Cəlil Cavanşir: “Ramil tənqidin barıtını çox eləyib” – Açıqlama

Cəlil Cavanşir:  “Ramil tənqidin barıtını çox eləyib” – Açıqlama
9 oktyabr 2023
# 16:40

“Demək ki, gördüyüm işdə naşı deyiləm, türk dilinə də bələdəm, Ramil Əhməd qədər olmasam da...”

Kulis.az xəbər verir ki, bu sözlər Robert Makkinin “Mücrü” nəşriyyatında çap olunmuş “Hekayə” kitabının tərcüməsilə bağlı Ramil Əhmədin iradlarına cavab verən şair, tərcüməçi Cəlil Cavanşirə aiddir.

Cəlil Cavanşir Ramil Əhmədin bəzi iradları ilə razılaşdığını qeyd edib:

“Əzizim Ramil Əhmədə Robert Makkinin “Hekayə” kitabının tərcüməsi ilə bağlı yazdığı tənqidi yazıya, əhatəli təhlilə, iradlara görə səmimi-qəlbdən təşəkkür edirəm.

Bu, mənim əziz dostum, sevimli şairim tərəfindən böyük lütfdür.
Yazıdakı iradların müəyyən qismi ilə razıyam. Bəlkə də, tam razılaşardım, ancaq əziz dostum, bir qədər məsələni qəlizləşdirib.

Tənqiddən, təhlildən uzaqlaşıb, belə deyək, bir az “barıtını çox eləyib”. Bu da normaldır. Hamımız bəzən irad bildirmək əvəzinə, dərs keçməyə, tənqid etdiyimiz şəxsdən üstün olduğumuzu ciddi-cəhdlə sübut etməyə çalışırıq.

Ramil bilir ki, mən bu məsələdə təvazökar adamam. Yerində deyilən iraddan, tənqiddən inciyən, küsən deyiləm. Şübhəsiz ki, dostum Ramil Əhməd şəxsən özümə irad bildirə bilərdi. Biz müzakirə edə, qüsurları növbəti nəşr üçün aradan qaldıra bilərdik. Çünki bu kitab gələcək müəllimlik karyerasında Ramilə və tələbələrinə də lazım olacaq. Hər halda bunu etmədiyi üçün də, narazı deyiləm.

Əgər Ramil Əhməd düşünürsə ki, bu müzakirə ictimai müstəvidə müzakirə olunmalıdır, deməli, nə etdiyini bilir.

Ramilin də qeyd etdiyi kimi kitabı üçüncü dildən tərcümə etmişəm və bunu gizlətmirəm. İngilis dili biliklərim şübhəsiz ki, Ramil Əhməd səviyyəsində deyil. Robert Makkinin “Hekayə” kitabını türk dilində oxuyub, orijinalla müqayisə etmək imkanı olan oxucu, elə Ramil Əhməd özü də təsdiq edə bilər ki, “Hekayə”nin türk dilinə tərcüməsi uğurlu deyil.

Əsas götürdüyüm mənbədə qüsurların olması, üstəlik, ingilis dilindəki mənbəyə az müraciət etməyim mənim tərcümə etdiyim variantda da xeyli qüsurların ortaya çıxmasına səbəb olub. Bundan əlavə öz qüsurlarım da az deyil. Qüsursuzluğa iddia etməyəcəm.”

Cəlil Cavanşirin sözlərinə görə, sözügedən kitabı yenidən redaktə edir:

“Bu tip kitablarda hər şey konkretdir. Ramilin də iradlarını buna görə qəbul edirəm. Bütün bunlar sırf zamanla bağlı məsələdir. Kitabı tərcümə edib təhvil vermək üçün təəssüf ki, zamanım az olub.

Xüsusilə terminalogiya ilə bağlı xeyli ciddi problemlər var və bu mənim yox, Azərbaycan dilinin problemidir. Bu barədə uzun-uzadı izahat verməyə lüzum görmürəm. Dilimizdə terminlərin kasadlığı işimi xeyli çətinləşdirib.

Şübhəsiz ki, labirintdə olduğumu çox gözəl anlamışam, uyğun bildiyim ən qısa yolu tapıb, bu labirintdən çıxmışam da... Bunun oxucuya və əziz dostum Ramil Əhmədə dəxli olmasa da, qeyd edim ki, kitabı çox qısa vaxtda tərcümə edib təhvil verməli idim. Bu tələskənlik işimdə qüsurların olmasının əsas səbəbidir. Hər halda, kitabın tərcüməsindəki qüsurlara, yol verdiyim xətalara görə hər kəsdən üzr istəyirəm.

Məlumat üçün qeyd edim ki, hazırda “Hekayə” kitabının redaktəsi ilə məşğulam, növbəti ilin sonuna qədər kitabın orijinalına əsasən redaktə edib, yenilənmiş nəşrini oxuculara təqdim edəcəyəm.

Bu işdə Ramil Əhmədin də tövsiyələrini, əgər bundan sonra da iradları olsa, iradlarını mütləq şəkildə nəzərə almağa hazıram.

Ramil mənim üçün əziz adamlardandır. Onun zəhmətkeşliyini, çalışqanlığını hər zaman təqdir etmişəm. Şübhəsiz, qələm dostumu hər zaman dəstəkləmişəm və dəstəkləyəcəm də.”

O qeyd edib ki, tərcümə sahəsində naşı deyil, üstəlik, türk dilinə də yaxşı bələddir:

“Yazıya gəldikdə isə, ədəbi mühitə bələd olan hər kəs dərhal hiss edəcək ki, yazının mabədi onun sonluğunda boy göstərir. Ramil çox nahaq yerə düşünür ki, mən naşıyam və əslində, onun haqqına təcüvüz edirəm. Təbii ki, Ramil Əhməd gəncliyinin 8 ili İstanbulda boşuna keçməyib. Şəxsən mən onun necə əziyyətlə təhsil aldığını bilirəm. Məhz öz zəhməti sayəsində gənc yaşında alimlik dərəcəsi alıb, həm də Türkiyədə! Bilirəm ki, o öz sahəsində hələki ilk və tək mütəxəsisdir. Kifayət qədər ciddi alim kimi böyük işlər görəcəyinə də inamım sonsuzdur. Bu ölkədə universitet auditoriyalarında, nəşriyyatlarda məhz Ramil kimi peşəkarlara ehtiyac var.
Amma vallahi və billahi, mənim Robert Makkini türk dilindən tərcümə etməyim, hansısa nəşriyyatın deyil, kino üçün təmənnasız dəstək göstərən bir şəxsin vəsaiti hesabına bunu etməyim, gələcəkdə Ramilin də bu müəllifi tərcümə etməyinə mane olmur.
Ramilin, sadəcə, bir iradına cavab vermək istəyirəm. Mən ixtisasca dilçiyəm. İstanbulda səkkiz il təhsil almamışam, amma qısa müddət də olsa Türkiyə təhsilindən keçmişəm, hətta alman və ingilis dilini öyrənərkən məhs Türk dilində nəşr olunan tədris vəsaitləri əsas mənbəm olub.

Xülasə, tənqidlər, iradlar, qeydlər şahanədir, olmalıdır. Daha çox yazılmalı, daha sərt yazılmalıdır. Çünki öyrənmək prosesi sonsuzdur. Qüsur varsa, aradan qaldırılacaq, problem varsa, həll olunacaq. Sadəcə, sondakı giley yersizdir.

Türkiyənin bir neçə böyük nəşriyyatı mənimlə əməkdaşlıq edib, hətta Türkiyənin ən böyük nəşriyyatlarının birindən Alman və Azərbaycan dilindən Türk dilinə kitab tərcümə etmək üçün təklif almışam və yəqin ki, bu il əməkdaşlığa başlayacam. Yəqin ki, bunu hansısa tanışın, “dayday”ın, tapşırığın hesabına etmədiyimi deməyə ehtiyac yoxdur.
Demək ki, gördüyüm işdə naşı deyiləm, türk dilinə də yaxşı bələdəm, Ramil Əhməd qədər olmasam da...”

# 2187 dəfə oxunub

Müəllifin son yazıları

# # #