Fevralın 18-də “Nizami” kino mərkəzində xalq artisti Oqtay Mirqasımovun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Qisas almadan ölmə” filminin premyerası keçirildi. Uzun illərdən bəri – ta 2009-dan ya vəlvələdən, ya da zəlzələdən çəkiliş prosesi uzanan filmin ekrana yol tapmasını Mirqasımovun dörd-beş ildən bəri qatlaşdığı əziyyətdən yaxa qurtarması kimi də başa düşmək olar. Əslində, səbəb nə vəlvələdir, nə də zəlzələ; sadəcə, filmə ayrılan pul vəsaiti yetərincə deyilmiş və rejissorun “pul, pul deməkdən qabar olan dil-ağız”ı nəhayətdə “yumulub”. Və o da sirr deyil ki, Oqtay müəllim illərdən bəri ürəyində gəzdirdiyi filmin “ayağı sayalı” olmayan taleyinə görə ciddi əsəb sarsıntısı keçirib. Təsəvvür edin: işin çox hissəsi görüləndən sonra maliyyə yetərincə olmadığı üçün böyük fasilə yaranır və baş rolda oynayan, ömrünün ixtiyar çağını yaşayan aktyor ölüm yatağına düşür. Deməli, növbəti çəkilişlərinin vaxtı sual altında olan film, qəhrəmanının birini itirərsə, rejissorun bütün əziyyəti hədər gedir. Hər şeyi əvvəldən başlamaq isə...
* * *
Filmin süjet xətti haqqında danışmaq niyyətindən uzağam. Ümumi şəkildə belə demək olar: film Azərbaycanda yaşamış almanların 1941-ci ildə Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Mövzunun tarixi XIX əsrin əvvəllərinə gedib çıxır. Həmin dövrdə alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərində məskunlaşırdılar. 1819-cu ildə Vürtemberq krallığından gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (Göygöl) saldılar. 1941-ci ildə Sovet İttifaqı ilə Almaniya arasında müharibə başlayandan sonra Stalin rejimi Krım türkləri və Qafqazın bir sıra xalqları ilə yanaşı, almanları da yurd-yuvalarından didərgin saldı, o cümlədən, Azərbaycanda yaşayan 20 minə yaxın alman sürgün olundu.
***
“Qisas almadan ölmə”ni son illərdə çəkilən ekran əsərləri ilə müqayisədə uğurlu film hesab etmək olar. Aktyor oyunu, operator işi, ssenarinin dinamikliyi tamaşaçının saat yarımdan çox ekran qarşısında oturmağına əngəl törətmir. Əslində, ciddi mətləblərdən xəbər verən, çağdaş estetikanın parametrlərini özündə ehtiva edən peşəkar film haqqında “yorucudur”, “əngəl törətmir” fikrini işlətmək naşılıq əlamətidir, di gəl, nə edək ki, son illərdə çəkilən və bizi peşman qoyan filmlərdən “müqayisəli şükranlığ”ı öyrəndik.
Oqtay Mirqasımovun qəhrəmanlarının psixoloji vəziyyətindən irəli gələn diri və yerinə düşən yumoru ekran işinin uğurunu şərtləndirən vacib məsələlərdən ən başlıcasıdır. Aktyor oyunu haqqında da eyni fikirləri deməyi özümə borc bilirəm. Xüsusən Ayan Mirqasımovanın, Ramiz Əzizbəylinin, alman aktyorlardan Uilrix Rexenbax, Mixael Şvartsmayyerin peşəkar oyunu haqqında yalnız “bravo” demək olar. Nə qədər subyektiv səslənsə də, Ayanın öz rolunun öhdəsindən peşəkarlıqla gəlməsi hətta əlli il sənətdə olan aktyorların ifasını kölgədə qoydu. Deməli, Ayan Mirqasımova Azərbaycan kinosuna hələ çox şey verə bilər. Yetər ki, yaxşı ssenarilər yazılsın.
* * *
Bir neçə kəlmə də filmin mənim gözümdə olan qüsurları haqda. Ona görə mənim gözümdə ki, deyəcəklərim “Qisas almadan ölmə”nin uğuruna xələl gətirmək anlamına gəlməməlidir.
1. Başlayaq addan. Oqtay Mirqasımov təxminən bir il əvvəl müsahibə verib, filmin adının hələlik şərti olduğunu, montaj işi başa çatandan sonra dəyişəcəyini demişdi. Olmadı! Zənnimcə, adın həm səslənməsi uğursuzdur, həm də ümumi ssenariyə aidiyyəti yoxdur. Lap doğrusu, filmin tam adı belədir: “Qisas almadan ölmə. Keçmişdən məkublar”. Addakı ikinci hissənin nəyə xidmət etdiyini anlamaqdan çətinlik çəkirəm. İdeya Adəm və Həvva nəslinin birliyini, eyniliyini, doğmalığını bir daha sübut etməkdirsə, konsepsiyaya uyğun ad tapmaq o qədər də çətin olmazdı.
2. Son illərdə çəkilən filmlərdəki dramaturji natamamlıq “Qisas almadan ölmə”dən də yan keçməyib. Mövzu – dostların ayrılığı, keçmişdən məktublar, nostalji imkan verirdi ki, tamaşaçı qəlbinin “sarı simi”nə toxuna biləcək səhnələrin təsir gücünü bir qədər də artırmaq mümkün olsun.
3. Filmdə sənədliliyin bədiiliyi üstələməsi bəzi səhnələrdə çox ciddi nəzərə çarpırdı. Xüsusən qadın rollarının bir neçə kadrda kişi səsi ilə səsləndirilməsi 90-cı illərin uğursuz dublyajını xatırladırdı.
* * *
Hər halda, çağdaş Azərbaycan kinosundan bədgüman olan tamaşaçı yolunu “Nizami” Kino Mərkəzindən salarsa, uzun illərdən sonra silkinib keyfiyyətli filmlər vəd edən “Azərbaycanfilm”in və Oqtay Mirqasımovun son kino işindən məyus olmaz. Və film onlara sadə həqiqəti pıçıldayacaq: qisas nə indi lazımdır, nə də qiyamətdə...