Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun APA-ya müsahibəsi
Xatırlayırsınızmı, vaxtilə kababxana sözü kitabxanadan daha hörmətli səslənirdi. Kimsə etiraz edə bilər: indi elə deyil? Kimlər üçünsə əlbəttə, belədir. Və onlardan ötrü sabah da heç nə dəyişməyəcək. Nə xoş ki, dünən kitab sözünü eşidəndə istehza edən simalar indi sayğı duruşu almağı bacarırlar. Bunu zaman tələb edir, yoxsa insan təfəkkürü dəyişir, mən bilmirəm. Əsas nəticədir.
- Nəticə isə kitabın və kitabxanaların xeyrinə işləyir.
Bunu da mən yox, Milli Kitabxananın direktoru Kərim Tahirov deyir. O kitabxanaların ki, vaxtilə qapısını qıfıl “bəzəyərdi”. Amma bu o demək deyil ki, qıfılın tilsimi qırıldı, hər sirrə vaqif olduq. Əl-əlbət, yox, kitabxanaların, kitab yayımı işinin zamanla ayaqlaşması gediləsi uzun bir yoldur. Yol isə uzun da olsa, xeyrə yozulur...
* * *
Kərim Tahirov danışır:
- Bizim işimizin göstəricisi oxucudur. Əgər oxucu varsa, zallarımızda yer yoxdursa, insanlar sütunların arasında, kataloqların arxasında, pəncərələrin qarşısında oturub oxuyurlarsa, deməli, vəziyyətimiz yaxşıdır. Harada şərait və resurs varsa, oxucu ora gedir. Bunu deməyə məcburam: oxucuların bizə üz tutmasının səbəbi resursların bizim kitabxanada toplanmasından irəli gəlir. Bəlkə başqa kitabxanalarda da bu resurslar kifayət qədər toplansaydı, onların bir hissəsi başqa kitabxanalara gedərdi. Adətən, yanvar ayında oxucu az olur. Həmişəkindən fərqli olaraq, gündə 800-900 oxucunun gəlməsi gözlənilməzdir. Hətta istirahət günü olmasına baxmayaraq, işə gəlmişəm. Oxuculara əlavə yerlər hazırlamaq istəyirik.
Çünki görürəm, oxucular ayaq üstə qalıblar, oturmağa yer yoxdur. Zirzəmidə, bufetdə çay içə-içə oxuyurlar. Bunları görəndən sonra məcbur olmuşuq ki, əlavə zal düzəldək. Əlbəttə, bu, kitaba maraq deməkdir və mən çox sevinirəm. İşçilərə deyirəm, çalışın, oxuculara qayğı ilə, gülərüzlə yanaşın. Oxucu olmasa, bizə də deyərlər, siz orda niyə oturmusunuz?
- Azərbaycanda digər kitabxanaların maddi-texniki bazası, kitab fondu hansı səviyyədədir? Milli Kitabxana haqqında danışdığınız əminliyi başqa kitabxanalara da aid etmək olarmı?
- Yaralı yerimizə toxundunuz. İstərdik, bütün kitabxanaların maddi-texniki bazası, oxuculara yaradılan şərait günün tələblərinə cavab versin, informasiya resursları kifayət qədər olsun. Amma təəssüf ki, reallıq başqadır, digər kitabxanalarda kifayət qədər resurs yoxdur. Bilirsiniz niyə? Kitabxana işi haqqında qanunda göstərilir: ölkə ərazisində çap olunan informasiya resursları təkcə Milli Kitabxanaya yox, bütün kitabxanalara verilməlidir. Təəssüf ki, bizim nəşriyyatlarımız, naşirlərimiz, qəzet-jurnal redaksiyaları qanunun bu maddəsinə tam əməl etmirlər.
- Nə deyib əməl etmirlər?
- Onlar bu ölkədə yaşayırlar, bu ölkənin havasını udurlar, ictimai resurslarından istifadə edirlər, amma qanunlarına tabe olmaq istəmirlər. Yəni resursları kitabxanaya vermirlər. Biz kitabları, qəzetləri onlardan çox çətinliklə alırıq. Qapı-qapı düşürük. Axı Milli Kitabxananın o imkanı yoxdur ki, qapı-qapı düşsün.
Ölkədə 500 qəzet, 250-300 jurnal çap olunur, 500-dən çox kitab nəşr edən müəssisə var. Onların hamısının qapısına gedə bilmərik. Amma buna məcburuq. Cənab prezident kitaba, kitabxanaya, gənclərin mütaliəsinə çox diqqət və qayğı ilə yanaşır. Ölkə başçısı son illərdə Azərbaycan klassiklərinin, müasir yazıçıların əsərlərini, lüğətləri, ensiklopediyaları 25 min tirajla və 600 adda çap etdirib kitabxanalara hədiyyə edib. Kənd kitabxanalarına da həmin kitablar göndərilib ki, gənclər oxusun. Cənab prezident Milli Kitabxananın 90 illiyinin qeyd olunması üçün xüsusi sərəncam imzaladı. Dünyanın 60 ölkəsindən insanlar gəldi, ölkə başçısı qonaqları qəbul elədi, onlara kitabxana, kitab haqqında danışdı. Bütün bunlar onun üçündür ki, kitaba maraq artsın. Amma bu gün Azərbaycanda çap olunan kitabın statistikası yoxdur. Biz bilmirik nə qədər kitab çapı olunur. Bunun səbəbi odur ki, kitabları Milli Kitabxanaya göndərmirlər. Bizim çap etdiyimiz statistika yarımçıq statistikadır.
- Bu nə vaxta qədər belə olacaq?
- 2015-ci ilin dekabrında prezident əlavə fərman imzaladı. Kitab çap edən müəssisələr, naşirlər məcburi nüsxələri göndərməzsə, onlara qarşı sanksiya tətbiq ediləcək.
Hər adda kitab üçün 700 manat məbləğində cərimə ödəməlidirlər. Bir ildir bunu nəşriyyatlara çatdırmaqla, onları maarifləndirməklə məşğuluq. İnzibati Xətalar Məcəlləsinə ayrıca maddə salınıb: pulsuz məcburi nüsxələri göndərməyən müəssisələrə qarşı cərimə sanksiyası tətbiq olunsun.
Milli Kitabxana olaraq, Mədəniyyət və Turizm Nazirliyi olaraq biz hüquq-mühafizə orqanı deyilik ki, məhkəməyə verək, cərimə tətbiq edək. Çalışırıq, hansısa yolla işin həllinə çalışaq. Təəssüf ki, onlar bunu başa düşmək istəmirlər. Fevral ayında naşirlərin, mətbəə rəhbərlərinin, qəzet-jurnal redaksiyalarının rəhbərlərinin iştirakı ilə böyük bir müşavirə keçirəcəyik. Nazirlik sonuncu dəfə onlara xəbərdarlıq edəcək. Əgər qanuna əməl etməsələr, çox ciddi sanksiyalar tətbiq olunacaq. İlin-günün bu vaxtında məsələn, bir nəşriyyata, qəzet-jurnal redaksiyasına on adda məcburi nüsxəyə görə 7 min manat cərimə tətbiq olunsa, onlar üçün böyük vəsaitdir. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin ixtiyarı var ki, istənilən nəşriyyatın qapısını açsın və göndərilməyən nüsxəyə görə protokol tətbiq etsin. Qaydaya əsasən, nəşriyyat həmin pulu bir ay ərzində ödəməsə, əlavə tədbirlər görüləcək.
- Nəşriyyatlar məcburi nüsxələri göndərmirsə, onların da səbəbləri ola bilər...
- Əsas səbəb kimi göstərirlər ki, guya onlar kitabı sifarişlə çap edirlər və məcburi nüsxəni müəllif verməlidir. Qanunda müəllif yox, nəşriyyat tanınır. Məsələn, kitab 48 qəpiyə başa gəlirsə, nəşriyyat 2 qəpik də üstünə qoyub 50 qəpik hesablamalıdır. Müəllif bilməməlidir ki, onun dörd nüsxəsi Milli Kitabxanaya göndərilir.
- Məcburi nüsxələr böyük kitabxanalara göndərilmirsə, deməli, rayon və kənd kitabxanalarında vəziyyət daha faciəlidir...
- Sizin sözünüzdə həqiqət var. Amma bunun da çarəsi tapılıb. Ötən il sərəncamla rayonlardakı bütün mədəniyyət müəssisələri, o cümlədən, kitabxanalar Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə keçirildi. Axır ki, mədəniyyət müəssisələri onun mənsub olduğu təşkilata verildi. Əvvəllər mədəniyyət müəssisələri yerlərdə icra hakimiyyətlərinə tabe idilər. Hazırda nazirlik kitabxanaların təmin olunması üçün sistem qurur. Burda hansı məsələlər nəzərdə tutulur?
Nazirlik mərkəzləşmiş şəkildə kitab sorğularını ümumiləşdirib kitab sifarişləri edəcək, kitablar çap ediləcək və rayonlara göndəriləcək. Bu, kitaba olan tələbatın ödənilməsində çox mühüm əhəmiyyət kəsb edəcək. Bu sistemlə günün tələbatına uyğun olan kitablar çap olunacaq. Biz SSRİ dövrünü qılınclamağa öyrəşmişik, amma SSRİ sisteminin mütərəqqi qanunları da var idi. O dövrdə kitabxanaların təmin olunması sistemi var idi, sonradan pozuldu. Həmin sistemi bu gün yeni rakursda qurmağa çalışırıq. 3-5 ilə kitabxanaların kitab tələbatı tam ödəniləcək.
Büdcənin imkanları yaxşılaşdıqca, yerlərdəki kitabxanaların texniki təchizatı da düzələcək. Kitabxanalarda minimum texniki təchizat var. Elə bir rayon mərkəzi kitabxanası yoxdur ki, orda 15-20 kompüter olmasın. Hətta kənd kitabxanalarının yarısında kompüter var, amma hamısı internetə qoşulmayıb.
Haşiyə: Kərim Tahirov ölkənin ən böyük kitabxanasına rəhbərlik edir. Və bu sualıma ondan məmur-direktor kimi yox, kitaba sevgisi olan, bu sahənin mütəxəssisi kimi cavab istəyirəm. Ki, 90-lara qədər özünün xoşbəxt günlərini yaşayan kənd kitabxanaları yenə “qapısı qıfıllı tikili” kimi unudulub? Yenə rayon mərkəzindən yoxlama gələndə evlərdə yaddan çıxan kitabları tez-tələsik yığıb vəziyyətdən çıxırlar? Və nəhayət, yenə kəndin ən hörmətsiz yeri kitabxanadır?
“Düzdür, vaxtilə kənd kitabxanalarının qapısından qıfıl asılmışdı. İndi isə artıq o qıfıl görünmür. Ötən ilin noyabr ayından bu işlərə çox ciddi şəkildə başlanılıb. Bu mexanizm Mədəniyyət və Turizm Nazirliyinə verilib, ona görə də ciddi işlər həyata keçirilir. Qapıdan qıfıl oxucu olmayanda asılır. Bu gün bağlı kitabxana yoxdur, ola da bilməz. İkincisi də, büdcənin vəziyyəti elədir ki, qəpiyin hesabatı var. Harada qapısı bağlı kitabxana görürlərsə, dərhal bağlayırlar ki, deməli, lazım deyil”.
Sitatın sonu...
- İstərdim, pullu kitabxana xidməti haqqında danışaq. Bu təcrübə dünyada geniş yayılsa da, Azərbaycanda yoxdur...
- Milli Kitabxana sərvətdir, ona görə ondan hamı istifadə etməlidir. Biz Milli Kitabxananı pullu edə bilmərik. Sadəcə, müəyyən xidmətlər ödənişli ola bilər. Milli Kitabxananın dövlət tərəfindən qayğı ilə əhatə olunması hələ imkan verir ki, oxuculara təmənnasız xidmət göstərək. Mənə elə gəlir, bu, belə də olacaq, pullu xidmətə ehtiyac olmayacaq. Digər xidmətlər, məsələn, surətçıxarma ödənişlidir. Bu tamam başqa məsələdir. Amma biz kitabı pulla verə bilmərik. Yaxud elektron kitablar xidməti üçün kimsə müraciət edir, biz ona xidmət edirik və haqqı ödənilir. Bunların hamısı əlavə xidmətlərdir.
- Oxucuların nizam-intizamı necədir? Şikayətçi deyilsiniz?
- Oxucularla bağlı əsas problem odur ki, onlar zallarda mobil telefondan istifadə etmək istəyirlər. Dünyanın heç bir ölkəsində kitabxanada mobil telefondan istifadə etməyə icazə verilmir. Təsəvvür edin, kiminsə yadından çıxdı, telefonun səsini almadı, zalda 250 nəfərin fikri yayındı. Bu, haqlı olaraq narazılıq yarada bilər. Çalışırıq, gənclərin “kaprizlərinə” dözək. Amma bəzən o həddə çatır, dözə bilmirik. Mən siqaretlə mobil telefondan istifadəni eyniləşdirirəm. Oxu zalında siqaret olmazsa, mobil telefon niyə olmalıdır?
- Nadir kitablar fonduna kitab bağışlamaq ənənəsi bu gün də davam edir?
- Nadir kitablar fondu uzun illər idi yarımzirzəmidə yerləşirdi. 2012-ci ildə fondu ikinci mərtəbəyə köçürdük, gözəl şəraiti var. Təbii ki, fondun formalaşmasında oxucuların çox böyük iştirakı olub. 1996-cı ildə Ulu öndər Heydər Əliyev bizim kitabxanamıza gəldi və öz kitabxanasından 300-dək kitabı hədiyyə elədi. Eyni zamanda ziyalılara çağırış elədi ki, kitabxanaya kitab hədiyyə etməklə, ona kömək edirsiniz. Ondan sonra Ziya Bünyadov, Budaq Budaqov, xalq yazıçısı Elçin, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları öz kitablarını hədiyyə etdilər.
Həmin kitablar qızıl fondda kolleksiya olaraq mühafizə olunurlar. Nadir kitablar fondunda Heydər Əliyevin kitablarını ayrıca saxlayırıq. Çox qiymətli kitablardır. Hər il Ulu öndərin bizə hədiyyə etdiyi kitabları ayrı-ayrı müəssisələrin xahişi ilə aparıb yerlərdə nümayiş etdiririk. Məsələn, həmin kitablar Tərtərdə, Ağcabədidə, Sumqayıtda, Mərdəkanda nümayiş olunub. O kitabların içində Ulu öndərin qeydləri var və həmin qeydlər uşaqlar üçün çox maraqlıdır. Şagirdlər aktiv mütaliənin nə olduğunu o kitablardan öyrənirlər. Kolleksiyanın içində Ulu öndərin Moskvadan aldığı uşaq kitabları, Məkkədə ona bağışlanan “Qurani-Kərim” var. “Qurani-Kərim”i bağışlayanda demişdi ki, elə bir müqəddəs ocaqdan gələn kitab, belə bir müqəddəs ocaqda qorunsa, daha yaxşı olar.
- Avropa kitabxanalarında Azərbaycanın böyük ədəbiyyat xadimləri fars ədəbiyyatının nümayəndəsi kimi təqdim olunur. Məsələn, Praqa Milli Kitabxanasında Azərbaycanı təmsil edən yeganə kitab Nizaminin “Xəmsəsi”dir, onu da fars ədəbi nümunəsi kimi təqdim ediblər. Bu halların qarşısını almaq üçün hansısa təsir imkanlarınız var?
- Sizin misal çəkdiyiniz Praqa nümunəsindən başlayaq. O məsələni 2012-ci ildə Praqaya gedəndə mən aydınlaşdırmışdım. Hər hansı bir ölkəyə səfər edəndə mütləq milli kitabxanaya baş çəkirəm və Şərq ədəbiyyatı fonduna baxıram. Məsələ ondadır ki, vaxtilə bizim kitablarımız kifayət qədər Avropaya daşınıb. İndi həmin kitablar Avropa ölkələrinin kitabxanalarında mühafizə olunurlar. Amma bu gün həmin kitablar onlar üçün gərəksizdir. Oxumurlar, oxuya da bilməzlər. Praqa kitabxanasının nadir fonduna düşdüm, gördüm, Azərbaycan kitabları var, amma kataloqlarda əks olunmayıb.
- Hansı kitablar var idi?
- Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin kitablarına rast gəldim. Soruşdum ki, bu kitablar niyə kataloqda əks olunmayıb? Dedilər, onlar Azərbaycan dilində deyil. Mən onlara başa saldım ki, vaxtilə bizdə də ərəb əlifbasından istifadə olunub. Bakıya qayıdandan sonra Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovdan xahiş etdim, iki nəfər əməkdaş ayırdı və bir ay Praqa Milli Kitabxanasında çalışdılar. Həmin kitabların kataloqunu düzəltdilər və “Azərbaycan şairləri” adı ilə əks olundu. Onun davamı olaraq bu il də biz iki nəfər əməkdaş göndərdik ki, həmin kitabların çap kataloqunu hazırlasınlar.
İnşallah, may-iyun ayında o kitabların sərgisini keçirmək istəyirik. Sentyabr ayında o kitabları gətirib Bakıda nümayiş etdirəcəyik. Azərbaycan kitabları təkcə Praqada yox, Rumıniya və Macarıstanda da var. Biz mərhələ-mərhələ həmin kitabları da tədqiq edəcəyik.
- Və son olaraq, Azərbaycan kitabxanalarının ən başlıca problemi və qayğısı nədir?
- Təbii ki, bizim kitabxanaların əsas problemi bina problemidir. Uçuq-salxaq binaya texniki avadanlığı qoysan da, işə yaramayacaq. Yağış vuracaq, rütubət çəkəcək, xarab olub gedəcək. Müasir texniki avadanlıq üçün də müasir şərait olmalıdır. Kitabxanaların əksəriyyətinin binaları özlərinin deyil.
- Təşkilatlardan sığınacaq alıblar...
- Bəli. İndi də onlar çox pis vəziyyətdədir. Mədəniyyət və Turizm Nazirliyi ilk növbədə kitabxanaların bina problemini həll etməyə çalışır. Bu, əlbəttə, vəsait tələb edir. Rayonlarda hazırda araşdırma işləri aparılır və nəticələri haqqında tədbirlər görüləcək. Artıq müasir tipli kitabxanaların yaradılmasının vaxtı gəlib çatıb.