Flora Kərimovanın səhvi

Flora Kərimovanın səhvi
19 mart 2015
# 13:59

Sənətkar xalqın arasında olmalıdır, yoxsa sirli təbəssümün arxasınca kütləyə (məhz kütləyə!) əl sallayıb, uzaqlaşmaq ən gözəlidir?!

Axır vaxtlar mənə elə gəlir, yaratdıqlarına möhür vurub bir məqama çatandan sonra yaradıcı adam özünə sirli hücrə yaratmalıdır. Buna əlçatmazlıq hücrəsi də demək olar...

Bu, təkəbbür, süni lovğalıq xəstəliyi, qondarma mif qayırmaq mərəzi deyil. O da doğru ki, yaradıcı şəxsin həyat tərzi, intellekti, xarakteri və təbiəti buna imkan verirsə, deməli, mif öz-özünə yaranacaq.

Mif sözündən diksinməmək gərək.

Fikrimi izah etmək haqqımdan istifadə edirəm:

Zeynəb Xanlarova haqqında verilişə baxdım. Ümumiyyətlə, mən Zeynəb xanımın sənətinin heç vaxt nəinki heyranı, heç həvəskarı da olmamışam. On il dinləməsəm, yadıma düşməz. Və hər zaman düşünmüşəm: tutalım, necə olur, Flora Kərimova kimi əfsanəvi səs dünyaya çıxa bilmədi, böyük məşhurluq yaşamadı, bəxt xanım Xanlarovanın üzünə güldü?! Və məsələnin başqa tərəfi də var: böyük savadı, səsi və talantı olmayan adam SSRİ xalq artisti adını necə alıb? Böyük titulları ona qazandıran qosqoca imperiya çökəndən sonra Zeynəb Xanlarova yaxşı başa düşdü ki, kənara çəkilməyin tam zamanıdır.

Sözün bütün mənalarında...

Ümumiyyətlə, insanların Zeynəb Xanlarovanın sənətinin, səsinin vurğunu olmağının səbəbini axıra qədər çözə bilməmişəm.

Görünür böyük auditoriyalara hesablanan müğənnilikdə ingilis təbəssümü, yox, istiqanlılıq, insansevərlik vacibdir. Yəni Zeynəb Xanlarovaya xarakterik keyfiyyətlər. Güman edirəm, bu fikirlərimi yazmaqla Zeynəb xanıma hörmətsizlik kimi qeyri-insani hissdən tamam-kamal uzaq görünürəm.

Müstəqillikdən sonra öz adı ətrafında bu mifi Flora Kərimova yarada bilərdi, yaratmadı, istəmədi.

Buna uğursuz siyasi fəaliyyətdən tutmuş, “Ay Zaur”da şəxsiyyəti və istedadı topuğundan olmayan manıs təfəkkürlü adamların yanında görünməyə qədər çox şey mane oldu...

Və mənim kimi o ilahi səsdən, vəhşi ifadan, böyük enerjidən doymayan minlərlə umacaqlı adama təəssüf yaşatmaq...

Görünür, bu məhz xarakter və intellektlə bağlı olan məsələdir. Tutalım, Alim Qasımov kimi “səsi görən” həddən artıq sadə, kimi tutdu “Alla köməyün olsun”, “Alla cümlözdən razı olsun, inşallah” deyən adamın bu mifi yaratmağı müşkül məsələdir. İş həm də orasındadır ki, sənəti və bioqrafiyası hücrə sakininə çevrilməyə imkan verən iki yaşayan əfsanəvi sənət sahibi varsa, heç şübhəsiz biri Alim Qasımov, o biri Flora xanımdır.

Bəstəkarlıqda bunu müəyyən qədər Xəyyam Mirzəzadə edib. Ədəbiyyatda Maqsud İbrahimbəyov, Ramiz Rövşən, kino və teatrda Şəfiqə Məmmədova, Fuad Poladov, Şükufə Yusupova...

Ədəbiyyat tarixində öz adı ətrafında ən böyük mifi yəqin ki, Selincer yaradıb. Bu, artıq başqa insan tipidir. Folknerin, lap müasirlərdən Pelevinin ətrafında yaranan mif Selincer mifinin yanında sönük və balacadır.

Folknerin mifi ancaq Amerika oxucusunun laqeydliyindən doğan qəzəb ola bilərdi ki, mükafat qəbul etmək üçün fermerliyi bəhanə gətirib getməsin, Con Kennedinin Ağ Evdə şam yeməyi təklifini rədd eləsin. Yaxud Nobel mükafatını qəbul etməyə ancaq siyasi dairələrin və ailə üzvlərinin təzyiqi ilə razılaşmaq...

Mif məsələsində sənətkarın özündən, istedadından və sənətindən daxilən rahat olmağı vacib şərtdir. İçi rahat olan, sənətinin böyüklüyünü dərk edən adam heç vaxt qəzəb və kin-küdurət dağarcığı, zəhər tuluğu ola bilməz.

Təsəvvür edirsiniz ki, bizdə hanısısa ağırtaxtalı yazıçı əllaməçilik ədası ilə yox, tam səmimi və ciddi-ciddi birdəncə desin ki, filan romanım axmaq əsərdir, oxuyub vaxtınızı itirməyin, onu bekarçılıqdan, qonorar almaq üçün yazmışam?! Ağlım kəsmir.

Amma Folkner nəinki bir, hətta bir neçə romanını beləcə “urvatdan” salıb.

Bizdə bunu ancaq İsa Hüseynov edə bilərdi, etdi də. “Tütək səsi”nin nümunəsində. Əlbəttə, bir az fərqli izahla...

İndi qeybdən qulağıma səs gəldi: adamın əlçatmazlıq mifi yaratmağı nə məcburdu axı?!

Doğrudan da...

Di gəl, dəli şeytan başqa şey deyir: lazımdır, mütləq lazımdır. Dəyər yaradıb sənətini əlçatmaz edənin özü də dəyər olmalıdır.

Bir də var Facebookda “nətərsüz camaat?” yazmağın dalınca ciddi obraz formalaşdırmaq azarı kimi xam xəyal...

P. S. Rəncidə olanlar üçün: bir də var aydın olmayan fikirlərin səpələndiyi belə qarmaqarışıq və yüngül yazı ilə ciddi sənətə iddia eləmək kimi ac toyuq və darı misalı...

Allah cümlözdən razı olsun, inşallah...

# 892 dəfə oxunub

Müəllifin son yazıları

# # #