərbaycan və Ermənistan prezidentlərinin hər görüşündən, Minsk qrupu həmsədrlərinin bölgəyə hər səfərindən sonra xarici işlərlə məşğul olan səlahiyyətlilərin bu qəbildən olan cümlələrini əsəblə dinləyirəm. Atam belə cümlələrə «növbəti tapmaca» deyir. Gəl baş çıxart görüm, hörmətli xarici siyasət uzmanlarımızın tapmacasının açması necədir?

Stalin həmişə belə dolaşıq, ikimənalı, üçbaşlı ifadələrlə danışırmış. Ətrafı sonradan öz aralarında dərin müzakirə açırmış ki, görəsən, rəhbər bununla nə demək istəyirdi. Yanlış anlama, “zindan, sürgün və ya qətl fərmanı” deməkdir. Stalini başa düşürəm, amma bizimkiləri yox.

Cənablar, mürəkkəb danışmaqla nə demək istəyirsiz?

Ülkər İSMAYILQIZI
# 1337 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #