Dörd qardaşdan biri dəli

Dörd qardaşdan biri dəli
7 yanvar 2014
# 12:23

Kitablar da adamlar kimidir: naxışı gətirəni də olur, taleyi kəm gələni də. O tale ki, adamın üzünə gülür, rəddini tutub yol çıxırsan, yolaq öyrənirsən. Deyək, məsələn, səni xalx içində pisikdirmir, umudunu qədərdən üzməyə qoymur, əlini ətək-ətək sevindirir.

Elə adamlar da kitab kimidir: unuduldumu, taleyini kəm gəlmiş sanar, naxışını kor bilər...

Mən demirəm ki, bu Göyün altında İsi Məlikzadənin “Qırmızı yağış” romanı səhifələrində vergül-vergül, nöqtə-nöqtə əzizlədiyi dəli Əbil kimi naxışı kor gətirəndir. Və mən elə də sanmıram ki, İsi Məlikzadə bəxti gətirməyən ədəbiyyat sevdalısıdır. Bu dünyalarından nigaran qaldığı kitablarından savayı heç nəyi (və heç KİMİ) olmayan o ədəbiyyat sevdalısının təəssübünü çəkən, 300-500 manat pul tapıb kitabını özdöşündən çap edən cavanlar varsa, deməli, İsi Məlikzadə bu dünyanın da, elə o dünyanın da xoşbəxtidir.

“Qırmızı yağış” romanı “Eşq” seriyasından çap olunub. Kitabın ərsəyə gəlməsində zəhməti keçənlərə – Fərid Hüseynə, Ramil Əhmədə, Mübariz Rəfiyevə, Zaur Hüseynova qol qoyub ortalığa çıxardıqları bu qiymətli işə görə bəri başdan sevgi və sayğılarımı bildirirəm. Əslində, nə gözəl ki, bu romanı “gördükləri işi gözə soxmaq üçün ayaq yeri saxlayan” hansısa birlik, ictimai təşkilat yox, məhz Fərid Hüseyn kimi həqiqi ədəbiyyat təəssübkeşi, gözəl dost nəşr etdirib. “Qırmızı yağış” bu dörd cavanın öz adlarından da, oxucular adından da İsi Məlikzadənin qarşıdan gələn 80 illiyinə “kasıbın olanından” hədiyyəsidir.

* * *

Azərbaycan dili məhz “Qırmızı yağış” kimi romanlarda yaşayır. Mövzunu, ideyanı, nəsr ustalığını bir tərəfə qoyub, yalnız koloritli və rəngarəng Azərbaycan dilinin ifadə imkanları baxımından bu roman haqqında ürəkdolusu danışmaq olar. Təhkiyənin axıcılığı, üstəgəl, yazıçının demək istədiyi mətləbə doğru irəliləyən hadisələrin gedişatı adamda ancaq bir təəssürat yaradır: sanki İsi Məlikzadə ağlasığmaz zəhmət bahasına bu 150 səhifəlik əsəri birnəfəsə yazıb. “Qırmızı yağış”da yazıçı nəfəsi bütövdür, tamdır. Ən faciəvi situasiyalar belə, soyuq başla, sahman ağılla yazılıb.

Dörd qardaşın biri dəlidir. Jurnallardakı şəkilləri rəngləyir, adamlara bığ qoyur, inanır ki, hər axşam “çaldığı” tarı ona Allah çaldırır, əlindən tutub barmaqlarını pərdələrin üstündə gəzdirir. Dəli Əbilin ən böyük arzusu kənd toylarında tar çalmaqdır, amma qapısında hər mağar qurulan adam bir bəhanəylə onu başından edir. Əbil inanır ki, bir gün İran şahının qızı ilə evlənəcək. Di gəl, kənd dəlləkxanasında onun “xəyallarını puç” edirlər: İranda daha şah yoxdur, sən birinci katibin Bakıda oxuyan qızını sev. Elə Əbilin faciəsi də burdan başlanır. Qardaşı Əhəd katibin qorxusundan, vəzifəsini itirməyin hürküsündən doğmaca qardaşını Şuşa dəlixanasına göndərir, yolda Əbil yük maşınının kuzovundan yıxılıb ölür.

Romanda dəli qardaş “əhvalat”ı süjetin bir hissəsidir. Bu zavallı Allah bəndəsinin faciəsi bütün ağrı-acısı ilə oxucunun gözündə canlanır. “Qırmızı yağış”ı büsbütün danışmaq niyyətindən uzağam, inanıram ki, ədəbiyyatımızın bu gözəl əsəri ilə baş-başa qalmaq istəyi oxucuları kitab mağazalarına sarı çəkəcək və...

“Və”sini özünüz görəcəksiniz...

# 2636 dəfə oxunub

Müəllifin son yazıları

# # #