Kulis.az “Şeir müzakirəsi” layihəsindən Ramil Əhmədin yeni şeirləri haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan şeirlər ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Aqşin Yenisey
Ramil Əhməd mənim son zamanlar diqqətlə izlədiyim ən maraqlı şairlərdən biridir. Özüm qəsdən "gənc" sözünü işlətmədim. Çünki onun şeirlərində artıq özünəməxsus, formalaşmış şair obrazları, şeir ahəngi var. Mən şeirdə gözlənilməzlikləri sevirəm. Yəni ikinci misrada şair nə deyəcək, mənim düşündüyümmü, özünün tapdığınımı? Ramil Əhməd bütün ikinci misraları ilə məni heyran etməyi bacarır. Bu şeirlər haqqında belə qısa münasibət bildirməyi bir az insafsızlıq hesab edirəm. Yəqin ki, bir gün onun şeirləri haqqında daha sanballı bir yazı yazacağam.
Qismət
Yaxşı şeirlərdir. Daha geniş və predmetli yazmaq üçün daha geniş zamana ehtiyac var. Ona görə də indi yazdıqlarım təhlil etmək yox, definisiya etmək, tərif və təsvir vermək cəhdi olacaq. Birinci və sonuncu şeiri, Heminqueyi də yad edərək, şərti olaraq "Qadınsız kişilər" başlığı altına yığmaq olar. Hər iki şeirdə tapılmayan söz, deyilməyən kəlmə, yəni boşluq hissi qadınsızlıqla, kişi dünyasının monotonluğu ilə ifadə edilib. İkinci şeir haqqında çox geniş danışmaq və yazmaq olar. Bu, bizdə nüsxəsi az olan şeir nümunələrindəndir. Yığcam deməyə çalışım: intertekstuallıq yaratmağın çoxsaylı metodları var, onlardan biri də şeirdə uğurla istifadə edilmiş ekfrasisdir. Ekfrasis - vizual obrazların, imajların sözlə təmsil edilməsidir, hərfi mənası "detallı şəkildə danışmaqdır". Şair rəsm haqqında, yaxud hansısa musiqi əsəri, bədii film haqqında şeir yazır və ya tərsinə. Bir sənət metoduyla digərinə baxmaq da deyə bilərik. Bu, sənətlərarası əlaqə metoduyla bizdə çox az müəllif yazıb, yadıma düşən qədəriylə Ələkbər Salahzadədə, çağdaş dövrdə Səlim Babullaoğluda var. Ramil də bundan uğurla istifadə edib. Sayğılar və uğurlar!
Cəlil Cavanşir
Ramil Əhmədin poeziyası intellektual, eyni zamanda "ədəbi əcdadı" olan poeziyadır. Ramilin şeirlərini oxuyanda anlayırsan ki, bu şeirlərin dayaq, istinad nöqtəsi bəllidir. Eyni zamanda Ramilin həssas yanaşmaları, dəqiq analitik duyumu var. Mən onun şeirlərini istənilən ovqatda oxuyub, zövq alıram. Yəni, Ramil Əhməd konkret ovqat şeirləri yazmır, şəxsi kədərini, ağrısını poeziyanın intellektual ənənəsi ilə yoğurur, "emal edir". Bu günlərdə Ramilin çapa hazırlanan yeni şeirlər kitabını oxudum. Düşünürəm ki, poeziyamız üçün çox dəyərli töhfə olacaq. Şeirə və ədəbiyyata bu cür konseptual və ciddi yanaşan çox az şairimiz var, elə bu baxımdan Ramil Əhmədin yaradıcılığını izləmək zövqlüdür.
Fərid Hüseyn
Ramil Əhməd bu şeirləri ilə göstərdi ki, Kürdəmir də yaxşı şair üçün ilham mənbəyi ola bilər, əsas ünvan deyil, əsas olan gedəcəyin yerə özünlə apara bildiyin qəlbinin qədəri, miqdarıdır. Birinci şeirdə – “Pişik kölgəsindən başladı gecə” şeirində darıxmağını ifadə edən və öz yaşantılarının səbəbini gizlədib, kədərinə görə ətrafın yeknəsəqliyini günahlandıran adamın psixoloji portreti aydınlaşır. Sadəcə birinci şeirdə problem ondadır ki, məsələn, misralar tək-tək aydındır, amma bənd – yaxud bitkin fikir kimi yox. Məsələn, aydındır ki, “Çatmadı köməyə otuz iki hərfin bircə dənəsi”. Fəqət “Çatmadı köməyə otuz iki hərfin bircə dənəsi, /çözülmədi bu əlifba bilməcəsi...” Köməyə gəlməyən hərflərin cəmi olan əlifbanın hansı bilməcəsindən söhbət gedir. Bu onunla bağlıdır ki, tapılmış, beynində möhürü vurulmuş misraya əlavə olunan fikir şairin özü üçün də bütünlüklə ciddi mənada mahiyyət kəsb etməyib. Şair elə bilib ki, ilk misrada deyəcəyini deyib. Şeirin “pişik kölgəsindən başladı gecə” misrası ilə başlaması və bitməsi yeknəsəq həyatın və bitməz bir günün ifadəsi kimi maraqlıdır. Ramil bu məqamda peşəkarlığa yol aldığı görükür.
“Abşeron yarım adamı şeiri” çox yaxşı poetik nümunədir, çox bəyəndim. Xüsusən aşağıdakı misraları:
Troyalı Arqonotlar dördə böldü qayığı,
macəranın gözləriylə görüldü uzaq yaşıl adalar –
“Şimala doğru” dedi sitarələr.
Gücün qolları avarları çəkdilər –
“Cənuba doğru” dedi küləklər.
Mavi yolun sirrini çözdü xəritələr –
“Qərbə doğru” dedi biliklər.
Duayla doldu göy qübbələr –
“Şərqə doğru” dedi ürəklər.
Şəxsi qərarsızlıqla, yönbilməzliklə, bəşəri nagümanlıq bərabərləşdirilir. Ümumiyyətlə, bu şeirdə şairin hakimiyyəti – sözlərlə asudə rəftarı aydın duyulur. Amma bu şeirdə Özdəmir Asafın “Yalnızlıq paylaşılmaz”dan “ziddiyyət təsirlənməsi” var, yəni bir şairin fikrini tərsinə çevirib özünə qaytarmaq cəhdi. Məsələn, Asaf deyir ki, “yalnızlıq paylaşılmaz”, Ramil deyir ki, təkliyimiz çoxalır. Yəni bir şairin şeirinin rəsmi düşən aynanı o biri şair tərsinə çevirib özünə sarı “döndərir”. Məsələn, Xaqani özünəqədərki ədəbiyyatda Fərhadın eşqdən sevgilisinin simasını qayaya çəkməsinə qarşı yazırdı ki, “Namussuz eşqini nəqş etdi daşa, Qəlbinin lövhinə nəqş etməliykən”. Yəni Fərhad Şirinin şəklini dağa çəkməklə sevgilisinin üzünü hamıya göstərdi. Amma bu o demək deyil ki, Xaqani tam fərqli düşünüb, o sadəcə özünəqədərki qəlib fikri tərsinə çevirib.
“Can sıxıntısı” şeiri mənaca dərin, həssas şeirdir, amma “Çocuqlarsa günəşin uşaqlarıydı və ailə-məişət zəmininə dözməyin çölündə kaktusuydular!” kimi metrikası gözlənilməyən misralar var, şair sanki hər bəndi bir mərtəbədə yazıb, atmosfer fərqi aydın hiss olunur.
Yaxud şair “Sərinliyinyuxu kimi çəkildiyi bu şəhərdə” yazır. Təbii ki, burda yuxunun ərşə çəkilməsindən söhbət gedir, bu mənada çəkilmək sözü “davamlılıq”, “uzanmaq” mənasında işlənir, amma sərinliyin isti yerdə çəkilməsi isə “yoxa çıxmaq” anlamındadır. Deməli, müqayisəli fikir bir-biri ilə uyuşmur. “Kölgəsiylə oynayan məsum uşaqlar” yazır şair. Uşaqlar onsuz da məsumiyyət nişanəsidir, onların adının önündə məsum yazmağa nə hacət? Bir bəndə ki, kölgəsi ilə oynayacaq qədər bu dünya girdabından uzaqdırsa, ona məsum təyini yazmaq düzgün deyil. Elə sözlər var ki, onlar mahiyyətini adın içində saxlayır, onun daxilindən mahiyyəti üzə çıxarmağa ehtiyac yoxdur. Şair məna yaradan adamdır, mənanı açan yox. Şair şəxsi lüğətində yazan adamdır, izahlı lüğət yaradan biri deyil.
Yaxud “qadınsızlığı” və “azlığı” sözlərin qafiyələnməsi də arzuolunmazdır. “Lıq” şəkilçisi Türkiyə türkcəsindən fərqli olaraq bizim şeir dilimizə uyğun deyil, qəribə səs sırası yaradır, sanki beynində “palçıq tapdalayırlar”.
Ümumən isə yuxarıda dediyim arıtlanması mümkün məqamlar olsa da, olmasa da bu şeirlər xüsusunda “gözəl poetik nümunələrdir” deyə bilirəm. Çünki darıxan bir adamın bütün mahiyyətini şair bir şeirdə aça bilib.
Yarpağı soyuqqanlı qatilin əlləri kimi titrəməyən ağaclar,
Gözlərinə baxa bilmədiyim yandırıcı bir günəş,
Bu kimi gözəl misralar, darıxqan ovqatı ifadə edən deyimlər çoxdur şeirdə.
Ramil belə uzun nəfəsli şeirlər yazmağa tez başladı, amma mətin addımlarla irəliləyir. Uzun şeiri bitirənəcən eyni nəfəsi ruhunda saxlamaq çox çətindir. Gərək güzəranı şairə icazə versin ki, aldığı nəfəsi günlərlə, həftələrlə qəlbində saxlanc edə biləsən, yoxsa hər dəfə şeirə qaldığın yerdən başlamaqla uzun nəfəsli şeirlər yazmaq olmur.
Ramil ədəbiyyatımızın seçkin imzalarındadır, dəyərli şairdir, söz və fikir adamıdır. Yazdığı şeirlər onun doğru yolda, çətin izdə, amma dürüst istiqamətdə olduğunu göstərir. Əziz dostumun yolu aydın, bağlandığı mənəvi zəncirlər qırılmaz olsun...
Kənan Hacı
Ramil Əhməd həyatdan alınan fraqmentləri şeirin dilinə çevirməyi bacarır. Və bu fraqmentləri ustalıqla montaj edib bitkin şeir halına gətirə bilir. Bu şeirlər məndə qısametrajlı film təəssüratı yaratdı.
Diksindirici məqamlarla zəngindir. Zamanı fiksə edən şair ona öz prizmasından baxmaqla sanki zamanüstü həqiqətlərə xitab edir. Ümumiyyətlə, Ramil Əhməd imzasını harda görsəm, oxuyuram və onun şeirlərinin qəribə ab-havası var. Vaxtla döyüşdədir sanki. Vaxta müqavimət göstərmək və vaxtın əlindən alınmış ani epizodları kağıza köçürmək cəhdləri bu şeirlərin mayasındadır. İlkin düşüncələrim bunlardır.
Rəvan Cavid
Ramilin şeirlərindəki tapıntılar məni həmişə təəccübləndirib. Həyatın içindən olan detallara orijinal yanaşması, heç bir instansiyanı təkrarlamaması peşəkar göstəricidir. Bizim poeziyada şəhərin ab-havası, onun küçələri və məişəti, demək olar ki, poetik müstəviyə gətirilə bilmir. Ramil isə bunu müəyyən mənada bacarıb. Fikir olaraq bəzi misralarda özünü təkrarlasa da, bu amili özünəxas bir estetikanın yaradılması cəhdi kimi qiymətləndirirəm. “Pişik kölgəsindən başladı gecə” misrasını isə iki gündür dilimin ucunda getdiyim hər yerə aparıram. Mükəmməl tapıntıdır.