Facebookda şair olanlar

Facebookda şair olanlar
14 avqust 2015
# 11:35

Şairlərin vəziyyəti çox çətindir bu məmləkətdə. Əslində şairin vəziyyəti çətin deyil, tragikomikdir. Çünki məmləkətdə yetəri sayda şeir oxucusu yoxdur. Necə deyərlər, şairlər özləri çalıb, özləri oynayır. Arada da bir-birlərinə “diss atıb” (reperlər atmacaya “diss” deyir) mənəvi rahatlıq tapırlar.

Facebookda 4950 dostum, 2066 izləyicim var. Təsəvvür edin, bu dost və izləyicilərin ən azı 1950 nəfəri şairdir, ya da şeirlərə bənzər nə isə yazıb paylaşanlar, şair olduğunu zənn edənlərdir. Gündə ən azı bir şair silirəm dost siyahımdan. Hər dəfə şəxsi Facebook hesabıma göz atanda ana səhifədə yüzlərlə şeir çıxır qarşıma. Hələ şəxsi mesajla göndərilən şeirləri demirəm. Hələ bunun özünə şair deyən meyxanaçısı, reperi, məddahı, ağıçısı, rövzəxanı var...

Hələ dizini yerə qoyub minacat, fəxriyyə, nət, qəsidə, qitə, məsnəvi, rübai, mürəbbe, müxəmməs, təxmis, təcnis yazanlar var...

Özüm də qismən bu çevrəyə aid olduğum üçün mənzərə daha çox göynədir içimi...

Deməyim o ki, şeir yazanlar, şeir oxuyanlardan çoxdur.

Ramiz Rövşən, Musa Yaqub, Məmməd İsmayıl, Vaqif Bayatlı, Səlim Babullaoğlu, Salam Sarvan, Aqşin Yenisey kimi populyar şairlərin belə şeir kitabları ildə 500 tiraj satılmır. Ümumiyyətlə ölkədə bir il ərzində min tiraj kitabı satılan yazara nadir halda rast gəlmək mümkündür.

Şeirin vəziyyəti çox acınacaqlıdır. Məhşur saytlarda, qəzet və jurnallarda şeirləri çap olunan, sosial şəbəkələrdə şeir paylaşan iddialı şairlərin sayı 2000 nəfərdən az deyil və nə acı ki, ölkədə heç 500 nəfər də şeir oxucusu yoxdur. Hətta ən populyar şairlər belə cibinin puluyla kitab çıxarır. Kitab mağazaları, kitab satıcıları şeir kitablarına ağız büzür.

İki tanınmış nəşriyyatda çalışmışam və hər dəfə şeir kitabı çap etmək gündəmə gələndə naşirlərin necə narahatlıq keçirdiyinin şahidi olmuşam. Naşirlər birmənalı olaraq şeir kitabı çap etməkdə maraqlı deyil. Üzə düşüb çap etdikləri kitablar da zay məhsul kimi nəşriyyatın anbarında qalır. Son illər ölkəmizdə çap olunan dünya ədəbiyyatı nümunələrinə nəzər salsaq, mənzərə daha aydın görünər. Dünya ədəbiyyatından tərcümə olunan kitablar arasında demək olar ki, şeir kitabları yoxdur. Şəxsən mən heç bir kitab mağazasında Rembonun, Araqonun, Götenin, Hölderlinin, Haynenin, Lorkanın, Kolricin, Uitmanın, Tranströmerin, Bukovskinin, Ginsberqin, Mayakovskinin, Pasternakın, Ferlingettinin kitablarına rast gəlməmişəm. Deməli, dünya şeirinə də bizim “bazar”da tələbat yoxdur. Şeir kitabının çapı naşirlərə və kitabsatanlara sərf etmir.

İnternet dərgilərdə yayımlanan şeirləri əksərən şairlər bir-birlərinə göndərir, şeiri daha çox şairlər paylaşır. Beləcə şeir qapalı çevrənin içərisindən demək olar ki, kənara çıxmır, oxunmur. Hətta şairlər belə əksərən bir-birinin şeirini, şeir kitabını oxumur. Şeir kitablarının təqdimatında oxucudan daha çox şairlər gözə dəyir. Avtoqraflar adətən “Dəyərli qələm dostuma...” ifadəsiylə başlayır və biz hər şeyə rəğmən şeir yazırıq. Şeir gecələri demək olar ki, keçirilmir, hərdən maraqlı təşəbbüs edənlər olsa da, şeir gecələrinə gələnlərin sayı 10-15, ən yaxşı halda isə 30 nəfəri keçmir. Gələnlərin əksəriyyəti isə şairlər və ya şair olduğunu zənn edənlər olur...

Kitab yarmarkalarında və kitab sərgilərində də şairlərin vəziyyəti çox kədərlidir. Gəlin kimi bəzənib-düzənib getdiyimiz bu tədbirlərdə də gəlib-gedənin arxasınca baxıb köks ötürməkdən başqa işimiz yoxdur. Bir-iki dost-tanış, bir iki həmkar gəlir, bir neçə foto çəkdirib məsud və bəxtiyar oluruq.

Yaxşı, bəs tələbat olmayan bir nəsnənin “istehsalı” nə üçün bu qədər çoxdur? Əcəba, şeir oxucusunun şairdən az olduğu bir məmləkətdə niyə bu qədər şeir yazılır? Bu həvəs, bu ilham hardandır?

Şeirin oxunmadığı bir məmləkətdə şeir yazmağa dəyərmi?

P. S: Mümkünsə, bu yazını oxuyanlar, oxumayanlara danışsın.

# 1419 dəfə oxunub

Müəllifin son yazıları

# # #