Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Cavid Zeynallının "Həmin işıqlı günlər" hekayəsi haqqında yazarların fikilərini təqdim edir.
Fəxri Uğurlu:
"Cavidin yetkin qələmi var. Onun söz israfına yol verməmək, mətləbi, məramı daldaya çəkmək maneraları mənim xoşuma gəlir. Dialoqları qondarma deyil, təbii səslənir. Onun qəhrəmanları sevgisizlik sindromundan əziyyət çəkirlər. Ehtirasla müşayiət olunan sevgi təbii şəkildə nifrətə transformasiya olunub. Daha doğrusu, belə bir transformasiya prosesi, belə bir kimyəvi proses mümkün deyil, sadəcə sevginin yığıldığı qabın altı deşilib, onun yerini nifrət, hikkə, kin tutub. Hər bir kişidə qadın, qadında kişi başlanğıcı var. Dahi psixoloq Karl Yunq birincinin adını Anima, ikincinin adını Animus qoymuşdu. Bu balans pozulanda insan psixikasının tarazlığı da pozulur, həyat işığı sozalır, orqanizmə cürbəcür xəstəliklər daraşır. Muradın rəqəmlərlə oynaması da ruh çatışmazlığının gətirdiyi xəstəliklərdən biridir. Bu, mənə Ekzüperinin "Balaca şahzadə" əsərindən bir epizodu xatırlatdı. Bir də bir məşhur atalar sözünü: "Sən saydığını say, gör fələk nə sayır..."
Şərif Ağayar:
“Cavid nəsr dilimizi çox yaxşı bilir və ondan yaxşı da istifadə edir. O, indi dilinin və ahənginin tamam yeniləşməsi üçün çalışmalıdır. Bu potensiala sahib nadir yazarlardandır. Caviddə hər şeyi orijinal görmək istəyərdim: dil, ahəng, mövzu, yanaşma və s. Hətta bunu umuram ondan. Bir az da ərklə tələb edirəm. Bu hekayə bütün uğurlu cəhətlərinə baxmayaraq Cavidin düşəcəyi stansiya deyil. İrəli getməlidir. Daha çox azadlığa, daha çox yeniliyə can atmalıdır. Az yaşında – lap ilk mətnlərində qət etdiyi məsafə mənə bunları söyləməyə əsas verir. Cavid ədəbiyyata daha çox vaxt və enerji ayırmalıdır. Qalstukunu tamam açmasa da, tez-tez boşaltmalı, yuxarıdan ən azı üç düyməsini açıb sinə dolusu nəfəs almalı, hətta bəzən heç kimi, məhz HEÇ KİMİ vecinə almadan qışqırmalıdır. Məncə, cəmiyyətimizin onun yazmağına daha çox ehtiyacı var, nəinki gah teatrın, gah universitetin “vışka”sında görünməyinə. Amma nə edək ki, iş də bir məcburiyyətdir. Əlimdə imkan ola onu tez-tez əsəbiləşdirərəm – içindəki müqavimət hissini diri saxlamaq üçün. İraq Caviddən, davamlı barışıq modu yazıçını tez qocaldır”.
İlham Əziz:
"Cavid Zeynallının “Həmin işıqlı günlər” hekayəsini dünən səhər obaşdan oxudum.
Həmişəki kimi 12 pişiyimi yemləyəndən sonra evdən çıxmış, dəmir tıxacını yara-yara, nəhayət, işə çatmışdım. Hava küləkli, qaramat... Təzəcə oxumağa başlamışdım, pişiklərimin miyoltusunu eşitdim mətndən. İçində pişik olan bütün mətnlər əzizdi. Cavidin dili, təhkiyəsi mənə yaxın estetikadadır. Klassik nəsrin havası, dadı-duzu hekayə boyu səpələnib. Yazıçı sujeti elə qurur ki, biz mətndən fövqəladə nəsə umaq. Sənətkarlıq adi situasiyanı oxucunun xatirə anbarına ötürmə bacarığıdır. Nədənsə köhnə söhbətlər canlandı, dəxlisiz şeyləri xatırladım. Evliliyin astar üzündəki tərs naxışları, iki fərdi necə eyni bəlaya düçar etməsini Cavid ustalıqla işləyib. Pişik də bir yandan cırmaqlayır: Mətndə, həyatda, həyətdə...
Cavid düz deyir: “Sayıb, sayıb bizim axırımıza çıxacaqsız".
Altını üstünü çox çevirmək olar, məncə bu hekayəni oxuyub yatmaq lazımdı.
Payız hekayəsidi, bəlkə də, elegiya…"
Ulucay Akif:
“Cavid Zeynallı bu hekayəsində əsl psixoloqluq edib. Obrazlarının psixoloji halətini rahatlıqla qələmə alıb. Bu psixoloji tablonu oxucu da rahatca görür. Hekayə mənə Selinceri xatırlatdı. Xüsusən də, Selincerin "Banan balığının asan ovlanan günü" hekayəsini. Bizdə çox nadirdir belə hekayələr. Yazıçının öz obrazının psixoloji durumunu dəqiqliklə açdığı hekayələri deyirəm. Bu hekayə də həmin nadir mətnlərdən biridir. Müəllifi təbrik edirəm”.
Rəvan Cavid:
“Sadələyin təntənəsi! Çoxdandır hansısa hekayədən zövq almırdım. Məişət, qayğılar, hisslər, münasibətlər, ailə üçbucağı- hamısı ustalıqla, şirin dillə təsvir olunub. Təhkiyə axıb gedir. Hər şey gözünün qabağında dayanır. Biz bəzən şikayətlənirik ki, belə məişət mövzularının vaxtı keçib, lazım deyil yazmaq. Amma bu hekayəni heç məişət, sosial mövzunun rəfinə də qoya bilmirsən. Mistikdir. Gündəlik hadisələrin fonunda metafizik nəsnələri göstərir. Rəqəmlər, say sistemi əski türklərin və təkkələrin həyatını kodlaşdırıb, insanlar bunların mistikası yaşayıb, yaradıb, hətta din kimi itaət ediblər. Müəllif həmin mistikanı orta əsrlərdən günümüzə çəkib gətirib. Final müəmmalı, yarımçıq qalsa da, ümumi hekayəni bəyəndim”.
Cavid Ramazanov:
“Heminqueyin "Yağışdakı pişik" adlı minyatür hekayəsi var, Cavid Zeynallının hekayəsi onu xatırlatdı mənə - yağış, ərindən əlini üzən qadın, pişik...
Cavid mətnin üzərində ürəklə işləyib, hiss olunur bu, amma o, şirin dillə hər nə qədər gəl-gəl desə də, təcrübəli oxucunu ayaq saxlamağa vadar edən məqamlar var. Birincisi, Cavid uzunçuluq edir. Heminqueyin "Yağışdakı pişik" hekayəsinin azərbaycanca tərcüməsi var, oxuyun, görün, o, aysberq fəndindən istifadə etməklə, xırda detallarla ərdən soyumağın necə möhtəşəm bədii həllini verir. Cavidsə qəhrəmanlarına elə hey rəqəm saydırır, aysberq fəndi harda qaldı bəs?
İkincisi, hekayə janrına dəli olmaq, yaxud hansısa psixoloji transformasiyadan keçmək kimi ağır temaları oturtmaq əksərən mümkün deyil, Çexov kimi sehrbaz deyilsənsə, fili kətildə oturda bilməzsən. Bu hekayədə də qadının kuliminasiyada dəli olmağı mənə batmadı, inandırıcı görünmədi yəni.
Və nahəyət, üçüncüsü, Cavidin hekayəsindən Sovet odekolonunun qoxusu gəlir. Bundan əvvəl Nadir Yalçın da buna bənzər hekayə yazmışdı - hansısa idarədə işləyən kiçik məmur, ətalətli həyat, darıxdırıcı məişət, çin olmayan arzular və s. Bizim hekayəçilərimizin çoxu müasir həyatı sənətə gətirə bilmirlər, kənd-kəsəyə, Sovet tipajlarına, Sovet üslubuna ilişib qalıblar. Ürəyin istəyirsə, ilişə bilərsən təbii, amma şəxsən mənim düşüncəm belədir ki, nasir öz dövrünü yazmalıdır, modern olmalıdır bir sözlə!
Bunu da bonus kimi deyim, hekayədə mənə qaranlıq qalan bir məqam da oldu. Hekayədə qəhrəman şərab içir, qadınından soyuyur, birdəfəlik. Halbuki spirt insanı ölgünləşdirmir, "naoborot" qızışdırır. Məntiqlə qəhrəman evə çatar-çatmaz qadını yatağa atmalıydı, onsuz da yol boyu qol-boyun idilər, amma o, qapıdan içəri girən kimi arxiv sənədlərinə tamah saldı. Niyə? Aydın olmadı...”
Orxan Həsəni:
“Cavid Zeynallının bu hekayəsini bəyənmədim. Xarakter tam açılmayıb, süjet aydın deyil, qəhrəman nə üçün birdən dəyişməyə başladı? Onun qəfil dəyişməsi məntiqi zəminə oturmadı. Şamaxıdan gələn çaxırın obrazda əsaslı fərq yaratması inandırıcı görünmür. Güclü dramaturgiya məntiqi zəmin istəyir. Üstəlik "Pişiyin itməkliyi" da qapanmır, havada qalır. Olsun ki, pişiyin itməsi burada Humayın evdən getməsinə kömək edən vasitədir, stimuldur, lakin pişik haqqında əvvəlki abzaslarda bəhs keçir. Humay qayıdır, pişik isə yoxdur. Ya bunların ikisi də qayıtmalıydı, ya da heç biri.
Hekayə başlayır: "Göylər xəbərsizdir ki, Humay pəncərənin ağzında dayanıb qüssələnir". Göylərin məsələyə nə dəxli var? Belə hekayə başlanğıcları qətiyyən funksional deyil, bu dil öz vaxtını ötürüb və bir qədər pafos təsiri bağışlayır. İlk cümləni oxuyan kimi təcili Səməd Vurğunun Komsomol poemasındakı Humay hissəsini ququlda axtarışa verdim. Eyni hava.
Dil və hava barəsində fikirlərim yalnız birinci abzasa aiddir”.