Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Nihat Pirin yazıçı Ömər Xəyyama ithafən yazdığı "Ad günü" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.
Elnarə Akimova:
"Nihat Pirin “Ad günü” hekayəsi obrazların yaşam tərzi ilə arzularının uyğunsuzluğunu həm daxili səs amili, həm də ünsiyyət, situasiya sayəsində meydana çıxaran mətndir. Müəllifin təhkiyə predmeti yalnız qəhrəmanın iç yaşantıları, psixoloji subyektidir, əsas təhkiyə strukturu bu nöqtədən qurulur, qalan hər şey – təsvir, hadisə, ideya, mətləb, hətta yazıçı yumoru belə bu məqama köklənərək aktuallanır.
“Dak-dak-dak-dak-dak”... Hekayədə refren kimi təkrarlanan bu səs Seymurun içindəki dərdin akkordu, ata olmaqla bağlı ümidləri puç olmuş, taleyi qırıq səslərin ilgəyinə düşmüş insanın ağrı nidası kimi simvolizə olunur və mənim fikrimcə, hekayənin uğurudur: “Bütün həkimlərin də dilindən dua kimi eyni diaqnoz çıxırdı: Seymurun toxum faizləri aşağıdır. Sonra həkimlər izah eləmişdi: yəni toxum faizinin aşağı olması o deməkdir ki, hərəkətsiz olurlar. Bu hərəkətsizlik isə mayalanmaya mane olur. Seymur bir il razılaşmadı, iki il razılaşmadı, axırı başa düşdü ki, bu toxumlardan bir şey çıxan deyil. Ondan sonra toxum anlayışı ilə oldu qanlı düşmən. Hətta o dərəcədə ki, az qala, ana südü qədər doğması olan pomidor-yumurtada pomidorun toxumlarına gözü sataşan kimi, vəssalam, öldürsən, yeməzdi. Ona görə də Aybəniz məcburən pomidor-yumurtanın toxumlarını da əzib itirirdi və Seymur hər səhər zəngli saat kimi həmin dakkıltı səsinə oyanırdı”.
Yuxunun yaratdığı gerçəklik və gündəlik gerçəklik arasında qalan hədd elə bu səslərdir. Bu detal, bu səs Seymurun öz taleyi ilə barışma, özünü tanıma işarəsidir - təbəqə fərqini, yaşam ayrıcalığını, malik olduğu reallığı. Bu mənada, hekayə iki müxtəlif Səsin – obrazın iztirabını, nigaranlığını simvolizə edən daxili səslə, mətbəxkimidən eşidilən səsin antaqonizmi kimi yadda qalır.
“Dak-dak-dak-dak-dak”... Bu təkrarlar hekayənin daxili assosiativ imkanlarını genişləndirməklə bərabər, təhkiyənin dinamikliyini də gücləndirir. Bu səs həm də tənzimləyəci, hər şeyi yerbəyer edən funksiyasındadır mətndə. Eşidilməsi ilə gerçəklik arasında əlaqə qurulur: “Seymur yataqdan qalxıb şalvar-köynəyini geyindi. Güzgünün qarşısında bir xeyli qurdalandıqdan sonra saçına əl gəzdirdi. Daraq yenə də yox idi. Güman ki, Nuray özü ilə babasıgilə aparmışdı”.
Hekayədə bəyənmədiyim cəhət bəzi hallarda intonasiya və ritmin nizamsızlığı, qütbləşməsi, müəllifin səthi təəssüratlara varmasıdır. Məsələn, “Yataqdan qalxıb ayağını sürütləyə-sürütləyə divarın küncünə qoyulmuş stula, - əslində o stul Seymurun yeganə çöl-bayır paltarı olan mavi cızıqlı köynək və qara dama-dama şalvar üçün oraya təhkim edilmişdi, - çatdı”;
“Bu gün bu qara lələşin söhbəti həll eləsin, sən də bax! - deyib güzgüdə özünə göz vurdu və cəmi ikicə addıma balaca mətbəxkimidə qara, - nə vaxtsa, onun da altı yapışmayan olub, - tavada pomidor-yumurta, bir fincan çay və çörək qoyulmuş masanın önünü kəsdirdi”;
“Ay qız, kimdir qızın atası? - qolundan yapışdı, - mən, ya o? - Aybəniz Seymurun əlindən çıxıb özünü ömrünü başa vurmuş mətbəx mebelinə oxşayan, - sözün düzü, heç oxşamırdı, - taxçaya yetirdi, əlindəkiləri əlüzyuyanın içinə boşaltdı”.
Kiçik minimal parçaları iç-içə vermək Nihatın nəsr dilinin xarakterik xüsusiyyəti kimi üzə çıxır. Hər parçası iki, yaxud üç cümlədən ibarət olan bu mətndə cümlələrin hər biri müəyyən situativ məqamlar – obrazın, hadisənin mahiyyətindən doğan çalarlıq əldə etsə də, bəzən bir-birləri ilə möhkəm bağlana, bir vahidin tərkibləri kimi görünə bilmirlər, əksinə, bu haşiyələrə, kənaraçıxmalara (“nə vaxtsa, onun da altı yapışmayan olub”, “sözün düzü, heç oxşamırdı” və s.) mətndə ümumiyyətlə, ehtiyac qalmır. Yəni əsas məsələ, cümlə üzvlərinin, söz sırasının, söz birləşmələrinin qrammatikada yerini saxlamaq deyil, onları elə əlaqələndirməkdir ki, həmin bədii fiqurların yaratdığı təəssürat bütöv, yetkin olsun. Bu hekayədə isə Nihat onlar olmadan belə, demək istədiyini oxucuya çatdıra bilir, əlavələr isə elə əlavə yük kimi mətnə pərçimlənir.
Alpay Azər:
"Nihat Pir bu hekayəni yazarkən məlum olan yolla gedib deyə, sonda standart, daha çox əhvalat xarakterli yazı alınıb, nəinki uğurlu mətn. Adi hadisələrin cərəyan etdiyi bu hekayədə maraqlı kulminasiyası olan detal görmədiyimə və ya gözlənilməz hadisə baş vermədiyinə görə, elə bilirəm, hekayə alınmayıb. Seymurun qızının ad günüylə bağlı çayxanada dostu Elçinlə söhbəti, çayxananın ad günü yeri kimi seçilməsi hekayəyə xüsusi bir nəsə vermir. Hekayəni nisbətən bədii edən sonluqdur, - Seymurun qızına söz verdiyi klonun ad gününə gətirməsini yuxuda görməsini və bunun ardınca qızın bioloji atası olan Hafizin onlara zəng etməsi və Seymurun yuxudan oyanması bir az kədərli notlar qatır mətnə".
İlham Əziz:
"Mənə irad tuturlar ki, hekayələri tərifləyirsən. Arada istəyirəm, tənqid də edim, amma xoşbəxlikdən yaxşı hekayələr göndərirlər. Nihatın hekayəsi də yuxu söhbətidi. Bu fənd də hekayədə o qədər işlənib ki, artıq adama əziyyət verir. Bu hekayə yuxusuz daha yaxşı olardı. Nihat həm də çeynənmiş bənzətmə və frazeoloji birləşmələrdən qaçmalıdır. Hekayənin dili yaxşıdır. Rəvandır. Problemi tanışdır. Belə ailələr, talelər çoxdur. Mən finalda qızın öz atasının hesabı ödəyəcəyini gözləyirdim, heyif başqa cür oldu. Hekayədə ən yaxşı pomidor-yumurta detalı işlənib. Yəqin müəllifin sevgisindəndir. Pomidor-yumurta sevgisini hekayənin tamamına yaymaq lazım idi. Hekayə bir məsələni əhatə edir. Arada get-gəllər oldu, amma yığıb-yığışdıra bildi. Nihat çox yazmalıdır. Mətni cilalamalıdır. Bir də hekayənin cövhərinin harada olduğunu tapmalı, mətn boyu oranı sığallamalıdır. Nihata uğurlar".
Rəvan Cavid:
"Nihat milli konturları gözəl işləyib. Hekayəni bu müstəvidə qiymətləndirsək, uğurludur. Di gəl, bu mənim şəxsi fikrimdir, artıq belə hekayələrə tox olmalıyıq. İndi mövzular o qədər dəyişib ki. Deyək ki, bizlər texnologiyaya, robotların dünyasına yadıq, yaza bilmirik elə hekayələr, heç olmasa, Şərqin mistikasına qayıdaq da. Bilirəm, kiməsə "sən niyə bunu yazmırsan?" demək ədəbi əxlaqsızlıqdır. Lakin mən öz yaşıdlarımdan artıq elə hekayələr gözləyirəm".
Orxan Həsəni:
"Hekayə başlayır: "Elə sevinirdi, elə sevinirdi, sanasan, alçaq dağların behini indicənə verib". Bu köhnə, öz vaxtını ötürmüş ifadə vasitələrindən ədəbiyyatımız nəhayət, xilas olmalıdır. Bəlkə də, məzmundan çox forma dövrü ehtiva etməli, müasir həyatla səsləşməlidir. Dövrü ehtiva etməyən, müasir həyatla səsləşməyən mətn funksional deyil və yeni heç nə demir.
"Ad günü" qızına ad günü keçirmək istəyən atanın hekayəsini danışır. Maddi problemlərə görə ata məclisi dostunun çayxanasında təşkil edir. Ədəbiyyatımız dramaturgiyası maddi problemlərin üstündə qurulan hekayələrlə doludur. Elə buna görə dramaturgiya zəif alınır. Bu tendensiya son illərdə daha da çoxalıb. Belə hekayələri oxuyanda fikirləşirəm ki, obrazın cibinə 100 manat bassan, problem yerindəcə həll olacaq. 100 manatla həll olan dramaturgiyanın təsiri mətni oxuyub bitirənəcəndir.
Formanın kiçik qüsurlarına baxmayaraq, Nihatda inkişaf görünür. Onun "Pab rapsodiyası" adlı janrı və mənşəyi məlum olmayan mətnindən sonra birdən belə bir hekayə yazması, doğrudan da, sıçrayışdır".