Bu hekayəni çox şişirtdilər - Hekayə müzakirəsi

Bu hekayəni çox şişirtdilər - Hekayə müzakirəsi
2 iyul 2024
# 14:00

Kulis.az Ulucay Akifin "Nərgiz" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Həmid Herisçi xəstəxanaya yerləşdirildi

Həmid Herisçi:

"Ulucay Akifin təzə hekayəsini yenə də birnəfəsə oxudum. Televizyonçu olsa, canlı efir teleaparıcısı olardı. Canlı efir, Ulucaylıqdı. Cansız efir isə...

Yəni Ulucay ssenarili verilişlər üçün deyil.

Qaydasız döyüşlər qəhrəmanıdır.

Qaydasız hər nə varsa, həəə...day sizdən nə gizlin? - Ulucay nəsri, şeiri üçündü.

Qısası, hekayə Nərgiz xanımın nərgiz gülləri haqdadır.

Kim? Kim bu nərgizləri alır indi Nərgizə?

Hekayənin ana xətti, yox...qadın xətti elə burdadı. Hekayənin Qordi düyünü də eləcə.

Ordadır.

Fikir verin bu dialoqa:

"- Eeee, yenə başlama da bu söhbətlərə... Sevgi nədi? Sevgi var indi? Səncanı yeməyini ye, qoy oturmuşuq. Turşu istəyirsən? – Nərgiz heç nə olmamış kimi dilləndi.
– Niyə yoxdu sevgi?! Var! Sevgi yoxdursa, hər dəfə evə gələndə gətirdiyin bu nərgizləri kim verir sənə?! – Elnurun səsinin əsəbdən, ya kədərdən titrədiyini anlamaq olmadı".

Hekayə boyu bu nərgiz çiçəklərinin, Nərgizlərin mənşəyi açılır.

Kim alır Nərgizə nərgiz çiçəklərini. Elnur? Sevgilisi...

Yoxsamı...

Yoxsamı özü?

Son sətirlərində Ulucay ayağını əyləcdən ayırır elə bil.

Hekayəni avtopilotun öhdəsinə buraxır sanki.

Acı həqiqət də bax bu zaman bəlli olur. Bəlli olur ki:

"Bayaqdan qapını döyürəm, niyə açmırsan? Yenə hekayə uydurursan özündən? Almaniyaya da köçdük, düzəlmədin də. Bəs deyirdin, daha yazmayacaqsan? – Yazıçının cavab verməsini gözləmədən cümlələri ard-arda düzürdü. – Buna bax. Deyirəm, bu almanlar da dəhşətdilər e. Bir qom nərgizə 10 avro pul verdim. Bakıda 3 manata alırdım".

Yazmamağın səbəbi axırda bilinir.

Nərgiz çiçəklərinin sirri də.

Ağrılı, sancılı mətndi...

Məni kövrəltdi".

Şərif Ağayarın romanı Fransada çap olundu

Şərif Ağayar:

"Hekayə bir çox məziyyətlərinə görə təqdirəlayiqdir. Ən vacibi də mövzunun müasirliyi: ifşa videosu, mühacirət, layt kişilik və s... Dilinin ənənəvi ləngərdən təmizlənməsi, sərbəstliyi, operativliyi, sadə və oxunaqlılığı müasirlik effektini artırır. Sadəcə, bütün bu məziyyətlərin mətn həlli qaneedici deyil. Oxuduqca ağlımdan keçirdi ki, müəllifin başqa – daha vacib bir işi varmış, eyni zamanda bu hekayəni də yazıb. Eyni zamanda haaa! Vacib işdən əvvəl və ya sonra yox. Yeri gəlmişkən deyim, ədəbiyyatda mövzunun mətn həlli ən vacibidir. Mətn həlli yoxdursa, heç nə yoxdur. Adamın ağlına yüzlərlə forma, struktur və ideya gəlir, hətta yazmağa başlayırsan, mətn həllinə gələndə zurna fırt eləyir. Əgər doğrudan ilham pəriləri varsa, onlar yazıçıya yalnız mətn həllində kömək edir. Qalanı, demirəm asandır, hər halda qazanılandır. “Nu poqodi” multfilminə yəqin baxmısınız. Canavar əlini belinə qoyub barmağının ucu ilə ştanqa yeni təkərlər əlavə edilməsinə işarə verir, lakin onu qaldıranda xeyli əziyyət çəkir, hətta əl-ayağını əzir. Yeni mövzu tapmaq, müasir forma və ideyalar düşünmək canavarın barmaq hərəkətinə, bütün bunların mətn həllini vermək ştanqı qaldırmağa bənzəyir. Mətni uğurlu həll etmək üçün yazıçıya istedad, savad və təcrübə ilə yanaşı səbir və dözüm lazımdır. Biz isə harasa tələsirik. Çünki əsas işimiz – dolanışıq mənbəyimiz yazıçılıq deyil. Yazıçılığın bostanına sanki qarpız oğurluğuna girmişik, qısa vaxt ərzində əlimizə nə düşdü qoltuğumuza vurub qaçmaq istəyirik. Mətninsə Allahı yoxdur, onun öz prinsipləri var və heç vaxt güzəştə getmir...."

Mübariz Örənin hekayəsi: “Ot”

Mübariz Örən:

"Ulucayın “Nərgiz” hekayəsini həm oxucu, həm yazıçı, həm də, bir az tənqidçi gözüylə oxudum. Diqqətlə oxudum ki, nəsə bir naqislik tapım, gülüm (çünki özündən çox razıdır bu gənc). Gördüm yox, ehtiyatlı tərpənib, “çp”yə yol vermədib. Kişinin dili varsa, dilçəyi də varmış.

Hekayədə qoyulan məsələ indiki zaman üçün heç də gözlənilməz olmasa da, - hər gün müxtəlif saytlarda, teleşoularda, xalaşoularda bundan da eybəcər hadisələri eşitməli oluruq, - necə işlənməsi mənimçün maraqlı idi. Burda da, dərin təəssüf hissiylə etiraf etməliyəm ki, gənc və iddialı müəllif istəyinə nail olub və bu gedişlə, çox özündən deyən qələmdaşlarının qələmini asanlıqla dizində sındıracaq. Çünki adam gözgörəti və intensiv şəkildə, - artan təcillə püxtələşir, ustalaşır.

Hekayə ilk baxışdan asan yazılıb, amma bu, o qədər də asan məsələ deyil. Asan yazmağı deyirəm. Hekayənin quruluşuna fikir verəndə ilk ağlıma gələn o oldu ki, yəqin yazıçı xəyanət haqda ortabab bir hekayə yazıb, sonra o mətni xilas etmək üçün postmodern priyoma - mətn içində mətn fəndinə əl atıb. Hətta ağlıma gələn bu fikirdən, etiraf edim, genəlib güldüm də. Dedim, buna bax, kimə Kreml göstərir. Amma çox keçmədi, qanım yenə qaraldı və acı qənaətim bu oldu ki: hekayə alınıb, bütövdü, təzədi, qüsursuzdu. Acığa bir vaxtların “bəs bizim evdə bıçaqları kim itiləyir” lətifəsini yada salıb güldüm. Özümə də bu təsəllini verdim ki, mən niyə narahatam e, yenə azdan-çoxdan nəsə yazıb qoymuşam başımın altına, qoy Orxanlar, Vüqar Vanlar, Yalçınlar narahat olsun, başlarına bir çarə qılsınlar ki, nə edək, hansı sürəti götürək".

Mirmehdi Ağaoğlunun yeni kitabının təqdimatı - Bu gün

Mirmehdi Ağaoğlu:

"Ulucay hekayədən-hekayəyə yeni-yeni forma və məzmun axtarışlarına çıxır. “Nərgiz” hekayəsində də bu forma və məzmun axtarışlarının nəticəsini görürük. Hekayənin forması yaxşıdır. Özünü tərifləmək olmasın mənim də eyni formada, çoxdan yazdığım bir hekayəm, “Ulduz” jurnalının iyul buraxılışında çıxasıdır. “Nərgiz” hekayəsinə gəldikdə isə əsas diqqətimi çəkən məqama toxunmaq istəyirəm. Mənə elə gəlir ki, Yazıçının yaratdığı qadın obrazı bir az şişirdilib, onu daha sadə ştrixlərlə, sədaqətsizliyini türklər demiş, abartmadan vermək olardı. Bir də hekayədə Yazıçının psixologizmi çatışmır. Təbii ki, hekayədə xəyanətə uğrayan kişinin Yazıçının prototipi olmasına açıq da olmasa işarələr var. Müəllif bu işarələr əsasında Yazıçını psixologizmini dərinləşdirməli, yazdığı bu ağır mövzunun hansı ağrılardan doğulduğunu psixoloji hava ilə verməli idi. Bu cür hekayələrdə süjet bəhanədir, əsas psixoloji dramatizmdir ki, həmən məqamlarda dayanmaq lazımdır. Gələcəkdə də dərin psixologizmli əsərlər yazmağı düşünürsə, ona Şervud Andersonun, Saday Budaqlının hekayələrini oxumağı məsləhət görürəm. Hekayə ilə bağlı digər məqamlar isə zənnimcə qənaətbəxşdir. Xüsusilə sonluğu xoşuma gəldi, yaxşı sonlandıra bilib. Təbriklər".

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin yeni hekayəsi

lham Əziz:

"Ulucayın “Nərgiz” hekayəsi yazdığı hekayələr arasında ən yaxşısıdı. Bütün nəsr alətləri öz ahəngində çalışıb. Mövzu ilk baxışda qədimdi, çox işlənib. Sadəcə, Ulucay yeni struktur və formadan istifadə edib. Hekayə detalları günümüzün problemlərini öz içinə büküb. Nasirin yaza bilməməyi, ifşa videoları, miqrasiyanın əzabları, hamısı mətndə qışqırmadan verilib. Hekayənin cəmi bir axsayan yeri var, o da Yazıçı obrazının inkişafı problemidir. Məncə, Ulucay yazdıqca bu məsələni də həll edəcək. Keçidlər xüsusilə elastikdir. Bir də mətnin vizuallığı bu dəqiqə çox vacibdir. Hekayə film təəsüratındadır və bu gözəldir. Hekayədə yaza bilməyən Yazıçının cümlələri də məhz o vəziyyətin məhsuludur. Ulucay bilərəkdən belə edib və bu yenilikdir.

Müvəffəqiyyət onu aldatmasın, çox yazmaq və mütaliə uğurun açarıdır. Təbriklər!"

Məhkəməsiz - Alpay Azərin yeni hekayəsi

Alpay Azər:

"Normal hekayədir, sonluq maraqlıdır, amma peşəkar hesab etdiyim qələm dostlarım bu hekayəni çox şişirtdilər, yəni ədəbi hadisə sayılacaq mətn deyil. Amma yenə deyirəm, zəif hekayə də deyil. Hər halda, Ulucay tədricən nəsr mətnləri yaza bildiyini göstərir".

Necə sevməli, necə ayrılmalı? - Rəvan Cavid yazır...

Rəvan Cavid:

"Bu cansıxan istilərin, başyoran imtahanların arasında Ulucayın hekayəsini sərin su kimi içdim. Xırda redaktə səhvləri, natamam obraz xüsusiyyətlərini bir kənara qoysaq, uğurlu mətndir. Bundan öncəki hekayələri haqqında yazmışdım ki, onun qəfil finallara söykənən bir üslubu var. Amma bu finallar müəllifdən biixtiyar baş verir. Bu hekayədə isə Ulucay finalın da ipini əlində tuta bilib. Xəyanət kimi çox çeynənilmiş bir mövzuda yeni atmosfer yaratmaq çətin işdi. Təbrik edirəm, öhdəsindən gəlib".

Orxan Cuvarlı:

"Ulucayın "Nərgiz" hekayəsini çox bəyəndim. Xəyanətkar qadın, müti kişi, cəmiyyət, köçəri həyat, insanın özünə, əvvəlinə bağlılığı… Mətləbi özündən böyük mətndir. Qapı döyülmə keçidi bu hekayənin şah damarıdır!

Son dövrlərin hekayə qasırğasında göz-gözü görmür. Belə tozanaqda yaxşı mətnlərin, ustalaşan imzaların artmağına ancaq sevinmək olar".

# 3697 dəfə oxunub

Oxşar xəbərlər

Yeni "Harri Potter"in Dambldoru məlum oldu

Yeni "Harri Potter"in Dambldoru məlum oldu

15:29 12 noyabr 2024
“İqlim dəyişikliyi” mövzusunda elektron məlumat bazasının təqdimatı oldu

“İqlim dəyişikliyi” mövzusunda elektron məlumat bazasının təqdimatı oldu

14:30 11 noyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

15:00 11 sentyabr 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
# # #