O qala dünyanın son nöqtəsidir

O qala dünyanın son nöqtəsidir
9 sentyabr 2023
# 17:00

Kulis.az Cavanşir Yusiflinin ""Tatar çölü" və Kvant mexanikası" adlı yeni yazısını təqdim edir.

1

Bir hekayə, roman yazmaq hünər deyildir. İndi hamı irili-xırdalı hər şey yazır və arada reaksiyanın yoxluğundan şikayət notlarıyla birgə aqressiya, bəzən o həddə çatır ki, adam ədəbiyyatda artıq imzası görünən, sözü möhür olan bir nasirin üstünə "boş-boş şeylər yazıb" deyə hücum çəkir, bu da alınmadıqda, özüylə bərabər nəfəs alan başqa bir nasirə "qartopu" atar... Bütün bu qovğanın içində özünü yetişdirmək, özünü ötüb-keçmək yaddan çıxar. Yəni, sən istədiyin qədər improvizasiya edə bilərsən, istədiyin texnikanı "özününküləşdirib" meydan sulaya bilərsən, amma nəfəsini yazdığın sətirlər arasında yenidən yaratmaq işində naşısan ki naşı... Ədəbiyyatda öz sözü, öz mövzusu, öz fəlsəfəsi olan isimlər görünür, bu olmadıqda yazılanların meşəsində nəfəs almaq mümkünsüzləşir. Ancaq məndə dəhşətli bir gözlənti var, bir gün belə bir imza gələcək...

Bu gözləntini yazdığı bütün əsərlərin mövzusuna çevirən bir yazıçı da var. Onun əsərlərində insan daim geri qayıtmaq istəyir, amma taleyin, qədərin stixiyası onu hər təsadüfdə irəli atır, içi keçmişlə süslənib, çölü bu günlə, hə, "Tatar çölü". Hamı gözləyir, bir gün o çöldən, yəni keçmişdən hücum olacaq, bu dəhşətli gözləntinin içində ölənlər qəhrəmancasına ölür, gözləyənlər çürüyüb gedir, sükut atomu belə parçalayır, nüvəni deşir, dəhşətli yanğın düzü-dünyanı tutur - Kvant mexanikası...

2

Dünyada, ayrı-ayrı ölkələrdə dəhşətli hadisələr, müharibə kimi, insanın az qala bütün dəyərlərinin öz küllərindən doğduğu hadisələr qopduqda hamı gözlərini yazarlara dikər və illər keçdikcə bu dəhşətli hadisələrin bədii ədəbiyyatda əksini gözlər. Gözlənti illərlə çəkər, amma gözlədiyin şey tam olaraq, yəni sənin gözləntini dolduracaq mənada gəlməz. Niyə? Bəlkə ona görə ki, ədəbiyyat öz sözünü bu hadisələrdən, deyək ki, müharibədən qabaq demişdir? Həm də: təkcə müharibə haqqında yox, bundan daha dəhşətli olan insan tənhalığı, insanın öz əsarəti içində qıvrılması, ömrün bir anında hər şeyin çox mənasız olması qənaətini dünyada ən güclü projektorun altındaymış kimi ifadə etmək anlamında...

Dino Bussatinin "Tatar çölü" romanıyla Alber Kamünün "Yad" romanı eyni vaxtda - 1940-cı ildə, II Dünya müharibəsinin ən gərgin dönəmində nəşr edilmişdi. Bu iki romanı bütün parametrlər, bədii-estetik, ədəbi-ideoloji və sair boyutlarda bir-birinin davamı kimi oxumaq mümkündürmü? Kamünün romanları bu qavramdan baxdıqda, biri digərini doğuran nümunələrdir: "Yad", "Taun", "Çöküş" və sair. Dino Bussatidə də elə: "Tatar çölü", "Colombre", "Bir eşq", "K.Balığı", "Fırçanın ucundakı hekayələr", "Cəhənnəm"...

Amazon.it: Il deserto dei tartari - Buzzati, Dino - Libri

"Tatar çölü"ndə belə bir epizod var: Droqo qalada ilk sıxıntılı günlərini keçirdikdən sonra anasına məktub yazır və yaza-yaza düşünür ki, indi ikisinə də hüzur gətirən evlərində olsaydı, bu şeyləri ona başqa bir ortamda nəql etmiş olardı və ikisi də bu əhvalatları məmnunluqla dinlərdi. Droqonun xidmətə göndərildiyi qala dünyanın son nöqtəsidir, arxada kürəyini isitməyən nəfəslərin uzaqlaşması, öndə isə Tatar Çölü var, düşmən günlərin bir günü oradan sel kimi axıb gələ bilər. Anasına məktub yazan Droqo məktubu daha çox özünə yazır, kəlmələri içinə atır və bu sözlərdən cücərən həqiqət onu sarsıdır: çıxıb getdiyin yolda, bəzən, arxanda bir qapı çırpılar və bir daha açılmayacaq kimi kilidlənər. İlk günlərdə əsgərlərin gözlərində əks olunan günəş indi göy üzündə donuq deyil, sürətlə hərəkət edir, həyat sıxıntı və qüssə içində axıb gedir. Bu uydurma böyük gözlənti insan həyatını qum kimi yuyub aparır. Bu gah sabit, gah da sürətli günəş obrazı "Yad" romanında da var, bıçağın tiyəsində, həyatla ölüm arasındakı bir an baş verən anlaşılmaz olayda, bircə o, Mersonun atıldığı təcridxananın içinə nüfuz edə bilmir... Ora yalnız keşiş girər, o da günəşin düşməni...

Dünyanın bəlkə də ən son nöqtəsində və ən sakit yerində, həm də sükutun hər an partlamağa hazır olduğu məkanda ömrün, həyatın səndən qoparaq birdəfəlik çıxıb getdiyini elə bir axmaq təbəssümlə seyr edərsən ki, bu sənin yaşamaq üçün ovcunda qalan son qəpiklərə məzəmmət edər, Tanrı da o an yadından çıxar.

# 2571 dəfə oxunub

Müəllifin son yazıları

# # #